Mənəm, Caviddi, Cabbarlıdı... Seymur Baycanın yazısı

Mənəm, Caviddi, Cabbarlıdı... <span style="color:red;">Seymur Baycanın yazısı
30 oktyabr 2015
# 12:54

Bu layihədə tanınmışlar həyatlarında iz buraxmış, heç vaxt unuda bilmədikləri xatirələri bölüşəcəklər.

Kulis Seymur Baycanın xatirəsini təqdim edir.

Belə baxanda demək olar bütün yazılası xatirələrimi artıq yazmışam. Amma yaddaş qəribə bir mexanizmdir. Bir mənzərə, bir söz bu vaxta qədər xatırlamadığın bir adamı, hansısa hadisəni yada salır. Öz-özünə düşünürsən, necə olub bu vaxta qədər bu hadisəni xatırlamamışam. Tez-tez yer dəyişməyə çalışıram. Çünki dəyişən mənzərələr yaddaşımı qıcıqlandırır. Yaddaşın dibində yatıb qalmış hadisələri, adamları üzə çıxarır. Uşaqlıqda baxdığım tamaşalara, filmlərə təkrar baxmaq da yaddaşı qıcıqlandıran vasitələrdən biridir. Bir dəfə evdə hind filminə baxırdım. Gənc dostlarımdan biri sual verdi:

- Bu filmin nəyinə baxırsan?

Dedim:

- Bu filmə uşaqlıqda kinoteatrda baxmışam. İndi bu filmə baxmaqla o dövrün ab-havasını yadıma salıram. Kinoteatrı, adamları, filmlərin adamlara göstərdiyi təsirləri, hind filmlərindən götürülən ləqəbləri...

İndi məni daha çox həyatımda heç bir rol oynamamış, amma yaddaşıma həkk olunmuş sözlər, hadisələr, sifətlər, mənzərələr daha çox çəkir. Bunu yazmaq, ədəbiyyata gətirmək çox çətindi. Həyatımda heç bir rol oynamamış, amma yaddaşıma həkk olunmuş bir çox mənzərələri, sözləri sonuncu hekayələr kitabımda, “Adsız itin qayıdışı”nda yazmışam. Bu cür məqamları tutmaq və hiss etmək bizim oxucular üçün çətindi. Adamlarda bədii təfəkkür çox zəifdir. “Quqark”ı oxuyub “A bəy, doğrudan Anuşa bir şey edə bilmədin?” sualı verən oxuculardan hansı anlayışı, hansı hissi gözləyəsən? Özü də bu sual bir dəfə, iki dəfə deyil, dəfələrlə müxtəlif təbəqədən olan, müxtəlif yaş dövrlərinə mənsub adamlar tərəfindən verilib. Hələ bir qız mesaj yazmışdı. “Quqark”ı yarıya qədər oxumuşam, gülməkdən ölürəm. Mat qaldım. Düşündüm bəlkə doğurdan orda özüm də bilmədən gülməli şeylər yazmışam. Soruşdum nəyə gülürsən axı, orda gülməli heç nə yoxdu? Cavab vermədi. Beləliklə nəyə güldüyünü bilə bilmədim.

Bu vaxta qədər cəmisi iki-üç həqiqi oxucuyla rastlaşmışam. Elə düşünməyin həqiqi oxucu səni bir müəllif kimi tərifləyir, yazdıqlarını əzbərdən deyir, süjeti ən xırda detallarına qədər danışır. Xeyr. Həqiqi oxucu sadəcə lazım olan, müəllifin özü üçün indekator missiyasını yerinə yetirən cümləni deyir və bununla da söhbət bitir. Səninlə onun arasında bir anda ruhi bağlılıq yaranır. Bu mənada həqiqi oxucular mənim üçün ən doğma adamlardır.

Ədəbiyyatın elə bir həddi var ki, ora qədər bizim ədəbiyyatda cəmi üç adam gedə bilib. Cəfər Cabbarlı (“Oqtay Eloğlu” əsərində), Hüseyn Cavid (“Şeyx Sənan” əsərində) və mən (“Ana ürəyi”ndə və “Ölüm gətirən qulaq” hekayəsində). Bilirəm, adımı Cəfər Cabbarlı və Hüseyn Cavidlə bir yerdə hallandırmaq adamların əsla xoşuna gəlməyəcək. Nəyi, hansı ölçünü əsas götürüb bu nəticəyə gəlmişəm, bu haqda danışmayacam. Buna ehtiyac görmürəm. Bircə onu deyə bilərəm ki, nəzərdə tutduğum məqamın, yazıçının səliqəsi, texnikası ilə heç bir əlaqəsi yoxdur.

Hal-hazırda məna yox, mənasızlıq məni daha çox maraqlandırır. Dostum Şota İataşvili demişkən, ağıllı-ağıllı danışmaqdan bezmişəm, bir az da boş-boş danışmaq istəyirəm. İndi mənasız hekayələr yazıram. Artıq on iki hekayə yazmışam. Bu hekayələri yazandan sonra yazmağı tamam buraxacam. Bununla da heç kim heç nə itirməyəcək. Bu çox da böyük itki deyil. Bunu başa düşürəm. Hələlik yazmağa məcburam. Ona görə yox ki, içimdəki bədii informasiyalar yazmağa məcbur edir. Ona görə yox ki, yazmayanda özümü pis hiss edirəm. Sadəcə yazmaq maddi baxımdan özümü ifadə etməyin yeganə formasıdı. Yaşayışımı yazmaqla təmin edirəm. Əgər günü bu gün hər hansı formada özümü təmin etməyi bacarsam, bir cümlə də yazmaram. Bu məcburiyyət məni əzir. Artıq özüm-özümü məcbur etməyə gücüm qalmayıb. Mənasız və axmaq bir həyat yaşadığımın fərqindəyəm. Yalandan mənasız günlərə rənglər vermək istəmirəm. Özümü boşluqda hiss edirəm. İndi isə həyatımda heç bir rol oynamamış amma yaddaşıma həkk olunmuş bir neçə məqamı sizinlə bölüşürəm.

Qazaxıstanın necə böyük bir ölkə olduğunu həqiqətən hiss etmək üçün ölkənin bu başından o başına qatarla getməlisən. Ölkəni, orda yaşayan insanları tanımaq, hər şeyi görmək üçün qatar çox əlverişli, ələdüşməz nəqliyyat vasitəsidir. Qatarda adamlar yatırlar, mahnı oxuyurlar, dalaşırlar, yemək yeyirlər, stansiyalarda düşüb siqaret çəkirlər, alış-veriş edirlər, sevirlər, sevişirlər… Təyyarə ilə ölkələr gəzən adamlarda təəssürat az olur. Aktaudan Almatıya iki gün yarım, təxminən üç gün qatarla yol getdim. Ucu-bucağı görünməyən çöllərdən keçdim. Qəsəbələr, şəhərlər, aullar, sürgün olunmuş adamların tikdiyi stansiyalar, çoxlu dəvələr gördüm. Hər stansiyada qatardan düşüb kartof soyutması, balıq və toyuq qızartması, çörək, kolbasa, müxtəlif turşular, içməyə çoxlu pivə, araq, limonad alırdım. Bacardıqca çoxlu yemək, bacardıqca çoxlu görmək, danışmaq, dinləmək istəyirdim. Gənc idim. Damarlarımda ehtiraslı qan axırdı. Gələcəyə ümidlə baxırdım. Xoşagələn görünüşüm vardı. Səliqəli geyinirdim. Bilmirəm, nəsə bayram günü idi. Orta yaşlı bir qadın sifətimə baxıb dedi:

- Bu boyda vaqonda bir kişi tapılmayacaq bayramımızı təbrik etsin? Qafqazlıları hamı hər yerdə əliaçıq adam kimi tanıyır.

Dedim, kişi mən.

Getdim qatarın restoranına. Tort, şokolad, iki butulka şampan şərabı aldım. Babat xərcə düşdüm. Qatarın restoranında hər şey beş qat artıq qiymətə satılır. Tortu doğradıq. Şampan butulkasının ağzını açdıq. Qatar sərnişinlərə məlum olmayan hansısa bir səbəbdən çölün ortasında səssiz-səmirsiz, adamsız, ağacsız, evsiz bir yerdə dayandı. Qatardan iki metr aralıda yarıya qədər quma batmış dəmir konserv qutusu gördüm. O mənzərə, yəqin ki, hansısa qatardan atılmış, quma batmış konserv qutusu əbədi olaraq yaddaşıma həkk olundu. Müxtəlif məkanlarda, müxtəlif vəziyyətlərdə, maraqlı söhbət edərkən, yemək yeyərkən quma batmış konserv qutusu qəfildən gözlərim önündə canlanıb. Niyə? Bu haqda çox düşünmüşəm. Bu suala cavab tapa bilmirəm.

***

Qızmar yay günü. Hava od tutub yanırdı. Nə bir it hürüşü, nə də bir quş səsi eşidilirdi. Belə yay günlərində günorta çağlarında ətrafda bütün səslər kəsilir. Bütün canlılar tapdıqları kölgəyə çəkilib mürgüləyir. Təbiətdə xüsusi bir sakitliyin hökm sürdüyü vaxtlarda qəflətən toyuq qıqqıltısı eşidilir…

Adamlar kölgəlikdə oturub ləhləyirdilər. Hamı istidən şikayətlənirdi. Bütün fəsillərdə havanı pisləyən adamlar deyinmək üçün əla bəhanə tapmışdılar. Doğurdan da bərk isti idi. Qarpızsatan qoca kişi üzünə qəzet sərib ağacın dibində əməlli-başlı yatmışdı. Belə bir istidə məni evdən mağazaya qənd-çay almağa göndərmişdilər. Müxtəlif kəndlərə, rayonlara gedən sarı rəngli PAZ avtobuslar vağzalın qabağında yan-yana düzülmüşdülər. Avtobuslarda heç kim oturmamışdı. Bütün oturacaqlar boş idi. Kölgəlikdə gizlənmiş sərnişinlər sürücü vağzal binasından çıxanda, sözün həqiqi mənasında, mübaliğəsiz-filansız, günün altında soba kimi qızmış avtobusa doluşacaqdılar. Dincimi almaq üçün kölgəlikdə gizlənmiş adamların arasında özümə yer etdim. Bu istidə geriyə - evə qayıtmağa heç həvəsim qalmamışdı. Üstəlik, yuxu da gözlərimdən tökülürdü. Su alıb içdim. Vağzal binasının qarşısından bir hamilə qadın keçdi. Qoca bir kişi sakitcə dedi: “Bu istidə o yazıq necə yeriyir?”

***

Nəzarət Buraxılış Məntəqəsinin iki otağından birinin döşəməsində köhnə və çürük taxtaların arasında necə olmuşdusa bir qarpız tumu cücərmişdi. Tezliklə cücərmiş qarpız tumu tağa çevrildi. Bekarçılıqdan əyləncə axtaran biz əsgərlər tağın böyüməsini diqqətlə və sevinclə müşahidə edirdik. Növbəni təhvil verəndə qarpız tağından muğayat olmağı, tağı qorumağı bir birimizə bərk-bərk tapşırırdıq. Pəncərənin sürahisinə bir balaca mismar vurduq. Bir nazik ip tapıb ipin bir ucunu mismarın başına, bir ucunu da qarpız tağına doladıq. Tağı günəş şüasına tərəf çəkmək istəyirdik. Otaq şəraitində tağın çox yaşamayacağını bilsək də bacardığımız qədər ömrünü uzatmağa çalışırdıq. Bir gün hərbi hissə komandiri qəflətən nəzarət buraxılış məntəqəsinə girdi. O, rus ordusunda xidmət etmişdi. Rus dilində söyüşlər söyməyi sevirdi, amma elə məharətlə söyürdü ki, heç kim onun söyüşünü ciddiyə almırdı. Heç kim onun söyüşdən incimirdi. Guya inciyib nə qələt eləyəcəkdik. Hərbi hissə komandiri əvvəlcə təhvil-təslim dəftərini vərəqlədi. Bir-iki səhv tapıb iradlarını bildirdi. Birdən gözü qarpız tağına sataşdı.

- Bu nədi?

- Qarpızdır, yoldaş komandir.

- Qarpız… Qarpız yekəlir, siz də sevinirsiniz, hə? Düz deyirəm? Cavab verin, qarpız yekəlir, siz də sevinirsiniz?

- Düzdür, yoldaş komandir.

- Mən bilirəm… Mən bilirəm ki, qarpız yekəlir, siz də sevinirsiniz…

***

Yay aylarında həyətdə evin qabağında oturub ya çay içirdik, ya da yemiş-qarpız yeyirdik. Heç kim yatmağa tələsmirdi. Təmiz, sərin havada gecə yarısına qədər oturub adamlar söhbət edir, keçmişdən, gələcək planlardan danışırdılar. Belə gecələrdə otların arasında daima nəsə sürünür, yeriyir, xışıldayır. Yay axşamlarının sükutunu yalnız heyvanların mələməsi, bir də hərdən bir eşidilən və elə o dəqiqə kəsilən quş cingiltisi pozur. Ətrafda hər şey yorğun, taqətdən düşmüş halda mürgüləyir. Ətrafı elə sükut bürüyür ki, bağın başında yerə düşən meyvənin tappıltısı eşidilir. Uzaqda maşın işığı görünür. Mühərrikin səsi gəlir. Səs uzaqlaşır. İşıq qaranlıqda əriyib yoxa çıxır. Arabir əsən mülayim külək uzaqlardan musiqi səsini qabağına qatıb düz evin qabağına qədər gətirir. Bilirdik ki, haradasa kənddə, hansısa uzaq məhəllədə toy var. Adamlar orda yeyir-içir, şənlənir, oynamaq üstündə dava salır, bir-birlərini öpürlər. Bir toy xüsusən yadımda qalıb. Musiqiçilər heç çala bilmirdilər. Mahnıların qolunu qabırğasını sındırırdılar. Nənəm dedi:

- Yazıq , nə kasıb adamdı.

Musiqi məktəbinin diribaş şagirdləri yığışıb ansambl düzəldirdilər. Onları rayonda heç kim toya çağırmırdı. Musiqi məktəbinin şagirdlərini yalnız rayonun ən kasıb adamları, bir də kasıb kəndlərin sakinləri toya çağırırdılar. Çünki onlar çox ucuz qiymətə toya gedirdilər. Yəqin həmin gecə toyda çalan da musiqi məktəbinin şagirdləri idi. Heç nə veclərinə deyildi, mahnıları necə gəldi ifa edirdilər. Biz gülüşürdük və hamı deyirdi ki, belə axmaq musiqiçiləri necə toya çağırmaq olar.

Xalam deyirdi:

- Ömründə bir dəfə toy edəsən, o da belə…

Nənəmin isə toy sahibinə yazığı gəlirdi. “Yazıq, nə kasıb adamdır”, deyə elə hey təkrar edirdi. Musiqiçilər bütün mahnıların qol qabırğasını sındırsalar da toy gecə yarısına qədər davam etdi. Biz deyirdik:

- Utanmırlar, hələ belə mahnılara oynayırlar da…

***

Bir qış günü gürcü jurnalisti İrakli Çikladze ilə Leselidze küçəsində yerləşən zirzəmi kafeyə girdik. Xeyli yemək sifariş verdik. Çoxdandır görüşmürdük. Vurmaq üçün əla şərait vardı. Tiflis üçün çox darıxmışdım. Yedik, yedik, içdik, içdik. Xatırladıq. Gələcək planlardan danışdıq. Bəzən susaraq sakitcə siqaret çəkdik. Kafedə neçə saat oturduğumuzu bilmirəm, amma onu bilirəm ki, çox oturduq. Özü də lap çox. Hər ikimiz bərk kefləndik. Həmin gün kafedə mehriban, çox gözəl bir abı-hava vardı. Belə hallar olur. Kafenin müştəriləri birdən birə bir-biriylə tanış olur, bir-birlərini nəyəsə qonaq edirlər. Bu mehribanlıq ofisiantlara da sirayət edir. Onlar da müştərilərə çox həvəslə qulluq edirlər. Zarafatlar zarafat kimi qəbul olunur. Adamlar qucaqlaşır, öpüşür, bir-birlərinə xoş sözlər, təriflər deyirlər. Zalda yaranan bu gözəl abı-hava, bu xoş enerji mətbəxdəki aşpaza da gedib çatır. Bu xoş enerji aşpazı mətbəxdən zala gətirir. Müştərilər aşpazın ünvanına da təriflər söyləyirlər. Aşpaz mətbəxə qayıdıb öz bacarığını daha həvəslə sevə-sevə göstərir. Həyatımda bir neçə dəfə belə gözəl anların iştirakçısı və şahidi olmuşam və hər dəfə də dillə ifadə edilməyəcək dərəcədə həzz almışam. Kaş adamlar hər zaman belə mehriban yaşaya biləydilər. Belə anlarda qəfildən beyninə girən sual adamı bir az da kədərləndirir: Axı niyə biz hamımız xoşbəxt deyilik?

Kafedən çox gec çıxdıq. Göyün üzü gümüşü rəngə çalan ayın nuru ilə işıqlanmışdı. Bütün dünyanı ağ qar bürümüşdü. Bu dünya beş-altı saat əvvəl gördüyümüz dünya deyildi. Kafedə oturub yeyib-içdiyimiz müddətdə qar yağmış və bütün dünyanın siması tamam dəyişmişdi. Birdən-birə rast gəldiyimiz bu gözəl mənzərə bizi tamam çaşdırdı. Çox içməyimizə baxmayaraq dünyanın dəyişmiş siması bizi susmağa vadar etdi. Yoxsa yəqin ki, biz harasa gedib təzədən vurmağa davam etmək və vurmağa davam etməmək üstündə bərk mübahisə edəcəkdik. Söhbət hər zamankı kimi uzanacaqdı. Kefli adamlar adi bir sözü, adi bir məsələni uzun-uzadı müzakirə etmək bacarığına malik olurlar. Bu dəfə belə olmadı. Qar bizi susdurdu. Qar bizi tərki silah etdi. Qar bizi sakitləşdirdi. Dünya hərəkətsiz halda öz yerində dayanıb duran, dərin fikrə dalmış ağ paltarlı bir asketin görkəmini almışdı. Nəfəslərini içlərinə çəkmiş ağaclar qarla örtülmüş quru və əyri budaqlarını göyə tərəf uzatmışdılar. Küçədə çox az adam vardı. Maşınlar isə yoxa çıxmışdı. İçkinin təsirindən qar basmış şəhər gözümüzə daha cazibədar, daha vüqarlı, daha gözəl görünürdü. Nə qədər diqqətlə baxırdımsa bu gözəllik daha da artırdı. Ətrafda tam bir səssizlik hökm sürürdü. Bu səssizliyi pozmaq böyük bir günah olardı .

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #