Heç kim Füzulini tanımasa… - ƏDƏBİYYAT DƏRSLİKLƏRİMİZ

Heç kim Füzulini tanımasa… - <span style="color:red;">ƏDƏBİYYAT DƏRSLİKLƏRİMİZ
11 fevral 2016
# 13:25

Vaxtıyla Bakı Dövlət Universitetinin qarşısında balaca bir köşk vardı. Mən ora yaxın qaldığımdan hər səhər gedib qəzet alırdım. Ən çox də o zaman “Ədalət” qəzetində çıxan “Alatoran” ədəbiyyat əlavəsini izləyirdim.

Bilməyənlər üçün deyim ki, “Alatoran” ədəbiyyat əlavəsi Azərbaycanda ədəbi mühiti doğru-dürüst işıqlandıran, ətrafına azad yazıçıları toplayan çox maraqlı və nadir bir buraxılış idi.

Hər cümə günü köşkdən alanda “Ədalət” qəzetinin sayını soruşurdum: 3 nüsxə. Birini mən alırdım, ikisi, əsasən geri qayıdırdı. Bəzən başqa yerdən alanda üçü də qayıdası olurdu. Bir-iki dəfə köşkün satıcısı qəzeti uşaqla mənə göndərmişdi. Onsuz da səndən başqa alan yoxdur deyə... Eyni zamanda ədəbiyyatla bağlı digər qəzet və jurnalların da yeganə alıcısı mən idim. Və o zaman BDU-da 14 min tələbə oxuyurdu. O cümlədən burda jurnalistika, filologiya, şərqşünaslıq kimi qəzetə-jurnala bağlı böyük fakültələr vardı. Təsəvvür edirsiniz? Bu qədər yazı-pozu əhlinin içində bir nəfər də müasir dövr ədəbiyyatı ilə maraqlanmırdı.

Nəzərə alsaq ki, indi oxucuların sayı bəhs etdiyim dövrlə müqayisədə daha da azalıb vəziyyət ağıl almaz həddə gəlir.

Bunun səbəbi nədir?

Müxtəlif versiyalar yazılıb, deyilib, səslənib...

Ən ciddilərindən biri orta məktəbdə ədəbi bilgilərin zəifliyidir. Qəbul imtahanlarında dil-ədəbiyyatın funksiyası azalıb, ona görə şagirdlər bu sahə ilə maraqlanmırlar.

Mən özüm də ixtisasca müəlliməm. Yaxın ətrafımda da xeyli ədəbiyyat müəllimi var. Ona görə qərar aldım ki, bu məsələni yüngülcə araşdırım.

Təbii ki, əvvəl dərsliklərdən başladım.

Evdə uşaqlara aid kitabları vərəvürd eləyəndə tərs kimi əlimə 2009-cu ildə çap olunmuş 9-cu sinif üçün dərslik keçdi. İnanmayacaqsınız, 240 səhifəlik kitabı təxminən ortadan açmaq istəyəndə 171-ci səhifə çıxdı qarşıma. Sağdakı ağ-qara fotunun üzünü qaralayıblar. Baxdım: “Əkrəm Əylisli. 1937” Yuxarıda kəmsavad əl yazısı ilə yazılıb: “Alçaq + Əylisli” Şəklin sağ tərəfində isə yazı müəllifi heç də bəd olmayan yumor hissini nümayiş etdirib - Əkrəm Əylislinin yeni “imici”nin müəllifini göstərib: “Stilist: Samir”

Bu mənzərəyə baxar-baxmaz yadıma Taif kəndində Məhəmməd peyğəmbəri daşqalaq eləyən uşaqlar düşdü. Ona görə yox ki, Əkrəmi peyğəmbərlə müqayisə elədim. Əsla! Ona görə ki, uşaqlar qullananda adamın qəlbi daha bərk sızlayır. Necə ki, Məhəmməd sonralar çəkdiyi bütün zəhmətlərə, əzablara, apardığı qanlı-qadalı qovğalara baxmayaraq Taifdəki o uşaqları heç vaxt unuda bilmədi. Hətta, deyilənə görə, arada yada salıb ağlayırmış da.

Məncə, abrım olsaydı, bu təsadüfdən sonra ədəbiyyat dərsliklərini araşdırmaq sevdasından vaz keçməli idim. Çünki bu mənzərə bizim ədəbiyyata, sözə, nəsrə, dilə münasibətimizi elə dəqiq ifadə edir ki, başqa heç nədən yazmağa və danışmağa hacət yoxdur.

Mən düşünmürəm ki, Əkrəm Əylislini dərsliklərdən çıxarsaq bizim uşaqlar savadsız qalacaqlar. Əkrəmi oxumadan da yaşamaq, varlanmaq, evlənmək, boşanmaq, hətta dərslik yazmaq olar. Ancaq bir təhsil ocağında ki, uşaq yazıçının sifətini qaralayıb bu sözləri yazmaq moduna yüklənir, yaxşı bir “Heyvagülü” çaldırıb oynamaqdan başqa əlac görmürəm.

Bircə ona sevinirəm ki, bu yaramaz işi tutan, daha doğrusu buna vadar edilən uşaq mənim evimdə böyüməyib. Kitab bizə qaralanmış halda gəlib, hətta bizim uşaq onu utandığından məktəbə aparmayıb, başqa kitab tapıb özünə.

Deyir, arifə bir işarə...

Balaca Sadığın rəngli yuxularına and olsun, əgər Əkrəm Əylislinin sifətinin qaralanması, həm də bu işin həyatı hələ tam dərk etməyən bir uşağa “gördürülməsi” Azərbaycan dərsliklərinin ümumi mahiyyətini ifadə etməsəydi, bu barədə bir kəlmə də yazmazdım. Məsələ budur ki, adam xalq düşməni də olar, ömürlük həbsə də atılar, mühacirətə də gedər, amma bir dərslik kitabında onunla belə davranılmaz.

Çox uzatmayaq. İkicə kəlmə “Ar olsun!” deyib keçək mətləbimizin davamına.

Azərbaycan son 100 ildə özündən əvvəlkiləri düşmən kimi qəbul edən müxtəlif hakimiyyətlər dövründə yaşayıb və təsəvvür edin, hər bir hakimiyyət öz məqsədləri üçün dərsliyə bir neçə dəfə barmaq eləyib. Düzdür, bu barədə ədəbiyyat tarixin yanında toya getməlidir, amma yenə də!

Mənim müşahidəmə görə, ədəbiyyat dərsliklərimizin ən böyük problemi müxtəlif və fərqli tarixi dönəmlərdə yaşayan və həmin dövrün ədəbi-estetik dəyərlərini daşıyan yaradıcı insanlara eyni cür – sovetdənqalma münasibətdir. Məsələn, əvvəldən heç bir məlumatı olmayan şagird yalnız dərsliklər ümidinə qalsa, onun üçün Nizami Gəncəvi ilə Molla Pənah Vaqifin ciddi fərqi olmayacaq. İkisi də saqqallıdır, ikisi də şeir yazıb və ən əsası ikisi də rəhmətə gedib. Vəssalam. Lap dərinə getsək biri 12, o biri 17-ci əsrdə yaşayıb, biri gəncəli, o biri qazaxlı və şuşalıdır. Nizami hansı dəyərlər üzərində yazıb-yaradıb, başlıca məqsədi nədir, lazımınca qeyd olunmayıb. 10-cu sinif dərsliyində Füzulidən, Nəsimidən yazıblar, simvolika sözünə rast gəlmək olmur. Şagirdə elə təqdim edilir ki, Füzuli də, Nəsimi də, Seyid Əzim də ömür boyu arvadları vəsf ediblər. Sufi-panteist düşüncə, klassik şeirdəki simvolika anlayışı ümumiyyətlə yoxmuş sanki. Anlayıram, bu bir az çətin mövzudur. Amma gəlin etiraf edək ki, bunsuz, Füzuli boyda şair belə balaca, cılız və mənasız görünür və təbii ki, anlaşılmır. Sovet vaxtı islam dininə görə bu izahlar məqsədli şəkildə verilmirdi. İndi ki, müstəqilik, şükür, dinə-imana gəlmişik, başbilənlərimiz hamısı Həcc ziyarətinə gedir.

İstənilən orta məktəb şagirdi üçün bizim klassiklər qəliz dildə “boş-boş şeylər yazan”, bir dostum demiş, özləri üçün yaşayıb, bizim üçün dərd olan insanlardır. Onlarla tanışlıq o qədər səthidir ki, əminəm, AzTV olmasa adlarını da hamı unudacaq. İndiki nəsil isə AzTV-yə baxmır. On ildən sonra Azərbaycanın ən yüksək ali məktəbinə qəbul olunan qeyri-ixtisasçının Nizamini, Füzulini tanımaması şəxsən məni təəccübləndirməyəcək. Çünki bu kitablarda təqdim olunan adamlar doğrudan da lazımsızdırlar.

Sizə deyim, dünyada bu tendensiya müşahidə olunur. Məsələn, yadımdadır, ABŞ-da hansısa ali məktəb tələbələri arasında sorğu keçirilmişdi, onların heç biri Folkneri tanımamışdılar. Zatən kurikulum sistemi üzrə aşağı siniflərdə öyrədilən müəlliflər haqqında heç bir məlumat verilmir. Yuxarı siniflərdə isə əksinə, müəllif var, əsər yoxdur. Sovet vaxtı nəzəriyyə ilə yanaşı müntəxəbat kitabı da vardı. İndi müntəxəbat dərsliyə daxil deyil.

Qəbul imtahanlarının ədəbiyyat suallarına baxanda isə heç “Heyvagülü” də köməyə çatmır.

Dövrlərin verilməsi 10-cu sinfə qədər xaotikdir. Necə deyərlər, aləm biri-birinə dəyib.

10-11-ci siniflərdə dövrlər sistemli təqdim edilir. Amma necə? Bütün Azərbaycan ədəbiyyatına cəmi 160 saat dərs ayrılıb. Bu isə təxminən həftədə iki saat edir. Gülməlidir. Misal üçün Nizami Gəncəviyə 8 saat ayrılıb. Əgər şagird evdə məşğul olmursa, 8 saat ərzində Nizamidən nə öyrənə bilər? Əgər Nizami və “Xəmsə” deyiləndə 10-cu sinif dərsliyindəki 12 səhifəlik naqisdən-naqis xatırlatma nəzərdə tutulursa buna bir saat kifayətdir. Nizami böyük şairdir, filan vaxt filan yerdə yaşayıb, filan hökmdarın sifarişi ilə filan poemanı yazdı, kənizi Afaqdan Məhəmməd adlı oğlu olmuşdu, nəhayət hamısı öldü...

Hələ bu məhduddan məhdud yazılar içində ərinməyib bəy tərifi də edirlər: “Ən yeni dövr Azərbaycan poeziyasının banisi Səməd Vurğun...” Bu cümləni yüz faiz, dostumuz Nizami Cəfərov yazıb. Çünki belə bir ifadəni dərsliyə salmaq üçün ya qazaxlı olmalısan, ya ağstafalı. Məsələn, tovuzlu bunu heç vaxt eləməz. Sual olunur: bu gün Səməd Vurğun kimi şeir yazan bircə şair göstərə bilərsiniz? Mən belə adamları axırıncı dəfə 1996-cı ildə “Məcmə-üş-şüəara” məclisində görmüşəm. Onlar da şeir oxuyanda hamı gülürdü. O qədər qoca idilər ki, 2000-ci ilə qalmadılar. Çoxunun sovet hökumətinin dağıldığından da xəbəri yox idi. Ağır eşidirdilər, adamlar reallığı onlara başa salmağa ərinirdilər.

Özünü irfan çobanı adlandıran Hüseyn Cavidi yenə də məhz sovet dövründəki kimi yalnızca romantizmə müncər ediblər. Ən böyük əsərləri dini mətnlər üzərində qurulan bu böyük dramaturqun altındakı dərinliyi əlindən alıb şair kimi havaya uçurmaq kimə nə verir görəsən? Bildiyim qədər, müstəqillik dövründə Cavid xeyli araşdırıldı. Bu qədər araşdırma ola-ola onu öz övladlarımıza niyə doğru-dürüst təqdim etmirik? Mən burda din davası aparmıram. Sadəcə hər kəsi məxsus olduğu ədəbi-estetik planda təqdim etmək lazımdır ki, doğru anlaşılsın. Onu da demirəm ki, orta məktəb şagirdinə “Şeyx Sənan”, “İblis” kimi dərin əsərləri bütün ağırlığı ilə öyrətməliyik. Ancaq hər halda nəsə etməliyik. Bax o nəsə nədir? Mən özüm də bilmirəm və bunu tapmaq mənim işim deyil. Bircə onu bilirəm ki, belə Caviddənsə onu orta məktəbdə oxumamaq daha yaxşıdır.

İndi gəlin bu ağıl və zəka ilə Nəsimidən danışaq... Onun quş dilindən söhbət açaq...

Daha bir paradoks: Rəsul Rza, İlyas Əfəndiyev, İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadənin hərəsinə 4 saat ayrıldığı halda Süleyman Rəhimova bircə saat da ayrılmayıb. Niyə? Hansı prinsiplə? Məncə bircə prinsip var: vəzifədə övladı yoxdur!

Dövr olaraq ayrıca, uşaqlar demiş, şəkilli təqdim olunan şair və yazıçıların sırası Bəxtiyar Vahabzadədə dayanır. Ondan sonra həyat bitib sanki. Sadalama formasında isə Zəlimxan Yaquba qədərdir hər şey. Ancaq bu araya iki nəfər sıza bilib: Hüseynbala Mirələmov və Yunus Oğuz. Məsələn, Musa Yaqub və Ramiz Rövşən yoxdur. Nəinki Vaqif Bayatlı, Salam Sarvan, Həmid Herisçi və s. Sual yenə aktualdır: hansı prinsiplə?

Cavab yenə var: mənim ədəbiyyat dərsliklərindən yazmaq istərkən qarşıma 171-ci səhifənin çıxması təsadüfi deyil. Bu dərsliklərin arxasında nələrisə qaralayan görünməz bir əl var. Sadəcə o əl 171-ci səhifədə bir uşaq qələmi ilə təcəlla edib ürəyimizi bulandırmaqdadır...

Ədəbiyyatımızı doğru-dürüst tanımayan nəsil yetişdiririk və bunun üçün hələ pul-para da xərcləyirik.

Məndən demək...

Gedim, bir “Heyvagülü” qoyum...

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #