İşıqla işləyən adam yaradacaqlar – Ömər Xəyyamdan YENİ HEKAYƏ

İşıqla işləyən adam yaradacaqlar – Ömər Xəyyamdan YENİ HEKAYƏ
3 may 2016
# 13:51

Kulis.az gənc yazar Ömər Xəyyamın “Düşüncə Vaksini” hekayəsini təqdim edir.

Sapfir muzeyinin damındakı zəngli saat böyük oxunu balacanın üstünə aşırıb yeni günü qarşılamaq üçün mənasız notlar səsləndirəndə, Traundell meydanından günbatana tərəf şütüyən maşınlar üzərinə alüminium tozu səpilmiş çay kimi Frauba keçidinə axmağa başladılar; günəş bu metal çayın üzərində axırdı...

Bir az əvvəl havada uçuşan sellofan torbalar edam olunmuş məhkumlar kimi budaqlarda yellənir; külək meydandakı çinar yarpaqlarının əlindən tutub yerdən qaldırır, havada canlarını alır, təzədən səkiyə çırpır...

Tualetdəki güzgü oksidləşmiş metal kimi göyərsə də, saqqalımdan sallanan şabalıdı saçları aydın görürdüm. Bu, lənətə gəlmiş qırmızı donlu qızın saçlarıdı.

Sapfir muzeyinin damındakı zəngli saatın səsi qulaqlarımdan yuxuma boylananda nənəmin çay qutusundan düzəltdiyi düymədanın üstündəki ağ atlı şahzadəni təzəcə yola salmışdım. Yenə qırmızı donlu qız tərkimdə, su qatılmış rakı rəngli asimanda üzü günəşə çapırdım. Nəfəsi boynuma, döşləri kürəyimə dəydikcə ayaqlarımdakı üzəngini unudurdum...

Bilirəm ki, yuxudu. Yuxu gördüyümü dərk eləyirəm. Bəzən zamanı öz xeyrimə uzadıram.

Məsələn, dünən gecə guya atı o çapırdı, mən də "Cartier" ətirli saçlarından süzülən küləyin təsirilə bihuş olurdum.

Hərdən səhərlər oyananda at iyi gəlir məndən. Hə, əllərimdən at tərinin qoxusu.

Burnunun üstündən yanaqlarına doğru səpələnmiş seyrək çilləri kəpənək qanadlarını xatırladır, burnuna qonmuş, qanadları açıq kəpənək...

Bu gün ilk dəfə öpüşdük...

Göydələnlərin arxasından boylanan günəş cinayət izini axtaran detektiv əlləri kimi şüalarını siqaret kötükləri ilə doldurduğum pivə qutusuna, divarın dibindəki cümə günündən qalan kiflənmiş portağal qabıqlarına tuşlayıb pirat mətbəələri xatırladan zirzəmidə tarakan kimi yaşamağımı bir daha yadıma saldı.

Zirzəmi... Yazıçı olsam da bu, tamamilə reallıqdı, bəli, bəli, bir həftədi on altı mərtəbəli binanın zirzəmisində qalıram.

Dostum Fransı işlədiyim redaksiyanın həyətindəki köhnə qarajdan tanıyıram. Elə o vaxtdan dostlaşmışıq. Çox köməyim dəyib ona. Həm maddi, həm mənəvi. Sağ olsun, unutmayıb məni, düzdü, psixoloji problemləri var, astral səyahətlər eləyir bəzən.

Yumurta qablarını döşəmişik yerə, üstündən də Fransın “Second hand” mağazasından əkişdirdiyi paltarları. Qəribə qoxusu var bunların da. Hələ mən redaksiyada işləyəndə deyirdilər ki, guya, bu paltarların sahibləri ölüb.

Bir dəfə Frans yuxudan dik atıldı; tərin içində, qaranəfəs. Dedi ki, yuxuda gördüm, paltarlar dolanıb boynuma, boğuluram.

Əlyazmaların çoxu redaksiyada qaldı, bir az da evdə. Bura gətirdiklərimin də yarısını tualetə istifadə elədik, yarısını əl-üz silməyə. Yoox, o qədər də yad münasibət göstərmədim onlara -yarımçıq yazılanları, ürəyimcə alınmayanları tualet üçün ayırmışdım əvvəldən.

Bir otaqdı, bir də tualet. Özü də qanunsuz qalmırıq burda. Mən bura göndərilmişəm, hə, hə, sənədlə, imzalı, peçatlı. Fransı da darıxmayım deyə gətirdim yanıma.

Bayaq danışdıqlarım da əvvəlki söhbətlərdi.

Rəngli yuxu görə bilmirəm neçə vaxtdı.

Qırmızı donlu qız...

Düzdü, iddia edirlər ki, həyatımıza televizorlar, texnoloji yeniliklər daxil olandan sonra daha çox rəngli yuxular görməyə başlamışıq.

Yəqin ki, qaranlığın təsiridi ağ-qara yuxular, bəlkə bu da yuxudu, bəlkə də təsəlli, amma inana bilmirəm ki, kor olmuşam, çoxdandı obrazlı yuxular görmürəm, yuxularım görmə qüsurlu insanlardakı kimi səs, qoxu, hisslər üzərində qurulur.

Yaxşı yadımdadı, sonuncu romanımda yuxusunda zaman səyahəti eləyən bir qız haqqında yazmışdım, heyf yarımçıq qaldı.

Hə, unutdum axı, Morqlandda mənim kimilər indi yüzlərlədi- sənədlə zirzəmilərə göndərilənlər.

Həmin gün təzə hekayəmi redaktora yollayıb, adətim üzrə akvariumdakı balıqları seyr edə-edə südlü kofe içirdim.

Qəfil iki yekəpər salamsız-kəlamsız, kobudcasına redaksiyaya daxil oldu:

- Ka kimdi?

- Salam, buyurun, əyləşin... Mari, iki çay!

- Sənsən Ka? Cinayətkar olduğun qədər də qonaqpərvərsən.

Keçəl olan Müqəddəslikdən gəldiklərini sübut etmək üçün vəsiqəsini göstərdi.

Bir az balacaboy olanı onlarla getməli olduğumu, artıq sual verməməyimi əmr etdi.

Belə qaranlıq otağı qorxu filmlərində görmüşdüm. Düşünürdüm ki, indi qapı açılacaq, üzündə maska olan qalın səsli biri sağ qalmağım üçün hansısa təhlükəli oyunun qaydalarını izah edəcək.

Təxminən elə də oldu, otağa bir nəfər daxil oldu, üzündə maska olsa da həkim xalatında idi.

- Cənab Ka, belə bir yerdə qarşılaşdığımız üçün üzrlü sayın, bilirsizniz ki, qanunların izi ilə gedirəm, təəsüüf edirəm, sizin haqqınızda cinayət işi açılıb.

Yuxunun bu yerində ayılmaq, həmişəki kimi siqaretin filtrini qoparıb yandırmaq və yataq otağının pəncərəsindən küləyin rəqsinə tamaşa eləməyə cəhd etdim, amma gözlərimi açanda əllərim bağlı, həkim xalatı geyinmiş maskalı adamın üzbəüz stulda oturub hansısa qanun haqqında danışdığını gördüm.

- Son iki ayda çəkiniz beş kiloqram artıb və iki dəfə kostyum almısınız. Bu "Xəbərdarlıq" haqqında qanunun birinci maddəsinə ziddir- həkim sarsaq qanunlar haqqında çərənləyə-çərənləyə qarnını sığallayırdı. Deyəsən, diqqətini çəkdi.

- Mən əvvəldən belə olmuşam, professor - İroniya dolu gülüşləri boş otaqda qulaqlarımı dəlib birbaşa beynimə işləyirdi- Bütün bunları keçmək olar, amma romanınızda işarə vurduğunuz "MORQLAND"ı heç kim sizə bağışlamaz. Bu, "Düşünmək" haqqında qəbul edilmiş sərəncamın köklü olaraq əleyhinə, bilavasitə xalqın ziyanınadı, üstəlik yazılarınızın əsas mahiyyəti olan sorğulamaq, şübhəçilik - bütün bunlar sizin haqqınızda cinayət işinin başladılmasına tutarlı səbəbdir.

- Cənab, axı mənim romanım yoxdu... Ümumiyyətlə kitabım dərc olunmayıb.

- Nə fərqi? Danışdıqlarım barədə fikirləşməyiniz bəs edir. Hə, nədi, düz demirəm mən? Siz heç danışdıqlarım barədə düşünməmisiniz? Heç bir dəfə də?

- Xeyr, ümumiyyətlə dediyiniz "Morqland" - o xaraba yer haqqında məlumatım yoxdu, yəqin siz səhv salırsınız. Bəli, bəli, düşünürəm ki, siz səhv salırsınız.

- Bəsdi! Siz elə indicə "düşünürəm" dediniz. Axı mən tək deyiləm, bu iki vətəndaş, kamera ilə otağa nəzarət eləyən əməkdaş da eşitdi bunu. Bəli, bəli, siz"düşünürəm" dediniz.

- Bu günahdımı? Məncə, hamı düşünür. Düşünməyən insan?! Mən başa düşə bilmirəm, ümumiyyətlə mən niyə burdayam? Vəkil tələb edirəm. Bəli! Elə bu dəqiqə vəkilimlə danışmaq istəyirəm. Hamı bilir ki, mən necə insanam, heç ömrümdə toyuq başı kəsməmişəm. Axı kimi öldürə bilərəm? Əksinə cinayətkarlıq əleyhinə, zərərli maddələrin ziyanları haqqında onlarla yazım dərc olunub. Sizin buna haqqınız yoxdu, cənab!

- Xahiş edirəm, Müqəddəslikdə olduğunuzu xatırlayasınız və söylədiklərinizi beyninizdə bişirib sonra istehsal edəsiniz.

- Axı siz özünüz dediniz ki, düşünmək qanuna ziddir!

- Deməli, mənim dediklərim barədə düşündünüz, yoxsa belə qənaətə gəlməzdiniz. Görürsünüz, professor, siz əməlli-başlı düşünürsünüz. Xahiş edirəm bunlara imza atın. Sizə xəbərdarlıq etdiyimiz barədə sənədlərdi.

Həmin gün redaksiyaya qayıtmadım.

- Alo, alo, Qustav, salam, hardasan dost? Bəlkə, pivə alım sənə? Keçən dəfəki yerdə.. Hə?

Qustav Panabello, təkamülçü, gənc fizik. Ən yaxın dostum.

- Professor, yaxşı ki, gəldin, bu gün qəribə iş gəlib başıma. İşindən elədimsə bağışla, Qustav. Əlim sənə çatır.

- Heç narahat olma, iş yoxdu onsuz da. Ərizəmi yazıblar bir aydı. Ev üçün işləyirəm, dostlar üçün tətildəyəm.

- Başa düşmədim... Yenə zarafatlarından qalmırsan, qalstukun, ütülü pencəyin səni ələ verir. Mənə görə işi buraxıb gəldiyin üçün, təşəkkür edirəm, dost.

- Ka, qulaq as, ciddi deyirəm. Bir aydı işləmirəm, qovulmuşam. Sadəcə evdə bilmirlər. Bilirsən, dost, Samantanı üzmək istəmədim, utandım. Hər gün səhər səkkizdə qalxıram, üzümü qırxıram, kostyumu geyinirəm, qalstuk da həmişəki kimi. Ölürəm onun hazırladığı səhər süfrəsi üçün. Doqquzda çıxıram evdən, saat altıda qayıdıram- iş bitəndə. Görsən necə qayğıma qalır, lap əvvəlki illər kimi, elə bil təzə evlənmişik. Qorxuram ki, işdən çıxdığımı desəm, münasibət korlana. Maaş da ki... Demişəm, guya vəziyyət ağırdı vermirlər hələ. Amma iki ayı birdən verəcəklər.

- Sən lap axmaqsan ki. Bəs saat altıya kimi harda veyillənirsən?

- Nəyi pisdi ki, kitabxanaya dadanmışdım, heyf dünən bağlandı ora. Nə qədər oxudum. Heç oxuyan olmamışam e, bilirsən də özün...

- Əsl hekayə detalıdı, ciddi deyirəm.

- Tək mən deyiləm ki, Edqar da mənim günümdədi. Xəbəri var ki, işdən qovulduğunu bilirəm, o da mənim haqqımda yaxşı bilir. Arada şəhərdə rastlaşırıq. Gah onun işgüzar görüşü olur, gah da mənim.

Qustavı dinlədikcə bugünkü hadisə haqqında danışmamağa qərar verdim.

- Ka, deyirlər, adamlara virus vuracaqlar ki, düşünə bilməsinlər. Düşünməmək sindromu. Eşitmisən bu barədə? Xaricdə siçanlar üzərində təcrübə aparıblar, hissiyyatsız, robot kimi adamlar düzəldəcəklər. Tamamilə texnologiyadan asılı, işıqla işləyən adamlar. Təsəvvür eləyirsən? Daha insanları Allah yox, texnologiya yaradacaq. Düzü, qorxuram bu barədə fikirləşməyə. Guya deyirlər, düşünən insanları onlarla əvəz edəcəklər. Arada düşünürəm ki, mənim yerimdə hansısa robot oturub. Kimsə düyməylə idarə edir onu.

- Düşünmə, Qustav, düşünmə dost...

Bu, Qustavla axırıncı görüşüm oldu. Pivəni başıma çəkib, sağollaşdım və birbaş evə gəldim.

Əslində Qustavın dediyi söz-söhbətlər çoxdan yayılıb. Bir dostum vardı, Pablo. Tez-tez görüşərdik. Sonra yoxa çıxdı. Məlum oldu ki, internetə qurşanıb. Özü də ailəlikcə. Hansısa saytdan xarici ölkələrin birində ev sifariş verib, pulunu da internet hesabına ödəyib şirkətin. Deyirdi ki, bir tanışı da həmin şirkətdən ev alıb. Virtual qonşu olublar. Şirkətin mənzilə quraşdırdığı xüsusi kameralar vasitəsi ilə otaqlarda gəzib də. Qızına ayrıca otaq, həyat yoldaşıyla özünə ayrı otaq. Bir gün həmin şirkət təklif edib ki, əgər istəsə ailə üzvlərinin sayına və cinsiyyətinə uyğun robotlar yerləşdirə bilərlər evə. Kameralarla idarə olunan bu robotlar insanın klonu kimidi. Nə hiss etsən, nə fikirləşsən xüsusi qolbaqlar vasitəsilə eynisini robotlar da hiss edir. Bu da razılaşıb.

Üç qolbaq yollayıblar, hərəsinə birini. Pablo tualetə gedəndə robot da gedirmiş. Bir gün qızını həmin qonşusunun oğluyla sevişəndə görüb, yəni qızının robotuyla, tanışının oğlunun robotunu.

Sonradan danışıb bunları mənə. Morqlandda internet kəsilən gün.

Eyni Qustavın dediyi kimi.

Yol boyu Pablonun dediklərini xatırladım və fikirləşdim ki, əla hekayə detalıdı, üstünə də Qustavın dediklərini gəlsək...

Gecə yarısına kimi hekayəni yazıb, səhər açılmamış redaktorun elektron ünvanına yolladım.

Sapfir muzeyinin damındakı zəngli saat böyük oxunu balacanın üstünə aşırıb yeni günü qarşılamaq üçün mənasız notlar səsləndirəndə qapı döyüldü və həmin iki nəfər yekəpər bu dəfə əllərimi bağlayıb maşına itələdilər və başıma keçirdikləri torbanı bir də naməlum həkim xalatlı adamın yanında- həmin yarıqaranlıq otaqda çıxardılar.

Bu dəfə özünü təqdim edən həkim Ceysi dedi ki, qanunu pozmuşam və mütləq əməliyyat masasına uzanmalıyam. Guya məndə hansısa psixoloji problemin olub-olmamasını dəqiqləşdirəcək.

Sonra da əlavə elədi ki, mənə hörmət etdiklərinə görə dəlixanaya yollamırlar, əvəzində indi qaldığım zirzəmiyə göndərirlər. Gözdən pərdə asmaq üçün. On gün müddətində bir də yoxlama olacaq və məsləhət bilsələr azadlığa buraxılacağam.

On gün müddətində çölə çıxmamalıyam, heç kimlə danışmalı deyiləm və mümkün qədər Müqəddəslikdən göndərilənlərlə qidalanmalıyam. Bir də dərman. Həkim Ceysi şəxsən özü tapşırdı ki, gündə üç dəfə qəbul edim. Yeməkdən əvvəl...

- Ka, axı sən yuxarıda "mənim kimi yüzlərlə adam" dedin, əgər çölə çıxmamısansa hardan bilirsən bu məlumatı?

- Frans dedi, hə, Frans dedi ki, başqa zirzəmilərdə də, mənim kimi, yəni eyni səbəbdən göndərilənlər var. Hətta, Qustavı da yollayıblar , dedi.

- Dediklərindən belə başa düşdüm ki, həkim Ceysi sənə virus yeridib, Qustavın dediyi kimi. Amma sən hələ də düşünə, xatırlaya bilirsən. Məncə, bunlar hamısı oxuduğun axmaq kitabların təsirləridi. Düzdü, biz səni zirzəmidə tapdıq, amma həkim Ceysi adlı Müqəddəsliyin əməkdaşı , Qustav adlı dostun yoxdu. Pablo adlı virtual insanı da özün uydurmusan. Təkcə qırmızı donlu qız haqqında dəqiq məlumatım yoxdu. Lütfən qolunu uzat, əlini tez-tez aç yum. Bu, sakitləşdiricidi, adi sakitləşdirici. Beynin təmizkorlanıb, kömək edər.

Qırmızı donlu qızı təzəcə yola salmışdım ki, Fransın xorultusuna ayıldım.

Zirzəmi...

Frans...

İkinci əl paltarlar...

Tez göndəriş vəsiqəmi axtardım, budur, köynəyimin döş cibində... Lənətə gələsən, bu yuxu deyil.

Gözlərimi ovxalayanda əllərimdən at tərinin qoxusunu duydum. Zirzəmidən qaçmaq, Günəşi qucaqlamaq üçün ayağa duranda Fransın cibindən düşən ikiyə qatlanmış ağ kağız gözümə sataşdı:

"Frans Kafka

Göndəriş vərəqəsi: 17845698545"

- Yaxşıdı, amma redaktə olunmalıdı.

- Diqqətlə qulaq asdın? Bir saata yazmışam.

- Əlbəttə, amma yenə deyirəm, redaktəyə gələn yerləri var, həm də bu işlənmiş formalardan əl çək. Orueldən yaxşı yazacaqsan?

Baş redaktor Dinoya məsləhətlərini verəndən sonra siqaret çəkmək üçün çıxdı. Elə bu vaxt iki yekəpər salamsız-kəlamsız, kobudcasına otağa daxil oldu...

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #