İtlərin sahibi ilə sevişən kəndçi balası  - YENİ HEKAYƏ

İtlərin sahibi ilə sevişən kəndçi balası  - YENİ HEKAYƏ
17 avqust 2016
# 16:05

Kulis.Az Azad Qaradərəlinin “Qapı” hekayəsini təqdim edir.

- Boyun çatmır, - dedilər. – Düz on santimetr...

İş ondaydı ki, bunu deyən mayorun özünün boyu da hündür deyildi. Amma gəncin key-key mayorun üzünə baxdığını görən kadrlar idarəsinin rəisi elə bil onu əli ilə itələyib çölə salacaqdı:

- Nə gözünü döyürsən?! Burda boy həddi bir yetmiş beşdir, səndə isə bir altmış beş. Gedə bilərsən. Vsyo!

...Yadına evlərinin giriş qapısı düşdü. Kənddə hamının evinin giriş qapısı iki metr idi. Təkcə onların evlərinin qapısı bir altmış idi. Atası da, anası da, qardaş-bacıları da bu qapıdan əyilmədən keçə bilirdilər. Təkcə onun boyu bir qədər hündür olmuşdu. On birinci sinifdə oxuyanda artıq qapıdan əyilmədən keçə bilmirdi. Hətta başı bir neçə dəfə qapının üst çərçivəsinə dəyib şişmişdi. Oğlunun boyunu fərəhlə süzən ata üzünü göyə tutub şükür eləmişdi:

- Şükür kərəminə, ya irəb! Axır ki, bizim nəsildən də bir uzun boylu adam çıxdı...

“Uzun ha!.. Saleh kişinin yanında mən nəinki uzunam, hələ bəlkə ən gödəyin gödəyiyəm...” Saleh kişi kəndlərində ən hündür adam idi. Atası Saleh kişinin az qala qurşağında qalardı. Buna görə də Saleh kişi kəndin aralığına çıxan kimi atası Gödək Musa (kənddə hamı onu belə çağırırdı) aradan çıxırdı. Bir dəfə arvadına yanpörtü deyəndə eşitmişdi: “Az Sənəm, nə işdi bilmirəm, bu oğraş Salahı görəndə elə bil kişilikdən düşürəm.”

Mayorun oturan yerdə boyuna bir də göz yetirmiş, öz-özünə “özüm ölüm bı qırışmal mənnən də gödəhdi” deyib Mühafizə idarəsini tərk etmişdi.

Polis şöbəsində, Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsində, hətta Yanğınsöndürmə idarəsində də “boy”u çatmadığından onu işə götürməmişdilər. Əlacsız qalıb qul bazarı dedikləri yerdə - Maştağa yolunun üstündə boy-boya verib usta-fəhlə axtaran dəstəyə qoşulmuşdu. Burda, əslində qazanc pis olmurdu. Elə vaxt olurdu günə 20 manat qazana bilirdi. Di gəl ki, iş tapmaq müşkül idi. Bəzən iki-üç gün dalbadal bekar qalırdı. Bəzən də bir ay sərasər palçıq qatırdı, mişar daşı daşıyırdı.

İndi burda, tut ağacının kölgəsində oturub işçi axtaran gözləyə-gözləyə yadına həmin Mühafizə idarəsindəki “boy” əhvalatı düşmüşdü.

- Eyyy, səhərdən gözüm bir sağlam adam gəzir, döşümə yatan olmayıb... Nədənsə gözüm səni tutdu. Mənim küçüklərimə baxarsan?..

Sallama oturduğu daşın üstündən dik qalxdı, geydirmə cins şalvarının dalının tozunu əli ilə çırpıb qabağında dayanmış orta yaşlı qadına baxdı:

- Nə küçük? – dedi.

- Küçük də, küçük... İt balaları... Həyətimdə on beşəcən küçük var, onlara vaxtı-vaxtında baxmaq, yeməyini, suyunu vermək, altlarını qurulamaq... nə bilim axı... karoçi, baxmaq lazımdı onlara...

Ağzı açıla qalmışdı bu nənəm-nehrə qadının qabağında. Ha çalışsa da onun nə istədiyini kəsdirə bilmirdi. Handan-hana dilləndi:

- Sohra nə olcax?

- Nə sonra? Ayın başında pulunu alassan... Maaş verəcəm sənə...

- Mən itdən iyrənirəm eeeee... Üstləri də sarı-sarı itmir çəyiynən dolu olur... Amma bax deyirsən, baxaram... Sizin xatirinizə... – Son dediklərinə özünün də inanmağı gəlmədi. Qadına elə ərk elədi ki, guya yüz ilmiş tanıyırmış onu.

Qadınınsa oğlanın son sözləri deyəsən xoşuna gəlmişdi. Əlini onun çiyninə qoyub dedi:

- Hələlik sənə aya 300 manat verəcəm... Əyəm özünü yaxşı aparsan, maaşını qaldıracam... Hə... Gündə üş dəfə yeməyin mənnən olacax... Həyətimdəki otaqlardan birində istəsən, qala da bilərsən...

“Opppa!.. Canım Suraxanıdakı o zirzəmidən qurtarar. Zirzəmi cəhənnəmə e, o Zamirə arvadın dığ-dığınnan başım dincələr... Maaş da belə baxanda pis deyil ha... Gündəlik yeməyimi, yataq yerimi versə, doğru desəm, elə o üş yüzün hamısın da olmasa 250-sini dədəmə göndərrəm ki, maa aldığı torpaxda ikicə dördün dördə ev tiksin... Özü də tapşıraram qapısın qəlbi qoyar – düz iki metrə!...”

- Ədə, nə fikrə getdin? İstəmirsən gedim ayrı adam axtarım?

Arvad əlini onun çiynindən götürmüşdü artıq. O tez udquna-udquna dedi:

- Yooo... Niyə ki? Gedəy baxay... Küçüyə baxmaxdı dayna... Kənd uşağı dəyiləm?

***

Qadın özü sürdüyü maşının kondisionerini də qoşmuşdu, hərdən də zümzümə edir, sanki apardığı bu cavan oğlanın kefini açmağa çalışırdı.

- Heç soruşmadım, adın nədi? – qadın ağzında çeynədiyi saqqıza ara verib soruşdu.

- Adım Nəhmtdi, Nəhmət... Amma məktəbdə müəllimlər nədənsə Nemət deyirdilər...

- Neçiyəcən oxumusan?

- On biri qurtardım, amma hazırrığa verməyə dədəmin pulu olmadığına görə inistuta-zada girə bilmədim... Getdim əsgərliyə... İki il var əsgərlikdən gəlmişəm...

- Nemət, sən mənim bu bağdakı həyət-bacama da yaxşı baxsan, baa, gülləri, ağacları tez-tez sulasan, maaşını artıracıyam... Sənə yaxşı əyin-baş da alacam... Hələ istəsən, sənə bir mamlı-matan qız da taparam. Evlənərsən!.. – Qadın güzgüdə ona baxıb göz vurdu və maşının qazını basdı.

***

Düz on dörd küçük idi. Hərəsinin də öz yeri vardı. Zulyanın (qadının adı Zülfünaz idi, amma rəfiqələri, dostları onu belə çağırırdılar) dili ilə desək, bu “kletkalarda” onlara baxmaq asan idi. Ətlərini, sümüklərini, bir cür qoxusu gələn bərk yeməklərini, sularını elə burda verirdi. Ən çətin iş bu küçükləri gündə iki saat açıb həyətə buraxmaq idi. Onlar burda özlərini çox pis aparırdılar. Nisbətən böyüklər kiçikləri incidirdi. Mane olanda onun özünə də hücum edirdilər. Hətta bir dəfə Axmed Zinanı (Zülya itlərə adam adı qoymuşdu. Hətta bir qancıq küçüyünə öz adını vermişdi: Zülya) elə incitdi ki, Nemət araya girməli olanda pencəyinin qolundan dişi ilə tutub nə təhər dartdı ki, qolu didik-didik oldu. İncəvara, öz qoluna bir şey olmadı...

Və bir gün bir köpək küçük qancıq küçüyün dalını qucaqlayıb boynunu ağzına yığanda yenə araya girmək istəyirdi ki, ikinci mərtəbədən Zülyanın çığırtısı eşidildi:

- Neynirsən, adə?! Görmürsən onlar sevişirlər? Çəkil kənara...

Pörtüb-qızarmış Nemət Zülyanın bu küçüklərin bir-birinə atılmaqlarına belə ləzzətlə tamaşa eləməsinə baxa bilmədi – utandığından ölüb yerə girdi...

Qancıq küçüklərin kürsəyə gəldiyi günlərin birində Zülya həyətə düşdü. Erkək küçükləri qucağına aldı, başını tumarladı, öpdü, sığalladı, sonra Nemətə sarı gəlib qolunu onun boynuna saldı. Nemətin boynu yoğunluqda olan bu qol onun çiynini əydi. Sonra o qolun ucundakı barmaqlar Nemətin mil-mil köynəyinin düymələrini açıb qoynuna girdi. Uzun dırnaqlı bu barmaqlar oğlanın tüksüz sinəsində dolaşa-dolaşa qarnına, ordan da aşağı düşəndə Nemət əyilən kimi oldu – gədənin qıdığı gəlmişdi. Zülya da güldü, Nemət də. Sonra Zülya qəşş elədi və Neməti özünə tərəf çəkib dodaqlarından öpdü. Bir an dayanıb nə düşündüsə “hamamı qalamışam, get çim, sonra gəl yanıma” dedi.

O gecə Nemət Zülyanın qolları arasında yatdı...

***

Zülya bağa həftədə bir dəfə gəlirdi. Gələndə də az qala bir maşın yemək-içmək gətirirdi. Həm küçüklərin yeməyini, həm Nemətin. Əslində Nemətin yeyəcəkləri ilə küçüklərinkinin elə fərq yox idi. O da küçüklər kimi ət yeyirdi...

Hərdən itə baxan həkimlə, hərdən də qələmli-dəftərli, kameralı-fotoaparatlı şəxslərlə gəlirdi Zülya. Bu adamlar Zülyadan intervü alır, şəklini küçüklərlə birgə çəkirdilər. Bir dəfə də Nəhmətin də şəklini çəkdilər... Zülya danışanda təxminən belə sözlər işlətmişdi: “Bizim QHT heyvan haqlarına söykənir. Biz heyvanların haqlarının qoruyucusu kimi milli-mənəvi dəyərlərimizə arxalanırıq. Azərbaycan insanıyla itin dostluğu lap qədimlərə gedib çıxır. Əsahi-kəfin bizim diyarda olması təsadüfdürmü? Xeyir!..” Və sair belə-belə sözlər danışmış və öz işçisi, heyvan haqları üzrə ixtisaslaşmış sağ əli Neməti də qonaqlara təqdim etmişdi.

Elə məsələ ondan sonra pırtladı. Ölkənin tanınmış qəzetlərindən birində (bu qəzet əvvəllər siyasi materiallar verər, müxalifətin mitinqlərini işıqlandırardı, amma son vaxtlar bulvar qəzetinə dönmüş, gah şoulardan, gah heyvanlara konsert verən bir müğənnidən, toy manıslarından, itdən-pişikdən yazırdı) yuxarıda Zülyanın şəklini küçük qucağında, aşağıda isə Neməti küçüklərin arasında vermişdilər. İş ondaydı ki, bu qəzeti əyalətlərdə hələ də ciddi müxalifət qəzeti saydıqlarından oralarda əl-əl gəzirdi. Atası da hər gün aldığı bu qəzetin birini yenə almışdı və... Elə bu əhvalatdan sonra anası deyiklisi, xalası qızı Nəhayəti də götürüb Bakıya, ordan da bağa gəlmişdi. Uzun çək-çevirdən sonra Zülyadan iki günlüyünə icazə alıb bir aylıq maaşını da qabaqcadan götürüb anasıgillə rayona dönmüşüdü – anası demişdi ki, atan bərk xəstədir...

(Avtobusda gedə-gedə düşünürdü ki, atasına bir şey olsa, gərək Zülyanın yanından çıxıb qayıda kəndə. Zülyanın yanından çıxmaq isə o qədər də asan məsələ deyildi. Əvvala, orda işlədiyi bu səkkiz ayda hər ay 400 manat maaş almışdı – iki ay 300-dən versə də, sonra qaldırmışdı - və aldığının yarıdan çoxunu sanılı qoz kimi rayona göndərmişdi ki, atası onun üçün ev tiksin. Özü də hələ-həlbət, tapışırmışdı ki, atama deyin, evin qapısını qəlbi qoysun, həyətin darvazasını da gen eləsin ki, maşın-zad girə bilsin, bəlkə bizə də nə vaxtsa maşın almaq qismət oldu... İkinsisi, belə rahat iş yeri hardan tapacaqdı? Axşamacan kür-küçüklə oyna, gündə üç dəfə müftə ye... Üçüncüsü və ən əsası, azı həftədə bir dəfə - bəzən iki dəfə, baxırdı qadının bağa gəlməyinə - Zülyanın iri paçasının arasına gir... Bu üçüncü ki var, ən dəhşəti buydu, bundan qopmaq müşkül işdi... Belə şeyi o yalnız əsgərlikdə uşaqların telefonlarındakı seks səhnələrində görmüşdü... İndi burda, bu avtobusda anasına, deyiklisinə bunları necə anlatsın? Hətta onların yanında belə şeylər düşündüyü üçün qəfil qızarıb-pörtdü də).

Anası onu intizardan qurtarmışdı:

- Ədə, Nəhmət, mən saa bir az ayrı cürən danışmışam, qorxub-eləmə... Dədən namxuda tırp kimidi...

- Nə təri yanı?.. Bəs?! – O gah gözünü yerə dikən deyiklisinə, gah da anasına baxa-baxa qalmışdı.

- Day nə bəs? Göndəriyin pılın üstünü də düzəltdik, saa ev tikdik... İki göz ev. Kəllayı, dolay... Qabağı da eyvannnı... Hələ ubornusunacan... Qız da səni gözdüyür axı... Dediy toyuu eliyək... He-he-heeee...

- Bəs... – “küçüklər necə olsun” sözünü ağzından güclə qaytardı. – Bəs axı mənim işim-güjüm noolsun?

- Nə iş ə?! – arvad bozardı. Kəndimizdə yüzəcən it var, istəsən onnara baxarsan... He-he-he...

Daha danışmadı. Danışıb nə deyəsiydi ki...

***

Təzə evin həyət darvazası o qədər dar idi ki, nəinki maşın, heç at arabası da keçməzdi. Evin giriş qapısından keçəndə isə başı yuxarı çərçivəyə dəydi, “uff” eləyib yerə çökdü. Anası gülə-gülə ərinə baxdı:

- Ə, Mısa, dəən genə öz irazmeriıa qoymusan qapıyı?! He-he-he...

Atası da arvadına qoşulub gülməyə başladı.

...Hardasa küçük zingiltisi eşidilirdi.

5 iyul 2016

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #