Kulis.az gənc yazar Həmid Piriyevin “Göy qurşağının axırıncı rəngi” portret şeir-hekayələrini təqdim edir.
itirilmiş ömrün romantikası
adı Hacıydı amma bərk söyüş söyəndi
ağzını açdısa vur ağzının üstündən
hamını söyürdü
adam keçirdi söyürdü
qarğa uçurdu söyürdü
mən anadangəlmə Hacıyam deyirdi
ayın on sutkasını onuynan keçirtməyə məhkum idim
yığcam otaq idi iş yerimiz
iki metrənin üç metrəyə bəlkə də bir az balaca
hərdən axşamlar çaxır içirdik
mən cavanlıqda möhkəm içən olmuşam deyirdi
amma birinci stəkandan sonra dəm olurdu və danışırdı
danışırdı danışırdı
əvvəl əvvəl həyatını danışmışdı
yəni olan şeyləri
bu qucaqda olanda anası ölmüşdü
atası evlənmişdi təzədən
ögey anası qancıqdan danışırdı
qış vaxtı evlərindəki qonaqlıqlardan
ögey anası qancığın balıq qaynatmağından
sonra balığın suyunu qarda dondurub üstündəki yağı içməyindən
bu səbəbə qocalıb kaftara dönsə də
gözlərinin yaxşı görməyindən danışırdı
sonralar yəqin ki yeniyetmə olanda
əməliyyat olunmuşdu mədəsindən
dörd pay mədəmin üç payını kəsiblər deyirdi
az qala xərçəng olacaqmışam deyirdi
amma həkim məni qurtardı yeri cənnətlik
hərdən də sözünə ara verib qalan çaxırdan qurtumlayırdı
birinci sağlığı özü deyirdi həmişə
ikincini mənə dedizdirirdi
mən sağlıq deyə bilmirəm deyirdim
onda söy deyirdi
və gülürdü
mən də söyürdüm onu amma ürəyimdə
üzdəsə basmaqəlib bir şey tapıb deyirdim
sonra yenə danışırdı danışırdı danışırdı
on səkkiz yaşı olanda Özbəkistana getmişdi
orda evlənmişdi orda yaşamışdı doxsanıncı illərəcən
hərbi hava qüvvələrində gizir olmuşdu
Əfqanıstanda da vuruşmuşdu
amma vuruşmaq demək olmaz buna
aerodromda Rusiyadan hissə hissə gələn qırıcı təyyarələri yığırdılar
xarab olanları düzəldirdilər
Əfqanıstan mənim ömrümü yedi deyirdi
sağ getməyəydim ora deyirdi
və söyürdü söyürdü söyürdü
qızlara ağzı sulana sulana baxırdı
yığcam otağımızın böyük pəncərəsi küçəyə açılırdı
küçədən qız keçəndə bu da onun dalınca baxırdı
lap xoşuna gələnləri mənə də göstərirdi
onun dalına bax deyirdi
gör özüynən nə gəzdirir deyirdi
oğraşın dal ayağıydı
amma adı Hacıydı
Özbəkistana təzə getmişdim deyirdi
on səkkiz on doqquz yaşım olardı
gecə vaxtı qızı evlərinə ötürdüm tində qabağımı kəsdilər
beş altı nəfərdilər qara geyimli eşşək boyda gədələr
ölümü gözə almışdım bax bu sən öl
birdən biri bu yandan çıxdı
cavan adamdı
tapançanı verdi mənə
ata bilirsən soruşdu
dedim yox mən tapança harda görmüşdüm
dedi üstünə gəlsə belə elə özü atacaq
dayan qıraqda
başladı bunlarnan davaya
elə vuruşurdu ki o Cek Çan Mek Çan
pox yeyirdi yanında
hamısını sərdi yan yana
sonra tapançanı aldı məndən
dedi bunlar dəstədi
məni polisəm çoxdan axtarırdım bu oğraşları
sonra yenə çaxır içirdik
siqaret yandırıb gözlərini uzağa dikirdi
siqaretdən qullablayıb yenə danışırdı
əvvəlki söhbətlərində dünyəvilik çox idi
həyatilik çox idi
amma sonrakılar gopdu
necə ağlı işləyirdi bunları fikirləşirdi
adam məəttəl qalırdı
bir dəfə günorta vaxtı
başqa bir iş yoldaşımız yanımızdaydı
söhbət dolanıb qızlardan düşdü
Hacının dərdi təzələndi elə bil
gözünü yumub ağzını açdı
bir dəfə səhər işə gəlirdim dedi
avtobusda qabaqda oturmuşdum
bir qız mindi durub yer verdim ölmüş yaman şeydi
gözümü çəkə bilmirdim əndamı gəl gəl deyirdi adama
ağzım sulanırdı lap
o da mənə baxırdı altdan yuxarı
beş altı dayanacaq getmişdik ki durdu ayağa dedi kişi
yaman baxırsan bilirəm ürəyindən nə keçir
gedək düzdü işə gedirəm amma cəhənnəm olsun iş
gedək hara istəsən yatım səniynən
amma mən getmədim
o biri iş yoldaşımla mən də özümüzü inanırmış kimi göstərdik
Hacıdı da pərt olmasın
ya o günün axşamıydı
ya da başqa bir gün
hər nəsə axşam yenə çaxır içdik dərdi təzələndi
Özbəkistanda olanda dedi həmişə cibimdə beş altı min pulum olurdu
bu dal cibimdəkiydi
döş cibimdə yeddi səkkiz yüz xərclik olurdu o heç
amma dal cibimdə ehtiyatım da öz yerində
evimdə hər cür içki olurdu
bir iki boçka çəkilmə araq bir iki boçka çaxır
bunlar zirzəmidəydi evdəki servantda da hər cür arağım
konyakım olardı
dostlarım hər gün evimə gələrdilər
hər axşam yeyib içərdik
çaxır içirdik siqaret çəkirdik
o da danışırdı danışırdı danışırdı
arada sağlıq deyirdi mənə sağlıq dedizdirirdi
sonra da danışırdı danışırdı
çoxlu gopa basırdı
mən də sakitcə oturub ciddi ciddi qulaq asırdım
guya ki inanırdım
orda Özbəkistanda öz arvadımdan başqa altı arvad saxlayırdım
biri rus biri özbək biri erməni
biri kalmık biri buryat biri də azərbaycanlı
hər gün birinin yanına gedirdim
axşamüstü zəng edirdim ki
işdən sonra gəlirəm gedib görürdüm süfrə hazırdı
bircə quş südü əskik
oturub yaxşı yeyib içirdik
sonra da yatırdıq
işdə iki yerlisi işləyirdi ikisi də yalançı qorxacaq daldanöpəndi
üzlərinə gülürdü Hacı yerlim yerlim deyirdi
amma dallarıncan söyürdü
belə qancıqlar o cür gözəl zonanın adını batırır deyirdi
bu filanşeyin balaları ölməlidilər deyirdi
mənsə heç nə demirdim
başımla təsdiqləyirdim sadəcə
sonra axşam atışıb çaxır alırdıq
və içəndən sonra yalanlarına qulaq asmalı olurdum
ona məhkum idim
bilirdim yalan danışır
amma üzünə vurmurdum
bilirdim ki bütün ömrünü kasıb yaşayıb
xəstə olub istədiyini edə bilməyib
istədiyini geyinə bilməyib
istədiyini yeyə bilməyib
elə indi də eləydi
bu yalanlarnan başını qatırdı özünə toxtaqlıq verirdi
eləmədiklərini eləyibmiş kimi danışırdı
və özü də öz yalanlarına inanırdı
hərdən çaxır içirdik onunla o dəm olub danışırdı
mənsə ona qulaq asa asa
pəncərədən yolun qarşı tərəfindəki binanın
işıqlarına baxırdım
14 mart 2015
şükran əmi
Bakı ruslarındandı saçı saqqalına qarışmışdı
gözlərinin ağı qızarmış altı torbalanmışdı
birçəklərindəki seyrəlmiş ağ tüklər şapkasının altından boylanırdı
bığları siqaret tüstüsündən saralmışdı
avtobusun ikiadamlıq oturacağında pəncərə tərəfdə oturmuşdu
məni saxlayan Allahdı qurban olum ona
deyirdi şirin rus çalarlı Bakı ləhcəsində
Kürdəxanıdakı həbsxananın yanından keçəndə
mən də burda yatmışam deyib gülümsədi
dayday neyçün yatmısan soruşdu uşaqlar
nə bilim dedi tutdular da
içib küçədə yatmışdım ayılanda burdaydım
bir aylıq salmışdılar məni içəri iki həftəyə buraxdılar
neyçün dayday yenə soruşdu uşaqlar
neyniyillər ee məni dedi yanıma gələn yox
peredaça gətirən yox atdılar mitilimi bayıra
yerimdə başqası yatar
bəlkə onun yanına gələn olacaq bəlkə nəsə gətirəcəklər ona
Zabratda düşdü
məni saxlayan Allahdı ona qurban olum deyə deyə
15 oktyabr 2014
22:21
göy qurşağının axırıncı rəngi
doxsan səkkizinci ilin qış aylarından birində
Buzovnaya gedirdik anamnan
qırmızı rəngli qazeldə dal tərəfdə təkadamlıq oturacaqda oturmuşdum
adamlar minirdilər düşürdülər
düşürdülər minirdilər
gedirdilər gəlirdilər
bir qız da mindi təxminən on yeddi on səkkiz yaşlarında
qarasaçlı qaragözlü göyçək qız
oturduğum təkadamlıq oturacağın qolsöykədməli yeri
açılıb oturacaq olurmuş
qız onu açıb yanımda oturdu
hərdən mənə baxıb gülümsəyirdi yanaqlarında zənəxdanlar oynayırdı
yəqin ki heç kimi sevmirdi onda
yəqin ki hələ ağlamamışdı eşq acısından
yəqin ki həyatın gözəl olduğuna inanırdı hələ
yəqin ki həyatının gözəl olacağına da inanırdı hələ
bizdən tez düşdü avtobusdan
düşəndə yenə mənə baxıb gülümsədi
əgər onu bir daha görə bilsəm
avtobusda metroda dayanacaqda yolda və ya başqa hardasa
soruşacağam
bağışlayın bilmirsiniz göy qurşağının axırıncı rəngi hansıdır
11 oktyabr 2014
00:07
nağıl axşamı
xalq mahnısı verirdilər radioda
qabarlı barmaqlarıynan stulun söykənəcəyində ritm tutdu
uşaqlıqda nağara çalırdım dedi
bibimoğlu klarnet çalan idi indi Almaniyadadı
on ildən yuxarıdı getdiyi o vaxtdan xəbərim yoxdu
heç bilmirəm indi də çalır yoxsa yox
mən də həvəsə düşüb nağaraya getdim bir ara
bığaltı gülümsədi gözləri yol çəkdi
kədərli payız axşamıydı dirilmə`ni oxuyurdum
gördüm danışır kitabı büküb sağ əlimin şəhadət barmağını
arasında saxladım ki səhifəni itirməyim
osa sovetdənqalma özbəkistan istehsalı
böyük uzunsov stəkanı götürüb çay süzdü
sonra mənim fincanıma boylandı
gördü hələ içində qalıb
nağara çalsaydım indi yəqin ki yaxşı çalançı idim
dedi stulu çəkib oturanda
sonra siqaret yandırdı
özü qonşumuzdu indi bir yerdə işləyirdik
hələ bir yerdə işləmədiyimiz vaxtlarda
çox da aramız açıq deyildi
yolda zadda görüşəndə salamlaşırdıq
bir də hal-əhval tuturduq uzaqbaşı
gec evlənmişdi
uşaqları balacaydı iki qızı bir də sonbeşik oğlu
bilirsən neyçün sünnət toyu elədim
bildir oğlunu kəsdirmişdi onu deyirdi
çox adam sünnət toyuna getmir
heç mənim özümün də xoşuma gəlmir
amma yaşıma bax oğlum haçan böyüyəcək
mən onun toyunu görə biləcəyəm yoxsa yox
ona görə toy elədim
siqaretindən axırıncı qullab vurub söndürdü
qənddandakı kəllə qənddən götürüb çayda islatdı
buna bax dedi bu boyda da qənd olar
qənd qayçısı olsaydı doğrayardım
sonra çayda islanıb rəngini dəyişən qəndi ağzına atdı
bayırda şər qarışırdı amma otaqda işığı yandırmamışdıq
otaqda işıq yandırmırdıq
bayırda yanan işıq bəs eləyirdi
sabah səhər tez çıxacağam sən yola verərsən dedi
razılıq əlaməti kimi başımı tərpətdim
Alaynan təzə iş götürmüşük bağlarda ev tikirik
çayını içib qurtardı təzə siqaret yandırdı
Zaurdan pulumu ala bilsəydim dedi
Zauru da tanıyıram cındırın biridi
xeyr ola soruşdum borcludu
hə dedi iki dəfə yanında fəhləlik eləmişəm
birinci dəfə pulun yarısını verib ikincini heç verməyib
iki yüz manat verməlidi yorulmuşam qapısına getməkdən
hər dəfə deyir ki banklara borcum var çatdıra bilmirəm
cəhənnəmə ki borcun var mənim bəyəm borcum yoxdu
mən guya kefimdən fəhləlik eləyirəm
halal pulumu vermir
amma haçan baxırsan evə qucaqdolusu bazarlıq eləyir
sənin uşaqların adamdı mənimkilər deyil bəyəm
mən də istəyirəm uşaqlarım hər gün ət yesinnər
yaxşı paltar geyinsinnər
dee kiçik qızın ayaqqabısının altı yeyilib qabağımız da qışdı
pul düzəldə bilmirəm
adamda oğraşlığa bax e
görürsən vəziyyət çətindi pulumu ver də
elə bu əməllərinə görə cındır kökündədi
it də məsçiddən başmaq oğurlayır amma həmişə ayaqyalındı
ayağa durub şkafdan sellofan torbanı çıxartdı
içindən bir az induşka kolbasası bir az pendir
bir dənə də çörək çıxartıb süfrəyə düzdü
mən də dirilmə`nin səhifəsini qatlayıb pəncərənin qırağına qoydum
durub öz yeməyimi çıxartdım
sən kolbasa yeyirsən soruşdum
axı namaz qılırsan
əşşi dedi nə gəldi basıram içəri
ikimizçün də çay süzdüm bismillah elədik
yeyə-yeyə dedi sənin də başını ağrıdıram
amma neynim kimə danışım
evdə arvad-uşağın yanında danışmayacağam ki
sonra yenə Zaurun dalınca deyindi ta ki yeyib qurtaranacan
süfrəni yığdıq siqaret yandırdı
gözləri yol çəkirdi siqaretin tüstüsünü burnundan buraxdıqca
tüstü saralmış bığlarına hopurdu
siqareti çəkənəcən belə oturub qaldı
görəsən nə fikirləşirdi
Zaurdan alacağını
kiçik qızın ayaqqabısını ya da itirdiyi cavanlığını
bilirdim ki evin böyüyü olub atası tez ölüb
bacılarını dolandırmağçün
məktəbi qurtarmamış işləməyə başlayıb
sovet dağılanacan ticarətdə işləyib
sonra başqa işlərdə
içkiyə qurşanıb
inişil qara ciyərindən müalicə alandan sonra
içkini tərgidib tövbə edib dinə gəlib
indi də vurnuxur problemlərin içində
ayağa durub yenə çay süzdü böyük uzunsov stəkanına
radioda uşaq saatı başlayırdı təzə siqaret yandırıb
qulaq asmağa başladı diktorun quru səsinə
salam əziz balalar
bu gün qarışqa haqqında nağıla qulaq asacaqsınız
biri vardı biri yoxdu
bir qarışqa vardı
bu qarışqanın da adı
elə qarışqa idi
…
1 aprel 2016
sim-sim.az