Şair Qabilin Nəsimi parolu - “GİZLİN ƏDƏBİYYAT”

Şair Qabilin Nəsimi parolu - <span style="color:red;">“GİZLİN ƏDƏBİYYAT”
14 dekabr 2015
# 08:30

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Özgə əl sindromu” yazısını təqdim edir.

Bir yaz günü idi. Hərə bir yanda nə iləsə məşğul idi. Ortada isə şıdırğı futbol gedirdi. Uşaqlar altı-altıya bölünüb bir-birinə qənim kəsilmişdi. Çığırtıdan, zərblə ora-bura dəyən topun guppultusundan baş çatlayırdı.

Belə vur-çatlasında uşaqların ən xoşuna gəlməyən məqam böyüklərdən kiminsə meydançadan keçməsi olur.

Birdən şair Qabil sürətlə həyətə varid oldu, əlində bükülü üz tutdu qarajlara sarı. Oyun dayandı. Hamı şairə diqqət kəsildi. Şairin firuzəyi “Zimbala”sı varıydı. Uşaqlar gözləyirdi şair maşını çıxarıb gedəcək, oyuna davam edəcəklər. Amma belə olmadı. Şair Qabil əvvəlcə yekə, qara qıfılı açdı. Sonra onu çıxarıb qapını araladı, girdi qaraja, ordan çıxıb, gətirdiyi bükülünü açdı, yağ içində, təzə, balaca bir qıfıl çıxarıb qapını bağladı. Təzə qıfılı yerinə keçirtdi.

Sonra uşaqlara sarı baxıb nə fikirləşdisə sinəsiylə qıfılın qabağını kəsdi və əyilib gizlin-gizlin nə isə eləməyə başladı. Uşaqlar nəfəslərini saxlayıb diqqətlə baxırdı. Şair Qabil hövsələylə əməliyyatını bitirib bir addım geri atdı, sonra yaxınlaşıb təzə qıfılı aşağı, yuxarı, sağa-sola dartışdırdı, razı halda gülümsünüb, son dəfə bir uşaqlara, bir qıfıla baxdı, dinməz-söyləməz yollandı evə.

Şair gözdən itən kimi uşaqlar yığışdı qıfılın başına. Bu, ovuc boyda gümüşü bir dəmir idi. Üstündə iki sıra beş-beş düymələr vardı. Uşaqlar əvvəlcə qıfılın ora-burasını qurdaladı, sonra bir-bir düymələri basmağa başladılar. Nəhayət bezib qarajdan aralandılar. Yenə oyun başladı. Yenə səs-küy, qışqırıq, guppultu...

Bir saat keçməmiş uşaqlar yenə ayaq saxlamalı oldu. Şair Qabil evdən çıxıb üz tutmuşdu qarajına sarı. Yaxınlaşıb əvvəlcə adəti üzrə əlini cibinə saldı, sonra cəld çıxarıb gülə-gülə başını yellədi. Birdən ciddiləşib uşaqlara zəndlə baxdı və yenə sinəsini sipər edib, əyilib əməliyyata başladı. Uşaqlar səssizcə işin axırını gözləyirdilər. Şair qəfildən dikəlib qollarını yanına saldı, geri çəkildi, sonra yenə yaxınlaşıb, daha açıq şəkildə qıfılın düymələrini barmaqlamağa başladı. Bu dəfə barmaqlar qeyzlə hara gəldi basılırdı. Şair elə bil yazı makinası işlədirdi. Yavaş-yavaş hövsələdən çıxır, tez-tez tərini silirdi. Sonra hirslə qıfıldan yapışıb ovcu ilə bütün düymələri birdən basmağa başladı. Uşaqlar işin nə yerdə olduğunu anlamışdı, bir-birinə baxıb qımışırdılar. Nəhayət şair yorulub onları köməyə çağırdı.

Hərə bir-bir yaxınlaşıb istədiyi rəqəmləri basmağa başladı. Bundan da kar aşmadı: “Sekret” qıfıl açılmadı ki, açılmadı. Şair Qabil “Əşşi gecikdim ki!” - deyib cumdu birinci blokun zirzəmisində yerləşən qazanxanaya. Orda iki nəfər çalışırdı. Çalışırdı deyəndə, işləri əsasən biri bir manata mal ayaqlarını qızdırılmış şişlərlə ütüb, soyub təmizləməkdən ibarət idi. İçəridə hər yerdə kəhrəba mal ayaqları sallanır, üfunətdən baş çatlayırdı. İki dəqiqə keçməmiş bir rus kişi əlində dəmirkəsən mişar şairlə bir yerdə zirzəmidən çıxdı. Üz tutdular qaraja. Şair yolda həyəcanla kişiyə başına gələni anladır, əliylə, qoluyla nəsə göstərirdi.

Rus kef məclisindən yarımçıq çıxmış adama oxşayırdı, qıpqırmızı sifətindən biganəlik yağırdı, aram-aram addımlayırdı. Nəhayət gəlib çatdılar qıfılın yanına. Şair cəld namərd qıfıldan yapışıb onun məziyyətlərindən və mahiyyətindən barmağını ölçə-ölçə kişiyə danışmağa başladı. Rus əvvəlcə qızarmış, heç nə ifadə etməyən gözlərini qıfıla dikib yerində donub qaldı. Sonra şairin izahatlarından bezib tərs-tərs baxdı. Yəni “Mənə - bu işin ustasına? Heç gözləməzdim!”

Sonra deyəsən qazanxanada keçirdiyi xoş anlar və tənha qoyub gəldiyi iş ortağı yadına düşdü, hövsələdən çıxıb dəmirkəsənini işə salmağa başladı. Şair “sekret” qıfılını xilas etmək məqsədilə son şərhlər verməyə cəhd göstərdi, amma artıq gec idi. Gözü qızmış kişi heç bir riyazi əməliyyat aparmaq fikrində deyildi. Qıfılın keçən yerini qəddarcasına yarılamışdı. Nəhayət rus qan-tər içində işi bitirib kəsik qıfılı çıxarıb şairə təqdim etdi, bir göy beşlik alıb cibinə qoydu və yollandı qazanxanaya, gözü yolda qalmış ortağının yanına. Şair Qabil ömrü qısa qıfılına son dəfə məzlum-məzlum baxıb bir kənara tulladı. Girib qarajdan yekə, qara sovet qıfılını gətirib qapıdan asdı, açarlayıb çıxıb getdi.

Axşam hadisəni evdə danışdım. Sabahı gün şair Qabil bizə gəlmişdi. Süfrə başında oturub atam Əliağa Kürçaylıyla söhbət edirdilər. Birdən Kürçaylı soruşdu ki, ay Qabil, dünən o nə mərəkəydi həyətdə? Deyir, təzə qıfıl almısan, bir saatdan sonra da kəsdirib atmısan.

Qabil məsələni təfərrüatıyla danışmağa başladı:

- Əşşi mənə deyən gərək, neynirsən o kodla olan qıfılı. Elə köhnəsiylə gül kimi keçinirdim. Eşitdim təzə qıfıl çıxıb – nömrəli. Tanış bir dükançıya tapşırdım, düşsə saxlasın mənim üçün. Bir ay gözləmişəm. Axır dünən alıb gətirdim. Dükançı verəndə tapşırmışdı, hansı nömrəni seçsəm xətircəmlik üçün evdə bir yerə qeyd edim. Amma mən qulaqardına vurdum.

- Niyə, ay Qabil, nə ziyanı vardı ki? – deyə Kürçaylı maraqlandı.

- Dedim, birdən danaların əlinə keçər (şair xətirlərini çox istədiyi qayınlarını dostları arasında məhəbbətlə belə adlandırırdı). Bizdə tez-tez olurlar axı...

- Yaxşı, onda, barı elə nömrə qoyaydın ki, yaddaqalan olsun. Məsələn, dörd dənə “5”, ya “2”, düz demirəm? – deyə Kürçaylı gecikmiş məsləhət verdi.

- Nə bilim, dedim eləsini qoyum ki, heç kəsin ağlına gəlməsin – dedi şair Qabil.

- Nə qoydun bəs? – soruşdu Kürçaylı.

- Hazırlaşmışdım Nəsiminin təvəllüd tarixini qoyum, yəni “1369”, amma son anda əlim getdi, yığdım dərisinin soyulduğu ili, yəni “1417”... Daha dünən nəyi basmamışam, 41-45-dən tutmuş bildiyim bütün tarixlərə qədər. Bircə kişinin soyulduğu tarix yadıma düşmədi ki, düşmədi.

Kürçaylı pıqqıltıyla gülüb, sonra ciddi tərzdə dedi:

- Qabil əl çək bu Nəsimidən. Kişinin öz dərdi özünə bəsdi.

- Əşşi, deyirəm əlim birdən getdi, onu yığdım, - dedi şair Qabil.

- Qabil tibdə “özgə əl” sindromu deyilən bir şey var. O da milyonda bir adama rast gəlinər. Bir əl o birinə qulaq asmır. Adam bir şey düşünür, əl qalxıb başqa şey eləyir. Yoxsa, səndə də elədi? – deyə Kürçaylı xəbər aldı.

- Əşşi iraq olsun, elə də şey olar?! Bir ətək pul verib qıfıl aldıq, o da belə çıxdı. Üstəlik, bir göy beşlik də urusa verdim, - deyə şair Qabil heyfsiləndi.

- Eybi yox, Qabil, bu yerdə savab qazanmısan. Kişi sənin sağlığına bir-iki qədəh vurmamış olmaz, - deyib Kürçaylı güldü. Şair Qabil də ona qoşuldu.

# 1083 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #