Kulis.az bu yaxınlarda “Getmə...” adlı romanı çap olunan tanınmış yazar İlqar Rəsulla kitab barədə söhbəti təqdim edir.
- İlqar bəy, bir daha romanın nəşri və ilk gündən reaksiya doğurması münasibəti ilə sizi təbrik edirik. İlk sualımızsa budur: Həmid niyə hamıdan gedir? Onu bu küskünlüyə, bu tərkidünyalığa vadar edən nədir?
- Təşəkkür edirəm təbrikə və xoş sözlərə görə! Həmidin getməsinə gəlincə, adam sadəcə öz mühitində, cəmiyyətində və zamanında yad olur. Təfəkküründə, düşüncəsində çox irəli getmiş adamların əksəriyyəti belə olur əslində. Həmid heç kimdən küsmür. Hamını yoxlayıb tam əmin olandan sonra öz mühitinə, cəmiyyətinə və ən başlıcası zamanına gedir.
- Bəs Fikrət niyə bu fədakarlığı edir? Düzdür, bu fədakarlıq əsərdə qismən açılır... Əsmər onun ilk həyat yoldaşı olan yəhudi qadına bənzəyir...
- Məncə qismən yox, tam açılır. Əslində, Fikrət elə çox da fədakarlıq etmir. O, sadəcə Avropada formalaşmış, müasir təfəkkürlü alicənab bir adamdır. Anlayışlı olmaq onun həyat tərzidir. Əsmərə münasibətdə o, bir tərəfdən özünün mənəvi ehtiyacını ödəyirsə, digər tərəfdən də insanlıq borcunu yerinə yetirir.
- Həmid nə qədər İlqar Rəsuldur? Jurnalist... Eynək... Yaş məsələsi... Və anasının adı... Bu biz tutduğumuz nüanslardır. Bəs tuta bilmədiyimiz daha nələr var?
- Əslində bütün əsər müəllifin düşüncəsinin, dünya görüşünün, hadisələrə, zamana və məkana münasibətinin məhsuludur. Təkcə Həmid yox, bütün obrazlarda İlqar Rəsuldan nəsə var. Amma əlbəttə ki, bu məsələdə Həmid və bomj xeyli üstünlük təşkil edirlər. Əsas olanları tutmusunuz. Əlavə deyə bilərəm ki, Biləcəri qəbiristanlığında həqiqətən də romandakı qəbirlərdən biri var və Biləcəri stansiyasından qatarlar yola düşür (gülür).
- Ümumiyyətlə, evliykən sevməyə necə baxırsınız?
- Əgər söhbət necə baxmaqdan gedirsə, evliykən sevməyə yaxşı baxmıram. Bunun "niyə?"si romanda izah edilib.
- Yazıçılıq həm də yeri gələndə obrazlarını müdafiə edə bilməkdir. Həmidin belə gözlənilməz və amansız gedişinə necə haqq qazandırarsan?
- Bilmirəm o haqlı idi, ya yox. Çünki adamın gedişi birbaşa məndən asılı olmayıb. Mən özüm də Əsmərlə bərabər onu axtarırdım roman yazılarkən. Amma həyatdır, zərurət yaranarsa, həlledici anda mən özüm də hamıdan və hər yerdən getməyin tərəfdarıyam.
- Sizcə, romanda didaktik nüanslar, yəni tərbiyə vermək, öyrətmək istəyi bir az qabarıq deyil ki?
- Bəlkə də əsərdə qabarıqdır bu nüanslar. Amma istisna etmirəm ki, bizim ədəbiyyatda, konkret desək son dövr romanlarımızda bu məsələdə aşırı kasadlıq olduğu üçün "Getmə..."də sözügedən nüanslar qabarıq görünə də bilər.
- Qatar və qadın deyəndə ilk yada düşən Anna Kareninadır. Əsmərlə Anna arasında nə dərəcədə analogiya var?
- Mənimlə Tolstoy arasında olan qədər (gülür).
- Sevən qadın doğrudanmı bu qədər əlacsız və kimsəsizdir?
- Sevgi kişiyə, qadına baxmır məncə. Əsarətinə saldığı hər kəsi, nəinki əlacsız və kimsəsiz, hətta rəzil də edə bilir.
- Şair nəsri deyilən bir anlayış var. Sizcə, jurnalist nəsri anlayışı da varmı? Və “Getmə...” romanı nə qədər publisistdir?
- Jurnalistikanı pis bilməyən biri olaraq deyim ki, belə bir nəsr eşitməmişəm. Jurnalist mətni var. Və bu mətn ədəbi mətnlərdən bir sıra parametrlərinə görə xeyli fərqlidir. Yəni informativlik, lakoniklik, sadəlik və s. dən gedir söhbət. Publisistikaya gəlincə, hə, bu, çox ciddi sahədir. Yəni çox adam jurnalist ola bilir, çox adam yazıçı ola bilir, amma hər kəs publisist ola bilmir. Çünki publisistika "nə dedi" ilə paralel həm də "necə dedi" məsələsini ideal şəkildə həll edir. İkisi bir arada olur yəni. Ədəbi mətndə publisistika elementləri əlbəttə ki, şərt deyil. Olmadısa, heç kim onun elementlərini axtarmır, çatışmadığını ağlına gətirmir. Çünki ədəbi mətnin belə bir tələbi yoxdur. Amma olması da zərər gətirmir. Düzdür, bəzən qınaq olaraq deyirlər ki, filan mətn ədəbiyyat deyil, publisistikadır-filan. Amma məncə bunları paralel aparmaq da hər yazıçının bacarmadığı işdir. Ədəbi mətndə publisistika o vaxt qəbahət, yersiz sayıla bilər ki, mətnin özü oxucuya heç nə deyə bilməsin, əsərin mahiyyəti oxucuya heç nə verməsin. Yəni müəllif oxucunu publisistikanın hesabına cəlb etmək istəsin.
- Romanda situasiyanı göstərməkdən çox danışma, nağıl etmə var. Məsələn, adamın ziyalı, kübar və yaxşı adam olduğunu göstərmək varkən siz onu birbaşa deyirsiniz. Bu, məqsədli belədir, yoxsa?
- Əslində bu, hadisə, təsvir romanından daha çox fikir, düşüncə romanıdır. Amma belə də ki, mənim üçün oxucuya hər kəsin ayrıca necə olduğunu göstərməkdənsə (göstərilənlər də az olmadığı halda), hər kəsin sonunun necə olduğunu göstərmək daha önəmlidir. Romanda əsas detalların hamısı həllini tapır, bildiyim qədər.
- Sizcə, Əsmər çox sentimental deyil ki?
- Bəlkə də elədi. Amma dedim axı, belə məsələləri mən həll etmirdim romanı yazarkən. Məsələn, mən heç istəmirdim bomjun aqibətinin elə olmasını. Əsmərin bəzi hərəkətləri hətta məndə ikrah da doğururdu. Amma mane ola bilmədim. Düzü heç istəməzdim də mane olum.
- “Getmə” romanını çağdaş nəsrimizn harasında görürsünüz?
- Hə, bu ağır suladı (gülür). Əslində müşahidələrimə əsasən deyə bilərəm ki, çağdaş nəsrimiz hələ ki, dünya ədəbiyyatı yarada bilmir. Yaxşı romanlar yazılır, əlbəttə, amma miqyas o deyil hələ ki. Kimlərsə mütaliənin hesabına nəsə etmək istəyirlər, kimlərsə hansısa əsərin strukturu üzərində öz süjetini qurmağa cəhd edirlər, yəni imitasiya daha çoxdur. İstedadlılarımızın da bəzi hallarda çağdaş dünyagörüşü tam formalaşmayıb. O hesabla "Getmə..."nin hansısa əsərdən çəkinəcəyini düşünmürəm. Yəni ortada olan romanların biridir, məncə. Amma ilk və ya son necəlikdədir? Bunu əlbəttə ki, oxucu deyə bilər. Mənə maraqlı idi ki, romanı oxuyan onun təsirinə düşə biləcək, ya yox (çünki çağdaş ədəbiyyatımızda bu məsələdə də kasadlıq var). Reaksiyalardan anlayıram ki, bu effekt var.