Sənsiz günəş gecikər - Elnarə Akimova poeziyadan yazır...

Sənsiz günəş gecikər - <span style="color:red;">Elnarə Akimova poeziyadan yazır...
18 iyul 2016
# 11:30

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Səni axtarıram, poeziya!” silsiləsindən üçünü məqaləni təqdim edir.

Birinci məqalə burda

İkinci məqalə burda

Sevgi mövzusu

Çağdaş poeziyada dominant nüanslardan biri sevgi mövzusunun modifikasiyaya uğramasıdır. Buna da zamanın ardınca gətirdiyi xaos tipizasiyasının bir üzü deyəkmi? Dünya ilə bağları qırılmış çağdaş insanın sevgiyə münasibətində də köklü dəyişiklik baş verməkdədir. Bir vaxtlar sevgiyə və sevgiliyə verilən dəyərin ölçüsü bu qədər səmimi və ülvi idi...

Yanına gəlib

“sevirəm” desəm sənə

inanma, aldanma,

qov məni qapından biryolluq.

Vaqif Səmədoğlu yalnız Sözə aşina olduğundan, sözə bağlılığını qoruduğundan ikinci bir “sevgiliyə” həyatında yer ayırmaqda çətinlik çəkirdi. Bəlkə də sözə bəslədiyi ifrat sevginin bəndəyə olan sevgisini kölgə altına qoyacağından ehtiyat edir, kimsənin inamının sarsılmasına qıymırdı. Yaxud digər şairlərin yaradıcılığındakı poetik “mən” bu gün hansı ovqatın daşıyısıcı kimi təsnif oluna bilir? Vurğunluq... Bu mövqe, sevginin öz ali məqamından enmə zolağı üzrə hərəkəti poeziyamıza ilk dəfə 90-cı illərdən, Salamın şeirləri ilə adlayır. Digər mövzularda olduğu kimi, bu mövzuda da şair köhnəliklə yeniliyin yolayrıcı olmaq missiyasından çıxış edirdi:

Sən kimsən ay qız, belə

Qarış-qarış gəlirsən?!

Bir vaxt Tanrı gələrdin,

indi Tanış gəlirsən.

“Bir vaxt Tanrı gələrdin/İndi Tanış gəlirsən”... deyərkən şair bəlkə özü də bilmədən öncəgörənlik edir, sevginin dünəni və sabahı arasında fərqin enmə zolağının trayektoriyasını dəqiq cızırdı. Nədən ki, məhz bu dönəmdən başlayaraq poeziyada sevgiyə müraciətlərdə sevgidən çox sevgi effekti yaradılırdı. Bu yeni dövr poeziyasının yeni qəhrəmanları, yeni yanaşmaları, yeni sevgi jestləri, ədaları ilə də ilk tanışlığı idi. Müasir poeziya nümunələrində bu düşüncə artıq gücləndiyini bəlli edir. Çağdaşımız olan qəhrəman görün nə deyir?

bizim gecə bildiyimiz,
yağmurlu səhər imiş...
bizim sevgimiz demə,
bu yatağa qədərmiş...

hamıda səni gördüm,
inandım çoxluğuna.
bu gecə seçim etdim,
səs verdim yoxluğuna...
(Mahir Mehdi)

Təzadlı olan nədir? Deyək ki, 70-80-ci illərin lirik qəhrəmanı dünya düzənində tarazlıq pozulanda, xaos astanasında onunla yenidən dialoqa girməyə çıxış yolları axtarır, məntiqli olaraq şərə xeyirlə - ağrılara, məşəqqətlərə sevgi ilə cavab verməyə cəhd edirdi. Ə.Kərimin “qayıt səhmana sal bu kainatı” - misrasını xatırlayırsınızmi?! Şair üçün dünya, kainat özü sevgidən başlayırdı. Sevgilinin tərk edib getdiyi dünyanın özü şair gözündə viran, darmadağın idi. Yaxud B.Vahabzadənin bu misraları: “Sən varsan, dünyamda hər şey var mənim./Yoxluğun dünyamı boşaldar mənim”, – dünyanı dəyişmək, rənginə-rəngarəngliyinə qaytarmaq üçün sevmək lazımdır. Bu qədər sadə, tipik Şərq üsulu, Füzuli fəlsəfəsi! Sevmirsənsə, demək ki, dünya səndən keçmir, sevirsənsə artıq dünya yaratmış kimisən. Bu gün də poeziyada məhəbbətin melanxolik çözümündən, ülvi məhəbbət duyğusallığından tutmuş intim-bioloji çalarlara, epataj səciyyəyə qədər hər növ mövqenin olduğunu görərik. Hətta V.Bəhmənli kimi gəncliyin(in) “dəli söz”ünü geridə buraxan şair təsəvvürlərində belə sevgi anlamı modifikasiyaya uğramış görünür:

Əcəli dəhlizdən otağa qədər,

təşnəsi dodaqdan dodağa qədər...

Əzilib qəhr olur yataqdan sonra –

məhəbbət yaşayır... yatağa qədər!

Gənclərin şeirlərində bu tendensensiya daha qabarıq, yüngül oyun havasındadır. Fərid Həsənzadənin, Emin Pirinin ötən il çap olunan əksər şeirləri tam gənclik illərinin gətirdiyi macəra-sərgüzəşt çözümləri, coşğu və əylənmək sevdası, psevdo aşiqlik görüntüsü ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cızmaq imkanı yaradır, şeirləri bir növ romantik uslubla postmodern həzzin təmas nöqtəsi kimi doğulur. Çağdaş poeziyanın əksər nümayəndələri sevgi mövzusuna belə yanaşır:

Nə olsun ki, yanaşıram

adın bilmədiklərimə

Mən şeir yazmıram, xanım,

dadın bilmədiklərimə .

yaxud:

Gözlərinə xəbər göndər,

Yollarıma dikilsin.

Sənə tərəf gəlirəm,

Ərinə de, çəkilsin... (Emin Piri)

Əks mövqenin təmsilçiləri də var. Ötən il Elxan Yurdoğlu, Mətləb Ağa, Əhməd Qəşəmoğlu, Tapdıq Türksoy, Anar Amin, Əli Nəcəfxanlının sevgi mövzusunda yazdığı şeirlərdə, birbaşa sevgi mövzusuna köklənən R. Behrudinin “Bir dəli ayrılıq kimi”, R.Məcidin “Bir də gəlməyəcək”, K.Hacının “Uzaqdasan, soyuqdur” kitablarında sevgi duyumu əvvəlki kimi həzin, kövrək notlar üzərindədir. Amma hansı poetik istedadda mövzunun ifadə çalarlarına varılıb, bu, artıq incələnmə tələb edən amildir.

R.Behrudidə sevgiyə münasibət onu mənəvi tapınma, estetik dəyər və gözəllik səviyyəsində dərk etmək niyyəti ilə bağlıdır:

Elə ayrılıq da, vüsal da səndə,

Tanrısan, bəndəsən, de axı kimsən?!

Sən mənim ən həzin, kədərli nəğməm,

Sən mənim eşq adlı dəliliyimsən.

Kənan Hacının kitabındakı şeirlər yalnız sevgi rübabı üstə köklənsə də, bu şeirlərdə canlı hərəkət stixiyası yaradan intonasiya yoxdur, mövzuya baxış, ifadə və mənalanma üsulu sevgi ilə bağlı duyumun yaddaşını tərpətmir. Sevgini bəlirtmək, yaşanan duyğusallığı ehtiva eləmək əvəzinə, müəllif sanki sevgi effekti yaradır.

Arzuların qanadından
atılmışam ümid adlı boşluğa,
açılmır paraşütüm,
hər tərəf ayrılıqdı,
hər tərəf göz yaşıdı,
mən hansı səmtə düşüm?!..

Şəhriyar del Geraninin “Darıxmağın adı” kitabında sevgi aparıcı obraz olan darıxmağın nəşət tapdığı səbəblərdən biri kimi mənalanır. Maraqlıdır ki, müəllifin ənənəvi formalarını, obraz, deyim və intonasiya ədasını dağıtdığı, yenidən söküb-yığdığı şeir məkanında sevgi ilə bağlı məqamlar məhvərindən oynamadan, “yaşama gücü” olmaq statusundadır:

Və sənsiz günəş gecikər,
Aydınlanmaz sabahlar
Azan səsinə diksinər
Bu şəhərdə günahlar
Bu səhər də başağrısı
Soyuq içki, darıxmaq.
Bircə quru zəngin gələ
Deyəsən ki, darıxma...
(Şəhriyar)

Əhməd Qəşəmoğluda da sevgi dünya ilə dialoqun, daxili müvazinəti qorumağın başlıca, bəlkə də yeganə səbəbidir:

yer üzünün qocaları,

cavanları səksəkəli,

hər tərəfdə gör nə qədər

avara, dilənçi, dəli.

sən bu dumanın içində

ilahi mələk kimisən,

küsdüyüm bu dünya ilə

barışdırırsan məni sən.

Mətləb Ağanın “Sevgi şeirləri”ndə insan duyğuları təbiətlə harmonik təqdim olunur, onlardakı bədii detallar, poetik sonluqlar fərdi intonasiyanın əlaməti kimi mənalana bilir:

Səhər sənlə açılır,

gün batır sən tərəfdən...

nə yazsam, sən çıxırsan

otuz iki hərfdən

...bir tək sənə yaraşır

bu yay bütün geyimlər...

nə oxusam sən haqda;

hekayələr, şeirlər...

baxıram - hər yerdəsən,

sənsən bu boyda ölkə...

elə o əsən külək,

ya da bu isti bəlkə...

Buna baxmayaraq, yuxarıda qeyd elədiyim nümunələr də poeziyamızda az yeri çevrələmirlər və düşünürəm ki, bəlkə poeziyamızda 90-cı illərdən başlayaraq güclənən və ayrıca çalar olaraq qabaran feminen təmayülün başlıca nədəni bununla əlaqədardır? Sevgiyə, sevgiliyə verilən dəyərin modifikasiyaya uğramasıdır əsas səbəb? Dəyərinin gözdən düşdüyü yerdə məhz, qadın başlanğıcı önə çıxır, öz mənliyini, müəyyənliyini, varlığını qorumaq üçün özü özünə, duyğularına sahiblənməyə çalışır. Ötən il çap olunan qadın yazarlarımızın şeirləri çoxdan sabitləşmiş qadın təmayülünün yeni dalğası kimi qabarır. Afaq Şıxlının “Sənə demədiklərim”, Arzu Hüseynin “Sonu əlvida”, Cahan Gülsünün “Gəl, apar özünü” adlı şeir kitabları, Nisə Bəyimin, Narıngülün, Hədiyyə Şəfaqətin, Günel Şamilqızının, Nuranə Nurun, Afaq Şıxlının, Aybəniz Əliyarın şeirlərində qadın yaşamının ekzistensiyası yaradılır, üst qatda ülviliyini itirmiş sevgi anlamının yeni durumuna etiraz, alt qatda həzin, kövrək qadın dünyası. Bu qadınların şeirlərində yaradılan sevgi tablosu əhatəli və zəngindir, hər şey sevən bir ürəyin həssaslıqla təqib qıldığı həyat lövhələri kimi mənalanır.

Arzu Hüseynin “Sonu əlvida” kitabındakı əksər şeirlər sevgi mövzusundadır. Bir az N.Kəsəmənli ahənginin, intonasiyasının təsiri duyulsa da bu şeirlərdə sevən qadın ürəyinin ahəngi, duyumu ehtiva olunur və buradakı sevgi bütün hallarda ali səviyyədə qərar tutan sadiqlik, bağlılıq hissinin ifadəsi kimi orijinaldır.

Hanı dodağının dadı əzizim?

Hanı əllərinin odu əzizim?

İsidib özgəni, yadı əzizim,

Qayıdıb gəlmisən yanıma qəmli,

Ürəyi yaralı, kirpiyi nəmli.

***

Heç kim sənə bənzəmir, bənzərinə alışam.

Ya da təsəlli olsun, yox o da sən deyilsən.

Mən bu yetim ürəyi yollarına atmışam,

Sən onu görəcəksən bir az yerə əyilsən.

Başqası sən deyilsən.

Cahan Gülsünün şeir­lərin­də məna variasiyaları arasındakı rabitə, versifikasiyadan qaçınma cəhdləri gənc müəllifin uğuru kimi dəyərləndirilməlidir. Həzin, kövrək duyumla sevgi yaşamlarını bəlirtən bu misralarda intonasiya yekrəngliyi ilə rastlaşmırıq.

Nə qədər gözləyim, nə qədər səni?!

Bəlkə heç gəlmədin bir ömür boyu.

Nə qədər gizləyim, nə qədər səni,

Nə qədər qoruyum bu soyuqluğu?!

Daha ağlamağa gücüm qalmayıb,

Allah da yorulur yağışlarından.

Mən də yorulmuşam, Allahın haqqı,

Gəl apar özünü baxışlarımdan...

Nuranə Nurun sevgi dünyası emosional çalarlarla zəngindir, fərqli duyum və səslə ifadə olunur, lirik ahəng burada şairənin fikirlərinin həssas təsirini tamamlayan əsas amilə çevrilir. Şairə duyğularını yaratdığı poetik təzadla qüvvətləndirərək obrazlı düşüncənin ifadə çalarının artırılmasına yol açır:

Darıxmaq kimidir hər şey

Günüm də, mənim günümdə

Bu gün deyə bilməmişəm,

Adın islanıb dilimdə.

Nisə Bəyim Ə.Kərim şeirindəki kimi, “dünya səhmanı”nın səbəbi, mənəvi-ruhsal qatdakı harmoniyanın təməli kimi yanaşır sevgiyə:

Sənədək hər şeyin ölçüsü vardı,

Səndən sonrasının mizanı nəydi?

Baxtın bir üzünə sən yiyələndin,

O biri üzünü yoxluğun əydi...

Afaq Şıxlının şeirlərində əks cincdən narazılıq bütün həyatdan küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qədər loyal mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayəti, bəxtsiz qadın taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəqqətinin gücü savaşa deyil, sevməyə və ona qarşı olanlara etiraza çatır:

Mən oyuncaq deyiləm –

Mənə evcik qurasan,

Nə vaxt kefin istəsə

Açarımı burasan!

Mən oyuncaq deyiləm –

Alıb kama çatasan,

Yorulanda, bezəndə

Bir bucağa atasan!

Şeirdəki qadın özünə, təbəddülata uğramış ali məqamına qarşı üsyankar ruhdadır. Şeirlərdəki zəif nöqtə də elə bu məqamla bağlıdır. Daha çox hissin çözümü müəllifə duyğularını gərəyincə sərgiləyə bilən estetik səviyyəni qazanmağa mane olur. Bu fikir qadın azadlığına çağırış edən əksər şeirlər üçün xarakterik sayıla bilər. Düşüncələr daha çox publisistik tonda təqdim edilməyə tabe tutulduğundan şeirdəki estetik cazibə itir, poetik bütövlük hiss olunmur. Həyəcanın təsirinə o qədər aludə olurlar ki, müraciət formaları da öz uyarlığını itirərək ictimai pafosdan irəli gedə bilmir.

Amma əvvəldə qeyd etdiyimiz kimi, qadın yazarların belə hissləri mətnə gətirmələrinə əsas olan nədən də elə mövzuya yönələn kişi nəzərlərinin disharmoniyadan çıxış etməsindən qaynaqlanmırmı? Təbii ki, belədir. Bu yerdə... Hər cür yaşantılar - sızıltı, göz yaşı, kədər, məyusluğu dəf edib azadlığa, fərdiliyə can atmaq, zəriflik və gücsuzlük anlayışına üsyan edib, “qadınca” olmanın, davranmanın feminen yox, qürur nümunəsini vermək nümunəsi də poeziymızda rast gəlinəndir. Könül Həsənqulunun şeirində olduğu kimi:

Yastığı qucaqlayıb ağlamaq – mənlik deyil!

Bu qadınca hərəkət

Mənə gülünc gəlir.

Mən kədəri qucaqlayıb susuram.

Yeni dövrün “kədəri qucaqlayıb susan” qəhrəmanı... Bu haqda növbəti yazıda danışacağıq artıq. /“Ədəbiyyat qəzeti”/

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #