Bu yaxınlarda Həcc mövsümü başlayır. İnanclılar üçün Həcc ziyarətinin xüsusi əhəmiyyəti var. Çünki Həcc ziyarəti imkanı olan hər bir müsəlman üçün namaz, oruc kimi dini vəzifələrdən biridir. Buna görə də Həcc ziyarətinə getmək çoxlarının ən böyük arzularından biridir.
Bəs yazarlarımız necə, Həcc ziyarətinə getmək istəyərlərmi?
Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Seyran Səxavət: Ümumiyyətlə, mən səyahəti xoşlayıram. Bakıdan 30 km qırağa çıxandan sonra ürəyim rahat olur. Ərəb ölkələrində də olmuşam. Misirdə, Bağdadda. Bu ölkələr bir-birinə oxşayır, hamısı eynidir. Əmi uşağıdılar elə bil. Açığı, səyahət kimi də getməyə həvəsim yoxdur. Üstəlik elə imkanım da yoxdur. Özümü də keçmiş sovet balası kimi o qədər də pak hesab eləmirəm. Yeyib-içən adam olmuşam. Oranın tələb elədiyi çox şey məndə yoxdur. Mənəvi tərəflərlə yaxşıdır, ancaq qalanları həll olunmayıb. Həccə elə adam getməlidir ki, içindəki hazırlığı ilə maddi imkanları üst-üstə düşsün.
Səfər Alışarlı: Əlbəttə, istəyərdim. Mən Allahın böyük qüdrətinə inanan adamam. Amma bir məsələ var ki, hacı olandan sonra gərək müsəlman üçün Quranda yazılmış bütün vacibata əməl edəsən. Təəssüf ki, mən hələlik özümdə o gücü hiss etmirəm. Ona görə də imkanlarım daxilində insanlara yaxşılıq eləməyə, kimsənin xətrinə dəyməməyə, özümə qarşı hər hansı haqsızlığı bağışlamağa çalışıram. Allah günahlarımızı bağışlasın!
Nəriman Əbdürrəhmanlı: Yox, getmək istəməzdim. İmkanım olsa da getmərəm. Çünki müqəddəs ziyarətgaha mənən, həm də həyatdakı əməllərinlə hazır olmalısan. Mən Həcc səfərinə sərf eləyəcəyim pulu bir xəstənin müalicəsinə, yaxud beş-on imkansız ailənin balalarının məktəbə getmələrinə sərf eləyərdim. Məncə, bu Allah məqamında daha yaxşı qəbul olunar.
Aqşin Yenisey: Məni Həcc ziyarətinə ancaq o məşhur lətifədə danışıldığı kimi aparmaq olar. Neçə əsrdir xalqımızın ağsaqqalları, ağbirçəkləri, son illər hətta yeniyetmələri bu ziyarətə gedib-gəlir. Millət olaraq, dövlət olaraq ziyanlarından başqa nə xeyir görmüşük? Hamısı da biznesmendir, hansı xəstəxananı tikiblər? Xaricdə təhsil alan neçə övladımızın aqibəti ilə maraqlanıblar? Hansı məktəbə lazım olan avadanlıqları alıb bağışlayıblar? Bu adamlar öz inanclarına görə yox, öz keflərindən gedirlər ziyarətə. Ziyarətə getmək onlara motivasiya verir. Bu itaət onlara psixoloji xoşbəxtlik bəxş edir. Bizim onları, onların bizi anlaması qeyri-mümkün. Yüz Həcc ziyarətinə gedən eloğlumuzdansa, bu millətə bir alkaş riyaziyyat müəlliminin daha çox faydası var, mənim bir həci qədər pulum olsa, o içki düşkünü olan riyaziyyat müəllimlərini ziyarət edərəm, hansı ki, əyalətdəki uşaqların taleyi, xoşbəxtliyi uğrunda canlarından keçirlər kəndlərdə.
Etimad Başkeçid: Vaxtilə bu məsələ ilə bağlı belə bir şeir yazmışdım:
bəli, vaxt çatdı, vədə yetişdi,
zəvvarlar təzədən cəmləşdilər Məkkəyə,
çünki şərt belədir,
bundan münasib yer yoxdur
yer üzündə
axirət tarlasına dən səpməyə.
yenə keçənilki kimi oldu hər şey,
hər şey təzədən təkrarlandı…
şeytanı daşa tutarkən filan qədəri öldü,
filan qədər də yaralandı.
Allah vəkili Hacı Əhməd,
öz gözlərilə görmüş və bu hikmətə varmış -
vurhavur düşəndə sən demə, heç demə
şeytan da onlara daş atırmış…
Səmimi qəlbdən Allahına inanan, peyğəmbərin yolunu və dini qaydaları gözləyən insanlarla işim yoxdur. Ancaq öz həyatında bütün hoqqalardan çıxmış, küyə düşüb Ərəbistan çöllərini yağır eləyən adamların zəvvarlığı cənnətə rüşvətlə girmək sevdasından başqa bir şey deyil. Onları heç nə dayandırmır: nə acından ölən qonşusu, nə dünyanı başına götürmüş ədalətsizliklər, nə başqa bir şey. Özü də – televiziya görüntülərindən belə təəssürat yaranır – təəssüf ki, bu kütlənin mütləq əksəriyyətini məhz belə adamlar təşkil edir. Oxuduğunu, eşitdiyini hərfən uyğulamağa çalışan, metafora, məcaz kimi qavramlardan xəbərsiz olan adamlar. Allaha yaxınlaşmaq üçün, illah da, saqqal uzadıb, yollara düşmək lazım deyil, hər şey insanın özündən, öz evindən və həndəvərindən başlayır. Ona görə də, bankdan kredit götürüb və ya çalıb-çapıb Həccə getməkdənsə, bir yazığa, fağıra əl tutmaq, kiminsə işinə yaramaq daha böyük ibadətdir.
Fəxri Uğurlu: Hələ elə bil arzum olmayıb. Nə ziyarət kimi, nə də turist kimi.
Kənan Hacı: Sözün açığı, heç vaxt bu haqda düşünməmişəm. Xüsusən də haram pullarla gedib oraları da kirləyənlərə qarşı həmişə məndə ikrah hissi yaranıb. Mən məni yaradan Allahı müqəddəs sandığım uca Sözlə ziyarət edirəm. Sözün dərgahı mənimçün Allahın dərgahıdır.
Səbuhi Məmmədli: Düzdür, indiyədək, İordaniya, Suriya, İraq kimi ərəb ölkələrində olmuşam. Və bu ölkələrdə azərbaycanlıların ziyаrət etdiyi və müqəddəs saydığı şəhərləri də gəzmişəm. Amma həmin müqəddəs yerlər məni cəlb etməyib. Əksinə, geri itələyib. Həcc, daha dəqiqi Məkkə mənim üçün maraqlı deyil. Çünki o qara daşdan qorxuram. Aurası adamı geri itələyir. Amma tutaq ki, Romadakı Kolizey sanki gəl məni gör, gəz, bax deyir. Bilmirəm hansı hissimin mənə təlqin etdiyi fikirlərdi, amma İraqdakı Babil xarabalıqları mənə elə həmin ölkədəki Kərbəladan daha maraqlıdır.
Azad Qaradərili: Xeyir. Mənim atamın babası Kərbalayı Vəli Kərbala ziyarətində olub 20-ci yüzilliyin əvvəllərində. Özüm isə bir qələm adamı kimi daha vacib işlərlə məşğulam: romanlar, hekayələr, esselər yazıram, dərgi buraxıram. “Elm Çində də olsa onun ardınca gedin”, “Mənə bir hərf öyrədənə ömürlük qul olaram”, “Bir alimin qələmindən tökülən mürəkkəb min şəhidin qanından üstündür” deyən kişilər İslamı ağıl və məntiq əsasında, elmi təfəkkürə, ali yaradana söykənərək yaradıblar. Təəssüf ki, bugünkü Həcc ziyarəti də sadəcə bir biznesdir. Lap düzünü bilmək istəsəniz, mən özümü bu ziyarətə hazır bilmirəm. İnsanın daxili katarzisi, təmizlənməsi olmayınca o, bu böyük yola qədəm qoya bilməz.