Derek Uolkott: “Svetayevanı yaxşı oxumamışam”

Derek Uolkott: “Svetayevanı yaxşı oxumamışam”
20 mart 2017
# 17:59

Derek Uolkott Sent-Lusiya ada dövlətindən olan şair, dramaturqdur. 1930-cu ildə anadan olub. Əsərlərini ingilis dilində yazır. 1992-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına sahib olub.

Kulis.Az şairin 1993-cü ildə verdiyi müsahibəni ixtisarla təqdim edir.

- Deyəsən Brodski ilə ilk dəfə Robert Louellin dəfnində qarşılaşmışdınız. Bu görüş yadınızdadırmı?

- Robert Louellin ölümü hamınıza təsir eləmişdi. O, özünü sevdirə bilirdi, çox xoş insan idi, üstəlik mən Nyu-Yorka gələndə o mənə çox xeyirxahlıq eləmişdi. İlk dəfə mən onunla Trinidadda görüşmüşdüm. Sonralar mən arvadımla Nyu-Yorka köçəndə də o və arvadı Elizabet Harduik bizə çox xeyirxahlıq elədilər.

Bu çox kədərli gün idi. Biz Syuzan Zontaq, Rocer Straus və redaktor Pet Stronqla Nyu-Yorkdan Bostona uçurduq. İosif isə gəlib çıxmamışdı. Deyəsən Bostona uçuşla bağlı nəsə qarışıqlıq olmuşdu. Sonra mən dəfnə yola düşdüm, xeyli adam vardı. Kilsədə bir adam yaxınlaşıb mənim yanımda dayandı. Mən onun kim olduğunu bilmədim, amma çox maraqlı görkəmi vardı, profildən gözəl görünürdü. O başını dik tutmuşdu, soyuqqanlı görünürdü. Amma hiss olunurdu ki, o da yasa batıb. Mən fikirləşdim ki, bu İosif Brodski olar.

İndi xatırlamıram, bizi dəfndən sonra tanış elədilər, ya yox. Heç nə vaxt söhbət elədiyimizi də xatırlamıram. Mən onda yalnız Robertin ölümü haqqında düşünürdüm. Dəfndən sonra biz evə getdik, evdə də xeyli adam vardı. Necə tanış olmağımızı indi dəqiq xatırlaya bilmirəm, amma biz artıq Nyu-Yorka qayıdanda aramızda möhkəm dostluq əlaqəsi yaranmışdı. Bundan sonra biz tez-tez görüşməyə başladıq.

- O görüşə qədər Brodski artıq sizin haqqınızda Louelldən eşitmişdi və şeirlərinizin bəzilərini oxumuşdu. Siz bu görüşə qədər Brodskini oxumuşdunuzmu?

− Mən onun məhkəmə prosesindən xəbərdar idim. Deyəsən “Penguen” nəşrlərində ondan nəsə oxumuşdum. O vaxtlar mən rus poeziyasını oxuyurdum.

- Rus poeziyasında sizi daha çox cəlb edən nədir?

- Rus poeziyası, xüsusən müasir rus poeziyası mənə uzaq gəlir, elə bil cəngəllikdəyəm, o mənada ki, tərcümələrdən sıyrılıb onu hiss edə bilmirəm. Əlbəttə mən Pasternakı oxumuşam, amma Louellin tərcümələrini çıxmaqla əksəriyyəti dəhşətli dərəcədə sadələşdirilib. Louellin Pasternakdan olan tərcümələrini mən çox sevirəm. Sonra, əlbəttə, mən "Oxrannaya qramota" əsərini oxumuşam, nəsr nümunəsi kimi misli yoxdur. Svetayevanı yaxşı oxumamışam, yenə də tərcümədə Axmatovadan nəsə oxumuşam. Tərcümə həmişə maneə yaradır. Güclü olan tərəflər sentimental alınır, bu Pasternak kimi həssaslıqdan, zəriflikdən qorxmayan bir yazıçı üçün risklidir. Bunu ingilis dilinə çevirəndə o əzabkeşlik şit alınır, bu da çox pisdir. Eyni səbəbə görə Axmatova bizdə səhv anlaşılır. Bir qayda olaraq, siz rus tərcümeyi-halından rus poeziyasını ayıra bilmirsiniz; başqa sözlə, Axmatova ona görə diqqətəlayiq olur ki, oğlu həbsdə olub, Svetayeva da eyni cür-intiharına görə. Mən qalanlarını da nəzərdə tuturam, məsələn Yesenin.

- Siz demək istəyir ki, rus dilini bilməyənlər onların böyük şair olduqlarını inamla qəbul etməlidirlər?

- Bəli.

- Siz uzun illər boyu Brodskinin sürgün həyatının şahidi olmusuz. Özünüz də sürgündə yaşayırsınız. Mühacirət həyatı şairə necə təsir edir?

- Bizim dostluğumuzun yaranması ərəfəsində biz eyni siyasi şərtlərlə sürgün olunmuşduq. Mən Brodskinin timsalında əsl mühacir görürdüm. O zaman öz ölkəsindən kənarda olan bir çox yazıçı belə - mühacir - adlanırdı. Amma onlar istədikləri vaxt təyyarəyə minib evə qayıda bilərdilər. Onlardan bəzilərinin, məsələn vest-hind yazıçıları adlanan Leminqlə Naypolun adını çəkmək olar. Naypolun hətta “Sürgün həzzi” adlı kitabı da var. Bu əsl sürgün deyil. Əsl sürgün öz dilində yazmaqdan da məhrum olmaqdı. Bu baxımdan mən İosifi çox yaxşı başa düşürdüm. Sürgündə yaşayan başqa ədəbiyyatçılarda belə deyildi. Sürgün ifadəsi bu ağrını ifadə etmək üçün çox yüngüldür. Valideynimdən (anamdan), vətənimdən ayrı düşmək mənim üçün dözülməzdir. Buna görə də mən sözün əsl mənasını İosifi anlayırdım. İosifin özünə yazığı gəlmirdi, yəhudi olmasına görə peşman deyildi, əksinə rejimə qarşı dərin sarkazm var idi onda.

- Sizcə İosifi yaşamağa vadar edən, ona uğur gətirən nə idi?

- İosif üçün uğur məsələsi əhəmiyyətsiz şeydir. İosif özünü müxtəlif səbəblərdən qalib hesab edə bilər. Tutalım o bir şeirinin alındığını görəndə bunu da uğur hesab edir. Amma mən düşünürəm ki, İosif özü üçün obrazlar müəyyən edib və özünü onlarla müqayisə edirdi. Bu obrazlar onun böyük şair hesab etdiyi müasirləridirlər. Ovidi, Vergili kimi böyük şairlər onun müasirləridirlər. Yeri gəlmişkən onu çağdaş poeziya qıcıqlandırırdı. Onun bir misrası da var: “... Nəyimizə gərəkdi iyirminci əsr, əgər on doqquzuncu əsr varsa”. Bu misra ədəbiyyat haqqındadır.

- Bəzi mövzular var ki, onlar sizin də, İosifin də şeirlərində var. Misal üçün, sürgün, imperiya, zaman. Bundan başqa poetika səviyyəsində də oxşarlıqlar var. Misal üçün, olduqca çətin sintaksis, müəyyən texniki virtouzluq. Bu təsadüfidir, yoxsa sizin buna izahınız var?

- İosifin əlbəttə mənə təsiri olub. Məncə zaman-zaman hər şairdə belə hallar olur...

- Mənim sualımı Brodskinin sizə təsir etməsi kimi qəbul etməyiniz böyük təvazökarlıqdır. Amma mən başqa şey demək istəyirdim. Mənə maraqlıdır, Brodski sizinlə rəqabət aparırdımı?

- Yox, yox. Mənim iki yaxın dostum var; Şeymus Xuin və İosif Brodski. Mən onları sevirəm, çünki anadan şair doğulublar. Bundan başqa mən onları ona görə sevirəm ki, onlar mənim dostumdurlar. Burda rəqabətdən söhbət gedə bilməz.

- Mən bu sualı ona görə verdim ki, Brodski özü də rəqabət aparmağı sevdiyini deyib etiraf edib. “Əvvəlcə dostlarından yaxşı yazmaq lazımdı; sonra deyək ki, Pasternakdan və ya Mandelştamdan, ya da nə bilim, Axmatovadan, Xlebnikovdan, Zaboloskidən”. Svetayeva Brodskinin rəqabətə girmək istəmədiyi yeganə rus şairidir.

- Məncə İosif bu sözü işlətsə belə onu şəxsi mənada istifadə edib. Bizim qəbul elədiyimiz mənada deyil. Əgər bilmək istəyirsizsə Dante də Vergili ilə rəqabət aparırdı. Başqa sözlə o da öz Vergilisi ilə rəqabət aparırdı. Belə bir Vergili həqiqətən olur. Bütün ədəbiyyatçıların xəyallarında dostları var. Eləcə də bütün ədəbiyyatçıların xəyallarında rəqibləri var.

# 1023 dəfə oxunub

Oxşar xəbərlər

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
"Dünyada hər şeyin zibili çıxıb" - COP-29 bizə niyə lazımdır?

"Dünyada hər şeyin zibili çıxıb" - COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
Füzuli və müasir ədəbiyyat - Cavanşir Yusifli

Füzuli və müasir ədəbiyyat - Cavanşir Yusifli

15:00 10 noyabr 2024
Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

15:00 9 noyabr 2024
Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

15:30 8 noyabr 2024
Son güllənin rekviyemi - Tural Turanın şeiri

Son güllənin rekviyemi - Tural Turanın şeiri

15:02 8 noyabr 2024
# # #