“Həyatın harasından dönsən, xeyirdir...” - Cemal Süreyanın "Zelda"sı Nilgün Marmara

“Həyatın harasından dönsən, xeyirdir...” - Cemal Süreyanın "Zelda"sı Nilgün Marmara
13 oktyabr 2025
# 11:00

13 oktyabr tanınmış türk şair Nilgün Marmaranın anım günüdür.

Kulis.az bu münasibətlə Asude Nur Aydoğdunun "Cemal Süreyanın "Zelda"sı: Nilgün Marmara" yazısını təqdim edir.

1958-ci ilin soyuq bir qış səhərində, 13 fevral 1958-ci ildə dünyaya gəldi Nilgün Marmara.

Orta məktəb və liseyi Kadıköy Maarif Kolleci və Anadolu Liseyində, ali təhsilini isə Boğaziçi Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində tamamladı.

Nilgün Marmara tələbəlik illərində şair Silvia Plat üzərində araşdırmalar aparırdı. Platın fərdin təkliyi və ekzistensializm problemlərinə baxışı, gənc şairəni dərindən təsirləndirdi.

Nilgünün Plat ilə tez-tez müqayisə olunmasının əsas səbəblərindən biri, yazıldıqdan 20 il sonra yayımlanan “Silvia Platın şairliyinin intiharı kontekstində analizi” adlı məzuniyyət işi idi.

Plat kimi Nilgün də yaşamaqdansa, ölümə daha yaxın dayanmışdı. Silvia Plat 30 yaşında sobanın qazını açaraq intihar etmişdi. Deyəsən, Nilgün də onun kimi “ölümü seçənlərdən” idi.

O, məzuniyyət tezisində belə yazmışdı: “Platın zərif, tez sınan ruhani varlığı və hər şeyin durmadan çirklənməsinin qaranlıq şəkildə fərqində olması, onu ölümə sürükləmişdir. Qadınların cəmiyyətin yaratdığı xəstəliklərin qurbanı olduğunu göstərmişdir. Onun qarışıq düşüncə sisteminin yaratdığı gərginlik çıxış yolu qoymur, həyatındakı gərginlik sonsuzluğa axır... Onun şeirlərini bir köşkün bərpasında istifadə olunan kərpiclərə, intiharını isə bu evin tamamilə uçurulmasına bənzədə bilərik...”

Nilgün Marmara Boğaziçi Universitetindəki orta bufetin üstündə yerləşən, dərsə getmədikləri vaxtlarda oturduqları pilləkənə "Ümidsizlər pilləkəni" adını vermişdi. Nilgünün yaxın dostlarından biri olan Ece Ayhan bu barədə belə yazırdı: “Boğaziçi Universitetində (əvvəllər Robert Kollecdə) oxuyanlar yaxşı bilirlər; orada, idman zalı ilə bufetin olduğu binada bağçaya baxan məşhur bir ‘ümidsizlər pilləkəni’ var – dəmirdəndir. Kim bilir, bəlkə də tərk edilmiş yanğın pilləkənidir!”

Nilgün Türkiyəyə qayıtdıqdan sonra Kızıltoprakda həyat yoldaşı ilə birlikdə yaşadığı ev, şairlərin, yazıçıların görüş yeri olur. Haydar Ergülen, onun haqqında yazdığı “Dünyayla yaralı: Nilgün Marmara” adlı məqaləsində belə deyirdi: “Çox yalnız idim və başqa yalnızlar kimi mən də tez-tez Kızıltoprakdakı evə gedirdim. O yalnızların başında, əlbəttə, Ece Ayhan gəlirdi. Cemal Süreya gəlirdi – biri-birindən tənha iki insan. İlhan Berk, Tomris Uyar, Tevfik Akdağ da orada olurdu. Sonra Nilgünün dostları gəlirdi. İndi onlara "Nilgün yalnızları" ya da ‘Nilgünün tərk etdikləri’ demək lazımdır: Gülseli İnal, Ahmet Soysal, Lale Müldür, Seyhan Erözçelik, Orhan Alkaya, Cezmi Ersöz, mən, bəzən Akif Kurtuluş, Mustafa Irgat, Boğaziçidən Cemal…”

Nilgün Marmaraya manik-depressiya diaqnozu qoyulmuşdu. O, ölümü seçdi. O evdə – 5-ci mərtəbədə, cəmi 29 yaşında, ölümün soyuq qucağına atladı.

“Həyatın harasından dönsən, xeyirdir...” deyib özünü boşluğa buraxdı. Çünki Nilgün dünyayla yaralı idi. Onun üçün yer üzü sadəcə bir gözləmə nöqtəsi idi.

Nilgün Marmara öldükdən sonra haqqında çox danışıldı. O, Cemal Süreya üçün bir Zelda Fitzcerald idi.

Süreya onun haqqında bu sözləri yazırdı: “Nilgün ölüb. Beşinci mərtəbədəki evinin pəncərəsindən özünü ataraq canına qıyıb, Ece Ayhan dedi… O, çox fərqli bir insan idi. Axşamlar müəyyən bir saatdan sonra sanki şəxsiyyəti, hətta bədəni dəyişirdi. Üzü qızarar, baxışlarına gözəl, amma vahiməli bir parıltı əlavə olunardı. Çox gənc idi. Sanıram otuz yaşına çatmamışdı… Bu dünyanı başqa bir həyatın gözləmə salonu kimi görürdü. Geri dönüb baxanda Nilgünün üzündə bir acı görürəm. O vaxtlar sezə bilməmişəm. Bu gün açıq-aşkar görünür.”

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

16:30 22 iyul 2026
Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

16:12 22 iyul 2026
“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”  adlı sərgi açıldı

“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açıldı

13:32 22 iyul 2026
Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

13:00 22 iyul 2026
"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi

12:30 22 iyul 2026
Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı

12:00 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər