Qara dəlikdən görünən seks səhnəsi – Orxan Bahadırsoydan yeni hekayə

Qara dəlikdən görünən seks səhnəsi – <span style="color:red;">Orxan Bahadırsoydan yeni hekayə
3 oktyabr 2016
# 08:30

Kulis.Az Orxan Bahadırsoyun “Şəfəq Nebulası və ya ulduzların arasında başqa cür keçir zaman” hekayəsini təqdim edir.

Ulduzların arasında başqa cür keçir zaman. Biz onların indiki halını heç vaxt görə bilməmişik, əslində. Günəşin də səkkiz dəqiqə əvvəlini görürük hər baxdığımızda. Bir də ki, sizə özüm boyda sirr verəcəyəm: kainat da kürəşəkillidir...

Bunu heç kəsə deməyin. Onsuz da əvvəl-axır hamı biləcək. Bütün başqa sirlər kimi...

Mən də bu çürük torpaqlı meşədə ayağım altında əzdiyim xəzəl yarpaqlarının qışqırığına qulaq sıxıram. Bu torpağın altında, kim bilir, neçə insan sümükləri var minilliklərdən qalma. İndi nə bir məzar daşları var, nə də o məzar üstə ağlayacaq kəslər. Bu da bizim minilliklər sonrakı aqibətimizdir, biləsiz...

Hamımızı dünyaya gətirən o tək hüceyrənin ölüsü də buralarda bir yerdədir bəlkə də...

Yaxşı yadımdadır babamın ölümü. Nəşini ta məzaracan quşlar ötürmüşdü. Övliya deyirdilər adına. Əslində, o nəşi dimdikləmək üçün tələsirdi quşlar. Ölüm qoxusu almışdılar. Amma kişini basdırıb quşların yem ümidini də öldürdülər. Elə həmin gündən bu dağlarda quş görünmədi. İnsanlar quşların babamın yoxluğuna dözmədiyini düşündülər. Quşlar isə anlamışdı, daha bu yerlərdə yeməyə bir ölü də tapmayacaqlar.

Bu gün səhər atama danışdım bunları. Hirsindən od püskürüb məni nəslinə naxələf, nankor övlad adlandırdı. Qəbul etmək istəmirdi atasının quşlara yem olmağını və bir övliya olmadığını. Qarğıdı məni. Dedi ki, mən öləndə nəşimi torpaq qəbul etməsin, quşlar yesin çürüyən bədənimi. Heç özü də bilmədi ki, bu arzusuyla həm məni, həm də neçə-neçə quşu sevindirdi.

Gördüm ki, anam da, bacım da üzümə baxmaq istəmir. Evdəkilərin soyuq münasibəti qədər heç bu yerlərin soyuğu da üşütmür adamı. Yaxşı ki, özümü fəzaya bağlamışam. Sıxılanda bu dağa gəlirəm, tələbə vaxtımda gecə növbəsində işlədiyim işin ilk maaşıyla aldığım sevimli teleskopumla.

Ulduzları həmişə sevmişəm. Tələbəlik illərimdə qalaq-qalaq astrofizika kitabları alırdım, dərslərimdən daha çox bu kitabları oxuyurdum. Həm tələbə təqaüdüm, həm atamın göndərdiyi pul, həm də işdən gələn qazancımın böyük qismi müxtəlif astrofizika kitabları, fotoaparatlar və teleskoplar almağa, planetlərin, ulduzların, qalaktikaların, nebulaların şəkillərini toplamağa xərclənirdi. Atam da bu günə qədər danlayır məni buna görə. Gah dəli deyir, gah avara. Ona göy üzündə yeni cisimlər tapdığımı deyəndə sərsəm deyib rişxəndlə gülməsi qulaqlarımda cingildəyir hər gecə. Heç vaxt inanmadı mənə və anlamadı sevgimin mənim üçün olan əhəmiyyətini. Bütün başqa atalar kimi...

Və dağın zirvəsindən görünən nəhayətsiz göy üzü... Açıq səmaya səpələnmiş saysız-hesabsız ulduzlar... Bu gün şans məndən yanadır, deyəsən. Heç zərrə bulud da yoxdur.

Onu deyirdim axı, sizə özüm boyda sirr verdim: kainat kürəşəkillidir. Pifaqor yerin kürəşəkilli olduğunu iddia edənə qədər hamı dünyanın düz və sonsuz olduğuna inanırdı. Hələ bu iddiasına görə Pifaqoru dəli hesab edənlər də olmuşdu. Ta ki, Aristotel bu həqiqəti sübut edənə qədər...

İndi də insanlar kainatın sonsuz olduğuna inanırlar. Elm isə üç ayrı qənaətə gəlib: açıq, qapalı və yastı. Açıq olması üçbucaq, qapalı olması elips, yastı olması isə sonsuz bir müstəvi olması deməkdir.

Mən isə bilirəm ki, o, kürəşəkillidir. Yəni qapalı olması doğrudur. Biz yer kürəsinin üzərində dayanmışıq. Toz fırtınaları Marsın, buzlar Tritonun üzərindədir... Amma bütün bunlar və başqa hər şey kainat adlı bir kürənin içində yerləşir. O kürənin böyük, həm də çox böyük olan fəza adlı boşluğuna nizamsızca səpələnmişik və daim hərəkət edirik.

Bu çox dəhşətlidir, elə deyil? Məsələn, mən bunları bilmədikdə göy üzünə baxanda bir ulduz yığınından başqa heç nə görmürdüm. İndi isə bunları bildiyim üçün hər dəfə göy üzünə baxanda dəhşətə gəlirəm. Düşünəndə ki, bu yepyekə fəzanın içində bir gün toqquşma ehtimalı olan planetlər, bir gün partlaya biləcək ulduzlar, bir gün sönüb bizi əridəcək günəş və yanından keçən hər şeyi içinə çəkib zərrələrə ayıran qara dəliklər var, tüklərim biz-biz olur.

Qara dəliklər dedim, yadıma düşdü. Zibilə qalsın! Hər dəfə qara dəlikləri düşünəndə onu da düşünürəm. Şəhərdədir. Məndən təxminən dörd yüz kilometr aralıda...

Universitetdə tanış olmuşduq. Bir gün üzərində Saturnun möhtəşəm rəsmi olan astrofizika kitabımı oxuyanda yaxınlaşdı mənə. Kitabın üzərindəki şəkli bəyəndiyini dedi.

- Saturnun şəklidir. – dedim, - yunan mifalogiyasında zamanı yaradan tanrının adını götürüb. Uranın və Geyanın oğludur Saturn. Uran qorxub ki, uşaqları onun taxtını ələ keçirər. Buna görə də onları Geyanın bətnində saxlayıb. Geya isə bu ağrılara dözməyib və uşaqlarını Urana üsyan etmək üçün səsləyib. Təkcə Saturn Geyanın köməyinə gəlib və bir gecə Uran yatanda oraqla onun cinsiyyət orqanını kəsib axtalayıb atasını. Buna görə atası Uran oğlu Saturnu lənətləyib və onun da öz övladlarından eyni aqibəti görməsini diləyib. Daha sonra zaman tanrısı olan Saturn öz övladlarının taxtı ələ keçirəcəyindən qorxub və onları yeyib. Təkcə Zevs qurtula bilib. Çünki anası Reya Saturna Zevsin əvəzinə bələnmiş qaya parçasını verib və yer üzünün tanrısı Zevs olub.

O da qəhqəhə çəkib güldü danışdıqlarıma. Dedi ki:

- Kim kimin övladıdır, kim nəyin tanrısıdır ayırd edə bilmədim, amma kitabın üzərindəki şəkil çox gözəldir. Xüsusən də qulaqları.

- Qulaqları? Səndə Qaliley ruhu var. Çünki Qaliley də öz teleskopuyla Saturnu izlədiyində onun halqalarını qulaq adlandırmışdı. – dedim.

O, yenə də güldü. Şaqraq gülüşü vardı. Sonra mənə təşəkkür edib getdi. Arxsayıca səsləndim:

- Hey, Uran yan üstə uzanan tək planetdir. İnsanlar düşünür ki, başqa bir planetlə toqquşduğu üçün yıxılıb, amma bəlkə də tanrı Uranın nəşidir, həm də axtalanmış...

Hərdən geriyə boylanıb ötəri gülümsəsə də, dediklərimi ciddiyə almadan getdi. Ətrafdakı uşaqlar isə onun arxasıyca sayıqladığım bu cümlələrə gülürdülər.

Sonra da onu əldə etmək üçün ağıla gələ biləcək bütün gicbəsərlikləri etdim. Tipik aşiq sərsəmliyi: gah ucuz kafelərdə çay və qəhvəyə, gah da romantik eşq-məhəbbət filmlərinə dəvət etdim. Bir dəfə də qızılgüllərlə bəzənmiş masada şam yeməyi yediyimizi xatırlayıram. İndi özümə inana bilmirəm ki, bütün bu düşüklükləri necə bacarmışam?

Vayyy... Aya bax! Niyə axı biz onun yalnız bir üzünü görürük? Kaş o biri tərəfini də görə biləydik! Görəsən, Nil Armstronqun ayaq izləri hardadır? Ehh... Mən bu teleskopla o ayaq izlərini görə bilməyəcəyəm onsuz da. Başqa tərəfə baxaq...

Nəysə... Onu deyirdim axı... İmtahanlar yaxınlaşırdı. Bir gün gördüm ki, universitetin həyətində üzgün-üzgün oturub. Gözləri də qanla dolu. Yaxınlaşıb nə baş verdiyini soruşanda, dərsin birindən imtahana buraxılmadığını dedi. Proseslərin avtomatlaşdırılması idi, deyəsən. Hə, hə... Məncə, o idi.

Ertəsi gün dərsdən sonra onun müəllimiylə danışmaq üçün kabinetini axtarmağa başladım. Düşündüm ki, ya şirin dillə danışar, ya hədə-qorxu gələrəm. Uzağı rüşvət təklif edərəm. Əvvəl-axır onun problemini həll etməliydim.

Soruşa-soruşa kabinetini tapdım. Yaxınlaşıb qapını döymək istəyəndə içəridən qəribə səslər eşitdim. Qulaq verəndə bu səslərin inilti olduğunu anladım. Sekslə məşğul idi. Onu da öyrənmişdim ki, həmin müəllim rektorumuzun yaxın qohumudur. Buna görə də universitetdə heç kəs ona bata bilmir və istədiyi hər şeyi rahatlıqla edir.

Pilləkənin ətəyinə qısılıb oturdum. Kefi kök müəllimin eyş-işrətinin bitməsini gözləməkdən başqa çarəm yox idi. Yaman da uzun çəkdi. Zalım oğlu, deyəsən, gecboşalma problemi yaşayırdı. Hərçənd, çoxu əksini yaşayır.

Pilləkəndə yuxulayırdım ki, suvağı tökülən ala-bula qapı cırıldadı, boğucu toz qoxulu dəhlizə bir zərif ətir yayıldı. Onun ətəyini dizlərinə doğru darta-darta kabinetdən çıxdığını gördüm və hansı sürətlə pilləkəndən tullanıb evə gəldiyimi xatırlamıram. Bu, deyəsən, işıq sürətinə yaxın bir sürət idi.

Daha sonra isə universitetin bitməsini və o lənətə gəlmiş diplomu almaq üçün günləri iplə çəkdiyimi xatırlayıram sadəcə. Başqa heç nə. Yalnız və yalnız heç nə.

Soruşacaqsız ki, niyə bütün bunları qara dəlik dedikdə xatırlayıram. Çünki o gündən indiyə qədər onun yoxluğunu qara dəliyə bənzədirəm. Hər şeyi çəkir öz içinə, ən gözəl işıqları da. Bütün baºqa yoxluqlar kimi...

Guya başqa nə ummalıydım ki? Tək məhəbbət tanrısı Veneradır, o da öz oxu ətrafında tərsinə dönür. Bu qədər insan məhəbbətdən hansı düzlüyü gözləyir, anlamıram.

Bu nədir belə? Şəkil... şəkil... Aha... Of! Ştativ də əyilməyə vaxt tapdı. Qovluq... Şəkillər... Yox, bunlar lazım deyil! Aha, nebulalar... Bu Qartal nebulası deyil, Orion da deyil, Xərçəng də deyil, Helis də deyil. Heç o biriləri də deyil. Bəs bu nədir? Getdikcə böyüyür... Yoxsa yaxınlaşır? Əgər böyüyürsə bu bizim üçün təhlükəlidir, yaxın zamanda dünyanı da öz içinə çəkib məhv edə bilər. Əgər yaxınlaşırsa, yenə təhlükəlidir, çünki yenə eyni aqibəti yaşayacağıq. Amma yox... Bütün bunlar çoxdan olub. Bəlkə də illər, əsrlər öncə. Sadəcə biz indi görə bilirik. Axı dedim, ulduzlar arasında başqa cür keçir zaman...

Səni sevirəm, Lippersqey! Şəkillər... Bir onu bilirəm ki, çoxlu şəkil çəkməliyəm! Hə, bir də onu bilirəm ki, hal-hazırda bir ulduzun ölümündən geriyə qalan nəhəng bir dumanlığın yaranmasını izləyirəm. Dəhşətdir!

Yəqin ki, indi bu hadisəni izləyən nadir insanlardanam: NASA, kosmik teleskoplar və mən... Axxx! Kaş indi orda ola biləydim və hər şeyi öz gözümlə görəydim. Amma Lippersqey sağ olsun, heç olmasa teleskopla görə bilirəm. Hə, bir də ki, bu nebula teleskopsuz görünmür. Deməli, çox kiçikdir, ya da həddən artıq uzaqdır. Yəni ki, heç kəs heç vaxt bu möhtəşəm mənzərəni adi gözlə görə bilməyəcək. Hətta insanlar oralarda bir ulduzun öldüyündən xəbərsiz olacaqlar. Sırf uzaq olduğu üçün heç kimin vecinə olmayacaq bu ölüm. Bütün başqa uzaq ölümlər kimi...

Sarı rəngdədir. Günəş şəfəqlərinə oxşayır. Şəfəq... Hey, sənin adın Şəfəq dumanlığı olsun. NASA-nın sənə hansı adı verəcəyi bir o qədər də vecimə deyil. Mən səni həmişə Şəfəq Dumanlığı adlandıracağam. Sənə baxdığım bu teleskopdan olduqca gözəl görünürsən, amma əgər sənə yaxından baxa bilsəydim, indi xırda atomlarıma qədər parçalanmışdım. Bir də ki, nə qədər gözəl olsan da bir ulduzun ölümüsən. Hə... elə o biri Şəfəq kimi...

Xeyli şəkil çəkdim. Yəqin ki, sabah NASA bu haqda məlumat yayacaq. Kosmik teleskoplardan daha gözəl şəkillər də gələcək. Hər nə olursa olsun, mən səni görən bir neçə insandan biriyəm. Bu, mükəmməldir. Bilmirəm, hansı ulduzun ölümüsən, amma bir qara dəlik deyil də, bu sarı şəfəqli dumanlığı yaratdığın üçün sənə yalnız təşəkkür edə bilərik...

***

Evə gedirəm. Yenə eyni yol, yenə xəzəl yarpaqlarının qışqırığı, yenə torpaq altında inildəyən sümüklər... Və babamın ölümündən sonra bu yerlərdə görmədiyim o quşları düşünürəm. Onlara söz verirəm ki, atam öləndə məzarını açıq qoyacağam, yeyib əylənsinlər gen-bol. Yetər ki, qayıtsınlar. Onlarsız nebulanın da marağı yoxdur, deyəsən.

Çəkdiyim şəkilləri kompüterimə köçürməliyəm...

Evdə də hamı yatıb. Saat ikiyə işləyir...

Xeyli yorulsam da Şəfəq dumanlığına görə bunların hamısına dəyər. Ahh... Lənətə gələsən! Bu ifritənin hər dəfə kompüteri açanda mənə salam verməsi zəhləmi tökür. Bunun süni salamı bir şey deyil, indi atamı oyadıb deyindirəcək.

Aha... hər şey hazırdır! Yatmalıyam. Sabah axşamı iplə çəkirəm. Görəsən, Şəfəq Dumanlığı sabah necə olacaq?

Zəhər! Hələ söndürəndə də arsız-arsız sağol deyir qancıq!

***

Görəsən, nebuladan nə xəbər var? Yəqin ki, indi bütün dünya onun rəsmlərini izləyir. Bir biləydiniz onu canlı görmək necə maraqlıydı!? Heç də hamıya maraqlı deyil, əslində. Bunu mənim atama göstərsəniz, sizə Allahın işinə qarışan kafir, ya da işi-gücü olmayan avara deyəcək. Başqa heç bir əhəmiyyəti yoxdur onun üçün...

www.nasa.gov

Bu necə ola bilər? NASA yazır ki, “dünən bir ulduz partlamasından yaranan ifrat yeni ulduz qeydə alınıb, amma əfsus ki, heç bir görüntü əldə edilməyib. Bütün kosmik teleskoplar başqa səmtə yönəlib. Yerdəki teleskoplar da həmçinin. Hələ heç bir məlumatın alınmadığı başqa teleskoplardan görüntülərin gələcəyinə ümid edirik.”

Amma məndə var. Belə çıxır ki, Şəfəq Dumanlığının rəsmi məndən başqa heç kəsdə yoxdur. O zaman mən təcili bu rəsmləri NASA-ya göndərməliyəm. NASA-nın əlaqə vasitələri...

Contact NASA

Ad, e-mail, NASA Images and Videos...

Aha... Şəkillər...

Mətnin davamı... “Çox kiçik bir ulduz partlaması olduğuna görə dumanlıq tez bir zamanda yaranmış və məlum olmayan səbəblərə görə göy üzündən yox olmuşdur.”

Necə ola bilər? İndi Şəfəq yerində deyil?

“Araşdırmaçılar dumanlığın qara dəlik tərəfindən udula biləcəyini düşünürlər.”

Bütün şəfəqləri qara dəliklər udmalıdırmı? Hardandır bu məcburiyyət? Lənətə gələsən! Zəhər! Yenə mənə sağol deyir bu qancıq! Bu kompüter də əlimdə qalacaq. Hər hirslənəndə çırpıram, yazıq mənə hələ də tab gətirir...

***

Of! Axşamı iplə çəkirəm. Azacıq yuxu olsa yatardım. Təkcə yatanda vaxtın necə keçdiyini bilmir insan. Hələ bunlara bax... Elə bil ki, düşmənləriyəm. Heç soruşmurlar ki, niyə kefsizəm, bəlkə xəstəyəm, bəlkə haramsa ağrıyır. Əslində, bu gicbəsər qayğılara bir o qədər də ehtiyacım yoxdur. Amma onlar olmayanda da sanki nəsə çatmır. Bütün başqa gicbəsərliklər kimi...

Görəsən, məktubuma haçan cavab gələcək? Mən kompüteri açıq saxlasam yaxşıdır. Onsuz da bu həyəcanla yata bilməyəcəyəm. Vaxt da ki, keçmir.

Aha, məktub var... NASA-dandır. Ha ha ha! Hey! Görürsüz, NASA məndən bu rəsmləri satın almaq istəyir. Üstəlik, bütün araşdırmalarımla tanış olmağı təklif edir. Həm də yüz min dollar müqabilində...

Bank hesabı? Kənd uşaqlarının bank hesabı olmur, NASA! Sən pulu poçtla göndər! Ha ha ha!

- Bank hesabı açmağa nə var ki? Gedək şəhər mərkəzinə. – atamın səsini eşidirəm.

- Ata, bəs quşlar?

- Quşlar...? Hə, quşlar. Əşşi, onlar qayıdıb gələrlər, darıxma.

- Mən fikirləşirdim ki, onları geri qaytarmaq üçün sənin qəbrini açıq qoyum.

- Yaxşı fikirləşmisən, əslində. Torpağın altında çürüməkdənsə quşlar yeyib xoşbəxt olsunlar, elə deyil?

- Vaayyyy! Sən bunları düşünəcək qədər dünyəvi idin?

- Nə zənn etmişdin? Səndəki dünyəvilik də məndən keçib də. Genlərimin sayəsində adam olmusan. – deyib zarafatyana gülür atam.

- Hava soyuqdur. Çay içib qızının, sonra gedin şəhərə. – anam əlində pürrəngi çay gətirir.

- Bir dəqiqə... Mən NASA-ya cavab məktubu yazmalıyam.

Sakitcə çıxırlar otaqdan. Deyəsən, onların bütün bəşəri hislərini pulla satın almışam. İndiyə qədər heç bir əməlimlə, heç bir duyğulu nitqimlə görə bilmədiyim o bəşəri hisslərin qiyməti yüz min dollar imiş! Təşəkkürlər, NASA!

Şəxsiyyət vəsiqəsinin nömrəsi... Adım və soyadım ingilis dilində... Telefon nömrəm... Aha... Vəssalam!

- Ata, gedə bilərik!

***

Səni sevirəm, Lippersqey! NASA bir neçə günə məndən bütün araşdırmalarımı və çəkdiyim şəkilləri satın alacaq. Bunun müqabilində yüz min dollar pul göndərəcək. Əslində, bu pulla Amerikaya gedə bilərəm. Bəlkə elə NASA-da işə də düzələrəm, nə bilmək olar. Amma mən bu dağları sevirəm...

Və yenə də teleskopumu quraşdırıram. Evdəkilər üzümə gülür, mənimlə mehriban davranırlar. Hə, bir də ki, bütün köhnə tanışlar bu gün yaxın dost oldular. Xəbər portalları məndən yazmışdı, bir qəşəng sərlövhə də atmışdılar: “NASA gənc oğlana yüz min dollar verdi”

Çəkdiyim şəkillərdən bir neçəsi yayımlandı. Adını da dəyişmədilər: “SHAFAG” Təşəkkürlər, NASA!

Bir də ki, yüz min dolları nə edəcəyimi bilirəm. Çoxdandır ki, bir teleskopu gözüm tutub. Qiyməti səksən min dollardır. Onu sifariş edəcəyəm.

Hərçənd, bu pulu başqa bir teleskopa verdiyimi öyrənincə atam infarkt keçirə bilər. O zaman quşlar da tez qayıdacaq demək...

# 3333 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #