“Onun havasından çoxlu şikəst şairlər doğuldu” – RAMİZ RÖVŞƏN SÖHBƏTİ

“Onun havasından çoxlu şikəst şairlər doğuldu” – <span style="color:red;">RAMİZ RÖVŞƏN SÖHBƏTİ
29 dekabr 2015
# 08:30

Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Ramiz Rövşən haqqında söhbətini təqdim edir.

- Ramiz Rövşənlə şeirimizə gələn bu hava nə hava idi? Nə qədər təzə və yeni idi?

- Ramiz Rövşən xarakteri və şair kimi tipi etibarı ilə fərqli bir şairdir. Ona başqalarının ölçülərindən baxdıqda heç nə alınmır, yəni öz ölçüləri və sistemi var, yazdıqlarını bu parametrlərlə dəyərləndirdikdə çox maraqlı nüanslar meydana çıxır. Amma biz bir qayda olaraq hər hansı şairi dəyərləndirdikdə, onun bir fiqur kimi kim olmasını unuduruq. Özəllik qalır kənarda, təfərrüatlar meydan sulayır. Diletant səviyyədən birbaşa dəyərləndirməyə keçid edilir: kim daha güclüdür, kim daha yenilməzdir. Şərif, sənin dediyin hava haqqında danışmaq bir az çətindir, çünki bunu ətraflı araşdırmaq lazımdır. Ancaq ilkin olaraq nələrisə söyləmək mümkündür. Başqa sözlə, 60-cı illərin sonunda belə bir dəyişikliyə ehtiyac nədən yaranmışdı? Poeziya dünyanın üstündən mərhələlərlə keçir, onu qabaqlamaq, ötüb keçmək üçün hər mərhələdə nəfəsini təzələməli olur. Bu, məsələnin ümumi xarakteristikasıdır. Həm də bir şairin özünün dediyi kimi “ortaq məxrəc” məsələsi var. Azərbaycan poeziyasının bütün əsas cəhətlərini canlandırmaq, bir nöqtəyə düyümləmək və ordan göstərmək. Bu, güc yetməyən bir şeydi. Yəni, sənin istəyindən asılı deyil. Blokun dövründə yaxşı şairlər heç də az deyildi. Onların şeirləri bəlkə daha məşhur idi, yaxud həmin dövrdə daha çox populyarlıq qazanmışdı. Ancaq onlardan fərqli olaraq Blokun sözü gündəliyə yox, zamanın dışındakı dəyərlərə işləyirdi.

60-cı illərin sonunda Ramizin “Bir yağışlı nəğmə” kitabı çap edildi. Bu kitaba düşməyən şeirlər sonradan “Nəfəs” kitabına salındı. Bu şeirlərdəki hava ilə onun sonradan yazdıqları arasında əsaslı bir fərq yoxdu. Sənətkarlıq baxımından püxtələşmə var. Həm də o havanın, necə deyərlər, yerini tutması... Daha doğrusu, yerini tapması. 80-ci illərdən başlayaraq Ramizin şeirləri güclü populyarlıq qazandı: məlum oldu ki, bu şeirlər çoxlarının ürəyindən xəbər verirmiş. Həm də belə: hər nəğmə öz havasıyla doğuldu. Janr öz yükünü tapdı. Öz qəlibində gəldi. Bu çox qəribə bir hadisə idi. Ramizin “Nəğmələr”i bu mənada unikal sayıla bilər. Onun havasına yazılan şeirlərin bir böyük qüsuru vardı ki, bu mətnləri yazanlar modelin içinə öz ürəklərini qoymağı unutdular. Daha doğrusu, bunu eləyə bilmədilər. Formanın öz dilində oxuduğu şeylər var. Əl vurmaq istədikdə, mizraba həsrət sim kimi səslənir. Ona qoşulub gedəndə forma səni əvəz edir, sarı simi qırılır, janr yaddaşındakı kosmosla əlaqə bərpa edilməmiş itir və sair. Qəribə yox, bu sistemdə yerinə düşən hadisələrdən biri o oldu ki, bu nəğmələr onun sonrakı yaradıcılığına da təsir etdi. “Nəğmələr” bir oturuma, bir nəfəsə yazılmasa da, onlarda nəfəs tamdır, qənirsizdir, müxtəlif illərin lap dibindəki insan ağrılarını, insan həsrətini, insan qəlbinin bilinməyən, bir qayda olaraq mətnlərdə ifadə olunmağı çətin olan nisgili... çox sadə formada göstərir.

...Saçımın da artır ağı,

Əsir ömrümün budağı,

Çevrilirəm bir yarpağın

Yaşılından sarısına.

Bir səhər görsəm ölümü,

Əlimdən salsam qələmi,

Yarpaq kimi qoyun məni

Varaqların arasına.

Bu şeirlər haçansa yazılan yox, əksinə ona qədər yazılanların nəticəsi, bütün poetik vasitələrin bir anlığa nəfəs dərib dayanması, yaddan çıxması, bir ömür boyunca gözlənilən anın – məqamın tutulmasıdır.

- Məncə, “Bir yağışlı nəğmə” ilə bir hava bitdi, “Göy üzü daş saxlamaz”la ayrı biri doğuldu...

- “Bir yağışlı nəğmə”, zənnimcə daha çox eksperiment xarakteri daşıyırdı. Dediyim kimi, b kitaba o zaman düşməyən mətnləri şair daha sonralar “Nəfəs”ə daxil edib. Eksperimentlər və axtarışlar... Bu şeirlərdə gözlənilməz effektlər var, şair əlini elə yerlərə atmaq istəyir ki, oralardan təzə xəbərlər, təşbeh və digər çox təəccüb oyadacaq komponentlər çıxarsın. Bu şeirləri Əkrəm Əylisli tərifləmiş, Asif Əfəndiyev tənqid etmişdi. Buna baxmayaraq,bu şeirlər şairin axtarışları baxımından maraq doğurur. Onları tərifləmək və ya tənqid etməyin bir perspektivi yoxuydu. Sonra o özünü tapdı. Sizin dediyiniz hava başımızın üstündəki göy üzünü tutdu. Özü də oraları tam zəbt etmək iddiası ilə. Bu şeirlərdə qəribə bir təmtəraq vardı, süslənmə vardı, bu iki cəhət şairin sonrakı yolunda tam olaraq aradan qalxması, sıfır həddinə enmədi. Odövrkü yaradıcılığında sərbəstdə yazdığı çox maraqlı nümunələr də vardı. Məsələn, “Yorğunluq” şeiri. Ayın orağa bənzədiyi həmin gecədə / bütün günü sünbül biçən qadınlar / yorulub yatmışdılar sünbüllərin içində...

Uzun illərin sükutundan sonra “Göy üzü daş saxlamaz” gəldi. Poetik sistemin mükəmməl nümunəsi kimi. Ramiz Rövşən üçün yazı baxımından, özünü sınamaq, dolğun ifadə etmək baxımından elə ən yararlısı “sükutun dilidir”. Vaqif Səmədoğlunda da bu hadisə baş vermişdi. Yazdıqlarını saxlamaq. Yəni, hardasa, “zamandan vaz keçmək”, zamanı aldadıb gəlmək.

- Klassik heca şeirinə yeni ahəng gətirdi. Xüsusən gəraylılara. Amma özü bunları gəraylı yox, nəğmə adlandırır.

- Düzgün təyinatdı. Gəraylı yazılıb qurtarmışdı. İndi bu formada yazanlar bu mətləbdən xəbərsizdirlər. Məlum bir məsələ var: müəllif və forma. Bu, bəlkə bir az qəliz nəzəri məsələdir, ancaq müəllif baxışı olmayan forma qəlibdən başqa bir şeyə yaramır. Ramiz bu məziyyəti tutdu və şeirimizə yeni hava gətirdi. Bu yeni nəfəs oxucuları bu mətnlərə bağladı. Yəni, Ramizdə məsələ təkcə bəzən deyildiyi kimi, “populyarlıq azarı” deyildi. O mənada populyar şairlər onsuz da var. Yazdıqlarının ucu-bucağı bilinmir. Formaya yenilən şairlər. Bu mətləbdən biz artıq bəhs etdik.

- Bəziləri düşünür ki, Ramiz Rövşən şeiri sosrealist şeirin inkarı kimi maraqlı idi...

- Zənnimcə, burda “sosrealizmin” heç bir yeri yoxdu. Sosrealizm özü-özünü onsuz da inkar edirdi. Bir məntiq var, dəyişmir: yalan şeylərdə özünü inkar məqamı gizlində olur, vaxt gəlir, yetişir və hər şey bitir.

- Niyə deyirəm, tutaq ki, bizə yaxın Türkiyədə bu səpkili şeirlər yazılmadı...

- Hökmən deyil, Türkiyədə, ya İspaniyada belə şeirlər yazılsın. İspaniyada XII əsrdə barokko tipli poeziya vardı. Bizdə yox idi. İndi bunun səbəbini axtarmağın bir məntiqi olarmı?

- Ramiz şeiri Füzuliyə nə qədər qayıdış idi?

Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı,

Söndürmə öz əlinlə yandırdığın çırağı.

Uymuş cünunə könlüm, əbrunə der məhi-növ,

Nə etibar ona kim, seçməz qaradan ağı.

Qəddin qəmində sərvin sormağə zəfi-halın,

Gülzardən kəsilməz irmaqların ayağı.

Dür tək dişin sözünü hər dəm eşitmək istər,

Bəhrin müdam onunçün sahildədir qulağı.

Zülfi siyah sənəmlər olmuş sənin əsirin,

Eşqində hər birinin öz zülfü boynu bağı.

Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi,

Tünd olma, bir qədəh ver tər eyləsin dəmağı.

Dövran həvadisindən yox bakimiz, Füzuli,

Darül-əmanımızdır meyxanələr bucağı.

Füzulinin bu qəzəlində bütün predmetlər və onları bildirən sözlər bir-birindən ilk baxışdan görünən asılılıq vəziyyətindədir və hər şey bir-biri ilə belə sıx şəkildə əlaqədar olduğu üçün fiziki ölçülər, əşyaların bir-biri ilə təmas tapması, yerlə göy arasında yaranan bütün tərəddüdlər dərhal bilinir və lokallaşır. Füzuli sözündəki məna məhz dünya, gerçəklik deyilən anlamı öz içində son damlasına qədər həll etdikdən sonra dirilir, can qazanır, cana dolur, klassik poeziyadakı bütün atribut və formal komponentlər arasında ona qədər mövcud olmuş rabitəni vurub-dağıdır, onlar arasındakı münasibətləri elə dəyişir ki, faktiki olaraq MƏNA (həm də sözün batini, sözün batindən, batini sirlərdən anlaşılması) bütün gerçəkliyi, DÜNYA adlanan xam materialı əvəz edir. Klassik anlamda öz əbədi yerlərində sal daşlar kimi duran EŞQ dünyasını bəlləyən obrazlar xaotik hərəkətə başlayır, Füzulinin dünyanın istila edən EŞQinin zamanı amorflaşır, konkretlik qazanmaq naminə konkretlikdən çıxır, konkretlik adlanan məmləkəti birdəfəlik tərk edir.

Diqqət yetirilərsə, Füzulinin hər bir qəzəli – bütöv məna substratı kimi dünyanı qapsamağa, sonda dünya xəritəsinə çevrilməyə can atır, bütün metafizik ayrıntılar, qeyri-inandırıcı və yalnız təəccüb doğuran faktlar son dərəcə real, olmuşlardan, lap elə indicə başımıza gələnlərdən daha inandırıcı təsvir edilir, doğulur, canlanır və yavaş-yavaş gözümüzü alacalandıran gerçəkliyi əvəz edir. Bu gerçəklik hər şeyi əvəz etdiyindən kənar dünya və ya gerçəkliklə əlaqələrə ehtiyac qalmır – hər şey öz içində mənalanır, öz içində özünü tapır, özü özünə qapanır. Füzuli üçün dünya sonsuza qədər belə davam edir, bu dünya «qurtarandan» sonra yeni epoxalar və dünyalar onunla əlaqəni birbaşa kosmik rabitə vasitəsi ilə qururlar, Füzuli yeni dünyaların içində öz ritmiylə yaşayır.

Füzuli şeiri, necə deyərlər, gerçəkliyin qurduğu tor qurtaran yerdə başlayır. Şeirdə təsvir edilən hadisə həm gerçəklikdəki analoji hadisəyə qiyas edilir, həm də bütün parametrləri ilə ona qarşı durur. Könül yuvasının quşu dağınıq saçındadır, ey pəri… İlk baxışdan, bu misralarda doğrudan da çətin anlaşılan bir mətləb yoxdur, şərhçilərin göstərdiyi kimi, könül quşu aşiqin ürəyidir, bu quş dağınıq saçlarında yuva qurduğu üçün, hara getsən sənin yanında olacaq. Şərhlər adətən burdaca qurtarır, ancaq bizə belə gəlir ki, Füzuli mətləbi məhz bundan sonra başlayır

Ramizin yuxarıda çözülən fikir və mülahizələrə örnək kimi xarakterik şeirləri var. Bu şeirlərin ayrılıqda təhlili digər mətləblərin də açılmasına yardımçı ola bilər. Bu şeirlərin hər birində necə deyərlər ənənəvi obrazlar, poetik təcrübədə onlara münasibət, ən müxtəlif variasiyalar sanki üzücü, son dərəcə ağır seçmə prosesindən keçdikdən sonra mətnə gəlir və ilk dəfə olduğu kimi, köhnənin izləri fantastik şəkildə silinib-pozulur, əl yeri, prosesin necə getməsinin ləpirləri qalmır… «Qocalıq» şerində Ramizin poetikasında daim dövriyyədə olan xarakterik obrazlar var – dünya, meyvə, ağac, çöl, çay, son nəfəs, nəfəs… Necə deyərlər, ənənəyə yeni münasibət deklarativ və sadəcə stixiya içində yox, şüurlu şəkildə, ayırdetmə, elmi-məntiqi seçmə prosesi vasitəsi ilə həyata keçirilir. «Qocalıq» şerinin başlanğıcındaca bu münasibət konseptual şəkildə qoyulur, yəni, qocalıq hər şeyin axırı, son nöqtəsi kimi yox, bitib-tükənməyən, ayrıca ölçüləri və qəlibi olan bir yeni dünya kimi təqdim edilir.

- Onu dekadanslıqda, simvolik qəm-kədərdə günahlandıranlar var. Guya buna görə də dünyaya çıxa bilmədi. Sizcə, Ramiz niyə ən yaxın ölkələrdə belə tanınmadı?

- Bu, Ramizin problemi deyil ki? Yaxud onun şeirlərinin. Bir şeyi düz deyirsən. Artıq yazılmış hislərin surroqatı şeirə gətiriləndə, insanlar buna aldansa da, zaman onun paxırını açır. İndi Səməd Vurğunu nə qədər söysələr də, onun mətnlərindəki enerjini görənlər demək olar yoxdur. Bizim bayaq danışdığımız müəllif-forma münasibətləri Səməd Vurğunda mükəmməl formadadır. Bunu dərs kimi almaq lazımdır. Onun ideoloji sapıntılarını, insanı bəzən bıqdıran şüarlarını bir kənara qoyaq. Adicə klassik formada yazdıqlarına baxın, nə qədər dəyişdirib onların içini. Qəzəllərinə baxın. Səs şeirin aid olduğu məkanın göz işləməyən bucağından gəlir.

- Əli Kərimlə də müqayisə edib üstünlüyü birinciyə verənlər oldu. Hər cür müqayisə qüsurludur da, bilirəm, sadəcə xarakteristika üçün maraqlıdır.

- Xarakteristika üçün çox maraqlıdır. Şairi şairlə müqayisə etməyin, bizcə, bir mənası ola bilməz. Bu müqayisə məhəlli nəticələrin “əldə edilməsi” və kiməsə nifrət tuşlamaqdan başqa bir niyyət güdmür. Hər bir şair ayrıca bir iqlimdir. Əli Kərim bizim poeziyada illər boyu qaynayan “qazanın kəfini” təmizlədi. Onun yaradıcılığında bizim dildə az qala bütün dövrlərdə yazılan şeirlərin nəfəsi var. Ancaq bir az gizlin şəkildə, bir az arxa planda. Ramiz köhnə formanın yenilənib başqalaşmasında böyük rol oynadı. Hərənin bir funksiyası var. Onları birləşdirən bir ümumi cəhət var: sevgi. Oxucu sevgisi. Bu şeirlərə bağlanmaq. Fərq nədir? Əli Kərim ədəbi prosesə bir az kənardan təsir edirdi. Onu “yaxın buraxmırdı”. Hər cür təsirdən uzaqlaşdırırdı. Ramizdə bu yoxdur. O, canlı, birbaşa dialoqu xoşlayır.

- Məsələn, Ramizi öz yaşıdlarından – Nüsrətdən, İsa İsmayılzadədən, Ələkbər Salahzadədən, lap belə bir az öncəki Fikrət Qoca və Nəbi Xəzridən nə fərqləndirirdi?

- Ramizi onlarla yanaşı qoysaq aləm qarışar bir-birinə. Gəl, müqayisə eləməyək. Onların hər birinin ayrıca manerası, üslubu var. Biz bu üslubları hansı kontekstdə fərqləndirə bilərik. Sonra. Yazan adamla bağlı fərq məsələsi əslində başqa cür yozulmalıdır. Yazan adamın özünün özündən fərqi olmasa, üslub, manera bilinməz, dünyaya gəlməz. Bu fərq kimində az, kimində çox bilinir. Ramizdə daha çox bilinir. Ələkbərdə də.

- Ramizi şeirimizdə mərhələ saymaq olar?

- Ramiz gözəl şairdir. Sözdə əşyadan kənarda bütün gerçəklik işarələrinin söndürülməsi, yaxud gerçəklikdən əşyanın bətninə köçürülməsi və burada yeni gerçəklik yaratması ağla və təsəvvürə gəlməyən təbəddülatlar doğurur. Söz əşyanın adi gözlə və fəhmlə bilinməyən daxili sirlərini açır, dünya adiləşir, o boyda möcüzələrin müqabilində dünya bir az da “mənasızlaşır”, hər şey – bütün baxışlar əşyaya – sözün qərq olduğu, qəzaya uğradığı əşyaya doğru zillənir. Vaxtilə filosof Qaston Başlyar yazırdı ki, şairlər ümumən axıb keçən zamanı yox, o zamandan qopub düşən anı tutmaqda mahirdirlər. Sözünə davam edərək yazırdı ki, Bodler sanki çinlilər kimi pişiyin gözlərinə baxıb saatı görür, ancaq bu saatın üzərində saniyə, dəqiqə, saat izləri, heç sferblat belə yoxdur, ona görə də vaxt böyük bir ərazini, ucsuz-bucaqsız məkanı (zaman aradan qalxdığı üçün məkanın dərinliyini - !) xatırladır. Üstəlik, anı bu qədər incəliklə tuta bilən şairlərdə şeir açılmır, yaxud nəyisə, hansı dolaşığı, yaxud düyünüsə açmır, əksinə, burada hər şey düyün düşür. Hər şey müşgülə çevrilir. Gecəylə gündüzün tən ortasında dayanan şair, artıq zamanın alıb-verdiyi nəfəsdən də bezərək mənasız həyatdan qopub ayrılır; artıq o, varlıqla heçliyin mücərrəd ambivalentliyini (ikibaşlığını) bütün canıyla hiss edir. Qaranlıqda öz işığını daha sərrast görür. Bu şeir də şairin ən sərrast gördüyü bir məqamdır. Sevinmək yox, ağlamaq yox, dərd çəkmək yox, ölmək-itmək yox, ancaq nəfəsini dərib saxlamaq, bu nəfəslə düşünmək, onu ömrünün mənasına çevirmək məqamı gəlir.

Hər şey bir anın içində əks olunur – indiyə qədər rəsmini çəkdiyin, durub yolunu gözlədiyin, tutub bağrına basdığın bütün hislər, ağrı-acılar, fani dünyanın səni qocaldıb muma döndərən sirləri – hər şey bir anın içindən ötüb keçir, tutmaq üçün yox, sadəcə bir anlıq tamaşa üçün... Bu an bitdikdən sonra bütün mümkünsüz şeylər, bütün əlin çatan nəsnələr yenə öz adəti yerini alır. Və sən dərindən-dərinə qüssəyə batırsan. Elə bu məqamda demək yerinə düşər ki, poeziya digər metafizik təcrübələrin fövqündə dayanır. Bax, bu şeiri oxuduqda sözə çəkilən mətləblə bağlı heç bir giriş, dəlil-sübut yada düşmür. Şübhəyə belə yer qalmır. Bu kimi mətləblərin yalnız sükuta, sükutun içində qərq olmağa ehtiyacı var. Başlyarın fikrincə, bu anlamda poeziyada söz tərk-silah edilir. Dünya boşalır. Buludların üstüylə süzən quşun qanadlarının çırpılmasını belə eşitmək mümkün olur. Tam səssizlik yaranır və bu qulaqbatıran mühitin içində poetik an doğulur.

Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,

Ayaqlarım zay olub lap sıradan çıxsa da.

Çox dostlarla günbəgün aram soyuyur, –

ancaq

Mən aradan çıxmaram, kim aradan çıxsa da.

Bir vaxt iri köpəklər hürərdilər üstümə,

İndi xırda küçüklər hürüşür addımbaşı.

Hürməkdə o köpəklər

yaman ustaydı, usta,

Bu küçüklər hələ ki,

bir az naşıdı, naşı.

İt hürər, karvan keçər...

Yox, mən karvan deyiləm,

Mən – karvanı talanmış

tənha, yorğun bir dəvə.

Dörd tərəfi bürüyən toz-dumanın içində

Baş götürüb gedirəm

ağlım kəsən tərəfə.

Yük altında göynəyir kürəyimin qabarı,

Yük altında təngiyir hər addımda nəfəsim.

Nə atmağa qıyıram,

nə gücüm var – aparım,

Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!

- Ən çox əzbər bilinən şairdir həm də. Yadda qalır. Bu mənada Səməd Vurğuna oxşayır. Ümumiyyətlə, istərdim zaman və şair kontekstində Səmədlə Ramiz arasında da bir paralel aparaq. Məncə, bunları biri birinə oxşadan xeyli şeylər var.

- Əlbəttə. Ramiz bir şair kimi, gözünün tutduğu bütün yaxşı şeylərdən üstün olmağa çalışan bir fiqurdur. Bu mənada o zamanı ən çox sıxışdıran şairdir. Müqavimət əmsalı çox güclüdür. Amma Səməd Vurğun populyarlığına çatmadı məncə və buna ehtiyac da yoxdu. Ramiz həm də poeziyadan yazan filologiyanı “öldürdü”. Ədəbiyyatdan, poeziyadan belə yazmazlar mənasında. Onun vahid plan kimi görünən yaradıcılığı əslində, çoxqatlıdır. O, insanı imitasiyaya məcbur edir, özünü qorumaq üçün.

- Həm də çox imitasiya olundu. Bütöv bir nəsil şairlər yetişdi onun havasında ki, burdan Salam, Aqşin kimi ciddi imzalar da çıxdı. Ümumiyyətlə, Ramiz havasında yazmaq - bu fikrə münasibətiniz necədir?

- Bu həm də dövrlə bağlı bir məsələdir. Azərbaycan poeziyasında üslub dəyişirdi, üslublar meydana gəlirdi. Əli Kərimdən sonra. Salamnan Aqşinin onun havasında bişdiklərini iddia edə bilmərəm. Amma Ramizin havasından çoxlu “şikəst” şairlər yarandı.

- Məndə bütün şairlərdən nəsə var, eləcə də bütün izmlərdən... Özü belə deyir... Nə dərəcədə haqlıdır? Şəxsən mən onda Füzuli, Nazim Hikmət, Səməd Vurğun, Əli Kərim şeirinin və təbii xalq şeirimizin izlərini görürəm.

- Mükəmməl şairdə bütün “izlər” olur. Ancaq sən axtaranda yerini itirirsən, tapa bilmirsən. Tapsan, bil ki, qəlpdir. Ramiz bir hava idi, ancaq küləkli...

- Ən yeni dövr yazarlar onu nədənsə sərt şəkildə tənqid etdilər. Ramiz Rövşən də bir az qəzəbli göründü elə bil... Bunun səbəbi nə idi sizcə? Anar və AYB mövqelərini müdafiə etməsimi, ya sırf estetik planda?

- Hər iki planda. Kimin haqlı olduğunu isə zaman göstərdi.

- Ramiz həm də zamanımızın ən oxumuş, mütaliəli şairi hesab olunur... Bəlkə, elə əsas üstünlüyü bu idi?

- Həm də təfəkkürü... Əsas budur.

- Özü haqqında Dev ifadəsi işlətmişdi. Hətta, müsahibələrinin birində dahi olduğunu söyləmişdi...

- Mən onu bir məqalədə “istilaçı” adlandırmışdım.

- Çoxşaxəli yaradıcılığı var: şeir, esse, proza, kinossenari... Bu biri janrlarda kimdi Ramiz Rövşən?

- Onun ədəbiyyat haqqında çıxışları, müsahibələri içində çox maraqlı hissələr var.

- Son olaraq Ramiz Rövşəni bir neçə cümlə ilə yeni dövr oxucularına necə təqdim edərdiniz.

- Ramiz Rövşən təkrarsız bir şairdir.

# 2895 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #