Əksərən yazarlar, şairlər isti yay günlərində yaradıclıqlarında bir boşluq yaşayırlar. Yaza bilmirlər. Kulis.az yazarlar sorğu ünvanlayıb - Yayda nə yazırsınız? Ümumiyyətlə bu fəsildə məhsuldar ola bilirsiz?
Yazıçı Səfər Alışarlı:
"Mənim təcrübəmdə fəsillər yaradıcılıq üçün əhəmiyyətli rol oynamayıb. Mənim üçün vacib olan oturduğum yerin o işə minimal münasibliyi (komfortu) və öz əhvalımdır. Bu iki məsələ yazı-pozuya imkan verən ilkin şərtlərdir. Mən hər şeydən tez doyan adamam: dənizdən, meyvədən, qardan, araqdan və s. Yalnız yaradıcılığa sərf etdiyim vaxtı itməmiş zaman sayıram. Həyat isə bizdən tamam başqa şeylər tələb edir. Gənclikdə adama elə gəlir ki, onun yaradıcılıq üçün arzuladığı şərait tam şəkildə bərqərar olsaydı, o, dahiyanə əsərlər yazardı. Bunun nə dərəcədə belə olub-olmadığı, zənnimcə, hamını düşündürüb.
Sizə maraqlı bir şey danışım, yeri gəlmişkən. Yaxın keçmişdə Rusiyada "Kommersant” Nəşriyyat Evi vardı. Onun tərkibinə bir neçə böyük qəzet, jurnal, nəşriyyat, mətbəə kompleksi-filan daxil idi. Bəlkə indi də var, bilmirəm. Onun sahibi bir urus 90-cı illərin ortalarında bütün bu dəsgahı dəyər-dəyməzinə satdı, çıxdı getdi Amerikaya. Soruşun - nəyə?
Bu adam getdi dünyanın ən məşhur yazıçılarından biri olan Karlos Kastanedaya şagirdlik eləməyə, daha doğrusu ondan uğurlu yaradıcılığın sirlərini öyrənməyə. Bilirsiniz ki, K.Kastaneda yer üzündəki bütün canlıların davranış, düşnüncə və yaşam psixologiyasını qədim astek və maya təlimlərinə əsaslanan bilgilərlə izah etməyi bacaran bir yazıçı idi. O, dağın, suyun, çölün, buludun da dilini bilirdi. Bunları "Don Xuanın təlimi” və başqa əsərlərində mükəmməl yazıb. Bir neçə il əvvəl rəhmətə getdi.
Bu urus qardaş getdi, Kastanedanı tapdı, məqsədini dedi və böyük Maq onun səmimiyyətinə inanıb şagirdliyə qəbul etdi. Haradasa 10 il zaman keçəndən sonra təlimi mənimsəmiş urus geri, Moskvaya qayıdıb danışdı. Dedi ki, təlimi öyrənib. Dedi ki, yaradıcılıq üçün ən optimal şərait səni doğmuş, öz içində yerli şəraitə, onun qanun və tələblərinə uyğun yetişdirmiş mühitdir. Ondan gözəli sadəcə yoxdur.”
Yazıçı Nəriman Əbdülrəhmanlı:
"Ümumiyyətlə, yayda öz yazılarımı yazmaq vərdişim yoxdu. Yalnız yazacağım yazılara hazırlaşıram, yarımçıq tərcümələrimi tamamlayıram, yağışlar mövsümü başlayanacan vaxtımı bu cür yola verirəm. Məncə, yazıçının (nasiri nəzərdə tuturam) çölüylə yanaşı, içində də sərinlik, rahatlıq olmalıdı ki, beynindəkiləri arxayınca kağıza köçürə bilsin. Buna görə də yay mövsümü məndən ötrü həmişə "ərəfə” mənasını verir. Bu "ərəfə”dən layiqincə keçmək üçün də az əziyyət çəkməli olmuram.”
Yazıçı Etimad Başkeçid:
"Deyilənə görə, hava temperaturu 30 dərəcəni keçəndən sonra, artan hər dərəcə insanın əmək qabiliyyətini 10 faiz aşağı salır. Ona görə, bu istilərdə heç bir səmərəlilikdən söhbət gedə bilməz. Mən məzuniyyətdə, ənənəvi olaraq, Gürcüstana gedəcəyəm, kənddəki evimizi ziyarət edəcəyəm. Vaxt olduqca, "Lao Tszı. Dao de Dzin”in tərcüməsini (təfsirləri ilə birgə) başa çatdırmağa çalışacağam. Bu əsərin tərcüməsini inşallah, payızda çap etdirməyi planlaşdırıram.”
Yazıçı Şərif Ağayar:
"Məndə işləməyin fəsli yoxdur. Daha çox yaradıcı atmosferin adamıyam. Səhər tezdən yazıram adətən. Fəslin önəmi yoxdur. Məzuniyyətim yaya düşüdüyü üçün yayda işlədiyim olub. Bəzən də işləyə bilmirəm, daha çox istirahətə vaxt ayırıram. Bu yay da işləməyəcəyəm deyəsən. Amma ola bilsin bircə həftəyə, iki-üç günə o yaradıcı atmosfer gəlsin və nələrsə yazım. Xeyirlisi.”
Şair Aqşin Yenisey:
"Mövsümi işgüzarlıq, məhsuldarlıq, mənim mətbəximdə belə ifadələr yoxdur. Harda gəldi, necə gəldi yazıram. İndi sentyabrda çapını düşündüyümüz kitabı redaktə edirəm. İşlərimdə heç bir fövqəladə dəyişiklik yoxdur.”
Yazıçı Narıngül Nadir:
"Yay mənin üçün yaradıcılıq fəsli deyil. Gur işıq, qaynaşan insanlar fikrimi dağıdır. Bu fəsildə məndə ruh düşkünlüyü yaranır, yorğun oluram. Bildiyiniz kimi yaradıcılıq da əhvalla bağlı olur. Yaradıcılıq üçün payızı gözləyirəm. Amma hər gün nə isə yazmağa adət etdiyimdən, bir nəsr üzərində işləyirəm. Təkrar-təkrar redaktə edirəm, hərçənd ki, uğurlu alındığına inanmıram. Ona görə də heç yerə təqdim etmək fikrim yoxdur. Payızda yenidən redaktə edəcəyəm. Bədii cəhətdən məni qane edərsə, nəşrə verəcəyəm. Düşünürəm ki, yay fəslində mütləq harasa səyahət etmək, mütləq şəhərdən çıxmaq lazımdır. Yaxın, ya uzaq fərqi yoxdur, imkan daxilində yaşadığın yerdən uzaqlaşmaq insanı mənən dincəldir. Bir səyahət planım var, onu gözləyirəm...”
Yazar, şairə Sevinc Elsevər:
"Şeir yazmamışam yay girəndən. Rasim Qaraca demişkən, r hərfi olmayan aylarda şeir yazıb-oxumazlar. Amma uşaqlar üçün yazdığım "Şeytan çarxı” adlı romanı bitirmək üzrəyəm. Daha çox vaxtımı uşaqlarımla birgə film izləməyə sərf edirəm. Onlara gözəl filmlər seyr etməyi öyrədirəm. Yaşlarına uyğun filmlər seçmək bir az çətin olur. Amma hər gün ən azı bir filmə baxırıq bir yerdə. Hətta bəzən iki filmə. Səhərlər isə yazılarımla məşğul oluram. Bu istidə yarasa kimi evə qapanıb kitab oxumaq, film izləmək lazımdı. Günəş təhlükəlidi.”
Yazar Kəramət Böyükçöl:
"Ümumiyyətlə yayda yox, qışda da yaza bilmirəm. Yazmağın mənasızlığını, əhəmiyyətsizliyini dərk etmişəm. Belə bir mühitdə, belə bir cəmiyyətdə əsər yazmaq, yaradıcılıqla məşğul olmaq lazım deyil. Bunu özüm üçün birmənalı şəkildə qətiləşdirmişəm. Çalışdığım, vuruşduğum odur ki, tamamilə ayrı bir sahədə özümü axtarıb tapım və o işlərlə məşğul olum. Bu cür yaradıcılıqla məşğul olmağa heç bir həvəsim yoxdur. Nə yay, nə qış, nə payız, heç bir fəsildə...”
Yazıçı Sahilə İbrahimova:
"Şeyx adlı romanımı nəşriyyata təhvil vermişəm. Yəqin sentyabrda mağazalarda olacaq. Növbəti romana başlamışam. Hələki çox asta-asta yazıram. Bunun yay fəsli ilə bağlı olduğunu düşünmürəm. Sadəcə sujet üzərində düşünməyim vaxt alır. Fəsil iş tempimə təsir eləmir, məncə. Başqa maneələr bir müddət yazıdan soyuda bilir." /adalet.az/