25 dəqiqəyə “Sergi ata”nı necə oxumaq olar? – ARAŞDIRMA

25 dəqiqəyə “Sergi ata”nı necə oxumaq olar? – ARAŞDIRMA
12 yanvar 2016
# 16:00

Həyat tempi artdıqca mütaliəyə vaxt azalır. Amma buna baxmayaraq insanların oxuma istəyi qalmaqda davam edir. Normal insan isə dəqiqədə 200 sözdən artıq oxu bilmir. Bəs nə etməli, oxu sürətini necə artırmalı?

Araşdırmalar göstərir ki, insanlar müəyyən vərdişlərə yiyələnməklə oxuma sürətlərini artıra bilərlər. Bu sürət dəqiqədə 600 sözə qədər qaldırıla bilər. Gəlin konkret misalla deyək ki, daha aydın olsun. Məsələn, dəqiqəyə 600 söz oxumaq qabiliyyətinə yiyələnmək o deməkdir ki, siz Lev Tolstoyun “Sergi ata” əsərini 20-25 dəqiqəyə oxuya bilərsiz.

Düzdür, sürətli oxu vərdişləri sayəsində dəqiqədə 800, hətta 1000 söz də oxumaq mümkündür. Ancaq araşdırmaçılar qeyd edirlər ki, sürət artdıqca mətni başa düşmək səviyyəsi də aşağı düşür. Belələri mətni oxumaqdan çox ona “göz atırlar.”

Tarixə qısa ekskurs

Sürətli oxunun əsasında fransız həkim-oftolmoloq Emil Javalın araşdırmaları dayanır. O, 1878-ci ildə müəyyənləşdirir ki, insan gözü qısa fasilələrlə hərəkət edir. Bir sətri oxuyarkən göz hər işarədən sonra deyil, üç-dörd işarədən bir pauza verir. Araşdırmalar göstərdi ki, gözün görmə dairəsi bizə məlum olandan çoxdur. 1894-cü ildə isə sürətli oxunun üstünlükləri haqqında ilk məqalə dərc olunur. Kütləvi təhsilin artması ilə birlikdə sürətli oxuya maraq da artır. İlk sürətli oxuma kursu 1925-ci ildə ABŞ-ın Sirakuza universitetində təşkil olunur.

Keçmiş SSRİ-də də sürətli oxuya maraq var idi. Bu sahədə araşdırmalar aparılır, onun yollarını öyrədən kitablar çap olunurdu.

Necə sürətli oxuyaq?

Bəzi insanlar anadangəlmə sürətli oxumaq qabiliyyətinə malik olurlar. Yəqin ki, tarixi şəxsiyyətlərin bir çoxunun belə qabiliyyətinin olması barədə eşitmisiniz. Təəssüf ki, bir çoxumuz bu “pay”dan məhrumuq. Amma bu o demək deyil ki, bu vərdişə yiyələnə bilmərik. Bunun üçün bəzi vərdişləri əldə etmək lazımdır.

Sürətli oxuma üçün ən böyük maneə sözləri ürəyimizdə tələffüz etməyimizdir. Buna başqa adla subvokalizasiya da deyirlər. Bəziləri hətta sözləri astadan tələffüz edirlər. Bu isə normal oxu vərdişi sayılmır. Əgər oxuduqca sözləri ürəyimizdə təkrar etmək vərdişini qarşısını ala bilsək, oxuma sürətimiz də artar. Bunun üçün ən yaxşı məşq mütaliə zamanı saqqız çeynəməkdir. Bu zaman biz sözləri təkrar edə bilmirik və daha sürətli oxumağa başlayırıq. Saqqızla məşqlər nəticəsində biz sözləri ürəyimizdə tələffüz etməkdən yaxa qurtara bilərik. Subvokalizasiyadan yaxa qurtarmaq üçün başqa məşqlər təklif edənlər də var; məsələn, oxuyarkən şeir, yanıltmac, atalar sözləri söyləmək, 20-ə qədər saymaq və sair.

Mütaliə zamanı ən vacib elementlərdən biri də diqqəti cəmləməkdir. Diqqəti oxuduğunun mətnə cəmləyəndə və özünüzü ətraf aləmdən təcrid etdiyiniz təqdirdə oxuma da sürətlənir. Bunun üçün xüsusi məşqləri yerinə yetirmək lazımdır.

Sürətli oxu üçün göz məşqləri də vacibdir. Gözümüz sətirdə nə qədər çox söz görürsə o qədər sürətli oxuyuruq. Göz qavrayışının genişlənməsi üçün müxtəlif məşqlər aparılır (Şult cədvəli), bunun nəticəsində gözün qavrama qabiliyyəti böyüyür. Mütaliə zamanı sətri bütöv görməyə çalışmaq lazımdır. Bu vərdişi əldə etmək üçün qəzet oxumaq ən yaxşı vasitədir.

Unutmaq lazım deyil: Biz mütaliə zamanı adətən sözlərin səsini duymağa çalışırıq. Ona görə də ürəyimizdə təkrar edirik. Sürətli oxumada isə biz bu ənənəvi vərdişi unutmalı, sözləri “görməyə” çalışmalı, onlara şəkil kimi yanaşmalıyıq. Gözümüz sözləri oxuyarkən bir sətirdə nə qədər az pauza verir və sətrin nə qədərini görə bilirsə o qədər də sürətli oxuya bilirik.

Yuxarıda dediyimiz kimi oxuma sürəti artdıqca mətni qavrama səviyyəsi də artır. Buna görə də mətnlərdən asılı olaraq onun sürəti, oxuma növü də dəyişir. Adətən yüngül ədəbiyyat, qəzet və jurnal oxuyarkən sürətli oxunun “üzdən oxuma”, “ göz atmaq” kimi növlərindən istifadə olunur. Bu zaman mətndə əsas açar sözlər tapılır, əsas tezislər qavranılır. Bu vərdişlərin inkişafı üçün də müəyyən məşqlər var ki, buna yiyələndiyiniz təqdirdə siz mətnin müəyyən bir hissəsini oxumaqla onun ümumi məzmunu anlaya biləcəksiz.

Müasir dövrdə təkcə kağız vasitələrdən deyil, elektron vasitələrdən də sürətli oxumağın yolları öyrənilir, müəyyən tətəbiqlər, proqramlar hazırlanır. Ənənəvi kağız kitabların, qəzet-dərgilərin yerini elektron kitabların, medianın tutduğu bir dövrdə bu proqramlar olduqca gərəkli, lazımlıdır.

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #