Kulis.az Ülvi Babasoyun “Dövrlər və ömürləri bir yerə yığmağın yorğunluğu” yazısını təqdim edir.
Ömür yarımçıq qalan bir nəğmə kimidir. O nəğmədə bolluca ümid var, bir az nəşə, bir az da hüzn. Yarım qalan hisslər, arzular, əməllər. İlk insanın danışığı, ilk duyğular, ilk ünsiyyətlər şeirlə olub. İlkin yazılı qaynaqlar şeirlə başlayan həyata dəlildir. Hətta elmi-fəlsəfi əsərlər, lüğətlər belə. Yarımçıq ömrü tamamlamaq, davam etdirmək çabasıdır şeir. Oktavio Paz nəsr dilinin texniki, əvvəlcədən düşünülən bir hadisə olduğunu deyir. Danışıq dilində isə bir ritm, harmoniya, ahəng var. Şeir təki təbiidir. Molyerin qəhrəmanı Müsyö Jordan nəsrin nə olduğunu bilmir. Çox natural bir hadisədir. Axı şeir təbii və genetik bir vəziyyətdir. Neçə-neçə arzular qalaqlanır insan ürəyinə. Amma hamısı gerçəkləşmir. Fərid Hüseynin “Bir də heç vaxt” şeirlər kitabı da yarımçıq qalan duyğuların poeziya sənətində davamıdır.
“Bir də heç vaxt” konseptual şeirlər kitabıdır. Yaşamın altı tərəfinə nəzər salır. Sağ-sol, ön-arxa, aşağı-yuxarı. Altı bölümlü kitab qarışır altı tərəfli həyat xəritəsinə. “Bir də heç vaxt” deyən şairin duyğuları yaşamın hər yönünü şeirləşdirir. Sağdan “Şəhərlər, (və) şeirlər…”in əsrarəngiz dünyasına giriş var. Bura daxil olan oxucu ikonaqrafik şeirlərlə tanış olur. Soldan vicdan məhbusları “Zindan şeirləri”ni zümzümə edir. İçə axan göz yaşıyla yazılmış misralar pıçıldanır ürəklərə. Qulaqlar kar olur. Həmişə sağa meyl edən insana solun da varlığı xatırladılır. Axı onu da işlətmək lazımdı. Sol görüşü də təmsil edir həmin şeirlər. Taleyinə həbslər, edamlar yazılan və həyata soldan baxan sənət adamlarının alın yazısından doğan şeirlər poeziyanın ən asan və duyğusal, hər yaşdan və başdan insanın anlayacağı “semantika” mərhələsinə uyur. Modern sənətdə romantik nəsnələr, antiromantik ovqatla əvəzlənir. Çünki dəyərlər bir-birinə qarışıb, baş-ayaq olub hər şey. Artıq xilasedici, vahid qəhrəman yoxdur həyatda. Eləcə də sənətdə. Antiqəhrəmanlar bürüyür roman sənətinin ucsuz-bucaqsız zaman və məkan qrafikini. Poeziya daha individual hadisə olduğu üçün həyatın qarşısında, ön tərəfdə “Liriklər və antiliriklər” dayanır. Modern şeirin doğuşu da belə başlayır. Eliotun şeirlərindəki antilirik situasiyalar kimi. Fərid Hüseyn də həyatın altı tərəfindən biri olan ön cinahda dayanıb modernlik və modernizm arasında var-gəl edir. İstər nəsr, istərsə də poeziyada modernlik və modernizm detal kimi işlənib bizdə. Fərid dünya ədəbiyyatında keçmişdə qalan, bizimçün gələcək olan mərhələni indiki zamana gətirir. “Bir də heç vaxt” şeirlər kitabının konseptuallığı və yeniliyi özünü bu məqamda da göstərir. “Liriklər və antiliriklər” “asemantik” şeir dövrünə xas elitar səciyyə daşıyır. Dördüncü hissədə öndən, modern sənətdən geriyə, klaassizmə sıçrayış edir. “Qəlbin tərbiyyə dərsləri” arxa tərəfi, keçmişi bu günə calayır. Kütləvi xarakter daşıyır. Hərçənd ki, bu hissədə mətnlərarası əlaqə genişdir. Yenə də hər kəsin anlayacağı semantikaya, ibtidai poeziya çağına yeni formatda dönüş yaranır. “Müharibə” şeirləri Habillə Qabil savaşına retrospektiv baxışdır. Aşağının, alt tərəfin, mahiyyətin müharibə ilə başlamasına işarədir. Şeir sənətində isə əksinədir. Axı poeziya gözəlliyi təmsil edir. İlkinliyin, mahiyyətin barışla başlamasının vacibliyi gözəllik duyumu olur. Bu hissə isə klassik poeziya kimi didaktikdir. Kütləvidir. Semantikdir. Nəhayət, üst qatda quqlvarı bir estetika var. Hər şeyə yuxarıdan göz gəzdirmək, yarım qalan arzuları tam etmək, əbədiləşdirmək istəyi. Poeziya sənətinin ən nəcib və fərqli bir kəşf olması şeirləşir. Bu hissənin adı “Minimalist şeirlər”dir. Elə şeir də az və gözəl olmağın ünvanı deyilmi? Poeziya sənətinin üç əsas mərhələsi olan “semantik”, “ikonaqrafik”, “asemantik” şeirlər “Bir də heç vaxt” kitabında ardıcıl deyil. Zamanlar və anlayışlar qəsdi olaraq pozulub. Əvəzində sənətin rəngli, qarışıq və bir o qədər də nizamlı, harmoniyalı estetikası yer alıb. Fərid Hüseyn ikonaqrafik şeirlərlə başlayır kitaba. Mərkəzdə yerləşir bu şeirlər. Ortadan geriyə və irəliyə baş vurmaq olur. Əslində bir mərhələyə aid şeirlərdə digərinə xas nələrsə var. Bölgü və istilahlar şərtidi. Ancaq sənətin və “Bir də heç vaxt” kitabının konseptuallığı da bundadır:
1. Semantik mərhələ ibtidai insanın ilk danışıq tərzi ilə üst-üstə düşür. Gündəlik danışılan dil şeirlədir. Məişət dilinin xaricində başqa və fərqli şeir dili yoxdur. Deməli, şeirsəllik, poeziya insan və təbiət xislətlidir. Bu dövrün şeirində metaforalar, təşbehər, məcazlar mifikdir. Mifologiya çağından modernizmə keçid üçün fransız simvolizmi gəlməliydi. Bu isə uzaq gələcəkdə idi. Ən azından Şarl Bodler poeziya tarixində görünməliydi. Andre Suaresin deyimi ilə “Bodlerdən əvvəl hiss etmək, Bodlerdən sonar hiss etmək…” Bu, həm də dünyanı yeni qavrama və onu hisslərdə, şeirdə ifadə etməyin modeli idi.
2. İkonaqrafik mərhələdə dilin strukturunda dəyişiklik baş verir. Mifik təşbehlər birbaşa dildən doğan təbii məcazlarla əvəz olunur. Dini fiqurlar, rəmz və simvollar önə çıxır. Bu dövrdə qərbdə də, şərqdə də dinin sənətə təsiri güclüdür. Aparıcı qüvvədir.
3. Asemantik mərhələdə poeziya sənətində inqilab baş verir. XIX əsr fransız simvolizmi semantik mərkəz təşkil edir. Radikal bir şeir inqilabı baş verir. Klassik poeziydakı bənzətmələr, məna mərkəzli ifadələr yox səviyyəsindədi. Bu dövrdə nə mifologiya, nə də dilçilik baxımdan şeir yazmaq vacib deyil. Kəsəsi, heç bir xüsusi kriteriya yoxdur. Səbəb və nəticəyə əsaslanan klassik, didaktik şeirlər heç yoxdu. Asemantik dövrün şeirləri elitardır. Hər kəs tərəfindən başa düşülmür.
Semantik nəğmələr: Qoy, hamı şeirləşsin.
Poeziyanın semantika çağında zindan da vardı, dustaq da. Ancaq biraz indikindən fərqli biçimdə. İndi ən böyük zindan ruh və cəsədə məhkumluqdu. Özündən xilas ola bilməməkdi. Tənhalaşan insan bədəninin illüsturasiyası çəkilir “Gecələr” şeirində. Ona görə ilüsturasiya ki, tənhalıq və onun ağrıları zindanda belə məhrəm duyğu kimi yaşanmır. Heç ona macal tapılmır. Hər şey mediatik, populist olmağa can atır. Hətta... həttta yalqızlığın çoxdan unudulmuş məhbusluq, dustaqlıq adı da. Ancaq “Gecələr” şeirində tənhalıqdan xilas olma çabası verən dustağı maraqlandıran mediatik populizm deyil, gələcək sevdasıdır. İndiki və gələcək zamanla yaşamaq arzusudur. Çox nadir poeziya semantikasıdı. Və keçmişlə bağları qoparıb yenisinə başlaya bilmək isə imkansızdı. Axı məhbusların gələcəyi olmur. Ümidsizlik onlarda unutmağa bircə qırıq da münbit məkan və şərait buraxmayıb.
“Bütün bədənimi gəzmişəm,
bircə unutmağa yer yoxdu.
Bədənim bir qadından qalmış xatirədi ancaq”.
Qəribədir, adının mənası unutmaq olan insan bunu bacarmır. Məhbusluğun bədii illüstrasiyası məhz budur. İndiki ana sığnıb gələcəyi ümidləndirən insandan əsər-əlamət yoxdur. Çünki gələcək ümidindən bezar olub. Keçmiş xatirələrində ilişib qalıb. Mənsə indiki zamandan keçmişə adlamaq istəyirəm. Vicdan məhbusları kimi deyil. Poeziya tarixinin rəngli və ümidli zaman maşınında. Əli Kərim “O qıza” şeirində deyir: “Anadan əziz nə var, anaya da deyilməz”. Burda anaya belə deyilməyən məhrəm sirr “ala gözlü”, “qara xallı”, “həsrət nöqtəsi” olan sevgilidir. Xoş və əsrarəngiz bir şeirdən, bir ovqat. Fərid isə anasına xitabən “sevdiyim ürəyimə, göz yaşlarıma çökür, anam”, deyir. Bu məqamda poeziya öz taleyin yaşayır. İç çölə, çöl içə keçir. Azadlığın, sərbəsliyin şeiri ilə zindanın məhzun nəğməsi. Əli Kərim və Fərid Hüseyn arasında zaman, məkan və onların ifadə etdiyi məna marşurutunu işə salır.
Fərid Hüseyn “Zindan şeirlərində” çox geniş zaman qrafiki cızır. Mətnlərarası və ya şeirlərarası əlaqə diaxronunda Esxilin “Zəncirlənmiş Promotey”indən bu günəcən olan əlacsızlığı, çarəsizliyi proyeksiya edir. Mənəvi və fiziki çıxılmazlıq zamanlar arası ünsiyyət yaradır. Zəncirlənmək ekzistensial vəziyyətdi. Gündəlik məişət dərdlərindən haraysız, yasaq və cütləşən sevgilərəcən ədəbiyyat tarixində baş verən hadisələr “Sükut” şeirinə cəmlənir. Promoteyin yaşamaq və yaşatmaq eşqi, Nizaminin harmoniya ehtirası, Tolstoyun məqbul və qeyri-məqbul nəsnələri axtararkən sənətin və həyatın təbiətincə yazmaq arzusu bu şeirdə duyğu eskizləridi. Zamanlararası duyğu arxetipidi. Nəsildən nəsilə ötürülür. Genetik bir hadisədi. Şeirləşəndə isə bax belə olur:
“Qəhrəmanları” sevməyən qadınlar qəhrəmandı,
sağ ol, sən də məni sevdin,
mən sənə şeir yazmıram,
mənsizliyimi kağıza köçürürəm burda,
qollarımdakı qandalın ağrısı köçüb
sənə aldığım bilərziyə,
Yəqin, sənin də qolların ağrıyır orda”.
İkonaqrafik nəğmələr: Əşi anlamasan da olar.
İkonaqrafik şeir erasında metaforalar və təşbehlər arxa plana keçir. Dilin imkanları funksional rol oynayır. Məcazlar məzmunla yer dəyişir. Şeirdə dini motivlər güclənir. Təmtəraqlı məcazların yerinə təhkiyə və struktur qabardılır. Aktiv, birbaşa bənzətmə və bənzədilən əlaqəsi ilə yaradılan məcazlar azalır. Daha aktiv, ancaq yaşamın içində gizlənən məcazlar yaradılır. Fərid “Şəhərlər, şeirlər...” bölümündə şəhərlərin özündən ikonaqrafik məcazlar yaradır. Peterburq, Moskva, London, Qahirənin iqlim və təbiəti ədəbi proyeksiyaya məruz qalıb yenidən formalaşır. Peterburqdan “Fikir yorğunun dedikləri” nəğmələr yeni bir təşbeh yaradır. Sən demə, insanın özündən qaça bilməməsinin səbəbi məkan və zaman hadisəsi deyilmiş. Günlük yaşantıymış. Həyata baxışıymış:
“Kilsələrin üstündəki xaçlar
bənzəyir sancılmış qılınca.
Qürbətdə yada düşən dərdlərim
könlümü incidir, bağrımı sökür –
Bakı vaxtıyla – öz saatımızla...”
Bakıdan köçüb Peterburqda xoş günlər görəcəyini arzulayan insan yanılır. Çünki onun məkan dəyişməsi mexaniki bir hərəkətdir. Düşüncə və fikrində Bakıdadır. Ruhu ilişib qalıb burda. Orda yeni bir həyat qurmayıb. Ona görə də Bakı vaxtı ilə yaşayır. Bakı-Peterburq arasındakı şeir koordinatları uzanır. Cənnət və cəhənnəm miqyasında böyüyür və mistik, ikonaqrafik anlam ifadə edir:
“İnsafdırmı görəsən,
Faniliyin haqqını əbədiyyətlə ödəyirik –
Cənnətlə, cəhənnəmlə,
əbədi zülmlə, əbədi xoşbəxtliklə”.
İnterpsixoloji detallar fərqli qütblərdən doğan assosiasiyalar yaradır. Məkan psixologiyasının rəngli və hər an dəyişə bilən, təsir edən metamorfozu baş verir. Burda cənnət və cəhənnəm ikonaqrafik məcazdı. Dini struktur və keyfiyyət poeziyada əriyir. Şeir və sənət cildinə girir. Fanilik duyğusu varkən bu qədər savaşlar, kinlər bitmir, bəs əbədi olsaq necə olardı? Yaxşılıqlar unudulardımı? Əsla. Dünyamızda şeir adlı əndər və gözəl ünsiyyət dili var olduqca xoşbəxtlik zülmə, əbədilik faniliyə üstün gələcək. Cənnətlə, cəhənnəmə ehtiyac qalmayacaq. Hər şeyə rəğmən yaşam deyilən sirli dəfinəni kəşf etməyə çalışmaq ümid və zövq verəcək.
“Ayaq üstə yaşamaqdır sonuncu qələbəmiz –
Bizi torpağa çəkən dünyada - çəliklə”.
“Şəhərlər və şeirlər”də həyat barədə aforistika dərsi keçməyə cəhd də var. Didaktika dərsləri çağdaş poeziyanın əsas kəsir və qüsurlarından biridir. Axı şeir yaşam barədə nəsihət vermir. Onu daha mənalı və gözəl göstərir. Çətinləşdirmir, asanlaşdırır. Ən mürəkkəb mövzular belə şeirdə əriyir. Hətta elitar poeziya nümunələrində ritm, ahəng və bədii struktur hər ölçüdə intellekt və düşüncəyə xitab edir. Poeziyanı digər sənətlərdən üstün edən cəhətlərdəndir. Doğrudur, XX əsr Azərbaycan şeirində Hadidən başlayan ciddi fikir poeziyası da mövcuddur. Ancaq bir şəhərin ruhuna enmək, şeirləşdirmək əvəzinə ümumi, hər kəsin bildiyi mülahizələr söyləmək şairi və oxucunu şeirdən uzaqlaşdırır. Sadəcə informasiya verir. Hər yerdən alına bilən bilgilər, şeir sənətinin kənarında qalan “fəlsəfə istehsalı”, gündəlik yaşamın çətinliklərinin imitasiyasında boğulmaq və başqa kəsirlər çağdaş poeziyada öz əksini tapan vizual informativlik üçün də yararsızdır:
“Hərdən elə bilirəm kiminsə yuxusudur ömrüm,
həmin kəs oyanacaq və ömrüm bitəcək.
Qəribədir, olur ki, bəzən inanıram bunlara.
Onda rənglər divarlardan axır,
pəncərələr örtülür –
çəkilirəm taleyimin mənzərəsi önündən.
İnsan qəfil qocalsaydı,
həyatın qədrini daha yaxşı bilərdi bəlkə də.
Ömürsə şəkildəki kimidir –
tərpənmir – köhnəlir sakitcə”.
Quruluş şeir olsa da mahiyyət poeziyadan uzaqlaşır. Mətnə fikir və mülahizələr yüklənir. Xaotik bir vəziyyət formalaşır. Heç yetkin fikir də yoxdur. Və çağdaş şeirimizdə yeni yetmə təfəkkürü ilə yazılan şeirlər çoxluq təşkil edir. Öüzü əzib-büzmək, süni lirik-romantik ovqat yaratmaq, miskin şair obrazı və başqaları. Fərid Hüseyn bu tip şeirlərə meyil edəndə maraqlı və yeni eksperimentləri, miqyaslı poetik aurası itir. Kölgələnir. Xaos burulğanı şeirlərin duyğu estetikasını durulmağa qoymur. Əksinə, miskinləşdirir.
Asemantik nəğmələr: Həyat və sənət dialektikası. Və Günəş kimi şair ürəyi.
Asemantik şeirlər nə bədii təsvir və ifadə vasitələri, nə də dil hadisəsi olaraq doğur. Heç səbəb-nəticə əlaqəsinə də əsaslanmır. İfadə ilə ifadə olunan arasında əlaqənin xüsusi bir simmetriyası, meyarı yoxdur. Fərid Hüseyn “Liriklər və antiliriklər” və “Minimalist şeirlər”də modern poetika strukturunu duyğu estetikası ilə lirikləşdirir. “Başqa cür olmur” deyən şair məcazlardan arınmış və dilin simvolik eyhamlarından uzaq yeni bir şeir adası yaradır. Süjet və təhkiyə ön plandadır. Vizual effektlər bir qədər prozaik olsa da şeirə xas özəlliklər daha qabarıqdı. Axı çağdaş ədəbiyyatda şeir və nəsrin sərhədləri bəzi məqamlarda itir. Həyatdan etüdlər formatında yazılan şeirlərdə hər cür məcaz bəzək-düzəyi deqradasiyaya uğrayır. Bəzən bircə kəlmənin semantikası bütün işlənmiş və sabit məcazlar toplusunu asemantikləşdirir. Klassik poeziyanın o yüksək və əlçatmaz məcazlar sistemi Fəridin şeirlərində modernləşir. Füzuli qəzəlində öpüşün təsir dərəcəsi məşuqənin dodağının şirinliyi ilə ölçülür. Mistik, ezoterik ovqatdadır. “Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən”. “Şəhdi-ləb” dodağın şirinlik dərəcəsini semantikləşdirir, “ahım oxu” məşuqənin baxışını, göz və kirpiklərinin təsirindən aşiqin sağalmaz eşq xəstəliyinə düçar olmasını. Fəriddə isə modern qurluşdadır:
“Oxumalıyam, alim olmalıyam,
sənin təbəssümünü araşdırmalıyam.
İşləməliyəm, vəzifəm artmalıdı –
Busəçi olmalıyam...
Əsgər papağımı başına qoymalısan,
mən sənə “komandir deməliyəm.
Şəkil çəkdirməliyik
və komandir sözü şəkildə düşməməlidi.
Belə olmalıdı, yoxsa xoşbəxt olmaq olmur”.
Şeir “busəçi” kəlməsinin üzərində qurulub. Bircə sözdən süjetin struktur və ahəngi yaranır. Çılpaq, məcazsız şeirdir. “Sevmədiyin qadınla” şeiri isə sevmək və sevməməyin simptomudur.
“Sevmədiyin qadınla bir damın altında yaşamaq,
nə onu aldatmaqdı, nə də özünü.
sevmədiyin qadınla bir bir damın altında yaşamaq,
Sevgidə zibillik kimi eşələnməkdi –
yemirsən, amma nəsə axtarırsan orda”.
“Minimalist şeirlər” kiçik poetik ştrixlərlə böyük mənalar ifadə edir. Fərid Hüseyn sintetik, çoxsəsli və poetik imkanları minimal miqyasda ifadə edə bilir. Kitabın ən uğurlu şeirləridir. Əslində minimalist şeirlərdə sintetik və polifonik poetik sistem yaratmaq maksimum istedad və çaba tələb edir. “Bir də heç vaxt” kitabında minimalist şeirlər eksperimental mahiyyət kəsb edir. Həm Fərid Hüseyn poeziyasında minimalist şeirlərin yeni təcrübə və sınağı, həm də həyatın təcrübə və sınaqlarının şeirləşməsi. Sintetiklik var olmağın əsrlərcə davam edən həyat və sənət dialektikasına modern və minimalist şeirlə yanaşmağın tablosunu çəkməkdir:
“Allah bizə ömür
verir,
İnsanlarsa vaxtımızı alır”.
“Minimalist şeirlər”də qəribə və çox az şairin şeirlərində rastlanan çevrilmə hadisəsi var. İçin çölə, şərin xeyrə, çirkinliyin gözəlliyə, soyuğun istiliyə. Yaxud da sadaladıqlarımızın əksinə baş verir poeziya metamorfozu. Ancaq şərin deyil, xeyir və gözəlliyin bədii strukturudur Fəridin şeirləri. Bir də dərddən yaranır. Günəş kimi şair ürəyi ən azından bir efemer qədər dürüst və xətərsiz yaşamağın poetik, poetik-fəlsəfi semantikasını, anlamını şifrələyir. Bəzən də həyatla vaxtsız vidalaşmağın və inamsızlığın dərd və kədəri metamorfoza məruz qalır.
“Çiçəklər öz rənglərinə
İnanmırlar –
Solurlar...”
Süjet və dil vəhdətdədir. Yığcam və tarıma çəkilmiş formatdadır. Minimal şeirin fərqliliyi də bundadır. Məna və ritmin harmoniyası, konkretliyi müxtəlif anlayışları vahid bir estetika ətrafında toplayır.
“Bir də heç vaxt” kitabı barədə danışmaq üçün bu qədər zaman bəs etməz. Bir-birindən fərqlənən poeziya, sənət və məişət tarixindəki təcrübələr kitaba yığılıb. Şirin bir yorğunluq kimidi. Necə ki, zəhmətin və dürüstlüyün yorğunluğu gecə hüzurlu bir yuxuya çevrilir. Fərid Hüseyn qələmində isə sənətə. Dövrlər və ömürləri bir yerə yığan nadir və gözəl poeziya sənətinə.
Azərbaycan jurnalı, 7-8-ci sayları.