Bu gün tanınmış şair Ələkbər Salahzadənin anım günüdür. Kulis.az bu münasibətlə şairlə bağlı söhbəti təqdim edir.
Layihə: “Ədəbiyyatımızın dünəni”
- Şairlərin şairi... Ramiz Rövşən Ələkbər Salahzadə haqqında bu ifadəni işlətmişdi. O mənada ki, onun necə bir şair olduğunu oxuculardan çox şairlər bilir. Necə dəyərləndirmədir?
- Xas bir şey haqqında elə belə də deyirlər. Ələkbər Salahzadə doğrudan da sözü mətnin içində azdırıb, onu başqa bir şeyə çevirib üzə çıxara bilirdi. Yəni, bir qəvvas misalı. Elələri var ki, o dərinliyə baş vurub yükünü ordaca qoyur, üzə çıxmağa gücü çatmır və buna görə də səsi su altından – dərin bir quyunun dibindən gəlir, bəzən də səsini qeyb edir. Hərdən mənə elə gəlirdi ki, Ələkbər lap siftədən missiyasını bilir, sakit davranır, necə deyərlər gözəl şeyləri illərlə dilinin altında saxlamağı bacarırdı. Yalnız o zaman üzə çıxarırdı ki, buna ehtiyac duyulurdu, bunun zamanı gəlirdi, yəni, Ələkbər kimi şairlərin zamanla, kosmosla... qəribə bir bağlantısının olması gümanındayam, ancaq... Hərdən düşünürsən ki, nə yazırsan yaz, hər şey təsvirdir, mahiyyət deyilən şeyin yanından süzüb gedir, uzaqlaşır və biz yazdıqca o mahiyyət bir az da gizlənir, nə qədər intonasiya dəyişsə də, fərq eləmir... amma birdən tilov tutan əlin yorulur, hiss edirsən ki, nəsə aşağıdan güc gəlir, basır, dirəşir, amma yenə hər şey keçir, səhər açılır, yeni şeirlər yazılır və sən yenə dünya deyilən cəhənnəmin, gecəylə gündüzün tən ortasında dayanıb o nəsnəni axtarırsan. “Ağ bir zanbaq kimi açıldı səhər...”
Ağ bir zanbaq kimi açıldı səhər!
Şəfəqlə suladı
susəpən kimi
günəş zanbağı.
Qızlar xəbər tutmadılar
zanbaq səhərdən;
yoxsa ayaqlarını
dirəyib bir başmağa
oğlanları
salardılar dağa-daşa…
Bu fağır uşaqlar neyləyərdi bəs?!
Ağ bir zanbaq kimi açıldı səhər,
qızlar xəbər tutmadılar,
oğlanları
salmadılar dağa-daşa.
Ələkbər Salahzadə o təsvirlərdən və o mahiyyəti tutub yaxalamaqdan qaçırdı, sadəcə ağlına, ürəyinə gələn mətnlərin içində yaşayırdı, özünü orada son damlasına qədər əridib vaxt vadisində əsrlərin qızıl tozundan mənalar emal edirdi. Çünki, onun məntiqinə görə, hər şey bu mənalar arasındakı “qanlı savaşdadı”, günlər olub, ordular üz-üzə gəlib, qılınc, qalxan səsindən çöldə ağacların yaşıl budaqları quruyub, ağacların yaddaşı donub, gövdəsi yanıb-qarsalanıb... Mənalar dəyişdikcə dünya dəyişib, zamanın “əqrəbləri” dünyanın canına daraşıb, canlı nə varsa çalıb keçib. Ələkbərin şeirindəki assosiativlik (əşyaların yanından görünmədən keçmək, ancaq onların yaddaşında iz buraxmaqla şütümək), obraz, metafora keçidlərinin aniliyi və digər bu kimi şeylər məhz həmin o vaxt vadisindəki mənzərəni görən gözlərin və ürəyin kökündən, dünənindən, bitib-tükınməyən keçmişindən, bu keçmişin hər an təzə hadisə kimi qarşına çıxan xatirələrindən gəlirdi. Ələkbər poeziyada rakursu, görmə bucağını dəyişdirdi, elə bir poetik sistem təklif etdi ki, bunu yalnız öyrənmək olardı. Bizim poeziyada hamını bu və ya digər dərəcədə təqlid ediblər, onların havasına nə havalar bəstələnib, bilirsiniz, ancaq Ələkbərin şeirini təqlid eləmək praktiki olaraq mümkün deyil, çünki bu doğrudan da xalis, xas sənətdir. Bu şeirə baxın.
Biçənəkdəki otlar –
tər yaşıl, çiçək təki otlar!
Adları Ot içində itib-batar,
qoxuları havanı udar,
yamacı tutar, qalar.
Bu, qoxumu?
Yoxsa kimsə tar çalar?
Bu qoxuda
həzin-həzin sızlayar kamançalar.
Hansı otsa qoxusuyla oxuyar,
hansı gülsə meh əsdikcə solo oxuyar…
Çiçək ot qoxuyar,
gül ot qoxuyar,
biçənəkdəki otlar,
çiçək təki otlar
qoxuduqca qoxuyar.
Ətriylə, nəfəsiylə oxuyar,
nəğməli bir quşun həvəsilə oxuyar…
Burda məsələ təsvirdə, müqayisədə, metaforada deyil, onlar artıq olub-bitmiş məsələlərdir, nə illah eləsən də, bir-birinə bənzədilən şeyləri bir yerdə, "bənzətmə məkanında" görə bilməyəcəksən, çünki onların funksiyası bir yerdə olmaqdan çox ayrılmaqdır, ayrılıq bu kontekstdə gözəl şeyləri işarələməkdir, zülmətin dibində uyuyan əşyaların dili bu mətndə qəribə şəkildə açılır, hansı otunsa qoxusuyla oxuması, hansı gülünsə meh əsdikcə solo oxuması, tar, kamança səsi, nəğməli bir quşun səsinin tarixçəsi bu şeirə necə gəlib, məqsəd nədir? Məqsəd yoxdur. Bunlar ixtiyarı momentlərdir, yəni hiss və duyğu çalarları ilə işarələnmiş şeylərdir.
Dil susur, gözlər danışır. Söz parçalanır, səslər əşyaların içindəki mistik auranı üzə çıxarır. Sonda hər şey o ayrılığın dibinə çökür, bir daha dillənməmək inadı ilə. Amma həm də, bunun min ildən sonra bir də dirilməsi arzusu və həsrəti ilə...
- Mən yaradıcılıq fakültəsində məşğələlərdə oluram. Orada bədii təsvir və ifadə vasitələrindən, orijinal, fərqli, maraqlı deyim tərzindən çox danışırıq. Ələkbər müəllimin şeirlərinin az qala hamısını bu söhbətlərdə misal kimi çəkmək olar.
- Əlbəttə, nəinki olar, hətta lazımdır. Çünki bu şeirlər həm də zövqlərin formalaşmasında mühüm təkan ola bilər. Olsun ki, ilk oxunuşda insanı itələyər, yəni, get təzədən gələrsən, hələ hazır deyilsən kimi… Bir şey deyim, bizdə, bəzən sənətə utilitar münasibət lap kəlləçarxa dirənir, deyirlər ki, filankəsin şeirlərini məclislərdə əzbər demirlərsə, demək o, şair deyil. Bu yöndə hətta müqayisələr də aparırlar və sonucda belə nəticəyə gəlirlər ki, şair könülləri coşduran, insanları riqqətə gətirən, onun duyğularını oxşayan bir varlıqdır. Ancaq sən, məsələn, bu deyilən şeylərin hamısını az qala min dəfə müxtəlif kombinasiyalarda bir yerə yığırsan, nə illah eləsən də həmin epitetlərdən çox mənasız şeylər alınır.
Ələkbərin şeirləri sənə yalan dünyadan vaz keçməyi təklif eləmir, əksinə, səni dünyanın köhnə vaxtlarından qalıb içində donmuş mənaların içiylə aparıb özünə qaytarır, riyazi formul, rebus-filan olmur, səni içindəki zənginliyin qapısının ağzına qədər gətirir və deyir ki, dünyada heç bir möcüzə yoxdur, baş verməsini də gözləmə, əsl möcüzə, əsl həqiqət sənin içindədir, özünə en, səsini içinə atıb, göyləri yun kimi did, əyir, qaranlıq düşən kimi uzaqlarda yanan şamın işığında belə özünü axtar, tapmasan axtarmaqdan əl çəkmə.
- Amma yadda o qədər də qalmır...
- Əlbəttə, yadda qalmır. Yaddaşa hopur, ordan duyğularını oyandırır, səssiz şəkildə, bu ona bənzəyir ki, elə bil gəlib kiminsə qulağına nəsə pıçıldayırlar, o, qışqırmaq, haray salmaq əvəzinə susur... Duyğuların bəlkə də ən dərin yerində bizə tanış olmayan bir məmləkətin mənzərələrini canlandır. Bu şeirlər o şəkildə qəbul olunmur, yəni, kiməsə deyib təsirləndiyini gözləyəsən, əksinə, ənənəvi şeir zövqünə tərs gəlir, elə bir ortam yaradır ki, biz artıq orda yoxuq, ancaq orda həm də bizimlə bağlı elə şeylər saxlanılır ki, ora getməmək sadəcə huşsuzluq, özündən qaçmaq olardı. Əksər insanlar belə də eləyir. Lap belə:
...Köçüb qalxarsan dağlara,
Özündə qala bilərsənmi?
Şairlərlə şairlər arasında bir fərq var – ikincilər olmayan şeylərdən elə bir reallıq düzüb-qoşurlar ki, bu yaradılan şey real gerçəkliklə irreal gerçəkliyin sərhədində qərar tutur, həmin sərhəd nöqtəsində o uzaqlarda yanan şamın şöləsi titrəyən kimi olur, yuxunun həqiqətə dönüşünü hiss edirsən, yaxud həqiqətin əriyib içində yaşayan bir insan kimi gözlərinin nurunu itirdiyinin şahidi olursan. Bu mətnlərdə o qədər "olmayan şeylər" təsvir edilir ki, həqiqətlə rastlanmağın, üz-üzə gəlməyin dəhşətli bir yanğıya və ehtiyaca çevrilir, bu ehtiyac qarşılanmasa, bu yanğı söndürülməsə, hər şey alt-üst ola bilər... Kimi düşündüyün anda "bu olmayan şeylər" libasını dəyişir, səni bu yalan dünyada həqiqət kimi qarşılayır:
...bar verən ağacın qırılır qolu!
qırılır,
quruyur,
qaralır qolu,
dəymişi talanır, tökülür kalı
bar verən ağacın nar verən kolun.
ağrıtək süzülən canından keçir
bar verən ağacın qırılır qolu!
barlı ağacların yanından keçir
həmişə əyrinin-oğrunun yolu!
Niyə yadda qalmır, başqa sözlə desək, niyə yadda qalmaq üçün deyil o şeirlər? Yadda qalan, şövqlə əzbər deyilən şeirlərdəki epitet və digər komponentlər burda da yox deyil. Ancaq bu həmin mövqedə olan epitet və təşbehlər, obraz və detallar deyil. Üslubi çalar bambaşqadır. İlkin mövqe ilə bu assosiativ sıra izah olunmur və heç nə vermir. Bu mətnlərdə “duyğu tərənnümünə” rast gəlməzsən, əksinə, obrazın, metafora və digər poetik komponentlərin sırf mənalarla bağlı mövqeyi müstəviyə gətirilir. Vəsfdən, tərənnümdən vaz keçilir, bu sıradan sonrakı onlarla halda vaz keçilir, hissin, duyğunun elə bir halına istinad edilir ki, o həm də əllə tutulması mümkünsüz olan şeylərin əllə toxunulma halını təsəvvürdə canlandıra bilsin.
- Qəribə sürreal lövhələri də var. Misal üçün, gecəni yun kimi didib əyirmək...
- Sürreal deyəndə... Şair təkcə reallığı aşmır, ona həm də ən müxtəlif mövqelərdən yanaşır, ilkin mövqe ilə ən mükəmməl rakursu elə qovuşdurur ki, sən yaradılan mənzərəni həm görürsən, həm də onun olacağına inanmırsan, beləliklə realla irreal bir nöqtədə görüşür, çulğaşır və əşyaların içindəki dibsiz, nəhayətsiz dünyaya səfər edilir.
Uzaqdan
nəhəng bir üzüm salxımı,
uzaqdan
şam-şamdır
gecə - Şamaxı.
Xılt kimi altına çöküb zəlzələ.
Yanır budaq-budaq
min şam ağacı.
Qırılıb buynuzu,
itib dərinlərdə
öküz zəlzələ.
İnsan ümidinin işıqlarıyla
durub ayaq üstdə yenə Şamaxı.
Uzaqdan, gendən
yanır salxım-salxım,
şam-şam Şamaxı.
Bu gündən uzaqda
Zəlzələ köksündə Şamaxı -
şan-şan…
Mətnin qurulmasında elə bir mövqe seçilir ki, təqdim edilən lövhənin üstünə işıq düşür, parlaq, o qədər parlaq bir işıq ki, ona gözlə baxmaq olmur, qəlbinin, duyğularının içiylə baxmalısan. Məsələn:
Gedirdilər –
baxışları qaranlıqda
itilənə-itilənə...
"Baxışların qaranlıqda itilənməsi"ni təsəvvür etmək mümkündürmü? Yox, bu artıq təsəvvürlük bir məsələ deyildir, obrazın, detalın başqa, bizim öyrəşmədiyimiz bir xassəsidir, metaforanın başqa bir məkan və zamanla əlaqəsinin bəlirtisidir.
Sonra:
Yıxılıb yatıram gecə
dünyaya göz yuma-yuma.
Qəribə yuxular görürəm, qəribə;
ağlıma gəlməyənlər girir yuxuma...
Heç vaxt görmədiyim bu qız kimdi bəs,
tuşlanır düz ürəyimə kirpiyi sanı oxu?
Köksümdən vuruluram,
oyanıram – çilik-çilik olur yuxum...
- Mövzu, demək olar ki, kənd mövzusudur. Amma, yanaşmanın özündə bir şəhərlilik, urbanistik əhvalı var.
- Bu tipli poeziyada siz dediyiniz şəkildə "ixtisaslaşma" olmur, siz dediyiniz "urbanistlik" sözünü fikrimizcə, müasirləşdirmə təfəkkürü ilə əvəz etmək lazımdır. Siz dediyiniz hal burda niyə müşahidə olunmur? Ələkbər kənddən, şəhərdən, alaçıqdan, nar kolundan... hər şeydən hər hansı xüsusi məqsəd güdmədən yazır və onları elə bu şəkildə şeirə gətirirdi. Ələkbər tək-tük şairlərimizdəndir ki, şeiri müasirləşdirməyə çalışırdı, onun necə deyərlər, naxışlarını yox, təfəkkürünü və hissiyyatını başqalaşdırmağa çalışırdı. Təsvirə, detalın funksiyasına elə bir mövqedən yanaşırdı ki, sən istər-istəməz bu yeni şeyin havasını tutmağa məcbur olurdun. Bu mətnlərdə bütün "yanıqlı", ürəyə köz basan şeylərdən, xüsusən şeirin sonluğuna damğa kimi vurulan müqayisələrdən vaz keçilirdi, hiss edirdin ki, qəribə bir nağıl dünyasındasan, labirintlərdən keçirsən, bu yol sənə o qədər tanış gəlir ki, təfəkkürünü o qədər məşğul edir ki, istədiyin anda istədiyin şeyi bu modellə qura, içiylə gedib istədiyin əsrə düşə bilərsən. Və bu "yalançı" effektdən məqsəd şeirdə üzə duran yalanlardan vaz keçmək, onları adlamaq məqsədi güdürdü. Vətən haqqında nə qədər şeirlər yazılıb, bunların hamısında hiss, duyğu varsa da, ərazi yoxdu, burda təsvir edilən məkanı gəzib dolaşmağa, ayağını qoymağa yer tapa bilməzsən, çünki mətn özü darısqaldır. Ələkbər isə həmin o labirintin içiylə səni VƏTƏN deyilən mənəvi ərazinin hər qarışına dolandırır, burda, tarixin üzündə yanıq yeri kimi qalan nəsnələri görmüş kimi olursan. Ələkbərin şeirində siz dediyiniz "şəhər" həmişə "içəri şəhər"dir, hər bir daşı, küçəsi, dalanı... bu dəfə qarşına tam bilmədiyin, ancaq tanınmağı zəruri olan bir şey kimi çıxır:
en,
düş bir çağından, bir günündən çıx,
dünənindən vur, sabahından,
bugünündən vur, dünənindən çıx,
düş bayatı sırasından,
çıx son şeirin misrasından.
keç Füzuli yanğısından,
bir söz keçir çınqısından.
toxum kimi en yerə,
qalx, sünbüldən
dən-dən düş...
- Qəribə bir bənzətmə ağlıma gəldi. Aşıq Ələsgərin də elatın payız köçü ilə bağlı şeiri var, Ələkbər Slahzadənin də bu mövzuda “Sürü dağdan enir” şeiri... Məncə, Ələsgərin əsl varisi onu imitasiya edənlər yox, Ələkbər Salahzadədir. Bu şeirdə klassik üslubun, folklora söykənən xoş deyimlərin modern təzahürü inanılmaz dərəcədə gözəl verilib.
- Burda hər şeyi özünüz deyirsiniz. Ələkbər Salahzadəni şəxsən tanıyanlar bilirlər ki, o, klassik şeiri, aşıq şeirini, ümumiyyətlə Azərbaycan poeziyasının mətnlərini gözəl bilirdi. Buna onunla söhbətlərimdən şahid olmuşam. Müasir poetik təfəkkürü bilmək və onu yaratmaq Ələkbər kimi şairlərdə milli ədəbi təfəkkürə, onun mükəmməl nümunələrinə sabit və səmimi münasibət formalaşdırırdı. O, heç zaman yeni nəsə yazırdı deyə, "köhnə" ədəbiyyata lağla yanaşmaz, ona yuxarıdan aşağı baxmazdı. Bu keyfiyyət onun incə, dəqiq zövqündən mayalanırdı, belə olduğu üçün də bir redaktor kimi onu aldatmaq qətiyyən mümkün deyildi.
- Xüsusilə metafora ustası deyərdim. Təbiəti asanlıqla insanlaşdırır...
Bunu çoxu bacarır. Amma..
Şeirin dərdi çoxdu, deyir,
gileyi çoxdu,
yan-yörəsində hərlənən
dəllal dəlləyi çoxdu.
şeirin ələyi çox,
ələyəni artıqdı.
Yolundan yana əyib
əyləyəni artıqdı.
Qananı da sancır şeiri,
qanmazı da qınayır.
naşıları bir-birini
yüz ağacdan tanıyır.
Atdan düşən baytar gəlib
şeirə təbiblik eyləyir.
Fizzə xanım canla-başla
çoxdan bibilik eyləyir.
saqqalına bir dən düşən
şeirə babalıq eyləyir.
cızan-pozan ortabablar
sözü kabablıq eyləyib.
Şeir yanır şiş ucunda
o üz-bu üzə qıvrılır.
beş ucundan şeş ucundan
yanır şeir, qovrulur.
altında köz, üstündə göz
şeir yanır, söz ölür.
Göz yaşı da timsahların
gözlərindən süzülür.
- Maraqlıdır. Bir maraqlı ifadəsini də gördüm: ağacın sınıxması... İlk oxuyanda, ax, necə də mənim ağlıma gəlməyib, deməkdən özümü saxlaya bilmədim.
- Məncə, məsələ bunda deyil, yəni, ifadənin unikallığı-filan. Çünki bu ifadə o qədər işlənəcək ki, ilkin aurasını itirəcək və adi söz sırasına dönəcək. Bu kimi ifadələrə, məsələn Musa Yaqubda və digər şairlərdə də rast gəlmək mümkündür,
özü də sıx-sıx. Əli Kərimdə "Aut" şeiri var. İnsanı, hadisəni daxildən göstərə bilən metafora. Təkcə bu sözün gücünə (...topun sürəkli şəkildə auta vurulması) o qədər hadisə uc-uca calanır və mənalandırılır ki, ta insanın qəlbinə qəfil çökən qüssəni bir ovuc içindən nümayiş etdirmək mümkün olana qədər.
Yuxarıdakı şeirlə bağlı mətndə... "kabab yanar göz üstə" ifadəsi, yaxud siz dediyiniz mətndəki "ağacların sınıxması" təsadüfən işlənsə də, hadisənin biz olduğumuz məkandan görünməyən cəhətləri üzə çıxarılır, ifadənin bağlandığı funksiyalar bir yerdə, cəm halında "çoxmərtəbəlilik" effekti yaradır. Mərtəbədən-mərtəbəyə, qatdan-qata keçdikcə hissiyat dərinləşir, özünə o qədər yaxınlaşırsan ki, bütün uzaq məsafələri bir göz qırpımında aşa bilirsən.
- Alliterasiya da diqqət çəkir... A çayım, cimi çayım... Şeir bütövlümdə çay səsi verən ç, c səslərindən toxunub. Yazılıb yox, məhz toxunub. Öz təbirincə desək, səslərdən xalı toxuyub, səsi şeirə çəkib.
- Bu hadisədə zənnimcə, ustalıq, peşəkarlıqla, bilməməzlik qovuşuq halındadır, bayaq dediyiniz, Ələsgərə və klassik şeirə yaxınlıq da bu sıradandır. Yəni, ilahi nəfəs və peşəkarlıq, ikisi bir köynəkdə....
- Bütün orijinallığına rəğmən intonasiyasına görə Əli Kərimə ən yaxın şairdir, məncə...
- Əli Kərim Füzuli haqqında şeirdə deyirdi ki, dünya səni qocaltdı, yaşıdın olsun deyə... Ələkbər bunu bilirdi, onu ikinci dəfə qətiyyən təkrar eləməzdi, lap başqa bir formada olsa belə. O belə deyə bilərdi:
Elə sənsiz də, bala,
Babəkdi Babək,
Nizamidi Nizami,
Füzuli də Füzulidi.
...Yaxşı,
bəs sən?
Nə işin yiyəsisən?
Şam başında pərvanə,
gün böyründə kölgəsənmi?
Kimsən?
Nəsən?
Babəkin nəyisən?
Nizaminin, Nəsiminin
Füzulinin kimisən?
- Ayın mötərizə vaxtı... Bu nə bənzətmədir? Heyranlıq doğurur...
- Bu ifadə şeirə gətirilən kimi hamı "bu ki məlumdur" deyə bilər. Amma Ələkbərin işlətdiyi ifadə bu təəssüratdan yan keçmək üçündür, diqqəti başqa mətləblərə yönəltmək üçündür.
- Bəzən bənzətməni ədəbiyyatda məqsədə çevirirlər. Nəyisə nəyəsə oxşatdınsa, hər şey bitdi. Bu mənada Ələkbər müəllimin yaradıcılığında bənzətmə əsas axara, ideyaya xidmət edən vasitədir, amma həm də elə məqsədin özüdür.
- Şeirdə, poetik mətndə görünən şey... artıq ustalıq əlamətidir. Sözü xam material kimi əridib, sərf edib görüntü yaratmaq sadə məsələ deyildir. Bu mənada Ələkbərin şeirində müxtəlif və fərqli lövhələr bir-birini əvəz edir, sən gözlərini ayırmadan bu lövhələrə tamaşa edirsən, danışmaq, söz demək, müşahidə etdiklərin barədə fikrini bildirmək yadından çıxır, hətta dilin olması da... Onun poetik sistemində metafora "illüziyası" ilə metonimiya görüntüsü bir əldə elə ustalıqla birləşir ki, susmalı və daxildən güclə gələn səsə qulaq asmalı olursan, o səs min illərdən sonra eşidilmə məsafəsində üzə çıxana qədər...
- Poemaları 80-ci illər üçün ənənəvi dava, kənd, insan təmizliyi mövzusunda olsa da fərqlidir...
- Poemalarında onun bir şair kimi nəfəs genişliyi və ümumiyyətlə poetik imkanları əksini tapıb. Bu poemalar araşdırılmayıb. Təəssüf...
- Sizcə, bu şeirlərin populyar olmasına, tanınmasına nə mane olur?
- Bu şeirlərdə populyarlıq azarı və dozası qətiyyən yoxdu. Xalis ədəbiyyatdı.
- Həm də maraqlı redaktor idi. “Ulduz”da işlədi, “Qobustan”da işlədi.
- Ümumiyyətlə, Ələkbər Salahzadə redaktor zövqü və vicdanlı əməyi ilə seçilən insan idi. Bir-birinə oxşayan insanlar içində tək yaşamaq zülümdü...
- Damağından da siqaret əskik olmazdı. Gənclər zarafatca ona Prometey Ələkbər deyirdilər. Hərdən mənə elə gəlirdi ki, siqareti damağından danışmamaq üçün yerə qoymur.
- Mən bilmirəm, siqareti damağından niyə yerə qoymurdu. Qəribə təbəssümü vardı, bütün sözləri əvəz eləyirdi. Onun təbəssümü ilə Əli Kərim təbəssümü arasında şübhəsiz ki, əlaqə vardı.
- Niyə susurdu? Danışsa, onu da hamı tanıyardı, bəlkə...
- Yox. Bir-birinə oxşayan insanların içində yaşamaqdan əzab çəkirdi. Sözə, elə danışmağa da vicdanla yanaşardı. Onun xasiyyətində israfçılıq yox idi.
- Son olaraq Ələkbər müəllimi oxuculara necə tapşırardınız?
Ələkbər Salahzadə bu günlərdən ötüb keçmiş gələcəyin şairidir. Bu poeziyanın divarına möhkəm daş kimi hörülən bənzərsiz bir şairdir.
2016