Kulis Svetlana Turanın tərcüməsində Harper Linin “Mənim üçün Milad bayramı” hekayəsini təqdim edir.
Bir neçə il əvvəl Nyu-Yorkda yaşayır və bir aviaşirkətdə işləyirdim, ona görə də Milad bayramlarında evə − Alabamaya heç gedə bilmirdim. Əgər bircə günlük izin versəydilər, həqiqətən, gedərdim. Buraya məcburən gəlmiş bir cənublu üçün Nyu-Yorkdakı Milad bayramı daha çox melanxolik bir hadisə ola bilər. Lakin bu görüntü evindən uzaq düşmüş biri üçün qəribə olduğuna görə deyil, əksinə, tanış gəldiyi üçün: Nyu-York alıcıları, eynilə astagəl cənublular kimi, məqsədin təkliyini nümayiş etdirirlər. Xilas Ordusu lentləri və Milad nəğmələri dünyanın hər yanında eynidir. İlin bu çağı Alabamanın qış tarlalarını isladan həmin o zərif yağış Nyu-York küçələrini də parladır.
Düşünürdüm ki, evdən kənarda Milad üçün darıxıram. Əsl darıxdığım isə xatirə idi, bizi çoxdan tərk etmiş insanların − nənə-babamın nəvələri ilə aşıb-daşan evi, qulancar və pırkal ağaclarının köhnə xatirəsi. Mən ov çəkmələrinin çıxardığı səsi, qapının qəfil açılıb-bağlanması ilə içəriyə girən soyuq havanın şam ağacı iynələri və istridyənin ətrini yarıb keçməsi üçün darıxırdım. Qardaşımın Miladdan bir gecə öncə taxdığı, əxlaqı təcəssüm etdirən maskası, atamın eşşəkarısının vızıltısını xatırladan bas səsi ilə “Joy to the World” (“Dünyaya sevinc”) mahnısını burnunun altında zümzümə etməsi üçün çox darıxırdım.
Nyu-Yorkda günümü, daha doğrusu, işdən sonra qalan hissəni, adətən, Manhettendə yaşayan yaxın dostlarımla keçirirdim. Onlar vaxtaşırı yüksək gəliri olan gənc ailə idi. Vaxtaşırı olmasının səbəbi ailə başçısının güzəranını bel bağlaması mümkünsüz bir iş − yazı-pozu ilə məşğul olması idi. O çox ağıllı və həyat eşqi ilə dolu idi. Onun yeganə mənfi cəhəti söz oyununa olan bitməz-tükənməz məhəbbəti idi. Onda təkcə bir yazıçı olaraq deyil, həm də qayğısına qalmalı yaxınları olan bir cavan adam olaraq maraq oyadacaq bir xüsusiyyəti vardı. Bu, qorxusuz optimizm idi, amma “kefim nə istəyir, onu da edərəm” qəbilindən deyil, o öz qarşısına əlçatan məqsəd qoyur və onu həyata keçirmək yolunda hər çətinliyə qatlaşa bilirdi. Cəsarəti bəzən dostlarını təəccüb içində qoyurdu. Onun vəziyyətində olan başqa birisi Manhettendə şəxsi ev almağa risk edərdimi? Fərasətli idarəçilik bacarığı qarşısına qoyduğu məqsədi uğurla həyata keçirməyə imkan verirdi. Əksər cavanlar bu cür şeylər haqqında daha çox xəyal etməyə meyilli olduğu halda, o, arzusunu ailəsi üçün gerçəkliyə çevirdi və ayağının altında öz torpağının olması kimi irsi istəyini yerinə yetirdi. O, Nyu-Yorka ABŞ-ın cənub-qərbindən gəlmişdi və oraların bütün yerlilərinə xas olan qayda ilə şərqin ən gözəl qızını taparaq onunla evlənmişdi.
Bu ilahi, hədsiz incə varlıq dünyaya top kimi sağlam iki oğul gətirdi. Onlar böyüdükcə aşkar etdilər ki, onların zərif anasının güclü olmaqda tayı-bərabəri yoxdur. Onun sevgi gücü tükənməz idi. O, bütün gününü mətbəxdə keçirərək ailəsi və dostları üçün sirli və şirəli şirniyyatlar hazırlayırdı.
Onlar ruhu da, bədəni də sağlam, hədsiz aktiv həyatında xoşbəxt olan yaraşıqlı cütlük idi. Məni onlara çəkən ümumi maraqlar, həmçinin sevgi olmuşdu. Bitib-tükənməyən oxu materialları bizim aramızda dövr edirdi, biz eyni tamaşa, film və musiqidən zöv alırdıq, eyni şeylərə gülürdük, üstəlik, o günlərdə elə çox gülərdik ki!
Birlikdə keçirdiyimiz Milad bayramları çox sadə olurdu. Qəpik-quruş dəyərində hədiyyələr, hazırcavablıq və ən ağlagəlməz yarışlarla kifayətlənirdik. “Kim bu, ən azı, yaramazlıqla ayaqlaşa bilər?” Milad bayramı uşaqlar üçündür və bu fikir tamamilə düzgündür. Mən uzun zamandır ki, Miladın mənasına varmadan onu uşaqlar üçün bayram hesab edirəm. Mənim üçün Milad köhnə sevgilər, boş otaqlar, keçmişlə birlikdə basdırdığım nəyinsə hər il qeyri-müəyyən, ağrılı şəkildə mövludu demək idi.
Ancaq bir Milad bayramı fərqli oldu. Bəxtim gətirmişdi. Düz bir gün boş idim və Milad gecəsini onlarla birlikdə keçirdim. Səhər açılanda xırdaca bir əlin sifətimi yoğurmasına ayıldım. Bu əl sahibinin ancaq “Nətərsən?” deməyə vaxtı vardı. Mən aşağı düşən vaxt əllərində Santa Klausun onlar üçün qoyduğu kiçik raketlər və kosmos oyuncağını tutmuş oğlanların üzünü gördüm. Əvvəlcə, uşaqlar əllərini oyuncaqların üzərində, az qala, qorxa-qorxa gəzdirdilər. Yoxlama bitdikdən sonra onlar hər şeyi otağın ortasına sürüyüb gətirdilər.
Səs-küy onların daha çox hədiyyənin olduğunu bilənə qədər davam etdi. Uşaqların atası hədiyyələri paylamağa başlayan zaman mən builki tamamilə özünəməxsus tapıntılarımın necə qarşılanacağı haqqında düşünərək öz-özümə gülümsədim. Ər üçün Sidni Smitin portretinin 35 sentlik reproduksiyasını, arvadı üçün isə ilboyu səbirli axtarışlarımın nəticəsi – Marqo Askvitin əsərlərinin tam külliyyatını almışdım. Uşaqlar açmaq üçün növbəti hədiyyəni seçmək təlaşında idilər. Mən gözlədiyim vaxt analarının yanında bir yığın hədiyyə toplandığı halda, mənə hələ də heç nə verilməmişdi. Məyusluğum sürətlə artsa da, onu büruzə verməməyə çalışırdım.
Onlar tələsmirdilər. Nəhayət, dostumun arvadı dilləndi:
− Biz səni unutmamışıq. Ağaca bir bax.
Yolkanın üstündə mənə ünvanlanmış zərf vardı. Onu açıb oxudum: “Sənin işdən azad düz bir ilin var ki, ürəyin istəyəni yaza biləsən. Milad bayramın mübarək!”
- Bu nə deməkdir? – mən soruşdum.
- Nə yazılıbsa, elə o deməkdir, − cavab gəldi.
Onlar məni bunun zarafat-filan olmamasına inandırdılar. Dedilər ki, illəri uğurlu keçib. Müəyyən qədər pul yığıblar və düşünüblər ki, mənim üçün nə isə etməyin əsl vaxtıdır.
- Necə yəni “mənim üçün nə isə etmək”?
Onlar (bunu, həqiqətən də, bilmək istəyirəmsə) mənim böyük istedada malik olduğumu düşünürdülər.
- Axı niyə belə düşünürsüz?
Dedilər ki, ayaq saxlayıb mənə diqqət edən istənilən adam bunu asanlıqla görə bilər. Onlar mənə olan inamı bacardıqları ən yaxşı yolla göstərmək istəyirdilər. İndiyədək bircə sətir belə, satıb-satmamağımın məsələyə dəxli yoxdur. Onlar mənə öz sənətimi daimi işin verdiyi yorğunluqdan azad şəkildə öyrənmək üçün tam və əvəzsiz imkan vermək istəyirdilər. Onların hədiyyəsini qəbul edəcəkdimmi? Heç bir şərt qoyulmurdu. Sadəcə, onların sevgisilə birlikdə qəbul etmək.
Səsimi tapmaq bir az vaxt aldı. Nəhayət, tapdıqda onlardan ağılları başındadırmı deyə soruşdum. Onları nə vadar etmişdi ki, bundan nəyinsə alınacağını düşünsünlər? Çölə atacaq bu qədər pulları da yox idi. İl də uzun müddət idi. Bəs birdən uşaqların başına pis bir iş gəlsəydi? Etiraz ardınca etiraz etdikcə hamısı susdurulurdu.
- Hamımız gəncik, − onlar dedilər. – Hər şeyin öhdəsindən gələ bilərik. Bəla baş versə, sən bir iş tapa bilərsən. Yaxşı, əgər belə istəyirsənsə, bunu borc kimi nəzərdə tut. Biz, sadəcə, sənin qəbul etməyini istəyirik. Sadəcə, imkan ver ki, sənə inana bilək. Bunu etməlisən.
- Bu, ağlasığmaz işdir, − mən mırıldandım. – Elə böyük riskdir ki!
Dostumun gözü qonaq otağı, parlaq hədiyyə kağızlarının arasında itib-batmış oğlanları üzərində gəzdi. Gözləri arvadınkı ilə toqquşduqda bərq vurdu və onlar mənə dözülməz özündənrazılıq kimi görünən tərzdə baxışdılar. Sonra o mənə baxıb yumşaq səslə dedi:
- Yox, əzizim. Bu risk deyil. Bu, əmin olduğumuz bir şeydir.
Bayırda Nyu-York Miladı üçün qeyri-adi bir şey – qar yağırdı. Mən o günün möcüzəsinin təsirindən sarsılmış halda pəncərəyə yaxınlaşdım. Yolkalar küçə boyunca dumanlı görünür, sobanın alovu isə uşaqların kölgəsini yanımdakı divar üzərində rəqs etdirirdi. Yeni həyat üçün tam, əvəzedilməz bir imkan. O mənə ürəkaçıqlıq əlaməti olaraq deyil, sevgi mücəssəməsi olaraq verilirdi. Onlardan eşitdiyim “Bizim sənə inamımız” sözləri həqiqi idi. Onları məyus etməmək üçün əlimdən gələni edəcəyəm. Qar hələ də aşağıdakı səkinin üzərinə yağırdı. Evlərin damının kirəmiti getdikcə ağarırdı. Uzaq göydələnlərin işıqları yolun tənha sonunun sarı simvolları ilə yanırdı və mən pəncərə qarşısında dayanıb işıqlarla qara baxdıqca köhnə xatirənin ağrısı məni birdəfəlik tərk etdi.
(Ona hədiyyə olunan həmin il ərzində Harper Li Pulitzer mükafatı almış “Bülbülü öldürmək” romanını yazdı. – tərcüməçi).
Tərcümə: Svetlana Turan