Kulis “TEAS PRESS” nəşriyyatının "3 alma" uşaq ədəbiyyatı bölməsinin təhsil üzrə məsləhətçisi Aysel Zahidqızı ilə müsahibəni təqdim edir.
- Aysel xanım, nəşriyyat haqqında məlumat verərdiz?
- İki ilə yaxındır ki, uşaqlar üçün kitab çap edirik. Bizim kitablar uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.
- Kitabları necə seçirsiz?
- Amerikanın, İngiltərənin, Avropanın bir sıra tanınmış uşaq yazarları ilə əməkdaşlıq edirik. Düzdü bizdə o qədər tanınmırlar, amma onlar öz sahələrində kifayət qədər məşhur adamlardır. Biz beynəlxalq kitab yarmarkalarında iştirak edirik, orda çox satılan, diqqət çəkən kitabları seçirik. Təbii ki, onları əvvəlcədən oxuyuruq, özümüzə maraqlıdırsa, kitabın hüquqlarını əldə edib bundan sonra çap edirik.
- Bəs bu kitabların bizim uşaqlara maraqlı gələcəyini necə müəyyən edirsiz?
- Biz bu kitabları çap etməmişdən qabaq uşaqlara da oxuyuruq. Bundan başqa gəlin əvvəlcə bizim Sovet dövründə çıxan uşaq kitablarına diqqət edək. Bu kitablarda daha çox sözə üstünlük verirdilər, şəkillərsə az olurdu. Amma müasir dünya standartlarında şəkillərə daha çox üstünlük verilir. Biz kitabı seçməmişdən qabaq baxırıq ki, o kitablar nə reaksiya doğurub, ondan sonra onu çapı ilə məşğul oluruq. Baxın “Maks idman edir” adlı bu kitabda uşaqlara idman aşılanır. “Cəsur Riki”də uşaqlara valideynlərindən ayrı yatmağı öyrədirik.
- Uşaq kitabları böyük kitablarından hansı xüsusiyyətləri ilə seçilir?
- Əvvəla uşaq kitabları yaş həddinə görə bölünməlidir. Yaş həddi iki yaşından başlayır. Kitabların kənarı dairəvi, vərəqləri qalın olmalıdır. Uşaq kitabı əlindən sala bilər, sivri olanda ayağını əzər, vərəqlər qalın olanda isə körpə onu cıra bilməyəcək. Ola bilsin uşaq kitabı yazmaq istəsin, bu vərəqləri isə yazmaq olmur. Uşaq kitablarının şriftləri böyük olmalıdır. Görürsüzmü necə böyük şriftləri var? (kitabı göstərir-red.) Azyaşlı uşaqlar üçün kitabda sözlər çox az olur. Yaş artdıqca sözlərin sayı da artır. Rəng seçimində də diqqətliyik. Göz yoran, çox qabarıq rənglər verilməməlidir. Vərəqin keyfiyyətinə də diqqət edirik. Rəng seçimində gözü zəif uşaqlar da nəzərə alınır. Bir şeyi də qeyd edim ki, bizim kitablardan qoxu gəlmir, bunu da allergik uşaqları nəzərə alaraq edirik. Yəni bizim çap etdiyimiz kitab Amerika, İngiltərə yazıçısının öz ölkəsində çap etdirdiyi kitabla eynidir. Yazıçıların da bizdən tələbi beynəlxalq standartlara cavab verməkdir.
- Kitabın orijinalındakı illüstrasiyaları saxlayırsız?
- Əlbəttə, orijinalda necədirsə elə də qalır.
- Bu kitabların tərcüməsi barədə danışaq.
- Bizim öz tərcüməçilərimiz var. Əsər tərcümə olunduqdan sonra da bir neçə dəfə redaktə olunur. Çalışırıq orfoqrafik səhvlər olmasın, amma hardasa hərf səhvi olanda da növbəti nəşrdə bunu aradan qaldırırıq.
- Uşaq kitablarının tərcüməsi daha məsuliyyətlidir, asan dillə çevrilməlidir, uzun, yorucu cümlələr olmamalıdır.
- Əlbəttə redaktə zamanı uşaqların başa düşə bilməyəcəyi sözləri yığışdırırıq, cümlələri sadələşdiririk.
- Kitablarınızın qiymətləri necədi?
- Kitablarımızın keyfiyyətinə fikir verirsiz. Bizim kitabların hamısı Türkiyədə çap olunur. Buna görə də kitablarımızın qiymətində özünü göstərir. Altı manata satılan kitabımız da var, on beş manata satılan da. Yenə də deyirəm, keyfiyyətinə fikir verirsiz, uşağının sağlamlığına önəm verən valideyn keyfiyyətsiz kağızlarda çap olunmuş, kiçik şriftli, pis qoxu gələn kitabı uşağına almaz. Bizim kitabların qiymətləri keyfiyyətə görədir desək valideynləri qorxutmamış olarıq məncə, amma onun qarşılığında keyfiyyət də təqdim edirik.
- Uşaqlar üçün müxtəlif formalı, misal üçün 3D kitablar da olur. Kitabı açırsan, dağ şəklidir, kağızı qaldırırsan, olur dağ.
- Bizdə qatlanan kitablar var. Bir azdan sizə göstərəcəm. Amma gələcəkdə 3D kitabları da çap etməyi düşünürük. Biz uşaqlarla tez-tez görüşlər keçirir, onların təəssüratlarını öyrənirik.
- Yaş həddi artdıqca kitablarda hansı fərqlər olur?
- Gəlin baxaq. İki yaşlı uşaqlar üçün olan kitablarda söz azdı, amma şəkillər çoxdu, beş-altı yaş qrupları üçün olan kitablarda hərflərin şriftləri böyükdü, beləcə yaş həddi artdıqca şriftlər balacalaşır.
- Nəşrləriniz arasında vampirlərdən, əcinnələrdən bəhs edən kitablar da var. Uşaqlara belə kitablar oxumaq olarmı?
- Sizə deyim, “Əcinnə ovçusu” adlanan bu əsərin filmi də var. Amma bu əsərlərdə qan, zorakılıq yoxdur. O baxımdan maraqlıdır.
- Dünyada ən çox hansı nağıllar oxunur, məişət, sehrli, fentezimi, qəhrəmanlıq nağıllarımı? Bizim uşaqlar hansı nağıllara maraq göstərirlər?
- Sehrli və məişət nağıllarına maraq çoxdur.
- Yerli müəllifləri çap etmirsiz?
- Biz elan vermişik, yerli müəllifləri axtarırıq. Çox istəyirik ki, yerli müəllifləri də cəlb edək, onları çap edək. Uğur qazanarsa onları xarici dillərə də çevirə bilərik. Çünki biz kitab yarmarkalarında olanda Azərbaycan stendinə rast gəlmirik.
- Mən sizə deyim ki, bizdə uşaqlar üçün yazanlar da az deyil.
- Yazırlar, amma bizim yazıçıların yazdıqları beynəlxalq standartlara cavab vermir, ancaq heyvanlardan yazırlar; tülkü belə dedi, Məstan elə elədi, Toplan başqa cür elədi. Uşaq ədəbiyyatı Toplandan, Məstandan ibarət deyil.
- Siz artıq yeni adlar düşünürsüz?
- Biz istəyirik qəhrəmanlarımızın arasında adi insanlar olsun, yeri gələndə fiziki qüsurlu uşaqlar da olsun və sair. Div, Cırtdan kimi obrazlar olan nağıllar istəmirik.
- Kimsə Cırtdan haqda nağıl gətirsə qəbul etməyəcəksiz?
- Biz onu öz qəlibimizə salacağıq. O formatda ola bilsin Cırtdan olmasın, ya da Cırtdan olsun, amma meşədə yaşamasın, müasir olsun.
- Siz Cırtdan obrazını necə görürsüz?
- Mən yazar deyiləm, amma onu deyim ki, hadisələr real həyatımızdan götürülməlidir. Uşaqlar reallığa alışdırılmalıdır. Lap Cırdan olsun, amma şəhərin küçələrində gəzsin, dostu ilə görüşsün, məktəbə getsin, divin gözünü çıxarmasın. Cırtdanı müasirləşdirmək lazımdır. Mən demirəm ki, bizdə Cırtdan obrazı olmasın, olsun, amma div öldürməsin. Div öldürməklə uşağa ancaq qəddarlığı aşılamaq olar. Bizim kitabın sonunda uşaq beynində olan müəyyən suallara cavab tapmalıdır.
- Dünya ədəbiyyatının klassik əsərlərinin sadələşdirilmiş varinatlarını çap edirsiz?
- Qrimm qardaşlarının və başqa müəlliflərin sadələşdirilmiş əsərləri bizdə çap olunub.
- Kitabların adlarından danışaq. Bax bu kitabın adı “Rum... Rumbel... Rumbelstinski”dir. Hansı yaşlı uşaqlar üçün nəzərdə tutulub?
- Bu 12 yaşlı uşaqlar üçündür.
- On iki yaşlı uşaq bu adı rahat deyə bilər?
- Deyə bilər. Bu əsər dünyada məşhurdur.
- Amma bu biri kitabda qəhrəmanın adı Sevincdir.
- Bu əsər klassik sayılmır, ona görə qəhrəmanın adını özümüzünkiləşdirdik. Adı dəyişəndə müəlliflə razılaşdırmışıq.
- Valideynlər uşaqlarla gündə nə qədər məşğul olmalıdırlar? Bu barədə təcrübələrinizi bölüşərdiz.
- Statistik ailələrdə valideynlər uşaqlara gecə yatmamışdan əvvəl nağıl, hekayə oxumalıdır. Bizim kitabların birini oxumağa ən çox on dəqiqə vaxt gedir. Təbii ki, sonra uşağın hansısa sualı olacaq. Yəni uşağa 10 dəqiqə vaxt ayırmaq bu qədərmi çətindir? Uşağa telefonu verib “Get, yat” deməkdənsə ona nağıl oxumaq yaxşıdır. Ata, yaxud ana fərqi yoxdur, hər biri oxuya bilər.
- Bildiyim qədərilə uşaq vaxtı daha çox atalarından nağıl dinləyən insanların fantaziyaları geniş olur, daha yaradıcı olurlar.
- Mən fikir vermişəm, atalar emosiya ilə analar soyuq danışırlar. Hekayəni emosional oxumaq lazımdır, uşağı həyəcanlandırmaq lazımdır.
- Həm də atalar nağılı unutduğuna görə bəzən özlərindən uydururlar. Hər dəfə bir cür danışırlar. Bu vərdiş də uşaqlarda fantaziya qurmaq bacarığını artırır.
- Uşağa imkan vermək lazımdır ki, öz fantaziyasını inkişaf etdirsin.
- Bildiyimiz kimi İslam dinində donuz və itə münasibət aydındır. Bəs elə dindar ailələr olmur ki, baş qəhrəmanının donuz olduğu bir nağıl kitabını qəbul etmək istəməsinlər?
- Bizim üçün bütün heyvanlar bərabərdir. Uşağa deyə bilmərik ki, donuz pisdir. Azərbaycanda donuzun pisləndiyini nağıl var?
- İçində donuz Azərbaycan nağılına mən rast gəlməmişəm.
- Amma heyvan heyvandır da.
- Yəni siz düşünmürsiz ki, dindar bir ailə tutalım qəhrəmanı donuz olan kitabı almaq, evinə aparmaq istəməyəcək?
- Biz çalışırıq bütün personajlardan istifadə edək. Biz donuzun ətinin faydalılığından danışmırıq ki, onu personaj kimi təqdim edirik. Dinə qalsa personajlarımızın hamısı gərək pişik olsun. Sizə deyim, təcrübə onu göstərir ki, Piggi donuzun bu nağılını (kitabı göstərir – red.) alanlar çoxdur.
- Sonda nə demək istərdiz?
- Bizim kitablarımız keyfiyyətinə, içinə görə Azərbaycan bazarında yenidir. Bizim auditoriyamız uşaqlar olduğuna görə çalışırıq, kitablarımız olduqca keyfiyyətli olsun, dünya standartlarına cavab versin. Bizim kitablar Azərbaycanın uşaq ədəbiyyatı bazarında demək olar ki, ilkdir. Valideynlər də uşaqlarının sağlam olmasını istəyirlərsə təklif edirəm bizim kitabları alsınlar.