Yanlış sevgili roluna girən əsgərin HEKAYƏSİ

Yanlış sevgili roluna girən əsgərin <span style="color:red;">HEKAYƏSİ
24 noyabr 2016
# 13:16

Kulis.Az Qalib Arifin “Qartallar və qağayılar” hekayəsini təqdim edir.

Uğurlu bir əməliyyatdan sonra cəbhədən 10 günlük məzuniyyət vermişdilər, Bakıya gecə yarıdan sonra gəlib çıxmışdı. Gözünün acısını almamışdı, amma səhərdən evdə qərar tuta bilmirdi. Anası, bacısı üzünü doyunca görməsə də, əsgər gödəkcəsini dəri gödəkcəyə dəyişib şəhərə çıxdı. Bakı üçün darıxmışdı, cəbhədə olduğu bir ildə nə baş verdiyini, şəhərin, adamların necə dəyişdiyini bilmək istəyirdi.

Doğma şəhərdə yaşayanda onun doğmalığını hiss etmirsən, hər şey sənə adi gəlir. Hər gün gəzdiyin küçələr, seyr etdiyin dəniz də, gördüyün binalar, ağaclar, rastlaşdığın insanlar da. Düşünürsən ki, bunlar sənə heç lazım deyil, görsən də olar, görməsən də. İnsanlar yaddır, ağaclar təsadüf, küçələr hamınındır, dəniz isə heç kimin. Amma sən doğma şəhərdən ayrılanda, bir müddət orada olmayanda başa düşürsən ki, bu küçələr, evlər, insanlar, ağaclar sənə nə qədər əzizdir, doğmadır. Hətta dəniz üçün darıxırsan, onun dalğaları, qağayıları yadına düşür. Hiss edirsən ki, sən bütün bunları ürəkdən sevirsən. Çünki bunların hər birində sənin həyatının bir hissəsi qalıb, iz salıb. Bunlar formaca şəhər olsa da, mahiyyətcə sənin həyatındır - yaşadıqlarındır...

Şəhərlə (şəhərin gözəlləri ilə?!) görüşdən coşan ruhunu sakitləşdirmək məqsədilə dənizkənarı bulvara gəldi. Təzəcə qış yuxusundan ayılmaqda olan bahar günəşi aləmi nura qərq etsə də, hələ qızdırmırdı, elə bil ki, donu təzə açılırdı. Onun şüaları dalğalarla oynayır, dalğalarsa göy qurşağının bütün rənglərilə günəşin nəvazişinə cavab verirdi. Sanki baharın gəlişindən sevinən qağayılar da dənizin sahilində böyük bir məclis qurmuşdular. O, həm dənizə baxmaq, həm də bu quş bazarını seyr etmək üçün yaxınlıqda bir skamyada oturdu. Hava hələ soyuq olduğundan adam az idi. Bundan istifadə edən sevgililər bulvarı öz ixtiyarlarına almışdılar. Hara baxırdın, cüt gəzən sevgililəri görürdün. Soyuq olsa da, bəzisi skamyalarda oturub pıçıldaşırdı. Düzü, onlara yaman qibtə edirdi. Əvvəl fikri cəbhədə, ölümlə üz-üzə duran dostlarının yanında olsa da, indi ürəyindən ayrı şeylər keçirdi... Eh, adam hər zaman sevib-sevilmək istəyir, onda ki cavan olasan...

Yenə cəbhə yoldaşları yadına düşür, xəcalət çəkir - onlar nə hayda, o, nə hayda... Utanıb gözünü sevgililərdən çəkdi, baxışlarını dənizə doğru yönəltdi. Şıltaq Xəzər bu gün nisbətən sakit idi. Bayaqdan göy qurşağının hər rənginə çalan dalğalar burda, sahildə mazutdan qap-qara idi, dənizdən üfunət iyi gəlirdi. Ara-sıra sahilə doğru can atan dalğalar sanki öz görkəmlərindən utanır, tez də geri çəkilirdi. Xəfifcə əsən külək dənizdən gəlirdi və hər cür zir-zibili sahilə doğru sürükləyirdi. Qağayılar da deyəsən, məclisi yazın şərəfinə deyil, elə bu zir-zibilə görə qurmuşdular ki, bəlkə ağızlarına bir şey keçə. Fikirləri bir az da qarışdı, ayağa qalxıb Hökumət evinə doğru yollandı. Məqsədi «Kitab evi»nə girib yeni kitablara baxmaq idi.

Bir azdan ona lazım olan kitabları tapmadığından peşman «Kitab evi»ndən çıxdı və ... qarşıdan gələn gözəllikdən heyran oldu. Xəyal qədər gözəl və onun üçün elə o qədər də əlçatmaz olan qız hara isə (ömrünün yarısını verərdi bilmək üçün) tələsirdi. Birdən qız onu gördü və dayandı. Allaha and olsun ki, dayandı! (Siz isə elə bilirdiniz ki, heç fikir də verməyəcək?!) Təsəvvür edin ki, o, yuxu görürmüş kimi gözlərini qızdan çəkə bilmir, qız isə ona yaxınlaşır və soruşur: «Salam, İslam! Sən burda neynirsən?» O, təbii ki, cavab verə bilmədi. Qız növbəti sualını verdi:

“Bəs biz saat 2-də Xalça muzeyinin qabağında görüşməli deyildik?”

O, susurdu və sakitcə qıza baxırdı. Onun 18-20 yaşı ancaq olardı, deyəsən, xoş gündə doğulmuşdu, təbiət ondan heç nə əsirgəməmişdi. Qovaq qədər qamətli, bənövşə kimi incə idi. Dəniz rəngli, dəniz qədər dərin gözləri, bayaq gələndə dəniz kimi dalğalanan, indi isə xəfifcə onun gözəl üzünü tumarlayan, boyun-boğazını yalayan gur, şabalıdı saçları, eyni rəngli şubasının qucduğu şux qaməti…

- Niyə elə baxırsan, elə bil birinci dəfədir məni görürsən...

Qəfil sualdan özünü itirdi (qız haqlı idi!), nə cavab verəcəyini bilmədi. Bu zaman dənizdən əsən külək onun saçlarını qaldırdı, qarışdırdı, xırdaca qulaqları, brilyant sırğaları göründü. O, tez qızın saçlarını səhmana saldığı əllərinə baxdı, sakitləşdi - barmağında nişan üzüyü yox idi.

Onun 22 yaşı vardı və yaşının elə dövrü idi ki, gözləri hər yerdə anasına gəlin axtarırdı. Bu nöqteyi-nəzərdən onun əsgər olduğunu unutmağı, yoldan keçən gözələ üz tutmağı başadüşüləndi. Həm də o, məzuniyyətdəydi, istədiyini edə bilərdi, 10 gün özü üçün yaşaya bilərdi. Lakin iş bunda deyildi, onda idi ki, bu 22 ilin birini də İslam olmamışdı. Düşünürəm ki, qəhrəmanım haqqında məlumat verməyin vaxtı çatıb. Onun adı Aqşindir, İslam deyil. Başqalarından heç nə ilə fərqlənməyən, bir az arıq, bir az hündür, adi bir oğlandır. Deyilənə görə, onun yeganə yaraşığı qara, parıltılı, dalğalı saçlarıdır. Cəbhədə saçlarını qısa vurdurduğundan, bu yaraşıqdan da məhrum olmuşdu. Universitetdə oxuyurdu, jurnalist olmaq istəyirdi. Cəbhəyə könüllü getmişdi, əvvəl Vətəndir demişdi…

Onlar Hökumət evini keçib Azadlıq prospektinə çıxdılar və Aqşin hər şeyi başa düşdü - qız onu kiminləsə səhv salmışdı və möhkəm səhv salmışdı. Suallarına cavab almayan qız özü danışmağa başladı. Aqşin qulaq asırdı - bu, daha asandı.

Onlar telefon köşklərinə çatanda qız ayaq saxladı, soruşdu:

- Biz hara gedirik?

Cəbhədə axırıncı əməliyyata görə komandir onu yaxşı mükafatlandırmışdı, pulun xeyli hissəsini anasına versə də, özündə də qalmışdı. Odur ki, hara istəsə onu dəvət edə bilərdi. Amma hər ehtimala qarşı ehtiyatla - suala sualla cavab verdi:

- Bizim planımız nəydi?

- Nə fərqi var ki… Bəlkə mən «podruqama» zəng edim?!

Aqşinin təəccüblə baxdığımı görüb, «mənimlə oxuyur, sən onu tanımırsan», - deyə əlavə etdi. Sonra telefon köşkünə girdi, Aqşinsə qapının ağzında dayandı. Əgər o, düzünü, İslam olmadığımı desəydi, şübhəsiz ki, qız ona iki «yaxşı» söz deyib uzaqlaşardı. Aqşinsə bunu istəmirdi, heç istəmirdi. Düzü, heç cür başa düşə bilmirdi ki, adam öz istəklisini başqası ilə necə səhv sala bilər. Doğrudanmı onlar bu İslamla bu qədər oxşardırlar - eyni cür geyinib, eyni yerişlə yeriyir, hətta eyni səslə, eyni nəfəslə danışırlar. Axı, başqa cür ola bilməzdi, axı, başqa cür olsaydı, qız dərhal hiss edərdi. Bu fikir qəhrəmanımı lap qanadlandırdı - əgər, ona bu qədər oxşayan İslam belə bir qızın xoşuna gəlibsə, deməli, o da gələ bilərdi. Bu isə heç onun yuxusuna da girməzdi.

Birdən o, baş alıb getmək, qız danışıb qurtarınca böyük şəhərin böyük küçələrində itmək istədi. Aqşinə elə gəldi ki, İslam ona baxır və o, bu gözlərə baxmaqdan utandı, xəcalət çəkdi. Bu gözlər elə bil deyirdi: o, başa düşmədi, bəs sən, sənin vicdanın. Axı, sən cəbhədə and içmişdin ki, qələbəyə qədər silahı yerə qoymayacaqsan, həyatın heç bir zövqünə uymayacaqsan. Bəs indi nə oldu?.. Bu an qız telefon köşkündən çıxdı və Aqşin vicdanının səsi ilə yox, hadisələrin axarı ilə “üzməyə” başladı. Qız köşkdən üzündə şirin bir təbəssümlə çıxdı - belə sevinc yalnız yerdən xırda pul tapan xırda uşaqların üzündə olur.

- Əla. O, evdə təkdir, atası, anası «daça»ya gediblər - Şamaxıya.

Sonra isə yavaş və nə isə intim bir səslə əlavə etdi:

- İndi onun yanına dostu gəlməlidir.

Aqşin qeyri-ixtiyari soruşdu:

- Bəs biz onlara mane olmarıq?

- «Kakoy tı kulturnıy stal», göz dəyməsin. Onların 4 otağı var, narahat olma. Sən bir şüşə «fransuzski şampanski» al, bir qutu da «moskovski assorti», gedək onlara. Dalısı ilə işin olmasın...

Cibində 13 min rubl vardı, o dövrdə buna bir dünya bazarlıq etmək olardı. Amma necə deyərlər, incəsənət qurban tələb edir - 11 min bunlara, birini də taksiyə verdi. Onlar qızın «podruqası»gilə çatanda cibində məktəbli kimi yalnız yolpulu qalmışdı.

Qızın «podruqası» Hüsü Hacıyev küçəsində, Mərkəzi Univermağın yaxınlığında yaşayırdı. Onlar içəri girəndə dostu artıq gəlmişdi. Zakir - adı belə idi - hündür boylu, qara gözlü oğlandı, BDU-nun tarix fakultəsində oxuyurdu. Şəfiqə - ev sahibi özünü belə təqdim etdi - Seva ilə birlikdə (nəhayət onun adını öyrəndi!) Tibb Universtetinə gedib-gəlirdilər. Hər halda özləri belə deyirdilər. Onu isə Seva özü təqdim etdi, dedi ki, «yurfakda» axşam oxuyur, özü də məhkəmə icraçısıdır. Mən də İslamla tanış oldum. Bu xırda tanışlıq mərasimindən sonra söhbətə keçdilər. Dördü də azərbaycanlı olsa da, bu məclisdə hakim dil rus dili idi və Aqşindən başqa hamı rus dilində danışırdı.

Söhbət Qarabağ müharibəsindən, əsgər getməkdən düşmüşdü. Zakir arxayınlıqla deyirdi ki, «oçnı» oxuyanları əsgər aparmırlar, aparsaydılar da, mən tək oğlanam, bizi ümumiyyətlə aparmırlar. Aqşin istədi Vətəndən ,torpaqdan, torpağın hər qarışı üçün canından keçən oğlanlardan danışın, İslam olduğunu xatırlayıb susdu. Seva isə işləri lap düzəltdi, dedi ki, İslam hər «otpravka»da neçə min verir, amma əsgər getmir. Lap əcəb eləyir. Şəfiqə «xanım» isə sübut etməyə çalışırdı ki, əsgər gedənlərin, Qarabağda müharibə edənlərin, ümumiyyətlə ağlı yoxdur, çünki torpaqları satıblar, çoxdan satıblar. Amma satan kim idi, alan kim - bilmirdi. Bu, deyəsən, burda, ümumiyyətlə heç kimi maraqlandırmırdı. Aqşin özünü artıq hiss edirdi, artıq durub getmək istəyirdi. Yaxşı ki, Zakir filosofyanə bir «kəlam»la bu mənasız söhbətə son qoydu: «Voyna bolşaya şkola, no eqo nado proyti zaoçna». Sonra durub öz evindəki kimi televizoru yandırdı, video-maqnitafonu qoşdu.

Otaq yarıqaranlıq idi, sanki aləmi nura boyayan günəşin işığını bura buraxmamaq üçün bütün pərdələri çəkmişdilər. Televizor zırrama bir «boyevik» göstərirdi. Burnuna barıt iyi dəyməyən, qollarını idman zallarında şişdirən birisi bir qoşun əli avtomatlı əsgəri qabağına qatmışdı. Bir tapanca ilə hamısını qırırdı, amma özü salamat qalırdı. Aqşin düşündü ki, bunu gətirəydilər Qarabağa, verəydilər bizim əlimizə, aşsüzənə döndərərdik. İnsafən, hərifin məhəbbət sahəsində işləri daha yaxşı alınırdı, çarpayıda zərif cinslə bacarırdı. Hiss olunurdu ki, bildiyi işin qulpundan yapışıb. Sonra elə yataqdaca iki siqaret çıxarıb birdən yandırdı, birini qıza təklif etdi.

Zakir də elə bil bunu gözləyirdi, cibindən «Parlament» qutusu çıxarıb stolun üstünə atdı, özü yandırdı, hamıya təklif etdi. Şəfiqə o dəqiqə birini götürdü, Aqşinsə dedi ki, istəmirəm (İslamın siqaret çəkib-çəkmədiyini bilmirdi.) Seva da siqaretdən imtina edəndə o, sevindi, lakin... qız kiçik, üstü qaşlı çantasını açıb nəsə qızılı, uzunsov qutu çıxartdı və oradakı qara, nazik siqaretlərdən birini damağına qoydu. Şəfiqə də o dəqiqə öz siqaretini atıb bunlardan birini götürdü.

Zakirin gətirdiyi «Amaretto»dan başladılar (özü fəxrlə təqdim etdi ki, «nastoyaşi»dir), yavaş-yavaş şokoladla əritdilər. Qızlar oğlanlardan geri qalmırdı. İnsafən, onları qınamalı deyildi, acı badam dadı verən tünd likör şokoladla, bir qoşqudakı iki cins at kimi yaxşı gedirdi, adama ləzzət edirdi. Amma deyəsən, ləzzət verən yalnız likör deyildi - Zakir Şəfiqə ilə öpüşməkdən də ləzzət alırdı və bunu qətiyyən gizlətmirdi. Onlar deyəsən, yerlərini dəyişmişdilər, divanın üstünə keçmişdilər. Aqşin yavaş-yavaş öz piyaləsini içirdi və həsrət dolu bir heyrətlə bu mənzərəni seyr edirdi. «Amaretto»dan sonra onun fransız şampanı ortaya gəldi. Tezliklə Aqşinin başı hərlənməyə başladı və ona elə gəldi ki, Zakir Şəfiqəni soyundurur və qız bundan daha da gözəlləşir.

Bu an Seva ona yaxınlaşır, əlini boynuna salıb, qulağından öpür və pıçıldayır: «Bezsovestnıy, çto sidiş, sveçku budeş derjat?» Aqşin bu sözlərin mənasını (tərcüməsini yox!) tam dərk etməsə də, sakitcə qalxıb onun arxasınca çıxır. Qız burada özünü evlərində olduğu kimi hiss edir və yataq otağının qapısına çatanda deyir: «Tı poqodi, çerez pyat minut zaydyoş. Tı je znayeş, ya stesnyayus». Və yataq otağının alaqaranlığı içərisində yox olur. Aqşin dəhlizdə dayanır və başının üstündə parlaq işıq saçan və işığının hər zərrəsi hər billur dənəsində min yerə sınıb dağılan, sonra isə toplanıb gur işıq yaradan böyük billur çilçırağa baxır.

Cəbhədə olanda o, onların rahat mənzillərini, işıqlı günlərini təsəvvür edirdi, onların dünyası onu cəlb edirdi, onlar kimi olmaq istəyirdi, müharibəni unutmaq istəyirdi. Amma indi nə isə onu saxlayır, onların dünyası ona darlıq edir. Belə də yaşamaq olar? Bu dünyanı sındırmaq, dağıtmaq lazımdır. Əgər bu dəqiqə cəbhədə güllələr dolu kimi yağırsa, raketlər uğuldayır, mərmilər vıyıldayırsa, yaralananların, ölənlərin sayı bilinmirsə, əgər onu dostları səngərə daha çox yapışırsa, soyuq torpağı qucaqlayırsa, bu cür yaşamaq olar? Burda ayrı, ona tamam yad adamlar yaşayır. O, eyni zamanda onlara qibtə və nifrət edir. Aqşin Fərhadı, Elxanı – cəbhə dostlarını xatırlayır. Onlar indi nə edirlər, salamatdırlarmı? Bəlkə indi, o, burda durduğu anda onların hansısa yaralanır, ya həyatla vidalaşır? Günahkar da odur, çünki burdadır, onlardan çox uzaqdadır...

Birdən fikirləri qırılır, bayaq dənizdən əsən küləyin sahilə gətirdiyi zir-zibil yadına düşür, özünü bir anlıq bu zir-zibili qapışdıran qağayılarla müqayisə edir... Orda Vətən uğrunda çarpışan qartallar və burda zir-zibil üstündə dartışan qağayılar... Nə isə özünü pis hiss edir, ürəyi bulanır (olsun ki, içkini qarışdırıb), ona elə gəlir ki, burda bir az da qalsa qusacaq. Nə qədər ki, «beş dəqiqə» keçməyib tez gödəkcəsini geyir (əsgər formasından sonra adam özünü bu paltarda narahat hiss edir), bura gələnləri sanki buraxmaq istəməyən böyük dəmir qapını çətinliklə açıb bayıra çıxır. Bayırda bahar nəfəsli günəş işıq saçır, hava təmizdir və ən başlıcası - adamın ürəyi bulanmır.

# 1067 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #