İsa Muğannanın qızı: "Mənə Kamal Abdullanın kitablarını oxutdururdu"

İsa Muğannanın qızı: "Mənə Kamal Abdullanın kitablarını oxutdururdu"
2 aprel 2014
# 10:21

“Deyirlər, güzəştə getmək müdriklik əlamətidir. Mən bu fikirlə razılaşa bilmirəm...”.

Bu sözlər ünlü yazıçı İsa Muğannanın yarımçıq əlyazmasının son səhifəsindən götürülüb. Yazı masasında qalaq-qalaq vərəqlər, qatlanmış gözlük, “Ədəbiyyat qəzeti” və stolüstü lampa diqqət çəkir. Bütün bunlar burada bir yazıçının varlığından soraq verir. Daha doğrusu, verirdi. Martın 31-də qəfil ölüm İsa Muğannanı – İsa Hüseynovu yaxalayıb... Qızı Sevinc xanım belə deyir.


”...birdən boğulmağa başladı”

Onu sözlərinə görə, hər şey birdən-birə – gözlənilmədən baş verib:

- O, xəstə yatmırdı. Səhhətindən elə bir şikayəti yox idi. Düzdür, 9 ildir ürək çatışmazlığı vardı, 3 dəfə klinik ölüm keçirmişdi. Ara-sıra problemlər olurdu, bəzən heç həkim də çağırmırdıq, özüm vəziyyətdən çıxarırdım. Amma həmin gün birdən boğulmağa başladı. Həkim çağırdıq. Amma kömək edə bilmədilər. Gecə 1-ə işləmiş vəfat etdi.


- Sizə bir söz deyə bildi? Son sözü nə oldu?

- Yox, heç nə demədi. Ondan bir gün qabaq yuxuda möhkəm ağlamışdı, amma səbəbini bizə söyləmədi. Ümumiyyətlə, dərd verən adam deyildi, dərdini heç kəsə deməzdi. Nadir hallarda bölüşərdi sirrini.

Sevinc Hüseynova deyir ki, atasının əlində bir əsəri vardı, elə nigarançılığı da bundanmış ki, əsəri bitirə biləcək, ya yox:

- Bilmirəm nə barədə idi. Yazı masasında oxudum. Deyəsən, məhəbbət haqqındadır.

- Son günlərinədək işləyirdi?

- Yayda ağır xəstələndi... Ondan sonra, ara-sıra, işləyirdi. Gözü çətin görürdü, oxuya bilmədiyini mən oxuyurdum ona. Kitab oxutdururdu mənə. Kamal Abdullanın kitabını oxudurdu. İki kitabı haqqında məlumat vermişdim ona. “Yarımçıq əlyazma” ilə “Sehrbazlar dərəsi”ni oxumuşdum ona, amma “Unutmağa kimsə yox”u çatdıra bilmədim. Çox istəyirdi ki, ona oxuyum bu kitabı.


”Rus ədəbiyyatını çox sevirdi"

Bakı Dövlət Universitetində ədəbiyyatdan dərs deyən Sevinc Hüseynova atasına tələbələrinin mütaliəsi barədə də danışırmış:

- Soruşurdu ki, uşaqlar oxuyurmu? Yaxşı kitabları apar, ver – oxusunlar, özündə də qeyd elə ki, sonra qaytarsınlar. Rus ədəbiyyatını çox sevirdi. Dostoyevskini, Tolstoyu, Turgenevi çox sevirdi.

- Öz əsərlərindən hansını özü ilə aparmaq istərdi? Bu barədə söhbətiniz olurdumu?

- “İdeal”ı. Həmişə deyərdi ki, məni tanımaq istəyən birinci “İdeal”ı oxusun, sonra povestlərimi, hekayələrimi. “İdeal” onun şah əsəri idi.


Azərbaycan tamaşaçısına İsa Muğanna “Nəsimi”, “Tütək səsi” filmlərindən tanışdır. Azərbaycan oxucusuna isə “İdeal”la yanaşı, “Yanar ürək”, “Məhşər”, “Doğma və yad adamlar”, “Kollu koxa” və “Saz” əsərlərindən.

”Heyrət indi də içimdə qalır”

İsa Muğannanın ölümü yazıçı Əkrəm Əylislini sarsıdıb:

“Elə bildim ki, çox yaxın, doğma adamımı itirdim. Yazıçıların bir-biriylə birbaşa ünsiyyəti oldu-olmadı, onların arasında ruhi bağlılıq və ünsiyyət var. İsa Hüseynov elə yazıçı idi ki, onunla ruhi ünsiyyətdə olmamaq mümkün deyildi. Cavanlıqda ilk oxuduğum və həddindən çox bəyəndiyim “Yanar ürək” əsəri, məndə ədəbiyyata olan vurğunluğu bir yana qoysaq, təəccüb və heyrəti də artırdı. Həmin heyrət indi də içimdə qalır”.

“Çalışaq... Bu səhvi aradan qaldıraq”

Yazıçı Afaq Məsud hesab edir ki, İsa Muğanna Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri idi: “Bu itki ədəbiyyatımıza ağır bir zərbədir. Təəssüf edirəm ki, onun son illərində müsahibələri yoxdur. Nə düşündüyünü, nə yazdığını bilmədik. Ona da təəssüflənirəm ki, dünya səviyyəli bir yazıçını dünyaya tanıda bilməmişik. Çalışaq, gələcəkdə bu səhvi aradan qaldıraq”.

“İsa Muğanna bir üslub hadisədir”

Ədəbi-tənqidçi Cavanşir Yusifli deyir ki, İsa Muğanna Azərbaycan ədəbiyyatına böyük təsiri olan bir yazıçıdır: “Kollu koxa”, “Teleqram”, “İdeal” əsərləri ilə Azərbaycan romançılığının dünya standartına yaxınlaşmasına, bərabərləşməsinə xidmət edib. İsa Muğanna bir üslub hadisəsidir. Onun üslubu Azərbaycan yazıçıları üçün də bir məktəb oldu”.

Yazıçı Əlabbas isə Kulis.Az-a verdiyi açıqlamada İsa Hüseynovu belə xarakterizə etdi: “İsa Hüseynov yeni Azərbaycan nəsrinin təməl daşını qoyan, lirik-psixoloji üslubun ilk cığırını açan yazıçıdır. Mən Azərbaycan ədəbiyyatından nə əxz etmişəmsə, pərakəndə halda digərlərindən, sistemli şəkildə isə bu müqtədir qələm sahibindən öyrənmişəm. “Yanar ürək”, “Kollu koxa”, “Tütək səsi”, “Şəppəli”, “Saz”, “Teleqram”, “Məhşər” kimi şedevrlərlə yaratdığı əzəmətli azərbaycanlı obrazları Çingiz Aytmatovun qırğız, Vasili Şukşinin rus, Nodar Dumbadzenin gürcü qəhrəmanlarına nəinki boy, heç can da verməzdi. Hayıf ki, digər dillərə tərcümə olunmamağı qədirbilən oxucuları dünya nəsrinin sayılıb-seçilən isimlərindən birinin də balaca Azərbaycanda yaşadığını bilməkdən həmişəlik məhrum etdi”.


İsa Hüseynovla (Muğanna) vida mərasimi aprelin 2-də saat 12:00-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Xalq yazıçısı I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Oxuzalı.az

# 1715 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #