Vaqif Bayatlı Odər: “Ədəbiyyatın yox, yazıçıların problemi var”

Vaqif Bayatlı Odər: “Ədəbiyyatın yox, yazıçıların problemi var”
28 dekabr 2015
# 17:19

Kulis Elnarə Akimovanın Vaqif Bayatlı Odərlə müsahibəsini təqdim edir.

Sən mənim qəlbimdə

Bu yağan qar kimi əriyəcəksən,

Mən də sənin qəlbində

Eləcə, könül,

Ancaq hər nəğmədən, sözdən

Nəysə gözəl bir şey qalır dünyada…

Nədənsə “şeir elə şairin özüdür” düşüncəsini Vaqif Bayatlı Odərə daha uyar saymışam. Çünki məlum tərifin sağına baxanda şair kimi şair, soluna baxanda şeir kimi şeir görmüşəm. Həyatını öz şeirlərindən çıxmış adam kimi yaşayan, şeir üslubunda bütün fərqli ədalarını ehtiva edən, misralarının semantik stixiyası ilə sirli, tənha, təhtəlşüur aləmdən xəbər verən Vaqif Bayatlı Odər poeziyasında yaşadığımız gerçəkliklərə və bizi əhatə edən insanların ruhlarına yabançı, İlahi sevgisi və çözümsüz kədəri ilə ayrı dünyaya açılan bir Yol görmüşəm. Bu yolda Ölüm həyat kimi, dünya faniliyi içrə qavranılıb, sevgini kədər kimi yaşamaq müstəsnalığı diqqət çəkib. Odər qəhrəmanı üçün görünən, var olan varlıq yalnız Tanrı məqamı olub, bu üzdən dünya, yer üzü ilə bütün bağlarını, bağlılıqlarını qırmış insan “gizlənməyə bir yer göstər, gizlənim”, - deyərək görünməzliyə, gizlinlərə can atıb, “qəribik, şairim, qəribik, sözüm/qəribik, gözəlim bu yer üzündə”, - deyərək qulaq deşməyən haray, həzin pıçıltı, səssiz baxış, içinə tökülən göz yaşı gətirib poeziyamıza. Və məncə, poeziyamızın az-çox qorunduğu indiki ruh halında ən çox xidməti olan şairdir V.Bayatlı. Soyuq bir qış günü gözəl şairimizlə söhbətləşib düşüncələrinə hakim kəsilmək istədim. Şairi həmişə olduğu Məqamdan ayırmaq, yer problemlərinə kökləmək keçdi içimdən.

- Vaqif bəy, əvvəlcə səhhətinizin sizə əziyyət verən indiki durumunda söhbətə razılıq verdiyiniz üçün təşəkkür edirəm. İltifatımız qarşılıqlı olsun deyə söhbətimizi lakonik məcraya kökləyəcəm.

- Buyurun, mən də sizə təşəkkür edirəm.

- Bir zamanlar Azərbaycan poeziyasını “dünyanın ən güclü nəfəsi, sözü” hesab edən Vaqif Bayatlının nəzərlərindən çağdaş poeziyanın bugünkü durumu necə görünür?

- Hamı düşündüyü çağdaş poeziya yoxdur. Əsl poeziya əsl Sevgitək, əsl Eşqtək həmişə çağdaşdır. Onlar bizə göründüklərindən qabaq da İlahinin yanında var idilər.

- O zaman belə deyək, çağdaş poeziya yoxdursa, demək çağdaş şair də yoxdur?

- Dünya şeiriylə türk, ingilis, rus dillərində görüşmüş bir oxucu kimi deyə bilərəm ki, həmişə, hər an və bu gün dünyada ən çağdaş şair, ən çağdaş eşq şairi Füzulidir. Əslində əsl şair Füzulitək eşq şairi olar ancaq.

- Vaqif bəy, siz 1991-ci ildə “Yol” qəzetinə verdiyiniz müsahibədə tənqidi “sosializmin məhsulu” adlandıraraq, onu tarixə bağışlamağı daha uyar hesab edirdiniz. Üstündən təxminin iki onilliyin keçdiyi bu zaman kəsimində Vaqif Bayatlı hələ də eyni fikirdədirmi?

- Əvvəla üstündən iki onillik zaman fasiləsinin adladığı bu zaman kəsimində mənim sözlərimi unutmayıb yaddaşınızda saxladığınıza görə sizə təşəkkür edirəm. Qaldı ki, mənim fikrimə, o vaxt söhbət “sosialist realizmindən” gedirdi. Mən ədəbi tənqidi yox, sosializm realizminin tələb etdiyi ədəbi tənqidi “məhsul” adlandırmışam.

- Amma sosialist realizminin hakim olduğu dövrlərdə də tənqid birxətli olmamışdı, estetik tənqid də vardı, siz dediyiniz həmin ideoloji də.

- Mənim etirazım da, inkarım da ancaq ideoloji tənqidə yönəlmişdi. O “tənqid” nə qədər ömür yedi bir Allah bilir ..., çünki o tənqid eləmirdi, o adamları, beyinləri yeyirdi. Ona görə esse janrında əsərlərə münasibət bildirməyi məqbul sayırdım.

- Sizcə, daha önəmli sandığınız esse janrı ilə ədəbiyyatımızın yaradıcılıq problemlərini çözmək mümkündürmü?

- Ədəbiyyatın yaradıcılıq problemlərini ancaq İlahidən gələn istedadla, İlahidən gələn Sözlə çözmək mümkün. Əslində ədəbiyyatın problemi yoxdur, yazan adamların problemi var.

- Vaqif bəy, sizcə çağdaş dünya konteksti milli ədəbiyyatımızda, konkret desək, poeziyamızda nə qədərdir, dünyaya otura bilirikmi?

- Mən həmişə deyirəm, bu fikrim həm də dünyanın bir çox mətbuat orqanlarında, çap olunub. Bizim şeirimiz dünyanın ən güclü şeirlərindəndir, dünyanın ən böyük poeziyalarıyla yanaşı, hətta yuxarı dura biləcək şeirimiz var. Biz şeirimizi orduya çevirə bilsəydik, nəinki Qarabağı, hətta Cənubi Azərbaycanı da beş-on günə, bəlkə də 5-10 saata azad edə bilərdik. Çünki Söz insandan daha sürətli, daha güclüdür, elə hər iki dünyada da.

İnşallah, Qarabağda da, Güney Azərbaycanda da söz qalib gələcək.

- Vaqif Bayatlı üçün Azərbaycançılığı anladan, dünyaya çıxaran nəsr nümunəsi hansıdır? Ki, orada milli varlıq öz spesifikası ilə dünya üçün maraqlı olsun? Digər məsələ, belə bir nüansın olması nəsr üçün vacibdirmi?

- İllər keçdikcə, mən bu dünyada ancaq şeiri bir az bildiyimi hiss edirəm. Şeiri daha çox bildikcə də, daha çox susuram, çünki duyuram ki, əslində mən çox az bilirəm. Poetik olmayan nəsr haqqında danışmaq isə mənimçün on qat məsuliyyətli, on qat çətindir. Məncə, bu gün nəsr və poeziya bəzən bir-biriylə yaxınlaşmış kimi görünsələr də, əslində hər an, hər gün bir-birindən daha çox uzaqlaşır, ayrı-ayrı yerlərdə, göylərdə, dillərdə danışırlar.

- Sizcə bu, ziddiyyətin səbəbi nədir?

- Çünki şeir ədəbiyyatdan daha çox dinidir, daha çox ruhidir. Buna görə onların dili də, baxışı da, həyata, dünyaya yanaşması, yaxınlaşması da ayrıdır.

- Çağdaş ədəbiyyat klassikanı nə dərəcədə tanıyır, sizcə? Ümumiyyətlə, klassikanın izi, təcrübəsi milli ədəbiyyatda hansı qatda təzahür etməlidir?

- Poeziya ilə bağlı mənim üçün meyar, ölçü Füzulidir. Harda Füzulidən bir iz, əlamət, nəfəs varsa orda eşq var, mərhəmət var. insanlıq var. Nəsr əsərlərinə qalınca, məncə bu sualı əsl nasirlərə, nəsri daha yaxşı bilənlərə, nəsrlə nəfəs alanlara versəniz, mən də oxuyub şad olaram.

- Yaşa dolduqca həyata, gerçəkliyə, bir çox dəyərlərə münasibətdə müəyyən təbəddülata məruz qalan Vaqif Bayatlı dünya duyumunda Tanrı məqamı hansı qatdadır?

- Mənimçün ədəbiyyatın və əbədiyyətin Tanrı qatından başqa qat yoxdur.

- Gənc Vaqif Bayatlı ilə aranızda toqquşma baş vermir ki?

- Bugünkü Bayatlı da gəncdir, daha doğrusu həmişə uşaqdır. Qoca Bayatlı heç vaxt olmayacaq - o heç vaxt ruhən qocalmayacaq. Bütün əsl yaradıcı adamlar da həmişə gənc və cocuqdurlar.

- Əbədi sandığınız Tanrı qatından insanlara hansı çağırışı etmək istədiniz?

- Hamınızın əbədi gənc ürəyi qarşısında baş əyirəm. Qoy insanlar Sevginin, Sevən, Sevdirən Ürəyin dünyanın sevgi gerbi, İlahi gerbi olduğuna inansınlar. Və buna hamını inandırsınlar...

- Vaqif Bayatlı ilə söhbət onun poeziyasını oxumaq, şeir kitablarını vərəqləmək kimi gəldi mənə. Əmin oldum ki, bu şeirlər hər zaman müəllifinin yerinə danışacaq, ona verilən sualları canlarındakı irfan işığı ilə cavablandıracaqlar. Bir də müəllifinin onlara hopdurduğu İlahi eşqi öz misralarının qanadında yer üzünə səpələyəcəklər. Yaşaya bilməyimiz, sevə bilməyimiz, ölə bilməyimiz üçün. Çünki bu poeziyada “Ölüm xoş bir çağırış” kimi səslənib həmişə. İnanaraq ki, sonda həmişə SÖZ və ondan gözəl nəsə qalacaq dünyada...

(“Ədəbiyyat qəzeti”, 26 dekabr 2015)

Elnarə AKİMOVA

# 1762 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #