Kulis.Az Yapı Kredi Nəşrləri redaktoru Korkut Emrah Erdurla müsahibəni təqdim edir.
- Yapı Kredi Yayınları (YKY) Türkiyə kitab bazarında hazırda hansı mövqedədir?
- YKY hal-hazırda ən çox kitab nəşr edən nəşriyyat hesab olunur. Həm ədəbiyyat, həm tarix, həm uşaq kitablarının nəşri ilə məşğul oluruq. Hər il 200-ə yaxın kitab nəşr edirik. Bura dərgilər və seriyalarımız da daxildir.
- Başqa ölkələrə kitab göndərirsinizmi? Məsələn, Azərbaycana kitab göndərirsinizmi?
- Bu mövzu başqa bir departamentin işidir. Avropada da, türkdilli ölkələrdə fuarlar olur. Bu əlaqələrin necə qurulduğunu bilmirəm. Amma Çin sərgidə iştirak etdiyi il ordan gələn uyğur türkləri bizim nəşr etdiyimiz kitabların vasitəsi ilə Çin dilinə tərcümələr etdiklərini demişdilər. Amma bir həqiqəti demək lazımdır ki, Avropa və Amerika ədəbiyyatına nəzərən türkdilli ölkələrin ədəbiyyatı ilə əlaqələrimiz zəifdir. Azərbaycan ədəbiyyatı ilə çox zəif, çox məsafəli əlaqələrimiz var. Təəssüf ki, bu acı olsa da gerçəkdir.
- Sizin nəşriyyatda daha çox bir yazıçının yaradıcılığı ilə məşğul olan xüsusi tərcüməçilər varmı?
- Adətən belə olmur. Amma bəzən bir yazara diqqət ayıran, onun bütün yaradıcılığını araşdıran, üslubunu mənimsəyən tərcüməçilər olur.
- Məsələn, Ahmet Camal...
- Ahmet Camal əsasən alman ədəbiyyatı ilə maraqlanır və alman ədəbiyyatını tərcümə edir. Bu cür tərcüməçilər var. Amma bizdə belə bölgü yoxdur. Daimi çalışdığımız tərcüməçilər var və onlar məhz bu yazıçını tərcümə edəcəm demirlər.
- Sizə müraciət edən gənc yazıçılara necə münasibət göstərirsiniz?
- Bizə materiallar daxil olur. Həmin materialların hamısına baxmağa borcluyuq. Arasından seçib bəyəndiyimiz, çap etdiyimiz kitablar olub. Adətən daxil olan materialları mütəxəssislərimizə və nəşr bölməmizə göndərib hər sahənin onlardan hesabat alırıq. Hər şeydən əvvəl hamımız oxucuyuq. Əgər bu kitab bizə zövq verirsə, mütləq oxucuya da xoş gələcək.
- Daimi yazarlarınız da var hər halda...
- Əlbəttə, peşəkar yazıçılarla əməkdaşlıq edirik. Onları da araşdırırıq. Təbii ki, onların araşdırılma müddəti daha az çəkir. Amma bu proses bütün müraciət edən yazıçılar üçün keçərlidir.
- Bu proses yekunlaşandan sonra qəbul etdiyiniz mətnlər nəşr olunur?
- Qəbul olunan əsərlərin redaktə, dizayn prosesi başlayır. Kitab tamamən hazır olduqdan sonra müəllifə də göstərilir və ondan sonra kitabı mətbəəyə təhvil veririk.
- Nəşriyyat tanınmayan bir yazarın tanıtımı ilə məşğul olurmu? Ümumiyyətlə sizdə yazıçıların təqdimatı və reklamı hansı formada gedir?
- Biz reklam və təbliğat vasitəsi kimi köhnə üsullardan istifadə edirik. Bilboard, televiziya reklamları vermirik. Əsasən imza günləri keçiririk. Amma xüsusi reklam siyasətimiz yoxdur. Yazarlarımızın yaxşı olduğuna inanırıq və bu inamla, klassik təbliğat üsullarından istifadə edirik.
- Dünyada kitab marketinqi daha modern şəkildə təşkil olunur.
- Bu tamam başqa bir işdir. Təbii ki, bir adamın reklam edilməsinin fərqli üsulları var. Bununla başqa bir qrup məşğul olur. Biz yazara və oxucuya güvənirik.
- Xarici yazarların, tutalım Azərbaycan yazıçılarının kitablarının çapı zamanı da eyni prossedur həyata keçirilir?
- Belə bir şey olsa eyni münasibət Azərbaycandan gəlmiş yazıçılara da göstəriləcək. Əsəri qəbul edilsə kitab çap olunacaq.
- İndiyə qədər Azərbaycandan müraciət edən olubmu?
- Bu barədə dəqiq məlumatım yoxdur. Amma Türkiyədə yaşayan bir xarici yazar bizə müraciət etdi və biz onun kitabını tərcümə edib çap elədik. Çox gözəl də satıldı.
Hazırladı: Cəlil Cavanşir