On beş qəpik verib Gözəli ağaca çıxarırmışlarBİRCƏNİN ROMANI

<b>On beş qəpik verib Gözəli ağaca çıxarırmışlar</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
17 noyabr 2017
# 11:12

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Mayın ortalarına doğru qaynatamın səhhəti daha da pisləşdi – ikinci infarktı keçirmişdi. Abortdan sonra mübtəla olduğum güclü öskürək hələ də mənə nəfəs vermirdi. Cavid yaxşılaşmışdı, danışırdı, uşaqlara qoşulub oynayırdı.

Qaynatam yorğan-döşəyə düşən kimi bir yanı xoş, bir yanı zor qaynanamı işdən çıxartdırdı. Mahmud əmi görürdü ki, mən heç cür çatdıra bilmirəm – evin-eşiyin işləri, əlimdə dilbilməz uşaq, onun iynə-dərmanı, qulluğu, üstəlik də kişini ziyarətə gələn qonaqlar...

Qaynanamın işdən çıxmağı da ayrı bir kəsin yox, elə mənim başımda çatladı. Onsuz da bir işin qulpundan yapışmırdı, əvəzində bütün ağrı-acısını, hirsini-hikkəsini mənim üstümə tökürdü. Fürsət tapan kimi kəndin ayağında yaşayan baldızımgilə qaçırdı. Çox keçmədi evdə elə bir ab-hava yaratdı ki, qaynatam arvadı otağına buraxmadı, iynələrini də mənə vurdurdu.

Çox yorulurdum, qaynatama ayrı qazan asırdım, bu səbəbdən bütün gün mətbəxlə onun otağının arasında qalırdım. Atasına necə qulluq elədiyimi gördüyündən Emin də mənə münasibətdə bir balaca yumşalmışdı. O, evdə oturanda uşaqdan arxayın olurdum, belə günlərdə Emin Cavidə özü baxırdı, yatanda da özüylə yatırırdı.

Qaynatamın səhhəti azacıq düzələndə evimizə getmək istədim. Yay gəlmişdi deyə Bakıda yaşayan qardaş-bacılarım, gəlinlər hamılıqla ata evinə yığışmışdılar. Üstəlik, məndən kiçik bacım Sevilə nişan qoyulmalıydı.

Uzun çək-çevirdən, atamın sifarişlərindən sonra, nəhayət, Emin əlacsız qalıb məni atamgilə aparası oldu. Cavidi mənə vermədi, uşağı anasının yanında qoydu, özü də məni atamgilin darvazasından içəri salıb geri qayıtdı:

- Sabah bu vaxt səni aparmağa gələcəm.

Uşağı özümlə götürməyə təkid eləmədim. İlk dəfə Caviddən ayrı qalacaqdım, həm də balam doğulandan bu, mənim ata evinə ilk gəlişim idi.

Ailəmiz əvvəlki kimi süfrə başına yığılmışdı. Doğmalarımla bir yerdə olduğuma nə qədər sevinsəm də, bir qanadı qırıq quş kimiydim, ürəyimin yarısı Cavidin yanında qalmışdı. Qardaşlarım danışdıqca gözüm onların ağzına baxırdı, ancaq xəyalım uçub bir ayrı zamana qonurdu, uşaqlığım, gəncliyimin erkən çağı məni alıb aparırdı...

***

O vaxtlar səkkiz bacı-qardaşın ən böyüyü Səməndər evimizdə maraqlı disputlar keçirərdi. Bir kitabı növbəylə hamımız oxuyandan sonra müzakirəyə çıxarardıq. Qarlı-şaxtalı qış axşamlarında bəzən şeir gecəsi təşkil eləyərdik, hər kəs bildiyini ortaya qoyardı.

Üç böyük qardaşımın üçünün də gözəl səsi vardı. Hərdən Səməndər qarmonu qucağına basıb bir el havası çalardı, Kamillə Aqil səs-səsə verib oxuyardılar. Çox dilə tutsaydılar, mən də bir ağız oxuyardım, bir şərtlə ki, Hakim yanımızda olmayaydı; olsaydı, dünya dağıla ağzımı açmazdım, çünki sonra uzun müddət məni yamsılayıb lağa qoyardı, hər dəfəsində də gözümdən yaş gətirməmiş əl çəkməzdi.

Beşinci sinfi bitirib yay tətilinə çıxanda məni də bir aylığına yaylağa aparmışdılar. Arana qayıdanda qonşumuzun mənlə yaşıd qızı Gözəl gəldiyimi eşidib qaçaraq özünü yetirmişdi bizə, məni görcək qucaqlayıb üzümdən öpmüşdü. Bunu görən Aqillə Hakim bəlkə bir il o qızla mənim görüşməyimi yamsıladılar – gündə neçə kərə mənə baxa-baxa qucaqlaşıb öpüşürdülər. Bunlar belə elədikcə mən özümü götürüb yerə çırpırdım, qışqırıb ağlayırdım. Sonralar əmim uşaqları məni o qızla da oynamağa qoymadılar; guya oğlanlar on beş qəpik verib Gözəli ağaca çıxarırmışlar, özləri də altdan-yuxarı ona baxırmışlar...

Uzun zamandan bəri ayaq basmadığım atam evində o gecə çox kövrək, xoş duyğular yaşadım, qardaşlarımın söhbətlərindən doymadım. Cavidi gətirmədiyimə görə hamı üzümü danladı. Anam həmişəki kimi məni soyuq qarşıladı. Qardaşlarım Cavidə çoxlu pal-paltar, oyuncaq, şirniyyat gətirmişdilər. Bəxşiş dolu torba mənə veriləndə anam o torbanı əlimdən alıb içindəki hədiyyələrə bir-bir baxdı. Şirniyyatdan bəzilərini, bir də Aqilin aldığı oyuncaq tapançanı götürdü:

- Səninki hələ balacadı, - dedi, - bunu Kamilin qızına verəcəm.

Yamanca pərt oldum:

- Axı bu, tapançadı, qız uşağı neynir bunu?

- Sənə qalmayıb, özün də yavaş danış, eşidən olar.

İçəri girib söhbətin üstünə çıxan kiçik bacım Lalə tapançanı anamın əlindən dartdı:

- Niyə götürürsən, sən almısan?

Anam nə illah elədisə Lalə kirimədi, qardaşlarım, gəlinlər eşidib duyuq düşməsinlər deyə oyuncağı bacımın üstünə atıb otaqdan çıxdı. Lalə tapançanı torbaya soxa-soxa:

- Sən də gicbəsərsən elə, - dedi, - niyə verirsən, onu qardaşın alıb sənin uşağına.

- Qorxdum vermərəm, xətrinə dəyər.

- Ananınkı xətirdi, səninki xalta? Sənin xətrin yoxdu?

Lalə torbanı əlimdən alıb bərk-bərk gizlədi, bir də mən qayıdanda çıxarıb verdi. O tapança Cavidi uzun zaman xoşbəxt elədi, özü də təkcə onu yox, elə qaynımın balalarını da...

Emin məni Sevilin nişanına qalmağa qoymadı, ertəsi günün axşamı gəlib məni evə qaytardı. Düzü, qalmaq özümün də ürəyimcə deyildi, fikrim-zikrim Cavidin yanındaydı.

***

Sənə məndən üç yaş kiçik bacım Sevildən danışım.

Mən nə qədər çılğın, kəmhövsələ, davakar, inadcıl idimsə, o da bir o qədər sakit, səbirli, tədbirli qız idi. Uşaqlıqda bacılarımın heç biriylə dost olmamışam, onlarla evcik-evcik oynamamışam; oynamaq nədi, onları evciyimə yaxın da buraxmazdım. Nədənsə bacılarım həndəvərimdə olanda hirslənərdim.

Məktəblə evimizin arası bir kilometr olardı. Böyüyüb məktəbə özümüz gedən vaxtlarda mən ya lap tez çıxardım evdən, ya da ayağımı sürüyüb gözləyərdim Sevil çantasını götürüb evdən çıxsın, sonra yola düşüm. Yolboyu yaşıdım qızların məktəbə öz bacı-qardaşlarıyla birgə getdiyini görəndə özümə söz verərdim ki, sabah mən də bacıma qoşulub gedəcəm. Ancaq nə o sabah, nə də ondan sonrakı sabahlarda verdiyim bu sözə əməl eləməzdim. Səbəbini bu gün də anlamıram.

Mənə bir şey qadağan olunanda tez ruhdan düşərdim, yorulub bezərdim, həyatdan küsərdim. Amma Sevil belə deyildi. O, hay-küy qaldırmadan, sakit-sakit, təmkinlə, aramla istədiyini alardı. Dərslərini də çox yaxşı oxuyardı, əlaçıydı. Məktəbimizin şagirdlərini arabir qonşu rayonlara ekskursiyaya aparardılar. Məni belə səfərlərin birinə də buraxmazdılar, amma Sevil hamısına gedərdi. Anam olmaz dedikcə Sevil sakitcə durub onun üzünə baxardı, bir kəlmə də kəsməzdi, dinməzcə çantasını yığıb yola düşərdi. Anam da qalardı onun dalınca çığıra-çığıra. Bəzən Sevilə pul verməzdi ki, bəlkə buna görə getməyə, məcbur qalıb otura evdə. Belə vaxtlarda Sevil qapıdan çıxmamış bircə dəfə soruşardı:

- Ana, mənə yolpulu verəcəksən?

Anam bacımın üzərində hakimiyyətini bərqərar eləmək üçün son metoda – iqtisadi təzyiq üsuluna əl atardı:

- Qulağının dibini görəndə pul da görərsən.

Sevil sözü çevirməzdi, eləcə pulsuz-parasız yola düşüb gedərdi. Onda anam göynəyə-göynəyə qalardı, özünü yamanlayardı, evdən pul götürüb Sevilin dalınca yüyürərdi, onu tapmayanda peşman-peşman geri qayıdardı. Dəryaca səbri sayəsində bacım həmişə anamı beləcə üstələyərdi...

Heç yadımdan çıxmaz, bir dəfə bütün məktəb dərs ilinin başa çatması münasibətilə Göygölə gedirdi. Yol xərci məktəbin hesabına ödənəcəkdi, yeməyi isə hərə öz evindən götürməliydi. Məlum məsələydi ki, məni nənəm dünya dağıla buraxmayacaqdı, ona görə də başımı aşağı salıb iş-gücümlə məşğul olurdum.

Sevil anamdan özünə yol yeməyi bişirməyi xahiş elədi, anam qəti etirazını bildirdi. İşi belə görəndə Sevillə Lalə köməkləşib həyətdəki çolpalardan birini tutdular, çolpanı əmim oğluna kəsdirdilər, yolub təmizlədilər, sonra da qızardıb xırda bir qazana yığdılar. Sevil qərara gəlmişdi ki, mənim yerimə Laləni də özüylə aparsın. Bacılarım həyətdən göy-göyərti yığdılar, evdən təndir çörəyi, pendir, bir sözlə, əllərinə gələndən götürüb özlərinə bir zənbil yol azuqəsi tədarük gördülər.

Səhər tezdən yola düşmək məqamında anam axşamdan qabğarılmış zənbili Sevilin əlindən aldı. Bu yolla o, qızları Göygöl səfərindən daşındırmağa çalışırdı. Sevil dartındı, ağladı, dil tökdü, amma bir xeyri olmadı. Onda o, Lalənin əlindən tutub yola düzəldi:

- Saxla özün yeyərsən, biz getdik.

Anam qızların arxasınca bir xeyli baxdı, gah oturdu, gah qalxdı, görünürdü ki, tutduğu əmələ görə əzab çəkir. Birdən o, zənbili qapıb dəli kimi qızların dalınca götürüldü, çox keçmədi zənbil əlində kor-peşman geri qayıtdı. Avtobusa çatmamışdı. Anam bütün günü ağladı, özünü qarğıdı. Axşam bacılarım gəzintidən qayıtdılar, ancaq zənbildəki yemək bir küncdə iylənənə qədər heç kim o zənbilə yaxın getmədi.

Demə qızlar sabah ertə qapıdan çıxanda işə gedən Musa əmimlə rastlaşarlar, Sevil ondan beş manat istəyər, əmim də qızlara on manat verib yola salar. Anam özünü vicdanına yedirdəndə Sevillə Lalə dağların qoynunda kabab yeyirmişlər...

Nənəm iş bölgüsü aparanda Sevilə qapı-bacanı süpürməyi tapşırardı, çünki Sevil iki qab yuyanda birini mütləq qırmalıydı. Əlini nəyə atardısa töküb dağıdardı. Tapşırılan işi alababat görüb qaçardı kitablarının arasına. Yemək bişirməklə də arası yoxuydu. Atam onun adını “kitabqurdu” qoymuşdu.

Mən bacılarımı yola verməzdim, onlara qan uddurardım. Mən olan yerdə qızlar səslərini çıxarmağa çəkinərdilər. Əmim peçeyne, manpası, cürbəcür şirnilər alıb hər birimizə ayrıca paylayardı. Mən öz payıma düşənləri dərhal gizlədərdim, birinci Sevilin payını açıb yeyərdim, ona qədər Lalə öz payı əlində durub gözləyərdi. Lalənin də payını açıb yeyəndən, ciblərimə doldurandan sonra qalanını onlara qaytarardım. Bacılarıma alınan paltarları da eləcə, birinci mən geyinməliydim. Bu əməllərimdən özüm də iyrənərdim, di gəl, xislətimlə bacarmazdım. Hərdən bacılarımla dostluq eləmək, onlarla diz-dizə oturub söhbətləşmək ürəyimdən keçərdi, onda da onlar məndən qaçardılar.

Atamgil Sevilin də ali məktəbdə oxumağına razı deyildilər, amma o, bütün maneələri səbirlə aşıb yüksək göstəricilərlə universitetə qəbul olundu. O, ali məktəbdə, mən peşə məktəbində oxuyan vaxtlarımızda Bakıda da bir dam altında yaşadıq, yenə dostlaşa bilmədik. Tətillərdə kənddə getdik, şəhərə qayıtdıq, uzun-uzadı yol boyunca bir mövzu tapıb danışa bilmədik.

Mən onun iradəsinə, sakit qətiyyətinə, titanik dözümünə həmişə həsəd aparmışam. Ona çox yerdən elçilər düşdü, çox yaxşı oğlanlar istədi onu, ancaq Sevil ucqar bir rayondan olan qrup yoldaşını seçdi. Atam, qardaşlarım, dayım onun seçimini olduqca aqressiv qarşıladılar, o mahalın adamlarıyla bizimki tutmaz dedilər. Oradan gələn elçilərlə atam çox kobud davrandı, anam o ki var deyindi, elçi düşən arvadları söydü, üzlərinə baxmadı... ancaq heç nəyin faydası olmadı, Sevil dediyindən dönmədi. Elçiləri qapıdan qovduq, pəncərədən girdilər. Hakim hikkəsindən günlərlə, həftələrlə ac-susuz qaldı, başına dəstə yığıb Sevilin istədiyi oğlana hücum çəkdi, yazığı əzişdirdilər, küçəmizdən qaçaq saldılar... Sevil yenə dediyini dedi. Uzun söz-söhbətdən, çək-çevirdən, dava-qırğından sonra atam Sevilə ultimatum verdi:

- O oğlana getsən, sənə nə cehiz verəcəm, nə də toy eləyəcəm. Heç gəlinlik də geyib çıxmayacaqsan mənim evimdən.

Atam Sevili Telli mamamızın oğluna vermək istəyirdi. Sevil öz seçdiyinə getmək üçün atamın bütün təzyiqlərinə, embarqolarına səbirlə dözdü.

İndi oğlan evi xırda bir bəlgə gətirəcəkdi, iki aydan sonra isə öz kəndlərində toy çaldırıb bacımı aparacaqdılar...

Elə burdaca deyim ki, atam da tərsliyindən əl çəkmədi, Sevilə bir su istəkanı da vermədi. Bacım köçən gün ata evimizdə çox yığcam bir məclis quruldu, Sevili qırmızı donda evdən düşürüb gəlin maşınına oturtdular, çalğısız-filansız sürüb getdilər. Ancaq oğlanın anası, bacısı işdən halı olduqlarına görə əvvəlcədən tədarük görmüşdülər. Özləriylə gətirdikləri gəlinliyi yolüstü bir yerdə Sevilin əyninə geyindirib, qızın üz-gözünü bəzəyib, urvatlı aparmışdılar. Atam qohum-əqrəbadan kiminsə Sevilə yengə getməsinə belə razılıq verməmişdi.

...Nəhayət, bunu da deyim ki, bacım sevib-seçdiyi adamla bu gün də baş-başa, ürək-ürəyə şad-xürrəm yaşayır.

ardı var

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #