Güman
Atası Ağcabədi bazarından alıb gətirdiyi şeyləri otağın ortasına tökəndə və o, bu əşyalara gözucu nəzər salanda doluxsundu. Ürəyində atasından incidi. Elə bildi ki, yenə də bazardan ona heç nə alınmayıb.
İldə bir-iki kərə Ağcabədi bazarına yollanmaq və iki çamadan əyin-başla qayıtmaq atasının adətidir. O, bilirdi ki, atası meşin üzlüyü çoxdan üzülmüş bu çamadanlarla sübhdən Ağcabədi bazarına armud, üzüm aparır və günbatan çağı da bu satdığı meyvələrin puluna yetdik əyin-baş şeyləri alıb qayıdır. Hərdən atası dəhrə, oraq, dəryaz, cilov kimi çoxişlənən təsərrüfat əşyalarına da pul xərcləyirdi, amma bu dəfə alıb gətirdiyi yalnız əyin-başdı; zarafat deyil, ailədə ondan başqa da beş oğlan böyüyürdü və deyəsən, altıncı uşağın ailəyə qarışmasına çox qalmamışdı, çünki anasının qarnı əndazədən çıxmışdı.
O, altıncı sinifdə oxuyurdu, kiçik qardaşı hələ dil açmamışdı.
Gözlərinin yaşını görən olmasın deyə eşiyə çıxmaq istəyəndə atası nəqafil səslə onu əylədi:
- Hara gedirsən? -dedi və palazın üstündəki nimdaş uzunboğaz çəkmələri cütləyib ona uzatdı, -geyin görək ayağını sıxmır ki?
Kor-kor, gör-gör; qarşısındakı çəkmələr onun ayağını necə sıxa bilərdi? Kənardan da görünürdü ki, hansısa zabitin, ya əsgərin ayağından çıxıb.
Atası Ağcabədi bazarından eyniaçıq qayıdırdı və axşamdan bir xeyli keçənə qədər Ağcabədi bazarının bolluğundan danışırdı: tez-tez də vurğulayırdı ki, buna səbəb ağdamlılardı, elə bil Ağdam bazarı dağılmayıb, Ağdamdan Ağcabədiyə köçüb.
- Armudu yaxşı sata bildinmi barı?
Atası qəfildən söhbətə qarışan arvadına saymazyana cavab verdi:
- Pis olmadı.
Və yenə də üzünü ona tutdu:
- Nə gözlərini bərəldirsən? -dedi, -geyin də çəkmələri, ayağını sıxırsa, aparıb qaytaraq.
Atası aşkarca onu ələ salırdı, amma nə həddi vardı bir sözünü iki eləyə.
Çəkmələri geyinəndə və çəkmələrin boğazı qasığına dirənəndə qardaşları gülüşdülər. Və o, təsəvvürünə gətirəndə ki, sabah onun çəkmələrinə bütün məktəb uşaqları güləcək, ağladı. Cəmi məktəbin çəkmələrə görə onu məsxərəyə qoymasına, bəlkə də, dözərdi, amma arada Ceyran da var idi axı…
Ceyrana keçən ilin yazından vurulmuşdu, səbəb də qız özü olmuşdu, bircə dəfə üzünə gülümsünmüşdü, vəssalam…
Bu sevda onun yeganə sirri idi və hələ ki, bu barədə ən yaxın sirdaşı -anasına da heç nə anlatmamışdı.
Atası yerindən dikələndən sonra:
- Hə, indi bir-iki addım at görüm, -dedi və dərhal da rusca komanda verdi:
- Şaqom marş!
Kazanda keçən əsgərlik illərindən tez-tez söhbət açan atası, ailəliklə televiziyaya baxanda rus dilindəki ən sadə mükalimələri belə anlamasa da, söhbətin nədən getdiyini ondan xəbər alsa da, rus ifadələri işlətməyi çox sevirdi və ona da deyirdi ki, sən gərək böyüyəndə general olasan!
O, əmrə müntəzir bir neçə addım atanda və səntirləyib yıxılanda qardaşları yenə gülüşdülər, amma bu dəfə atası üzünü elə bozartdı ki, hərəsi bir tərəfdə gözdən itdi.
Atası:
- Çox mübarəkdi! -dedi, -amma yaxşı saxla! Yaxşı saxla ki, səndən sonra qardaşların da geyə bilsin.
Onun əyninə gəlməyən paltarların, eləcə də rezin botuların, demək olar ki, heç biri atılmamışdı, hamısı qardaşlarının əynində, ayağında idi.
Nəyəsə etiraz etməyə dilindən var gəlməsə də, qəhər birdən-birə onu elə boğdu ki, hıçqırığını saxlaya bilmədi və deyəsən, atası bu dəfə onun könlünü almaq qərarına gəldi:
- Hə, deyəsən, bir azacıq ayağına iridi, -dedi, -amma eybi yox, yun corabla geyinərsən, lap lazım gəlsə, üstündən portyanka da dolayarsan!
Atası özü il uzunu əsgər çəkməsi geyinirdi, özü də corabsız, əsgərlikdə öyrəşdiyi kimi pamazı dolaqla- «portyanka» ilə.
O, dübarə hıçqıranda anası üzünü ərinə tutub:
- Sən də, ay evi tikilmişin oğlu, -dedi, -bir az balacasını ala bilməzdinmi?
Atası bu suala cavab vermədi, amma dedi ki, artıq-əskik danışmaqdansa, bir çəngə pambıq gətirsin, özü də çiyidsiz pambıq, mahlıc.
O, çəkmələri atasının əmri ilə geyindiyi kimi, onun hökmü ilə də soyundu. Sonra da altdan-altdan anasının gətirdiyi mahlıcı atasının bürmələyib çəkmələrin burnuna doldurmasına tamaşa elədi. Amma fikirləşəndə ki, başqa yol yoxdur, sabah bu çəkmələri geyinib məktəbə getməlidir, yenə gözlərinin yaşını saxlaya bilmədi.
Atası yenə çəkmələri ona uzatdı:
- İndi apar mazda, maz vuran kimi par-par parıldayacaq, xromdu,-dedi, -sabahdan geyinib məktəbə gedərsən!
Artıq iki həftə idi ki, ayaqqabıları yırtıldığından, ayaqyalın qaldığından məktəbə getmirdi.
Ortancıl qardaşı çəkmələri par-par parıldadıb yenidən otağa gətirəndə atası:
- Hə, bu başqa məsələ, indi oldu əsl narkom çəkməsi, altı padoş, üstü də xrom, -dedi, -Stalin də bundan geyinirdi.
Atası eşiyə çıxandan sonra balaca qardaşları da çəkməni «sınaqdan» keçirtdilər; hırıldaşa-hırıldaşa növbə ilə geyindilər, soyundular, hətta içindəki yazını da oxudular. Məlum oldu ki, bu çəkmələrin sahibi Sadıqbəyov soyadlı bir çavuş olub. Amma bu soyadın fərqinə varmadı. Bir xeyli baş sındırdı ki, görəsən, bu Sadıqbəyov soyadlı çavuşun çəkməsi Ağcabədi bazarına necə gəlib çıxıb?
Ortancıl qardaşı isə ona bu soyadla bağlı atmaca da atdı:
- Necəsən, çavuş Sadıqbəyov?
Yaşca böyük olsa da, ortancıl qardaşından çəlimsiz idi, ona bata bilmirdi. Əlbəyaxa olanda döyülürdü. Ona görə də dillənmədi və yuxuya gedənəcən fikirləşdi ki, səhər neynəsin? Çəkmələri geyinib məktəbə getsin, bütün məktəbi özünə güldürsün, yoxsa, atasının üzünə qayıtsın?
Səhər yuxudan ayılanda astanada cütlənmiş çəkmələrin üstündə bir cüt də corab gördü. Amma hələ yun corab geymək zamanı deyildi, havalar mülayim keçirdi.
Onu məktəbə anası yola saldı. Cibinə bir ovuc qoz ləpəsi tökəndən sonra da:
- Başqa yol yoxdu, qadan alım, geyin, - dedi, - geyinməsən, şümür oğlu şümür səni də döyəcək, məni də.
Və elə bu xəbərdarlıq da onu diksindirdi. O, bilirdi ki, atası ona əl qaldıranda, anası araya girərək və bəs deyincə döyüləcək.
Atasının çox qəribə bir şakəri vardı; elə bil bütün günü arvadını döyməyə bəhanə axtarırdı.
Dərsə gecikməmək üçün yarı yolda çəkmələri çıxarıb əlinə aldı; amma beş-on addım atandan sonra gördü yox, belə gedə bilməz, ayaqları üşüyür. Həqiqətən də yer yaşdı, son yağışlardan sonra torpaq qurumamışdı.
Yarı yolda məktəbin zəngini eşidəndə fikirləşdi ki, daha tələsməyə dəyməz; yubanandan sonra nə fərqi, ya beş dəqiqə gecikdin, ya on beş dəqiqə. Onsuz da Firəngiz müəllimə qulağını buracaq.
…Amma Firəngiz müəllimə onu sinif otağının kandarında görəndə nəinki qulağına əl atmadı, heç ona güldən ağır söz də demədi, əksinə, onu görən kimi gülüşməyə başlayan uşaqlara acıqlandı:
- Dədənizi dalınıza şəlləyərəm, ha!
Və əlini onun çiyninə toxundurub:
-Keç əyləş, -dedi, -keç…
Addımlaya-addımlaya yox, ayaqlarını sürüyə-sürüyə axırıncı sıradakı yerinə keçdi. Nümunəvi şagird sayılmasına baxmayaraq, sinif rəhbəri onu məktəbə baş girləmək üçün gələn uşaqlarla bir cərgədə otuzdururdu.
Sinif yoldaşları, əsasən də oğlanlar, bir-bir çönüb müəmmalı təbəssümlə ona nəzər yetirəndə və bu da dərsin pozulması ilə nəticələnəndə, başını günahkarcasına aşağı saldı.
Qarşısına düşən ilk məktubun hardan atıldığını bilmədi. Amma ehtiyatla açıb oxudu. Bir cümlədən ibarətdi: «Sapoğun mübarək!».
Çox keçmədi ki, bu məzmunda ikinci məktub da gəldi. Amma bu anonim deyildi. Məktubu göndərən altına adını, soyadını, hətta ayamasını da yazmışdı: «Namazov Cahangir-Con».
Sağ tərəfdən atılan üçüncü məktub, əslində, açıqca idi. Hədəfini bulan kəlmə kartona yazılmışdı: «Sapoğunu yeyim!».
Dördüncü, beşinci, altıncı məktubu da açıb oxudu. Məzmun dəyişməmişdi, amma bu məktublardan da birinin altına imza qoyulmuşdu: «Müsibəti Fəxrəddin». Elə bu məktub da eynini açdı və başını qaldırıb ən istəkli dostu Fəxrəddinə baxdı və gördü ki, hamının gözü ondadır. Firəngiz müəllimə isə şövqlə Babək hərəkatından danışırdı. Bu arada bir məktub da indidən siqaret çəkən, çaxır içən dostu Babəkdən gəldi. Yazırdı ki, sapoqları haçan yuyuruq?
Tənəffüsdə «Altıncı-A»nın uşaqları da hərəsi bir bəhanə ilə sinfin qapısını açırdılar və oğrun-oğrun onun ayağındakı çəkmələrə baxıb pıqqıldaşırdılar.
«Altıncı-A»dan sinif otağının kandarında yalnız Ceyran görünmədi. Təsəllisi də elə bu idi. Ona elə gəlirdi ki, Ceyran da onun bu nataraz çəkmələrinə baxıb gülsə, gərək məktəbə gəlmək nədi, heç kənd arasında görünməsin.
Növbəti tənəffüsdə də sinifdən çıxmadı. Növbəti dərs fasiləsində aşağı siniflərin uşaqları da onu müəmmalı təbəssümlərlə «ziyarət etməyə» başlayanda dözmədi, birini elə çəkməsi ilə vurdu. İkincisinin elə bu qayda ilə dərsini vermək istəyəndə çəkmə ayağından çıxdı və öz sinif yoldaşı İlyasa dəydi. Və bu hadisənin də əks-sədası elə yoğunladı ki, bir də gördü ki, bəzi müəllimlər də gəlib onun çəkmələrinə baxır.
O isə fikirləşirdi, fikirləşirdi ki bir başqası belə bir çəkmə ilə məktəbə gəlsəydi, bəs o neynəyərdi görəsən? Fikirləşirdi ki, görəsən, atası niyə onu başa düşmür? Niyə onu belə sındırır? Axı, atasının onu belə hala salması birinci dəfə deyildi.
…Üç il qabaq - üçüncü sinifdə oxuyanda, atasının Ağcabədi bazarından alıb gətirdiyi nimdaş paltonu geyinib dərsə gedəndə də, məktəb uşaqları onu beləcə, indiki kimi məsxərəyə qoymuşdular. Bu paltonu geyinəndə ətəyi yerlə sürünürdü, üstəlik də ağırdı, gəzdirə bilmirdi. Amma bu qayda ilə məktəbə bir neçə dəfə gedəndən və uşaqları özünə güldürəndən sonra çıxış yolu tapdı, evdən bir qədər aralanandan sonra paltonu soyunub böyürtkən kolluqlarında gizləməyə başladı.
Atası hər gün bu paltonun da matahını qaldırırdı, əsl drapdı, deyirdi, Stalin də bundan geyinərdi.
Məktəbdən qayıdanda yenə paltonu böyürtkən kolluğundan çıxarıb əyninə keçirirdi və evdə ortancıl qardaşından başqa heç kim bilmirdi ki, qışın günündə o, məktəbə köynəklə gedir.
…İndi də çəkmələri elə həmin böyürtkən kolluqlarında gizləyə bilərdi, amma məktəbə ayaqyalın getməyəcəkdi ki?... İkincisi də çəkmə palto deyildi, hər halda dəridəndi, dərinin də iyini necə ola bilər ki, küçə itləri almasın?
...Amma məktəbdən qayıdanda çəkmələr bütün uşaqların karına gəldi. Yolun qırağındakı çəmənlikdə bölüşüb top-top oynamağa başlayanda qapı tiri axtarmadılar, bir qapıya tir yerinə çəkmələri qoydular...
Kimin ağlına gələrdi ki, yoldan keçən «QAZ-31» meydançanın yanından ötəndə əylənəcək və sürücü maşından düşüb onların oyununa tamaşa eləyəcək və axırda da qapı tiri əvəzinə qoyulmuş çəkmələrə yanaşacaq.
Bu cavan, saqqallı sürücü, deyəsən, çəkmələrin içinə yazılmış ad, soyad diqqətini çəkəndən sonra səsini qaldırdı:
- Kimindi bu çəkmələr?
O, bu qəfil suala cavab verməyə utandı. Amma tay-tuşları onu nişan verib bir ağızdan dilləndilər:
- Bu gədənindir!
Saqqallı sürücü onu ötəri süzüb gülümsündü:
- Bəs sən bu çəkmələri necə gəzdirirsən? - Soruşdu, - ayağına böyük deyil?
Əlbəttə, o bu sualları cavabsız qoymadı, hələ üstəlik anlatdı ki, atası işdən gec qayıdır.
Saqqallı sürücü mülayim səslə:
- Axşam sizə gələcəyəm, -dedi, -sən bu çəkmələri geyinməli deyilsən...
Əslinə qalsa, heç nə anlamadı, nədən ötrü, o, axşam onlara gəlməlidi? Niyə o, bu çəkmələri geyinməli deyil?
Evə çatan kimi bu əhvalatı anasına danışdı, ona görə danışdı ki, içində anbaan müəmmalı bir işıq közərirdi. Doğrudanmı, yenə adi bir təsadüf nisgilinə son qoyacaq?
Üç il qabaq canını o nimdaş paltodan bir təsadüf qurtarmışdı. Hardansa onların məhləsinə gəlib çıxan baxıcı demişdi ki, bu evdə ölü paltarı var, o paltar bu evdən çıxmasa, bu ocağın çırağı sönəcək, bu yuva xaraba qalacaq. Anası da dərhal həmin paltonu büküb vermişdi baxıcıya. Düzdür, bunun nəticəsi ürəkaçan olmamışdı, bu söhbətdən xəbər tutan kimi atası arvadını salmışdı təpiyin altına, sonra da demişdi ki, o baxıcı lotuşkanın biriymiş, sabah o paltonu aparıb Ağcabədi bazarında bir fağıra sırıyacaq.
Sabahkı dərslərini hazırlamaq istəsə də, beyninə heç nə girmirdi; nə sərkərdə Babək, nə də onun ərəb xilafətinə qarşı başladığı xürrəmi hərəkatı. Fikri-zikri qalmışdı o saqqallı sürücünün yanında.
...Axır ki, o, oğlanın səsini eşitdi.
Atası bir qayda olaraq gecələr adını tutub səsləyənlərin qarşısına özü çıxmırdı, onu göndərirdi, özü də deyirdi ki, get denən dədəm evdə yoxdur. Atası bu dəfə də adətinə xilaf çıxmadı. O, özü də ikinci mərtəbənin eyvanından növbəti yalanını uydurdu.
- Dədəm evdə yoxdur.
Yenə doqqazdan səs gəldi:
- Necə yəni yoxdur?
Yox, bu saqqallı sürücünün səsi deyildi, yad səsdi. Və o, aşağı boylananda gördü ki, saqqallı oğlan həmin maşınla gəlsə də, tək deyil, adına «pallamoççi» dedikləri sahə müvəkkili Sahib Abdullayev də yanındadır, kənd sovetinin sədri də.
Görünür, sahə müvəkkilini səsindən atası da tanımışdı, yoxsa, o, gecənin bu vədəsi hər səsə evdən çıxmazdı.
O, sahə müvəkkili ilə atasının arasında gedən mükaliməni ikinci mərtəbədən darı kimi dənləyirdi.
- O çəkmələri ayağında gəzdirən oğlan Ağdam batalyonunda bu saqqallı oğlanın komandiri olub. İndi ona Milli qəhrəman adı veriblər. Heç bilirsən, bu nə deməkdir? Başa düşürsən?
- Başa düşürəm, amma bilmirəm, söhbət hansı çəkmələrdən gedir?
- Sənin oğlun geyinən çəkmələrdən.
Sonra araya sükut çökdü. Sonra sahə müvəkkili əlini saqqallı sürücünün çiyninə qoyub sözünün ardını gətirdi:
- İndi bu kişi gəlib o çəkmələri aparsın, nə deyirsən?
- Yenə araya sükut çökdü. Amma bu dəfə sükutu atası pozdu:
- Məsləhət sizindir, - dedi, - amma...
- Nə amma, - müvəkkil dedi, - o çəkmələr Milli qəhrəmanın nişanəsidir. Döyüş şöhrəti muzeyinə qoyacaqlar...
Sözün bu yerində saqqallı sürücü də söhbətə qarışdı:
- O çəkmələrin əvəzinə iki cüt ayaqqabı gətirmişəm oğlunuza, -dedi, -biri krasovkadı, biri də tuflidi, geyinib məktəbə gedər.
Araya çökən sükutu sovet sədri pozdu:
- Bəs bizi evə niyə dəvət eləmirsən, a kişi, müsəlman deyilsən?
- O nə sözdü, - atası cavab verdi, - sizin kimi qonaqlara canım da qurbandı.
Çay süfrəsi arxasında sahə müvəkkili birdən-birə meşin qovluğundan bir vərəq ağ kağız, qələm çıxartdı və qoydu masanın üstünə.
- İndi yaz görüm çəkmələri hardan, kimdən almısan? - Müvəkkil dedi və bir qədər fikrə gedəndən sonra sözünün ardını da gətirdi, - yaxşı olar ki, çəkmələri aldığın fiziki şəxsin zahiri əlamətlərini də yada salasan, olduğu kimi təsvir edəsən.
«Fiziki şəxs», «zahiri əlamət», «təsvir» kimi ifadələr elə onun özünə də yaddı, cəmi üç il təhsil görmüş atası nə bilsin ki, müvəkkil nə istəyir?
Atasının birdən-birə nədənsə xoflandığını hiss elədi; başa düşdü ki, qonaqların üzünə yazıq-yazıq gülümsəməsi də səbəbsiz deyil.
- Şübhəsiz ki, bu məsələni hərbi prokurorluq da araşdıracaq, çünki məlum deyil ki, şəhidə düşmən gülləsi dəyib, ya onu arxadan vurublar; ona görə də hər şeyi olduğu kimi yaz: kimnən almısan, haçan almısan, çəkmələri satan adamla aranızda nə söhbət olub, hamısını yaz. Nə yazdığını da yadında saxla ki, hərbi prokurorluqda verəcəyin izahatda başqa cür yazmayasan, özünü dolaşdıra bilərsən...
Atası qələmi əlinə alsa da, bir neçə dəfə ağ varağın üstündə gəzdirsə də, hələ ki, heç nə yazmamışdı, amma dərin fikrə getmişdi. Birdən-birə dilləndi:
- Mən latın əlifbasıynan yaza bilmirəm, axı...
- Eybi yox, kirilnən yaz, - sahə müvəkkili dedi, - nəzərə alarıq.
Yaşıl qələm atasının düyür-düyür, kösov kimi qaralmış barmaqları arasında titrəyirdi. Rəngi-rufu da anbaan avazıyırdı…
O, heç zaman atasını kiminsə qarşısında belə aciz, fağır görməmişdi.
Saqqallı oğlan iki cüt ayaqqabını çiyin çantasından çıxarıb ortaya qoyandan sonra çəkmələri tələb elədi və ortancıl qardaşı da atasının işarəsindən sonra çəkmələri cütləyib gətirdi. Atası gah yerə baxırdı, gah tavana, elə bil yazacağı cümlələri yerdə, tavanda axtarırdı. O, atasının yalnız qələm tutmuş barmaqlarının yox, bütün vücudunun titrədiyini görəndə daha da təsirləndi və:
- Bəlkə mən yazım, - dedi, - atamın əvəzinə.
Amma sahə müvəkkili razılıq vermədi.
- Sən get dərsini oxu, - dedi, - özü yazmalıdı!
Sovet sədri isə müvəkkilin sözünə dəstək verəndən sonra canıyananlıqla:
- Bir də bazardan köhnə əyin-baş almayın, - dedi, - görürsüz də nəticəsini.
O, bilmədi ki, atası bu nəsihəti eşitdi, ya yox, çünki kişi dərin xəyal içində idi və kim bilir nə fikirləşirdi.
Ömründə ilk dəfə atasının halına acıdı, atasına yazığı gəldi. Ürəyində isə toy-bayramdı. Hər halda sabah o, məktəbə masanın üstündəki ayaqqabılardan birini geyinib gedəcəkdi. Daha tənəffüslərdə sinifdə oturmayacaqdı. Dəhlizə çıxacaqdı ki, Ceyran da onu görsün.
Atası bir neçə ay qabaq Ağcabədi bazarından bir ev əşyası da almışdı: alt-üst əsgər çarpayısı. O, çarpayının üst qatında, ortancıl qardaşı alt qatında yatırdı. Gecənin bir vədəsi ortancıl qardaşı onu dümsükləyib yuxudan ayıltdı və ağzını qulağına dayayıb pıçıltıyla soruşdu:
- Dədəmi tutsalar, bəs bizi kim dolandıracaq?
Daha sonra ortancıl qardaşı onun qulağına bir kəlmə də pıçıldadı:
- Mən bilən, dədəm düz deyir: bu qurğudu, elə bilirlər, çoxlu pulu var, qorxudub əlindən alacaqlar!..
Ortancıl qardaşı qonaqlar gedəndən sonra o çəkmələrlə bağlı atası ilə anasının arasında başlanan söhbətə qarışmamışdı, amma, deyəsən, nə isə... anlamışdı...
"Azərbaycan" jurnalının 2013-1 nömrəsində çap olunmuş bu hekayənin internet məkanında eksklüziv yayım hüququ yalnız Kulis.az saytına məxsusdur.