“Beynəlxalq Man Buker"i qazanan Olqa Tokarçuk kimdir?

“Beynəlxalq Man Buker"i qazanan Olqa Tokarçuk kimdir?
23 may 2018
# 21:00

22 may tarixində “Beynəlxalq Man Buker mükafatı”nın (Man Booker İnternational Prize) qalibi elan edildi. Mükafatın qalibi “Uçuşlar” romanı ilə Polşa yazıçısı Olqa Tokarçuk olub.

Romanı ingilis dilinə Cennifer Kroft tərcümə edib, əsər “Fitzcarraldo Editions” nəşriyyatı tərəfindən çap edilib.

İngilis dilinə tərcümə olunmuş ən yaxşı bədii ədəbiyyat nümunəsinə verilən 50,000 funt sterlinq (114 min manat) dəyərindəki mükafat müəlliflə tərcüməçi arasında bərabər bölünüb. Mükafata təqdim edilən əsər qısa siyahıya düşdüyü üçün həm müəllifə, həm də tərcüməçiyə əlavə 1000 funt sterlinq də verilib. Olqa Tokarçuk Polşada dəfələrlə mükafatlara layiq görülmüş və bestseller olmuş müəllifdir. Bu mükafatlar o, artıq özünü ingilisdilli ədəbi mühitdə də təsdiqləmiş oldu. O, Varşava Universitetində psixologiya üzrə təhsil alıb, Karl Qustav Yunqa olan marağı əsərlərinə böyük təsir göstərib. Onun ilk kitabı şeirlər toplusudur və 1989-cu ildə çap olunub. Tokarçuk səkkiz roman və iki qısa hekayə toplusunun müəllifidir. Bununla yanaşı o, Polşanın cənubunda, Aşağı Sileziya bölgəsində keçirilən butik ədəbiyyat festivalına da ev sahibliyi edir.

Cennifer Kroft polyak, ispan və Ukrayna dillərindən tərcümə edir. O, Ayova Universitetində ədəbi tərcümə üzrə təhsil alıb. Tərcüməçi Argentina və Polşada yaşayıb, hazırda isə həyatına Los Ancelesdə davam edir, “Buenos Aires Review” jurnalının təsisçi redaktorudur.

“Uçuşlar” romanı XVII əsrlə günümüzü birləşdirən fraqmentlərdən ibarətdir, əsər səyahət və insan anatomiyası mövzularını da əhatə edir.

“The Financial Times” tanıtım yazısında “Uçuşlar” romanını “Çılğın dövrümüzün fəlsəfi nağılı” adlandırıb. Adam Mars-Cons isə “London Review of Books”da belə yazır: “Belə deyə bilərik ki, “Uçuşlar” təhkiyə sənətinin hekayə nəql etməyə yox, yazıçının özünə xidmət etməsi barədə inventar sayıla bilər. Kitabın prozaikliyi təhkiyə kristallarının ideal ölçüyə çatdığı parlaq mühitdir, bu müstəqil strukturlar bütövün balansını pozmur.”

Qalibi 108 namizəd arasından yazıçı və mədəniyyət şərhçisi Liza Appiqnanesinin (BİO) başçılığı altında təşkil edilmiş beş nəfərlik münsiflər heyəti seçib. Münsiflər heyətinin digər üzvləri: şair, rəyçi və alman dili tərcüməçisi Maylk Hofmann; “İmpressionist” və “Ağ göz yaşları” daxil olmaqla, beş romanın müəllifi Hari Kunzru; jurnalist və ədəbi tənqidçi Tim Martin; roman, pyes və “İkarus qız” daxil olmaqla, bir çox qısa hekayələr müəllifi Helen Oyeyemi.

Liza Appiqnanesi mükafatı elan edərkən belə deyib: “Bizim müzakirələrimiz çox çətin şəraitdə keçib, çünki qısa siyahımız çox güclü idi. Amma böyük zövqlə son qərarımızı elan edirəm, biz polşalı müəllif Olqa Tokarçuku qalib elan edirik: Tokarçuk möhtəşəm zəkaya, təxəyyülə və ədəbi tərzə malik yazıçıdır. Cennifer Kroftun möhtəşəm tərcüməsində işıq üzü görən “Uçuşlar” romanında müəllif bir sıra heyrətamiz analogiyalar sayəsində bizi gediş-gəlişlər, hekayələr və ekskurslar kainatında uçurur, eyni zamanda, yalnız plastikanın ölmədiyi müasir və bəşəri çətinliklərlə bağlı sualları araşdırır.

“Man Group”-un CEO-su Lyuk Ellis isə belə deyib: “Mən həm öz adımdan, həm də “Man Group”dakı kolleqalarımın adından Olqa Tokarçuku və Cennifer Kroftu, həmçinin, qısa siyahıya düşmüş bütün müəllifləri, tərcüməçiləri təbrik edirəm. Biz həmişə öz işimizdə fərqlilikləri, müxtəliflikləri dəstəkləyirik. “Beynəlxalq Man Buker” mükafatı qeyri-adi tərcümə ədəbiyyatının qiymətləndirilməsində böyük rol oynayır və biz bu mükafatı dəstəkləməkdən qürur duyuruq. Çünki bununla bütün dünyadan oxucuların diqqətini qlobal ədəbi istedadların böyüklüyünə, dərinliyinə cəlb edə bilirik”.

“Beynəlxaql Man Buker mükafatı” və “Man Buker” mükafatları Birləşmiş Krallıqda nəşr edilmiş və ingilis dilində çapdan çıxan dünya ədəbiyyatının ən yaxşı nümunələrini mükafatlandırır.

Hər iki mükafatın sponsoru aktiv investisiya menecmenti şirkəti olan “Man Group”dur. Bu mükafatlar müasir ədəbiyyatın ən istedadlı nümayəndələrini qiymətləndirməyə və tanıtmağa xidmət edir./sim-sim.az

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #