Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən yeddinci hekayəsini - “Pənbə göyçək dodaqlar və o yaşılı gözlər”i təqdim edir.
Telefon zəng çalanda çalsaç kişi cüzi bir nəzakətlə qızdan soruşdu ki, necə bilir, bəlkə, heç dəstəyi qaldırmasın? Qız bu səsi sanki lap uzaqdan eşidirmiş kimi, ona tərəf çevrildi: bir gözü – işıq düşən gözü bərk-bərk qıyılmışdı, o biri – bərələ qalsa da, sadəlövhlükdən xeyli uzaq olan gözü isə o qədər göy idi ki, bənövşəyi rəngə çalırdı. Çalsaç kişi xahiş etdi ki, bir az cəld olsun və qız az qala laqeydliyə bərabər olan bir tənbəlliklə başını qaldırıb sağ qoluna dirsəkləndi. Sol əli ilə alnına tökülmüş saçlarını geri itələyib dedi:
– Aman Allah. Bilmirəm, heç bilmirəm nə deyim. Sən necə bilirsən?
Çalsaç kişi dedi ki, onun üçün bunun elə bir əhəmiyyəti yoxdur, sonra sol əlini qızın söykəndiyi sağ qolu ilə (dirsəkdən bir az aşağı) bədəni arasına soxub, barmaqlarını onun ilıq böyründə gəzdirə-gəzdirə, sağ əlini telefona uzatdı. Əli dəstəyə çatmadığından, bir az yuxarı dartındı, başı abajurun qırağına dəyib bərk əzildi. Həmin anda onun çal, demək olar ki, tamamilə ağappaq saçlarına düşən işıq bu saçları xeyli yaraşıqlı göstərsə də, onların eybini də faş etməyə bilməmişdi. Bir qədər pırtlaşıq olan bu saçlar, hiss olunurdu ki, təzəcə vurulub, daha doğrusu, təzəcə bir boyda «kəsilib». Gicgahlarında və boynunun ardında onlar necə lazımdır qısa vurulsa da, yanlarda və başının ortasında hətta «kübar» saç üslubu üçün qəbul olunduğundan da uzun idi.
– Allo? – o, dəstəyi götürüb cingiltili səslə dedi. Qız hələ də sağ qoluna dirsəklənib qalmışdı və gözünü ondan çəkmirdi. Onun bərələ qalan gözlərində nə həyəcan, nə də dalğınlıq hiss olunur- du, bu gözlərdə onların necə iri və tünd-göy rəngdə olduqlarından savayı heç nə ifadə olunmamışdı.
Dəstəkdən daş kimi cansız, amma eyni zamanda, təəccüb doğuracaq dərəcədə inadkar və demək olar ki, biədəbcəsinə həyəcanlanmış kişi səsi eşidildi:
– Li? Səni yuxudan oyatdım, eləmi? Çalsaç kişi mənalı tərzdə cəld sola, qıza tərəf baxdı.
– Kimdir? – dedi. – Artur, sənsən?
– Aha... Səni yuxudan eləmədim ki?
– Yox, yox. Uzanıb kitab oxuyuram. Bir şey olmayıb ki?
– Düzünü de, səni yuxudan eləmədim ki? Düzü- nü de, ha!
– Yox, yox. Tamamilə yox, – çalsaç kişi dedi. – Əslinə baxsan, mən elə gündə cəmisi dördcə saat yatmağa vərdiş...
– Ona görə zəng vurmuşam ki, Li, bilim görüm Coanna oradan çıxanda təsadüfən sən onu görməmisən ki? Bilmədin o, Ellenbogenlərlə bir yerdə getdi, yoxsa yox?
Çalsaç kişi yenə sol tərəfə, amma bu dəfə, mavi gözlü cavan irland polisi kimi gözlərini ondan çəkməyən qıza deyil, onun başı üstündən harasa yuxarıya baxdı.
– Yox, Artur, görmədim, – otağın uzaq, yarıqaranlıq, divarların tavanla kəsişdiyi küncünə tərəf baxa-baxa dedi. – Məgər oradan səninlə çıxmadı?
– Yox. Lənətə gəlsin onu. Yox. Deməli, sən onun haçan çıxdığını görmədin, hə?
– Yox, Artur, düzü, fikir vermədim, – çalsaç kişi dedi. – Əslinə baxsan, bu gün mən o qonaqlıqda, ümumiyyətlə, heç nə görmək iqtidarında deyildim. Elə qapıdan içəri girən kimi o boşboğaz Allah adamı – fransız keşişiydimi, Vyana keşişiydimi, bilmirəm, Allah vursun hamısını – yaxama ilişib əl çəkmədi. Çər dəymiş xaricilərin peşəsidir, girlərinə bir hüquqşünas keçən kimi min cür yolla çalışırlar ki, ondan havayı məsləhət alsınlar. Nədir? Nə olub axı? Coanna itib?
– Eh, ilahi! Kim bilir onu? Mənciyəz heç nə bilmirəm. Özün bələdsən ona, bir az artıq içən kimi, bir yerdə qərar tuta bilmir. Nə bilim, bəlkə də, sadəcə olaraq...
– Ellenbogengilə zəng vurmadın? – çalsaç kişi soruşdu.
– Vurdum. Hələ evə qayıtmayıblar. Heç nə başa düşə bilmirəm. İlahi, mən heç onun onlarla getdiyinə də əmin deyiləm. Bircə şeyi bilirəm. Tək bircə şeyi, lənət şeytana. Tamam bezmişəm, qurtarmaq lazımdır hər şeyi. Daha bəsdir. Bu dəfə qərarım qətidir. Qurtardım daha. İlahi, düz beş ildir mən buna dözürəm.
– Yaxşı, yaxşı, Artur, çalış özünü ələ al, – çalsaç kişi dedi. – Əvvəla, Ellenbogenləri mən çox yaxşı tanıyıram, yəqin, indi onlar bir taksiyə oturub, Coannanı da özləri ilə bir-iki saatlığa Qriniç-Villiçə gəzməyə aparıblar. Yəqin ki, indi üçü də orada sərxoş halda veyillənirlər.
– Nəsə ürəyimə belə bir şübhə damıb ki, o, indi girinə keçən əclafın biriynən özünü mətbəxə-zada verib orada mazaqlaşır. Bu fikir beynimdən heç cür çıxmır. Həmişə bu cür içib dəmlənəndə, girinə keçən əclafın biriylə özünü mətbəxə verib onun boynuna sarılır. Daha bezmişəm. Allaha and olsun ki, bu dəfə qəti qərara gəlmişəm. Düz beş ildir...
– İndi haradan danışırsan, Artur? – çalsaç kişi soruşdu. – Evdən?
– Hə, hə, evdən. Şirin-şəkər evimdən. İlahi!
– Yaxşı, yaxşı, özünü ələ al... Bura bax... deyəsən, sən dəmsən axı?
– Bilmirəm. Bunu mən hansı cəhənnəmdən bilim axı?
– Yaxşı, bir mənə qulaq as. Əsəbiləşmə. Çalış özünü ələ alasan, – çalsaç kişi dedi. – Lənət şeytana,
Ellenbogenləri sən ki məndən yaxşı tanıyırsan. Güman ki, onlar axırıncı qatara da gecikiblər və çox güman ki, indi onlar sərxoş halda meyxana lətifələri deyib gülə-gülə hər dəqiqə sizə, sənin yanına gələ bilərlər...
– Onlar evlərinə gediblər.
– Haradan bilirsən?
– Onların uşaqlarının mürəbbiyəsindən. Biz onunla bir xeyli kübarsayağı xoş söhbət elədik. O mənimlə yaman bərk dostdur, lənət şeytana. Aramızdan heç su da keçməz.
– Yaxşı, yaxşı. Bəs sonra? Bir özünü ələ al, sakitləş görüm, – çalsaç kişi dedi. – Güman ki, onların üçü də bu dəqiqə deyib gülə-gülə sizə dürtüləcəklər. İnan mənə. Leonanı tanımırsan məgər? Bilmirəm bu nə bəladır, ancaq hər dəfə Nyu-Yorka gələndə onların hamısı Konnektikut kefcilliyi azarına tutulurlar. Görüm onları lənətə gəlsinlər. Özün ki bunu məndən yaxşı bilirsən.
– Hə, bilirəm. Bilirəm. Amma həm də heç nə bilmirəm.
– Əlbəttə, bilirsən. Bir ağlını işə sal. Yəqin onlar Coannanı zorla özləriylə...
– Bura bax! Coannanı ömründə heç kəs heç yerə zorla dartıb apara bilməz. Sən məni yanılda bilməzsən, özünü yorma.
– Burada heç kim səni yanıltmaq fikrinə düşməyib, Artur, – çalsaç kişi sakitcə dedi.
– Bilirəm, bilirəm. Bağışla məni, sən allah! Ağlımı lap itirmişəm. Sən canın, səni yuxudan eləmirəm ki?
– Eləsəydin, deyərdim, Artur, – çalsaç kişi dedi. Sonra huşsuz kimi əlini qızın yanından çəkdi. – Bura bax, Artur. Bəlkə, mənim məsləhətimə qulaq asasan, hə? – dedi və sol əli ilə dəstəkdən azca aşağı ipdən yapışdı. – Ciddi sözümdür. Gəl sənə bir şey deyim, ona əməl elə, yaxşımı?
– Həə! Bilmirəm. Lənət şeytana, səni də təmiz yuxudan eləyirəm. Niyə mən axı çənəmə bu qədər güc vermişəm...
– Bir dəqiqəliyə mənə qulaq as, – çalsaç kişi dedi.
– Əvvəla, bu mənim ciddi sözümdür, get gir yatağa, bir az dincəl. Yatmazdan qabaq bir qədər tünd viski düzəlt, vur bədənə, sonra gir yorğanın...
– Bir qədəh? Ələ salırsan məni? İlahi, bu iki saat ərzində azı bir litrdən çox vurmuşam. Bir qədəhə bax! O qədər vurmuşam ki, heç tərpənməyə halım...
– Yaxşı, lap yaxşı. Onda gir yatağa, – çalsaç kişi dedi. – Bir az dincəl... Eşidirsən məni? Özün de, bütün gecəni bu cür oyaq qalıb, canına əziyyət verməyin nə xeyri? Düz demirəm?
– Həə, elədir, başa düşürəm. Mən heç bu qədər narahat olmazdım da. Allah haqqı. Amma ona heç cür inamım qalmayıb. Vallah qalmayıb. Allaha and olsun ki, ona heç cür inanmaq olmaz. Gözündən azca yayınan kimi, necə deyərlər, min cür oyundan çıxır. Eh, burada deyinməyin nə faydası? Başımı təmiz itirmişəm, görüm onu lənətə gəlsin.
– Yaxşı. Unut bunları, boşla getsin. Mənim xati- rimə gəl belə elə. Çalış qov bu sarsaq fikirləri beynindən, qov hamısını, – çalsaç kişi dedi. – Məncə, sən milçəkdən dəvə düzəldirsən, vicdan haqqı...
– Heç bilirsən mən nəylə məşğulam? Bilirsən mən nəylə məşğulam? Adam utanır deməyə, amma bilirsənmi hər axşam evə gələndə mən neyləyirəm? İstəyirsən deyim?
– Artur, qulaq as, bu heç də...
– Bir dəqiqə hövsələ elə, hamısını deyəcəm. Cəhənnəmə ki! Hər axşam evə gələn kimi, evdəki bütün divar şkaflarını bir-bir açıb yoxlamaqdan özümü güclə saxlayıram. Allaha and olsun! Hər axşam evə gələndə elə bilirəm ki, bu saat evin hər küncündən bir əclaf oğlu əclaf çıxacaq: liftçi, poçtalyon, polis...
– Yaxşı, yaxşı. Bəsdir. Çalış bir balaca özünü ələ alasan, Artur, – çalsaç kişi dedi və cəld iti nəzərlərlə sağına baxdı, orada, külqabının qırağında xeyli əvvəl yandırılmış bir siqaret qalmışdı. Siqaret çoxdan sönmüş olsa da, çalsaç kişi nəfəsini boğdu, onu götürmədi. – Hər şeydən əvvəl, – dəstəyə dedi, – Artur, mən bunu sənə dönə-dönə, dəfələrlə demişəm, bir də deyirəm: sən məhz bunda çox böyük səhvə yol verirsən. Heç bilirsən neyləyirsən? Deyimmi sənə? Elə bil sən qəsdən, özün bilə-bilə, bu mənim ciddi sözümdür, elə bil özün qəsdən, bilə-bilə öz həyatını zəhərləyirsən. Əslində, bu yolla həm də Coannanı təhrik edirsən ki... – o, sözünün ardını dilinə gətirmədi. – Sənin bəxtin onda gətirib ki, o belə qoçaq qız çıxıb. Ciddi sözümdür. Amma sən hər dəqiqə onun zövqünə, lap ağlına şübhə ilə yanaşırsan.
– Ağlına? Zarafat eləmirsən ki? Onda bir azca ağıl varsa, kül mənim başıma! Heyvandır o, əsil heyvan!
Çalsaç kişinin burun pərləri genəldi, elə bil havası çatmırdı.
– Biz hamımız heyvanıq, – dedi, – əslinə qalsa, elə biz hamımız heyvanıq.
– Elə şey yoxdur. Mən heyvan-zad deyiləm. Küt də, avam da, iyirminci əsrin ən murdar törəməsi də ola bilərəm, amma heyvan deyiləm. Sən bunu mənə demə. Mən heyvan deyiləm.
– Bura bax, Artur. Belə getsə, biz heç cür...
– Ağıllıma bax! İlahi, heç bilirsən bu necə gülünc səslənir? O elə bilir ki, ondan intellektualı yoxdur.
Gülünclük, məsxərə də elə burasındadır. Teatra aid bir-iki qəzet məqaləsi oxuyur, gözləri kor olanacan televizora baxırsa, deməli, ondan ağıllısı, dərrakəlisi yoxdur. Heç bilirsən mən kimə evlənmişəm? Düzü- nü bilmək istəyirsən, deyim? Sən demə, mən istedadı hələ açılmamış, hələ kəşf olunmamış, hələ məşhurlaşmamış ən böyük aktrisaya, yazıçıya, həkimə və ümumiyyətlə, Nyu-York şəhərinin ən dahi şəxsiyyətinə evlənmişəm! Sənin isə bundan heç xəbərin yoxdur, eləmi? Oh, ilahi, o nə qədər gülməli işdir ki, adam istəyir lap xirtdəyini kəsib atsın. Kolumbiya universiteti, azad dinləyicilər kursunun əsil madam Bovarisi. Madam...
– Kim? – çalsaç kişi pərt halda soruşdu.
– Madam Bovari, «Televiziya bizə nə verir» mövzusunda mühazirə kursunun azad dinləyicisi. İlahi, əgər sən bilsəydin...
– Yaxşı, yaxşı, bəsdir. Bu minvalla biz heç bir qənaətə gələ bilməyəcəyik, – çalsaç kişi dedi. Yana döndü, iki barmağını dodaqlarına apararaq, qıza işarə elədi ki, siqaret istəyir. – Əvvəla, – dəstəyə dedi, – bu qədər ağıllı, dərrakəli adam olsan da, lənət şeytana, səndə mərifət deyilən şeydən əsər-əlamət belə qalmayıb, – belini azca dikəltdi ki, qız əlini siqaretə çatdıra bilsin. – Ciddi sözümdür. Bu sənin şəxsi həyatını da korlayır, elə ict...
– Ağıllıma bax mənim! Tfu, adamın lap ürəyi bulanır. İlahi, sən özün kömək ol! Sən heç onun bir adam – kişi xeylağı demək istəyirəm – haqqında necə danışdığına fikir vermisən? Bekar vaxtın olanda, sən canın, heç olmasa mənim xatirimə, ondan xahiş elə, qoy öz tanışlarından birini sənin üçün təsvir eləsin. Gözünə dəyən bütün kişilər haqqında eyni şeyi deyir: «Son dərəcə cazibədar adamdır». Gic, gonbul, qoca, şikəst – kim olur olsun, dəxli yoxdur, onun üçün...
– Bəsdir, Artur, – çalsaç kişi onun sözünü sərt kəsdi. – Bunlar hamısı mənasız söhbətlərdir. Tamam mənasız, – qızdan siqareti aldı. O, birini də özünə yandırmışdı. – Yeri gəlmişkən, – tüstünü burnundan buraxa-buraxa dedi, – bugünkü işin necə qurtardı?
– Nə?
– Bugünkü işin necə qurtardı? – çalsaç kişi təkrar etdi. – Nə oldu, bu işi uda bildinmi?
– Eh, nə bilim. Pis oldu. Son nitqimi başlamağa ikicə dəqiqə qalmış, birdən iddiaçının vəkili Lisberq haradansa əşyayi-dəlil kimi, qucağı bir yığın mələfəylə dolu o gicbəsər qulluqçu qadını ortalığa çıxartdı. Mələfələr isə başdan-ayağa taxtabiti ləkəsi idi. Necədir sənin üçün!
– Sonra nə oldu? İşi uduzdun? – çalsaç kişi siqaretdən bir qullab da alıb soruşdu.
– Bilirsən hakim kim idi bu gün? O arvad yosunlu Vittorio. Nənə-Vittorio. Bilmirəm bu kişinin niyə məni görməyə gözü yoxdur. Heç ağzımı açmağa macal tapmamış cumdu üstümə. Beləsini yola gətirmək müşkül işdir. Heç nəyə baxan deyil.
Çalsaç kişi başını çevirib qıza baxdı. O, külqabını stoldan götürüb, çarpayıda ikisinin arasına qoydu.
– Deməli, uduzdun, eləmi? – çalsaç kişi dəstəyə dedi.
– Nə?
– Deyirəm, uduzdun, eləmi?
– Hə. Hələ qonaqlıqda sənə danışmaq istəyirdim bunu. Ancaq o qarmaqarışıqlıqda imkan tapa bilmədim. Necə bilirsən, şefimiz divara dırmaşmaz ki? Mənim heç vecimə də deyil, amma hər halda, səncə, özündən çıxmayacaq ki? Necə bilirsən?
Çalsaç kişi sol əli ilə siqaretin külünü qabın qırağına çırpdı.
– İnanmıram ki, o, hökmən divara dırmaşmalı olsun, – sakitcə dedi. – Amma, çox güman ki, elə sevincək də olmayacaq. Heç bilirsən, o üç andır mehmanxananı biz neçə ildir öz əlimizdə saxlayırıq? Şefin əziz atasının, qoca Şenlinin vaxtından...
– Bilirəm, bilirəm. Oğlu bu haqda mənə azı yüz dəfə danışıb. Ömrümdə bundan duzlu əhvalat eşitməmişəm. Nəysə, bu andır işi də belə uduzdum. Əslinə baxsan, məndə heç bir günah olmadı. Əvvəla, bu dəli Vittorio əvvəldən axıra kimi bircə dəfə də olsun, ağzımı açmağa aman vermədi. Sonra da o gicbəsər qulluqçu qadın haradansa bu taxtabitili mələfələri ortaya çıxartdı...
– Kim deyir ki, günah səndədir, Artur? – çalsaç kişi dedi. – Sən özün soruşurdun ki, şef bundan qəzəblənər, ya yox? Mən də səni inandırıram ki...
– Bilirəm... Bilirəm ki... Yox, heç nə bilib-elə- mirəm. Cəhənnəm olsun hamısı. Uzaqbaşı, təzədən orduya qayıdacağam. Bunu sənə demişəm heç?
Çalsaç kişi yenə də başını qıza tərəf döndərdi, bütün bunlara necə böyük səbirlə, hətta mətanətlə dözdüyünü ona nümayiş etdirmək istəyirdi. Ancaq qız bunu görmədi. Həmin anda təsadüfən külqabını diziylə aşırdığından, tələm-tələsik külü barmaqları ilə sivirib bir yerə yığırdı, başını qaldırıb onun üzünə baxanda isə artıq gec idi, düz bir saniyə gecikmişdi.
– Yox, Artur, deməmisən, – çalsaç kişi dəstəyə dedi.
– Həə. Qayıda bilərəm ora. Amma özüm hələ qəti qərara gəlməmişəm. Məlum məsələdir ki, ora qayıtmağın elə dəlisi də deyiləm və çox güman ki, başqa yer tapsam, ora getməyəcəyəm. Amma, ola bilsin, gedə də bilərəm. Əgər mənə yenə də tropik şlem, nəhəng yazı stolu və moskitlərdən qorunmaq üçün böyük bir miçətkən versələr, onda o qədər də...
– Bilirsən nə var, dost? Deyəsən, sənin başın təmiz xarab olub, inan mənə, – çalsaç kişi dedi. – Sən təmiz... Sən ki, ağıllı adamsan, niyə bu cür uşaq kimi danışırsan? Ciddi sözümdür, səmimi-qəlbdən deyirəm. Xırda bir şeyi bu qədər şişirtmək nəyə...
– Mən ondan ayrılmalıyam. Başa düşdün? Hələ gərək keçən il, yayda bu məsələyə son qoyaydım. Onda öz aramızda belə bir söhbət olmuşdu. Sən bunu bilirdin? Bilirsən onda niyə ayrılmadım? Deyim sənə?
– Artur, sən allah, bəsdir. Bizim bu söhbətimiz ta- mam mənasız şeydir.
– Dayan bir dəqiqə. Qoy deyim niyə. İstəyirsən deyim niyə ayrılmadım? Bu dəqiqə deyim niyə. Ona görə ki, ona yazığım gəldi. Əsil həqiqət budur. Yazığım gəldi ona.
– Hm. Nə deyim? Axı sizin şəxsi işinizə mən necə qarışa bilərəm, – çalsaç kişi dedi. – Məncə, sən bir şeyi unudursan. Unudursan ki, Coanna da yetkin qadındır. Nə deyim, mənə elə gəlir ki...
– Yetkin qadın?! Dəlisən, nədir! Yetkin qadın yox, o, yetkin uşaqdır. Vicdan haqqı. Qulaq as, üzümü qırxırdım, sən bir gerisinə qulaq as, üzümü qırxırdım, birdən o, yan otaqdan hövlnak məni yanına çağırdı. Dedim, görəsən, nə olub, üzüm-başım sabunlu ora qaçdım. Heç bilirsən nəyə görə çağırırmış? Soruşmaq istəyirdi bilsin ki, məncə, o, ağıllı adamdır, yoxsa yox! Allaha and olsun! Sənə deyirəm də, yazığın, acizin biridir. Yatanda da neçə dəfə ona göz qoymuşam, nə dediyimi yaxşı bilirəm. İnan mənə.
– Orasını sən məndən yaxşı bilərsən... Yəni demək istəyirəm ki, belə şeylərə mən qarışa bilmərəm, öz işinizdir, – çalsaç kişi dedi. – Lənət şeytana, bədbəxtlik ondadır ki, sən vəziyyəti düzəltmək üçün heç bir ağıllı...
– Bir-birimizə bab deyilik, vəssalam. Düzü budur. Tamam bir-birimizə yaramırıq. Bilirsən ona nə lazımdır? Sağlam, zırpı, kütbeyin bir ər lazımdır ki, evə gələndə ağzını açıb kəlmə də kəsmədən onu elə hala salsın ki, adı da yadından çıxsın, sonra da gedib dinməzcə qəzetinin dalısını oxusun. Ona bax beləsi lazımdır. Mən isə onun üçün çox zəifəm. Hər sarıdan. Mən bunu evlənməmişdən də bilirdim. Allaha and olsun ki, bilirdim. Bax sən çox bic adam çıxdın, heç vaxt evlənib-eləmədin, ancaq bilirsən, adam evlənəndə bəzən elə bil ona bir anlığa vəhy gəlir, sonrakı ailə həyatını qabaqcadan görür. Ancaq mən bu fikirləri başımdan qovdum. Bütün hisslərdən və duyğulardan imtina elədim. Neyləyim, zəif adamam. Qısası, bu qədər.
– Yox, sən zəif adam deyilsən. Sadəcə olaraq, azca da olsa, başını işlətmək istəmirsən, – çalsaç kişi dedi və qız onun üçün bir siqaret də yandırdı.
– Yox, zəifəm. Həqiqətən zəifəm. Lənət şeytana, məgər mən özüm bilmirəm zəifəm, yoxsa yox. Əgər zəif adam olmasaydım, səncə, məgər mən imkan verərdimmi ki, hər şey bu cür... Eh, nə mənası bu söhbətin! Doğrudan mən zəif adamam... Aman Allah, səni də bu gecə yatmağa qoymadım. Yaxşı, sən niyə dəstəyi atmırsan? Ciddi sözümdür. Dəstəyi at, vəssalam, canın qurtarsın.
– Artur, dəstəyi atmaq fikrində deyiləm. Mən sənə kömək eləmək istəyirəm. Gücüm çatdığı qədər, – çalsaç kişi dedi. – Əslində, sən özün özünü pis...
– O məni saymır. Allah haqqı, o heç məni sevmir də. Son hadisələri təhlil eləsən, əslində, mən də onu sevmirəm. Bilmirəm. Sevirəm də. Sevmirəm də. Hər cür olur. Elə də, belə də. İlahi, mən hər dəfə bu işə son qoymağı qəti qərara alanda bir də onu görürəm ki, hansı qonaqlığasa dəvət olunmuşuq və mən onunla haradasa görüşüb, bu qonaqlığa getməliyəm. O isə əlində ağ əlcəklər və ya buna bənzər qəribə bir qiyafədə peyda olur. Hər şeyi unuduram. Yaxud da onunla birlikdə ilk dəfə Nyu-Heyvenə, pristonçuların yellilərlə oyununa tamaşa etməyə getdiyimiz günü xatırlamağa başlayıram. Elə Parkueydən təzəcə aralanmışdıq ki, maşının təkəri buraxdı. Soyuq adamın sümüyünə işləyirdi və mən o təkəri dolduranacan o, fənərlə mənə işıq saldı... özün başa düşürsən də nə demək istəyirəm. Bilmirəm. Yaxud da başlayıram, ilahi, utanıram da deməyə, başlayıram ilk dəfə görüşdüyümüz vaxtlarda ona göndərdiyim o andır şeir haqqında fikirləşməyə: «Avazımış, bozarmış, pənbə, göyçək dodaqlar və o yaşılı gözlər». Lənət şeytana, deməyə üzüm də gəlmir... Bu sözlər həmişə mənə onu xatırladır. Gözləri yaşıl olmasa da... onunku bu andır dəniz ilbizlərinin qabığına oxşayır, görüm onları... ancaq, nədənsə, o sözlər həmişə mənə... Bilmirəm. Danışmağa dəyməz. Başımı tamam itirmişəm. Sən niyə dəstəyi yerə atmırsan? Ciddi sözümdür.
Çalsaç kişi boğazını arıtladı.
– Dəstəyi asmaq fikrim yoxdur, Artur. Ancaq bir şey var ki...
– Bir dəfə o mənə kostyum almışdı. Öz puluna. Bunu sənə danışmışam.
– Yox, mən...
– Ağlına nə gəlibsə, durub özünü verib, məncə, deyəsən, Triplerin mağazasına, oradan bir kostyum alıb mənə. Özbaşına, mənə bildirmədən. Yəni demək istəyirəm ki, onda nə isə yaxşı cəhətlər də var. Ən gülməlisi də budur ki, kostyum elə bil üstümə biçilmişdi. Bircə şalvarının azca belindən, bir az da ayağından qısaltmalı oldum. Demək istəyirəm ki, yəni bu cür yaxşı cəhətləri də var.
Çalsaç kişi bir az da susub qulaq verdi. Sonra sərt şəkildə qıza tərəf döndü. Onun qıza dikilən baxışları, bir an içində də olsa, telefon xəttinin o başında qəflətən nə hadisə baş verdiyini ətraflı surətdə ona çatdıra bildi.
– Yaxşı, Artur. Mənə qulaq as. İndi bunun nə faydası, – dedi. – Heç bir xeyri yoxdur bunun. Doğrudan. Qulaq as, gör nə deyirəm. Ağlın olsun soyun gir yerinə, yaxşımı? Bir az dincəl. Coanna da harada olsa, güman ki, tezliklə, iki-üç dəqiqədən sonra gəlib çıxar. Axı özün də istəməzsən ki, o gəlib səni bu vəziyyətdə görsün, elə deyil? Yəqin ki, o sarsaq Ellenbogenlər də onunla gələcəklər. Üçü də kefli halda səni gəlib bu vəziyyətdə görsələr, necə olar? Elə deyil? – sözünə ara verib qulaq asdı. – Artur! Eşidirsən məni?
– Oh, ilahi. Bütün gecəni səni də yatmağa qoy- muram. Nə edirəmsə edim, mən...
– Sən məni yuxudan-filan eləmirsən, – çalsaç kişi dedi. – Bunu heç ağlına da gətirmə. Bayaq da sənə dedim, mən gün ərzində cəmi dördcə saat yatıram. Məqsədim ancaq sənə kömək eləməkdir, dost, gücüm çatdığı qədər. Ancaq kömək eləmək, – susdu.
– Artur! Eşidirsən məni?
– Aha. Eşidirəm. Qulaq as. Onsuz da səni yatmağa qoymuram. Bəlkə, gəlim sizə, bir az içək? Etiraz eləmirsən ki?
Çalsaç kişi belini dikəltdi, bekar əlini başına apardı.
– Elə indi, bu dəqiqə?
– Hə. Əgər etiraz eləmirsənsə. Elə bircə dəqiqəliyə. Nə isə, istəyirəm ki, bir yer tapıb oturum və... bilmirəm. Olar, gəlim?
– Niyə olmur ki? Ancaq mən bilən, Artur, gəlməsən yaxşıdır, – çalsaç kişi dedi və əlini başından çəkdi. – Yəni gəlməyinə çox şad olardım, ancaq inan mənə, sən bu saat özünü ələ alıb sakitləşməlisən və oturub Coannanı gözləməlisən. İnan mənə. O, evə qayıdanda sən evdə olmalısan. Oturub orada gözləməlisən. Düz demirəm?
– Həə. Bilmirəm. Vicdan haqqı bilmirəm.
– Amma mən bilirəm. İnana bilərsən mənə, – çalsaç kişi dedi. – Qulaq as, nə üçün sən indi yerinə girib, bir az dincəlməyəsən, hə? Sonra istəsən, yenə mənə zəng vurarsan. Yəni danışmağa həvəsin olsa. Özü də ürəyini üzmə. Əsas məsələ budur. Eşitdin? Razısanmı?
– Olsun.
Çalsaç kişi dəstəyi bir müddət qulağından götürməyib gözlədi, sonra onu yerindən asdı.
– O nə deyirdi? – qız dərhal ondan soruşdu. Çalsaç kişi siqaretini külqabıdan götürdü, siqaret kötükləri arasından yarısınacan çəkilmişini tapıb seçdi, bir qullab alıb dedi:
– Bura, içməyə gəlmək istəyirdi.
– Aman Allah! Bəs sən nə dedin? – qız hövlnak soruşdu.
– Eşitmədin məgər? – çalsaç kişi dedi və qızın üzünə baxdı. – Eşitdin ki, nə dedim. Bəlkə, eşitmə- din? – o, əlindəki siqareti basıb əzdi.
– Afərin! Heyran qaldım sənə, vəziyyətdən yaxşı çıxdın, – qız gözünü ondan çəkmədən dedi. – İlahi, bu saat elə bilirəm dünyada məndən murdar şey yoxdur.
– Həə, – çalsaç kişi dedi, – yaman pis vəziyyətdir. Hələ bilmək olmaz, bu vəziyyətdən necə çıxdım. Yaxşı, yoxsa pis.
– Yox, yox. Sən əla danışdın, – qız dedi. – Mən isə lap heydən düşdüm. Heç heyim qalmadı. Bir sifətimə bax.
Çalsaç kişi onun sifətinə baxdı.
– Hə, doğrudan da yaman sarsaq vəziyyətdir, – dedi, – daha doğrusu, o dərəcədə sarsaq vəziyyətdir ki...
– Bağışla, əzizim, – qız bunu birnəfəsə deyib, ona tərəf əyildi. – Elə bildim yanırsan, – cəld barmaqlarının içi ilə onun əlinin üstünə yüngülcə çırpdı. – Yox, adicə kül imiş, – yerinə uzandı. – Yox, doğrudan əla danışdın, – dedi. – İlahi, amma mən özümü dünyada ən murdar şey kimi hiss eləyirəm.
– Hə, elədir, çox, çox sarsaq vəziyyətdir. Yazıq, deyəsən, tamam...
Birdən telefon cingildədi. Çalsaç kişi «aman Al- lah» deyib dərhal dəstəyi götürdü.
– Allo? – dəstəyə dedi.
– Li? Yatmamısan ki?
– Yox, yox.
– Qulaq as. Elə bilirəm, sənin üçün də maraqlı olar. Coanna elə bu dəqiqə özünü evə saldı.
– Nə? – çalsaç kişi eşitmirmiş kimi bir də soruşdu və işıq arxadan düşsə də, sağ əlini gözünün üstünə qoydu.
– Hə, hə. Elə indicə özünü içəri saldı. Səninlə danışandan onca saniyə sonra. Dedim, o, duşxanadan çıxanacan zəng vurub sənə bildirim. Qulaq as, Li, çox-çox təşəkkür edirəm sənə. Çox sağ ol. Ciddi sözümdür, özün bilirsən nəyə görə. Yuxudan eləmədim ki, səni, hə?
– Yox, yox. Mən elə indicə... Yox, yox, – çalsaç kişi dedi və əlini gözünün üstündən çəkdi. Boğazını arıtladı.
– Hə, bilirsən nə olub? Sən demə, Leona əməlli-başlı keflənib, hətta isteriyaya düşüb. Bob da Coannadan xahiş eləyib ki, onlara qoşulsun, bir yer tapıb bir az da vursunlar. Lap ağıllarını itirənəcən. Mən bilmirəm. Sən məndən yaxşı bilirsən bunu. Qarmaqarışıq işdir. Nəysə, axır ki, indi evdədir. Nəfəsi kəsilmiş siçan kimidir. Vallah, məncə, bunun hamısına bais bu lənətə gəlmiş Nyu-Yorkdur. Ağlıma belə bir şey gəlib: əgər hər şey qaydasına düşsə, Konnektikuta köçüb, oralarda özümüzə bir ev kirayəyə götürərdik. Vacib deyil ki, elə çox uzaq olsun... elə yerə ki, lənət şeytana, orada adam kimi yaşaya bilək. Bilirsən, o, bağ-bağatın, gül-çiçəyin dəlisidir. Əgər onun öz bağı-bağçası olsa, inan ki, sevincindən ürəyi gedər. Başa düşürsən məni? Axı bizim Nyu-Yorkdakı bütün tanışlarımızın – əlbəttə, bircə səndən başqa – hamısı gicbəsər, əsəbi adamlardı. Normal adam da onların içində əzəl-axır dəli olar. Başa düşürsən nə deyirəm?
Çalsaç kişi cavab vermədi. Ovcunun arxasında gözləri qapanmışdı.
– Nəysə, istəyirəm bu axşam bunları ona danışım. Ya da sabah tezdən. Hələ də bir balaca keflidir. Bilirsən, əslinə baxsan, qiyamət qızdır, əgər bütün bunlardan sonra azacıq da olsa bir-birimizi anlaya bilsək, bu imkanı əldən buraxmaq sarsaqlıq olardı. Hə, yeri gəlmişkən, elə o andıra qalmış taxtabiti məsələsini də qaydasına salmağa çalışacam. Ağlıma bir şey gəlib. Li, necə bilirsən, özüm birbaşa şefin yanına gedib danışsam, necə...
– Artur, etiraz eləməsən, elə mən özüm...
– Elə bilmə ki, buna görə sənə zəng vurmuşam, elə bilmə ki, bu sarsaq iş yerini itirmək mənim üçün böyük faciədir. Elə şey yoxdur. Əslinə baxsan, heç vecimə də deyil. Allah vurmuşdu onu. Sadəcə ola- raq, deyirəm, bəlkə, özümü elə əziyyətə-filan salmadan, şefi birtəhər yola gətirə bildim. Onda gərək məndən axmağı...
– Qulaq as, Artur, – çalsaç kişi əlini alnından götürüb onun sözünü kəsdi, – nəysə, birdən-birə başım yaman ağrıdı. Bu andır haradan çıxdı, bilmirəm.
Etiraz eləməsəydin, bu söhbəti qurtarardıq. Sabah tezdən danışarıq. Yaxşımı? – bir müddət gözləyib, sonra dəstəyi yerinə qoydu.
Qız yenə də dərhal ona nə isə dedi, ancaq kişi cavab vermədi. Külqabıdan yanan siqareti – qızın siqaretini götürüb, dodaqlarına aparmaq istəyəndə əlindən saldı. Qız cəld siqareti tapmaqda ona kömək eləmək istədi (birdən bir şeyə od düşüb-eləyər ), amma kişi qoymadı, dedi ki, sən allah, tərpənmə, düz otur və qız əlini çəkdi.
Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ
Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ
Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ
“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ
“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ
Esmeyə - həm sevdalı, həm də murdar - DOQQUZ HEKAYƏDƏN ALTINCISI