Kulis rus yazıçısı Aleksandr Stepanoviç Qrinin “Gözlənilməzlik” hekayəsini təqdim edir
I
Balsen Kürən adlı yabısını həyətdə dayanan arabaya qoşdu və papağını başında bir az da bərkidərək küçəyə çıxdı. Bayaqdan torpağı isladan yağış kəsilmişdi.
Payızın buxar dolu, qatran rəngində havasından islaq peyin çürüntüsünün qatı qoxusu duyulurdu. Külək dayanmışdı. Qaranlığın yaratdığı boşluğun içində uyuyan küçənin səssizliyini Balsenin evinin damındakı fırfıranın (flyügerin) cırıltısı pozurdu, evdəki pəncərələrin ikisindən küçəyə düşən parlaq işıq yolun qırağındakı lehməli gölməçələrdə yansıyaraq onları gözə çarpdırırdı. Balsenin arvadı Anna ölürdü. Bütün qonşular və xəstənin yanında oturub ona qulluq eləyən Roza qarı belə deyirdi. Ancaq bu deyilənlər Balsenin yumru və tərs başına batmırdı. Öz əri ilə vur-tut bir il yaşayıb ona bircə körpə doğan gənc və sevimli qadın bu tezliklə ölə bilməzdi. Qocalar boş yerə onu qarğayırdılar.
Belə qara-qura düşüncələrə dalan Balsen həyətə qayıdıb evə girdi və səssizcə, yorğan və balışların arasında qollarını geniş açıb uzanmış xəstənin yatdığı, köhnəlib qaralmış taxta çarpayıya yaxınlaşdı. Balsen arvadına baxıb təəccüblənirdi. Doğrudanmı bu, yataqda uzanan qadın hələ bir həftə bundan öncəyə kimi öz şaqraq mahnıları və hay-küylü danışığı ilə bütün küçəyə səs salan Anna idi? Onun indisinə baxanda buna inanmaq olmurdu... Ovurdları batmışdı; alnının tarıma çəkilmiş sarıya çalan hamar dərisi tər içində idi. Quruyub qaysaqlanmış dodaqları tez-tez açılıb-yumulur, nəfəsi köksündən kəsik-kəsik, ağrı duyulan bir fısıltı ilə çıxırdı. Arıqlayıb çöpə dönmüş, rəngi saralıb solmuş qadının çox yazıq və köməksiz bir görünüşü vardı.
Roza qarı ocağın yanında qurdalanıb, xəstə üçün, yalnız kəndçi qadınların bildiyi, hansısa bir dəmləmə düzəldirdi. Balsen yavaşca arvadının əlinə toxunub soruşdu:
– Necəsən? Yenə də ağrıyırsanmı, Anna?
Gənc qadın dillənmədi, ancaq kiprikləri azca qırpıldı və bir anlığa rahat nəfəs almağa başladı. Bir az keçmiş, çox çətinliklə olsa da, gözlərini açdı, donuq və bulanıq baxışları bəlli olmayan bir yönə dikilib qaldı. Sonra yenidən gözlərini qapadı, dodaqları səs çıxarmadan tərpənməyə başladı. Arvadının bu durumuna baxdıqca ürəyi parçalanan Balsenin biri-birinə sıxdığı dişlərinin qıcırtısı eşidildi.
– Əl çək ondan, Otto, əl çək! – qarı ərklə ona səsləndi, sonra ocağın yanından aralanıb qəhvəyi rəngə çalan titrək barmaqları ilə üzünə tökülmüş pambığa oxşayan ağ saçlarını ləçəyinin altına yığışdırdı. – Ona toxunmaq olmaz... Özünü yaxşı ər sayırsansa yubanmadan yola düşməlisən!
Qonşu otaqdakı körpə yuxudan oyanıb yavaş səslə ağlamağa başladı. Qarı tələsik özünü onun yanına atdı. Balsen başını o biri otağa sarı çevirdi, orada, stolun arxasında, kiçik qardaşı Ado Balsen kerosin lampasının işığında qəzet oxuyurdu. Bütünlüklə qəzet oxumağa qapılmış qaşqabaqlı gəncin üzünə, lampa şüşəsinin saldığı, yaşıla çalan bir kölgə düşmüşdü.
– Tulla bu qəzeti bir qırağa, Ado! – Balsen acıqla qardaşının üstünə qışqırdı, düşdüyü gərginlikdən, onun alnının damarları köpürüb qabarmışdı. – Gecə-gündüz yapışmısan bu siyasətdən, evdə yas düşəndə də ondan əl çəkmirsən! Ağzınızdan süd iyi gəlir, özünüzü hamıdan ağıllı sayırsınız, elə bil, göy yarılıb ordan yerə düşmüsünüz! Tulla o qəzeti bir qırağa, sənə deyirəm!
Ado gülümsündü və başını qaldırıb qardaşına sarı baxdı.
– İncimə, Otto! – o toxdaq bir səslə dedi. – Mən səndən incimirəm... Sənin üçün ağırdır, başa düşürəm... Burada qəzetin nə günahı var?
– Hə, deyəsən bu ölkədə məndən başqa heç kimin günahı yoxdur! – qapıdan çıxmaq istəyən Balsen ağır-ağır nəfəs alaraq dilləndi, sonra kəskin bir hərəkətlə dönüb otağa qayıtdı. – Sən və sənin kimi kütbeyinlər bütün fırıldaqçıları, yaramazları, heç bir iş-güc bacarmayan qarınotaranları qaldırmısınız dağ başına. Elə isə Anna niyə ölməlidir, onun günahı nədir? Bu dünyada ancaq yaxşı insanlar ölür, pislərə heç nə olmur!
– Heç elə şey yoxdu! – gənc ona tərs-tərs baxıb başını yellədi. – Bütün yaxşı adamlar ölsəydi onda dünya dağılardı!
– Eləmi? Bunlar kitabda yazılıb! Bəs əslində necədir? Hanı dəmirçi Pelt? Hanı müəllim Arens? Hanı aptekçi Mansinq? Birini öldürdülər... O biriləri də başını götürüb getdi! Onlar nə eləmişdilər, nə suçları vardı onların? Massinq indi burada olsaydı, ola bilsin, Annanı çoxdan sağaltmışdı...
– Otto, sən bu yaşında lap uşaq kimi danışırsan! – Ado dedi. – Aptekçi bu xəstəliyi necə sağalda bilərdi? O burada olsaydı da, sən həkim çağırmağa getməliydin... Belə görünür, dərd sənə güc gəlib, acığını kiminsə üstünə tökmək istəyirsən!..
– Nə acıq tökmək?! Sən hələ də südəmər qalmısan!.. Gör hələ ölkə nə günə düşüb? Bir il də belə keçsə nəyimiz var əlimizdən çıxacaq, dilənçi kökünə düşəcəyik! Başa düşürsənmi bunu, biz Balsenləri nə gözləyir qarşıda?!..
Ötən il Otto Balsenin yadında çox acı xatirələrlə qalmışdı. Kənd, demək olar, boşalmışdı: kimisi var-yoxdan çıxmış, kimisi də başını götürüb getmişdi. Hərbi birliklərin kənddə tez-tez düşərgə salması, kəndlilərin əlində olanları pulunu ödəmədən tutub alması, daima yumruq və qamçı qorxusu altında keçən yaşam insanları bezdirmişdi... Axtarışlar, çuğullamalar... Bir sözlə, yaşam bir cəhənnəm əzabına dönmüşdü.
Balsen belə qüssəli çağlarında tez-tez dalğınlaşar, yaşıl işığa bürünmüş əkinlərini, ərinmək nə olduğunu bilmədən işləməyə yarayan sağlamlığına güvənib gördüyü işlərdən duyduğu sevinclərini, Annanın gülüşlərini, görüb qurtardığı işlərdən sonrakı yorğunluqlarını, yediyi yağlı və dadlı yeməkləri və daldığı dadlı yuxularını xatırlayardı... Keçmişdə çox yaxşı yaşayırdılar, indi isə yaşam qorxunc, bulanıq və iyrənc bir duruma düşmüşdü; gələcəkdə nə olacağını isə bilmək olmurdu...
Ona görə də, Balsenin siyasəti və onunla bağlı olan adamları görməyə gözü yox idi. O, uzağı görməyən adamların hamısı kimi, bütün istəyini və nifrətini gözü ilə aydın görə bildiyi predmetlərə yönəltmişdi. Qəzetlər, onlarda yazılan yad dildən alınma sözlər onu özündən çıxarırdı. Balsenin fəhlə-kəndli ağlı yalnız, çörəyini və dolanışığını çıxardığı torpağa yönəlmişdi və onu bundan başqa heç nə maraqlandırmırdı.
Körpə ovundu və qarı ayaqlarını şappıldadaraq otağa qayıtdı.
– Gör nə hay-küy salıblar burada! – qarı deyinməyə başladı. – Sizin üçün Annanın nə dəyəri var? Görürəm, burada boş-boşuna deyişməyi onun qayğısına qalmaqdan daha üstün tutursunuz. Otto, deyəsən buradan Vendenə kimi qırx kilometrlik yol olduğunu unutmusan. Atı yemləmisənmi? Tez ol yola çıx, tərpən görək, yoxsa indi səni maşa ilə döyüb qovaram burdan.
Balsen otaqda var-gəl eləməyini saxlayıb çarpayıya yaxınlaşdı. Çarpayının qarşısında bir az dayandı, sonra əyilib Annanın saçlarından öpdü. Xəstə dodaqlarını tərpədib pıçıltı ilə nəsə deməyə çalışsa da səsi çıxmadı. Kəndlinin göy və acıqlı gözlərinin dərinliyində gizlənmiş ağrı-acıları bir anlığa bütün kəskinliyi ilə duyulmağa başladı.
– Yetər, yerində saydın! – Roza donquldandı. – Di, tərpən görək!
– Roza xala! – Balsen səsləndi. – Birdən həkim gəlmək istəməsə, onda necə olsun?
– Hə, indi də bunu düşünüb özünü gecikdirirsən! Gələcək! Gəlməsə, tanrının qarğışı onu tutar! Sənə verdiyim kağızı götürməyi unutma; orada yazılanları aptekdən alarsan.
Balsen cibində dörd qatlanmış kağızı əli ilə yoxladı, orada kəndlilərin türkəçarə reseptlərindən biri yazılmışdı. Köks ötürdü, qapını səssizcə bağlayıb bayıra çıxdı.
II
Yol meşədən keçirdi. Çox da hündür olmayan ağaclar, yolun hər iki tərəfi ilə on beş kilometr boyunca sıralanır, tutqun bir divar kimi uzanıb gedirdi. Yol çala-çuxur olduğundan, araba ara vermədən atılıb düşürdü, Balsen hamının tanıdığı el yolu ilə getmək istəməmişdi, necə olsa da, meşədən keçən yol ən azı on kilometr kəsə idi. İkincisi də, o, burada özünü arxayın hiss eləyirdi, el yolunda isə, son vaxtlar ortalığa çıxan quldur və soyğunçularla üz-üzə gələ bilərdi. Qonşu kənddəki xəstəyə dəyməyə getmiş keşişin, bu yaxınlarda, təkcə alt paltarında, qorxudan və soyuqdan dişləri şaqqıldayaraq qayıdıb kəndə gəldiyi, bir anlığa onun gözləri önünə gəldi.
Alçaqdan ötüb gedən qara buludlar toparlanıb qarabasmalara oxşayır, sonra da meşənin qara, əyri-üyrü kölgəliyinin arxasında gözdən itirdi. Ağacların yarpaqlarından süzülən ağır yağış damlaları yoldakı su dolu çuxurlara tökülürdü. Aradabir qalxan külək birdən küknar və şam ağaclarının təpələri ilə keçib səslənir, ağacların budaqlarını yelləyib yarpaqların üstündə yığılmış suyu silkib yerə çiləyirdi, bu anlarda meşəni pıçıltıya oxşayan səslər doldururdu. Aradabir yuxulu bir quşun yavaşdan eşidilən civiltisi gəlirdi... Çox uzaqdan, meşənin dərinliklərindən, hansısa qəmli və yalqız bir varlığın “u-u! u-u!” kimi səslənən monoton ulartısı eşidilirdi, sanasan, boruya dolan küləyin vıyıltı səsi gəlirdi.
At boynunu yana əyərək bərk qaçırdı: onun bu möhkəm və inamlı qaçışında insan ürəyinə toxtaqlıq və təpər verən nəsə vardı. Araba yırğalanır, aradabir çuxurlara düşür, aradabir də, ağacların torpağın altı ilə uzanaraq yola gəlib çıxan köklərinə ilişərək atılıb düşürdü. Yan-yörəsindəki qara və tərpənməz havaya baxan Balsenə birdən elə gəldi ki, o, lal və qaranlıq bir koridora düşüb gedir və bu yol onu nağıllardakı yeraltı krallığa aparıb çıxaracaqdır... Bu duyğudan yaxa qurtarmaq üçün başını yuxarı qaldırıb göy üzündə süzən sıx və qara buludlara baxmağa başladı.
On kilometr gedəndən sonra atı saxladı, arabadan düşüb atın üstündəki yana əyilmiş yəhəri düzəltdi. Bayaqdan səslənən at ayaqlarının və təkər cırıltısının səsi kəsilmişdi. Meşənin tük ürpədən və yuxulu səssizliyini pozan bu adamdan başqa, elə bil, torpağın üstünə çökmüş gecənin susqunluğunu poza biləcək başqa heç kimsə yox idi.
Qarşıda keçməli olduğu yol, birdən, Balsenə olduqca sonsuz, qaranlıq və darıxdırıcı göründü, bu düşüncələri onu sarsıtdığından, tələsik arabaya qalxdı və cilovu yellədib atı yerindən tərpətdi. Ayaqlarını bərkdən yerə döyəcləyən at, ahəngdar bir tappıltı qopararaq, qaçmağa başladı.
Arabada oturan Otto Balsen Anna ilə, yaşam ilə, anlamaz saydığı qardaşı Ado ilə və bir də, özünün indiki yolçuluğu ilə bağlı düşüncələrə dalmışdı. Onun biri-birindən ağır düşüncələri ardıcıllıqla beynində toplanır, çox keçmədən biri o birinin yerini tutmağa başlayırdı. Belə bir ağır dərdin gözlənilmədən gəlib, öz əlinin əməyi ilə dolanan, işdən-gücdən usanmaq nə olduğunu bilməyən onun kimi bir adamın dincliyini pozması ona çöçün gəlirdi. Balsen bu işlərin onun başına gələ bilməsi üçün heç bir suç işlətməmişdi. O vergiləri vaxtında ödəyir, ürəkdən işləyir, tanrıya və o dünyaya inanır, aradabir, yoxsullara əl də tutur və evdə də, yaxşı və qayğıkeş ər kimi dolanırdı... Bütün bunlara baxmayaraq indi onun təsərrüfatı dağılıb gedir, Anna kənddə xəstə və heysiz bir halda uzanıb inildəyir, ağrı-acıların içində qovrulur, Balsen isə gecənin bu qaranlığında böyük xərc istəyən, onlarla kilometr uzanan bu uzaq yola çıxmalı olub...
Düşüncələri yenidən qayıdıb keçmişlərdə dolanmağa başladı, o, indi düşdüyü bu qara qayğıların və dərdlərin keçmişin hansı toxumundan cücərdiyini, hansı sıxılan yayın açılmasından yarandığını axtarıb tapmaq istəyirdi. Ancaq bugünkü fəlakətlərinin izi heç cür keçmişə gedib çıxmırdı. Ha çalışsa da, bütün keçmiş xatirələrində, inadla üzə çıxan: sarı boyalı, bərəkət dolu tarladan, Annanın qarabuğdayı əllərindən və evindəki dincliyinin səssizliyindən başqa heç nə görə bilmirdi. Xatirələrin ağırlığından bezikmiş Balsen acığını Kürən atının üstünə tökdü, onu qamçılayıb irəli qovmağa başladı.
III
Meşəlik özünün qara və sürünən kölgələri ilə arxada qaldı, hamar və geniş bir yol başlandı. Kəndli köhnə gümüş saatını cibindən çıxardı, kibrit yandırıb saata baxdı. Əqrəblər saat onikini göstərirdi. Şəhərə çatmağa saat yarımlıq yolu qalmışdı və işləri düz gətirsə, səhər saat beşdə geriyə qayıda biləcəkdi. Qaynı Andersenin dörd atı vardı və o, onlardan birini, dinməz-söyləməz, arabaya qoşmaq üçün verəcəkdi. Yoxsa, yazıq Kürən yorulub əldən düşmüşdü, artıq üzgünlükdən başı sallanmağa başlamışdı.
Birdən Balsen uzaqdan kiminsə ona sarı gəldiyini sezdi. Qaranlıqda at ayaqlarının tappıltısı və bir neçə fınxırtı eşitdi. Atın cilovunu yığıb arabanı saxladı, bir az dinşəyəndən sonra qarşıdan bir bölük atlının gəldiyini anladı. Balsen atın başını döndərib arabanı yoldan qırağa sürdü, yumşaq otluqla örtülü çökəklikdə daldalandı.
At ayaqlarının səsi yaxınlaşırdı, artıq adamların adda-budda, könülsüz danışıqları da eşidilməyə başlamışdı. Kürən dartınıb boynunu irəli uzatdı, ayaqlarını yerə döyəcləyib, ucadan, bezgin bir səslə kişnədi. Qarşıdan eşidilən səslər kəsildi. Balsen onun yerini bildirdiyinə görə Kürənə bərk acıqlanıb atı qamçıladı. Bir an sonra yaxınlıqdakı atlar da Kürənin hənirini alıb həyəcanla kişnəməyə başladılar və çox keçmədən arabanı çiyni tüfəngli atlıların qaranlıq kölgələri dövrəyə aldı. Atlılar çox idilər və Balsen onların Vendenin yan-yörəsində keşik çəkən kazak bölüklərindən biri olduğunu anladı. Üz-gözünü qırışdırıb, çimçəşərək, kazaklara baxdı, – qaranlıq olduğundan bunu onun üzündən oxuya bilməzdilər. Kazaklardan biri ona yaxınlaşdı, onun atının burun pərələrindən çıxan buxar Balsenin üzünə vurdu.
– Hara belə gedirsən, dostum? – kazak soruşdu.
– Şəhərə... – Balsen acıqla çiyinlərini qısıb könülsüz dilləndi. – Özü də bərk tələsirəm.
– Nə üçün belə bərk tələsirsən? – başqa bir kazak bunu soruşub ucadan qəh-qəhə çəkdi – Yoxsa ona görə, düz yolu qoyub çölləmə gedirsən?
Kazaklardan birinin atı yerində oynaqlamağa başladı və o, sərt söyüş söyüb, topuqları ilə atın böyürlərini dümsüklədi. Daha bir atlı yaxınlaşıb soruşdu: “Nə olub burada?” Və o, yaxınlaşan kimi kazaklar özlərini yığışdırıb üzlərini ona sarı çevirdilər. Balsen bu atlının zabit olduğunu anlamışdı. Balsenlə birinci danışan kazak zabitə yaxınlaşdı və kəndliyə baxa-baxa ona nəsə pıçıldadı.
– Sən beləmi düşünürsən? – zabit əsnəyərək ondan soruşdu.
– Tamamilə doğrudur... Yoldan çıxıb çöldə daldalanmağından da görünür...
– Hara gedirsən? – zabit acıqlı bir səslə onun üstünə qışqırdı.
– Şəhərə gedirəm, cənab rəis, – Otto papağını çıxarıb dilləndi. – Həkim çağırmağa gedirəm. Arvadım bərk xəstələnib...
– Haralısan?
– Keldənəm... Mən Balsenəm, Otto Balsen...
– Pasportun var?..
– Pasportumu unudub evdə qoymuşam, cənab rəis, – Otto dedi. – Çox xahiş eləyirəm, məni buraxasınız. Burada yüz kilometr çevrədə kimdən soruşsanız məni tanıyar. Mən dinc adamam, alnan-qalnan işim yoxdur.
Zabitlə danışığında Balsen özünü tox tutsa da anlaşılmaz bir həyəcan onun bağrını basıb əzir, ürəyini üzürdü. O, köks ötürüb dilləndi:
– Məni ehtiyac bu gecə vaxtı yollara salıb, cənab polkovnik. Başqa çıxış yolum qalmayıb. Ona görə də, bərk tələsirəm...
Zabit yəhərin üstündə yırğalanaraq susurdu, Balsen ona üz tutub soruşdu:
– Gedə bilərəmmi? Məni buralarda hamı tanıyır...
– Yox, olmaz, – zabit sakit səslə dedi. – Yaxşı, bəlkə sən heç Balsen deyilsən? Sənin axı pasportun yoxdur, biz hardan bilək sən kimsən? Sən, hamının üstündə pasport gəzdirməsi ilə bağlı verilən əmri oxumamısan?
– Doğrudan oxumamışam, cənab polkovnik. Bizdə belə bir əmrin olduğunu heç kim bilmir, – Balsen köks ötürüb dilləndi. – Hamının yanlışı ola bilər, cənab polkovnik. Çox xahiş eləyirəm, məni bağışlayasınız. Mən gərək həkim çağırmağa gedəm...
– Haydı uşaqlar, onun üst-başını axtarın görək, – zabit kazaklara buyurdu. – De görüm, niyə yoldan qırağa çıxmışdın?
– Mən bilmirdim qarşıdan gələn kimdir, cənab rəis, – Balsen özünü doğrultmağa çalışdı. – İndi yollar quldurlarla doludur.
– Düş arabadan görək! – kazaklardan biri yarıyuxulu səslə dillənib atından yerə sıçradı. – Gəl, sənin üst-başını yoxlayaq.
Balsen yerində qurcalandı, sonra arabadan düşüb əllərini arxasında qoşalaşdırdı, kazak isə onun paltarının hər yerini və ciblərini axtarmağa başladı. Ciblərində nə vardısa hamısını çıxardı: tütün çəkmək üçün çubuq, dolu tütün kisəsi, pulqabı, saat və Roza qarının dərmanların siyahısını yazdığı kağız... Kazak hamısını toplayıb zabitə verdi. Başqa bir kazak kiçik əl fənərini yandırıb zabitə sarı tutdu, fənərin solğun və titrək işığında Balsen onun əşyalarına diqqətlə baxan zabitin arıq və solğun üzünü gördü. Zabit çox uzun bir müddətdə resept yazılan kağızı oyan-buyana çevirib baxdı, sonra baxışlarını saatla pulqabına dikdi. Daha bir kazak yaxınlaşıb ona nəsə pıçıldamağa başladı.
Zabit mırıldanır, başını bulayır və aradabir səslənirdi: “Eləmi? Hə! Bax a! Hə-ə!”
Balsen üçün vaxt olduqca yavaş keçib gedirdi. O, kazakların davranışlarına diqqətlə və ehtiyatla baxırdı, birdən onlardan birinin öz yoldaşının ağzından papirosunu götürüb sümürməyə başladığını görəndə bərk təəccübləndi. Kürən səbirsizliklə fınxırır, boyunduruğunu oyan-buyana yelləyirdi.
Az sonra zabit Balsenin şeylərini yanındakı kazaka verib dodaqaltı nəsə mızıldandı və atını səyirdib qaranlıqda yox oldu. Kazaklar da onun arxasınca çapıb getdilər. Balsen yüngülləşdi və onun əşyalarını tutmuş kazakdan soruşdu:
– Mən gedə bilərəmmi?
Kəndlinin yaxınlığında dayanmış kazak ona yanakı baxıb burnunu çəkdi və cavab vermədi. Bir azdan kazakların çoxu uzaqlaşdı, Balsenin yanında isə dörd kazak qaldı. Onlar biri-birinə baxır, tələsən adama oxşayırdılar və yavaş-yavaş Balseni dövrəyə alırdılar.
– Hə, dostum, belə-belə işlər, – kazaklardan biri dilləndi və Balsenə elə gəldi o, qaranlıqda gülümsəyir. Balsen də gülümsəməyə çalışıb ondan getmək üçün icazə almaq istədi, ancaq kazak ondan qabaq dilləndi:
– Biz indi sənin əllərini bağlayacağıq. Sən dinc dayanmalısan. Bax, əl-qol atsan yerindəcə güllələyərəm!..
O, Balsenin çiyinlərindən yapışıb fırlatdı və kəndli qorxsa da, dinməzcə dönüb, arxasını ona sarı çevirdi... Birdən qorxunc bir düşüncə odlu bir burğu kimi onun beynini deşərək ruhuna işlədi... Balsenin bağrından vəhşi və acı bir haray qopdu. Ona elə gəlirdi, yer ayağının altından qaçır və yan-yörəsində nə varsa qorxunc bir ildırım sürəti ilə fırlanır.
– Tullanma, onsuz da şəhər uzaqdadır, atılıb-düşməklə ora çata bilməzsən, – atın üstündəki başqa bir kazak çimçəşikli səslə dilləndi. – Atılıb-düşməkdən nə çıxar? Ay qardaş, onsuz da geci-tezi öləcəkdin də bir gün...
– Axı nə üçün?! – Balsen bərkdən qışqırıb ağladı. – Mənim nə günahım var?! Mən Otto Balsenəm!
– Niyəsini özün yaxşı bilirsən, – kazak qaşqabaqla dedi. – Rəislərin tapşırığıdır bu, dayıcan, bizlik burada bir şey yoxdur... Onların ağlına belə batıb. Elə buna görə də, belə buyurublar.
Balsen sustaldı və birdən ona elə gəldi ki, bu anlarda əvvəl onun bütün düşüncələri, sonra isə özü öldü... Yoxsa, o yuxu görür? Hə də, bunlar hamısı yuxudur: payızın adamın qanına işləyən nəmişkənliyi, ayağının altındakı yumşaq otla örtülü torpaq, başını aşağı sallamış Kürən və ondan aralıda dayanan, tutqun kölgələrə oxşayan bu susqun adamlar... Belə şeylər olur və Otto vaxtı ilə yuxusunu qarışdırarkən gördüyü qorxunc yuxularını xatırladı, belə yuxulardan ayılıb özünün doğma evində, qaranlıqda və isti yatağında olduğunu görürsən, sonra yorğana bərk-bərk bürünüb o biri böyrü üstə çevrilirsən və yenidən yuxuya gedirsən...
Beynindən, qapısındakı bostanın ala-bəzək, rəngbərəng naxışlara bənzəyən ləkləri ötüb keçdi, bu xəzinəni Annanın əlləri bəsləyib yaratmışdı. Kövrək, ağ-yaşıl rəngli kələm, ox ucluğuna oxşayan göy soğan, kartofun ağ, xiyarın sarı çiçəkləri... Bunlar hamısı indiyədək var idi və indən belə daha olmayacaqdı. Onun özü də, Otto Balsen də, yüz kilometrlik yan-yörədə böyükdən kiçiyə hamının tanıdığı Balsen də, harasa yoxa çıxacaq və heç kim bundan xəbər tutmayacaq, habelə, bunun nə üçün belə olduğunu öyrənə də bilməyəcəkdi...
Düşüncələri yenidən keçmiş çağlara qayıtdı və Balsenin gözləri önündə yenidən sarı, bərəkətli taxıl tarlası və Annanın qarabuğdayı əlləri canlandı. Yenə də düşüncələrində qarşılaşdığı bu durumu araşdırıb bir yana çıxara bilmirdi: nə üçün axı bu qolugüclü, acıqlı, yaraqlı adamlar gəlib çıxmışdılar və onu öldürürdülər?
O özünü itirmiş halda irəli sıçramaq istədi, ancaq iki-üç addım atıb büdrədi, nəm və palçıqlı torpağın üstünə çöküb oturdu. Atlı kazak onun bu durumunu yozmağa başladı:
– Gücdən düşdü. Qorxu onu heydən salıb...
– Mən beləsini çox görmüşəm, – o biri kazak dilləndi. – Ancaq qoçaq və ürəkli olanlarını da görmüşəm. Onun qardaşları arasında belələri də var...
Artıq öfkə və ümidsizlik Balsenin bütün ruhunu sarmışdı. O qışqırmaq istədi, ancaq səsi çıxmadı. Ona elə gəlirdi, indicə yuxudan oyanacaqdır. Bir azca da dartınsa, güc versə, bu qorxunc yuxudan ayılacaqdır...
– Dərinə getməyin, Danilo, – atın üstündəki kazak dilləndi. – İblislik eləməyin! Yazığı niyə bunca incidirsiniz?!
Kölgəyə oxşayan adamlar bir neçə addım aralanıb dayandılar. Balsen özünə sarı yönələn uzun, qırmızı və iti alov dillərinin ağrı ilə bədəninə sancılıb nəfəsini kəsdiyini gördü. Yerə yıxılanda gözləri qarşısından öz evi, işıqlı otaqda başını aşağı salıb qəzet oxuyan qardaşı Ado və xəstəlikdən üzülmüş sevimli Anna gəlib keçdi...
Sonra isə hər şey yox olub getdi.
Rus dilindən çevirdi: Araz Gündüz
Kultura.az