"Telefonçu qız"dakı aktrisa: “Ərlərimdən danışmaq istəmirəm”

"Telefonçu qız"dakı aktrisa: “Ərlərimdən danışmaq istəmirəm”
26 avqust 2015
# 13:45

Azərbaycan tamaşaçısı Raya Nedaşkovskayanı “Telefonçu qız” filmindəki Mehriban obrazına görə tanıyır. O, Sovet kinosunun ən gözəl, ən cazibədar aktrisalarından biri olub.

Ukraynada doğulan aktrisa xoreoqrafiya ilə məşğul olub, 18 yaşından filmlərə çəkilir: “Yuxu”, “Onore de Balzaskın səhvi”, “Komissar” və s.

72 yaşlı Nedaşkovskaya hazırda Ukraynanın Teatr İttifaqında çalışır və dərs deyir.

Onun şəxsi həyatı isə uğurlu olmayıb. İki dəfə ərdə olub. Oğlu və gəlini dizaynerdir.

Nedaşkovskayanın ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrdən maraqlı parçaları təqdim edirik.

***

“Gözəlliyim həyatda mənə kömək edibmi? Heç bu haqda düşünməmişəm. Zahiri görünüşümə görə valideynlərimə minnətdaram. Amma özümü ideal gözəl saymamışam. Bir tərəfdən yəqin ki, gözəl qadınlar üçün çətindir. Onlara xüsusi münasibət göstərilir, həmişə xüsusi diqqətlə əhatələnir. Və bu diqqət həmişə xeyirxah məqsəd güdmür. Bir tərəfdən də əlbəttə, kifir olmaqdansa gözəl olmaq daha yaxşıdır.

Ola bilsin, zahiri görkəm rejissorların mənə rol verməsində son arqument deyildi. Yəqin ki, peşəkar həyatda bu, mənə kömək edib. Kim bilir gözəlliyim olmasaydı “Meşə nəğməsi”ndə Mavka və başqa rollar mənə qismət olardımı? Amma maraqlıdır ki, rollara görə məni çox vaxt başqalarının tanıya bilmədikləri qədər dəyişirdilər.

Və yaxşı mənada yox. Katerina Belokur (ukraynalı rəssam-S.S.) haqda film çəkirdik. Çəkilişdən qabaq cins kostyumda onun muzeyinə işlərinə baxmaq üçün getdim. Muzeyin nümayəndəsi məni gülərüzlə qarşıladı. Üstündən bir neçə saat keçəndən sonra isə qrimlə məni xəstə qarıya çevirəndə muzeyə yenə getdim. Az öncə məni mehriban qarşılayan qadın qorxdu. Hətta vəziyyəti o qədər pisləşdi ki, ürəyi tutdu. Ona ürək dərmanı verməli oldular. Mən məsələnin nə yerdə olduğunu dərhal anlamadım. O, isə təsəvvür edin ki, qarşısında canlı Katerinanı görür”.

***

“Elə rollar var ki, ondan çıxmaq, yaxa qurtarmaq çətindir. Bir dostum III Pyotru oynayırdı. Bizdə belə bir təəssürat yarandı ki, onu lənətləyiblər. Onunla qəribə şeylər baş verirdi: bədəninin müxtəlif yerlərində şişlər əmələ gəlirdi, daha sonra şəkər xəstəliyinə tutuldu. Ona görə “Qu quşu yuvası üzərindən uçarkən” əsərindəki tibb bacısını oynamaqdan imtina elədim. “Vircinya Vulfdan kim qorxur” tamaşasından da. Bu, Edvard Olbinin dahiyanə əsəridir. Amma dəhşətdir! Özünü kabusla necə yükləmək olar? Aktyoru və tamaşaçını məhv edən rolu oynamaq olmaz. Çünki əsərlərin 50 faizi depressiyada yazılır və biz şüurlu olaraq bunu tamaşaçıya ötürürük”.

***

“Bir dəfə yeddi yaşlı nəvəm dedi: “Mən aktyor olmaram. Çünki onlar az qazanırlar. Mən isə ailəmi dolandırmalıyam”.

***

“Məktəb illərində gizli olaraq aktyorluğa hazırlaşmışam. İlk rolum “Meşə nəğməsi” filmində oldu. Bir dəfə Pionerlər Evində rejissor Viktor İvçenko mənim hind rəqsi oynamağıma baxmışdı. Xoşuna gələndən sonra sınaq çəkilişlərə dəvət elədi. Filmdəki Mavka obrazını oynayan aktrisa plastik olmalıydı”.

***

“Təəssüf ki, kişilər həyatımda birinci dərəcəli rol oynamayıb. Ərlərimdən heç danışmaq istəmirəm. Çünki onlarla bağlı yaxşı nəsə xatırlaya bilmirəm. Mən sizə yalnız “Necə yaşamaq lazım deyil?” mövzusunda danışa bilərəm. Oğlum Valerinin atası istedadlı adam idi, Mixail Rommun kursunda Nikita Mixalkovla birlikdə oxumuşdu. Qastrola gedəndə o, özünə yer tapmırdı, sevgi məktubları yazırdı, hətta divar kağızlarına da. Amma içkini daha çox sevirdi. Oğlum yaş yarımlıq olanda ayrıldıq.

İkinci ərimlə yazıçı Viktor Nekrasov tanış eləmişdi. O, mənə çoxlu məktub yazırdı, bu məktublar o qədər maraqlı idi ki, kitabı əvəz edirdi. Sonra Kiyevə gələndə evləndik. Onun gələcəyini təmin eləmək üçün Teatr İnstitutuna girməyini məsləhət gördük. Asanlıqla qəbul olunsa da, getmədi. “Mən buranı qurtarandan sonra sizin kimi debil olacağam?” - dedi. Bu, normaldır? Bunu ağıllı adam necə deyə bilər? Sonra onun psixi sağlam olmadığını öyrəndim və biz ayrıldıq. Birinci ərimdən boşanandan sonra Vasili Livanov ( “Şerlok Holms və Doktor Vatsonun macəraları” filmində Şerlok Holmsun məşhur ifaçısı-S.S.) maraqlanırdı. Moskvada kinematoqrafçıların qurultayı olanda “Rossiya” mehmanxanasından ona zəng vurdum. Görüşdük, o, məni sevdiyini dedi. Valideynlərinin məni neçə çox sevdiyini, evlənsək xoşbəxt olacağımızı deyirdi.

Yadıma “Bremen musiqiçiləri” cizgi filminin montajçısı düşdü. O, Livanova aşiq olmuşdu. Hətta mənə zəng vurub ağlayırdı, mən isə ona təsəlli verirdim. Onlar sonra evləndilər. Mən bu evliliyə hazır deyildim, Livanovu da sevmirdim”.

***

“Teatr İnstitutuna qəbul olunanda müəllimlərim məni çox sevmirdilər. Onlar düşünürdülər ki, erkən yaşda filmə çəkilmək tələbəni korlayır. Mənim vəziyyətimi ona görə çətin idi ki, “Meşə nəğməsi”, “Dmitro Qoritsvit” filmlərində çəkilmişdim və “Telefonçu qız” filmində baş rola təsdiq olunmuşdum. Filmi İsidor Annenski başlamışdı, amma aktyorları tez-tez dəyişdirdiyinə görə nəticədə onun Həsən Seyidbəyli əvəz elədi. O, həm də ssenari müəllifi idi. Çəkilişlərə başlayanda dərs ili də başladı. Mən roldan imtina eləmək istədim. Çünki bur rola görə təhsilimi qurban vermək istəmirdim. Amma “Azərbaycanfilm”in nümayəndələri institutun rəhbərliyi ilə hər şeyi danışdılar və mən ilk sessiyanı Bakıda verdim.

İvçenko mənə dedi ki, bir imtahandan belə 4 alsan daha kinoda çəkilməyəcəksən. Mən isə özümü artıq kinosuz təsəvvür eləmirdim. Hətta o qədər sevirdim ki, 19 yaşında Kişinyova, “Aprelə səyahət” filminə çəkilişə getdim. Filmdə mənə qədər başqa aktrisa oynayırdı. Amma kökəldiyi üçün baş qəhrəmandan daha böyük görünürdü. Baş rolu Aleksandr Zbruyev oynayırdı. Onu çox sevirdilər. Allaha şükür ki, Zbryuvenin oriyentasiyası düzgün idi. İndi bu, nadir keyfiyyətdir, az qala kişilərin əsas dəyəridir. Söz-söhbət gəzirdi ki, biz eşq macərası yaşayırıq. Amma biz yalnız dost idik. Düzdür, o, mənə xüsusi diqqət göstərməyə cəhd edirdi. Sonra premyerada onun həyat yoldaşı Valya ilə tanış oldum, səmimi, təmiz ürəklə onu qucaqladım”.

***

“Aktyorların yataq səhnələri, adyalın altında nələrin baş verməsi ilə bağlı daha nələr uydurmurlar. Bir filmdə yataq səhnəm var. Yarıçılpaq idim, üstümü mələfə ilə örtmüşdüm, yanımda Tolya Xostikoyev uzanıb, aramızda sevgi haqda ehtiraslı dialoq gedir. Tamaşaçı düşünmür ki, Xostikoyev yataqda küçədə gəzdiyi şalvarda idi. Mən hətta əsəbiləşdim ki, Tolya heç olmsa başqa şalvar gey, nazik, idman şalvarı.

“Komissar” filmində Rolan Bıkov ərimi oynayırdı. Yataq səhnəsi çəkiləndə rejissora dedi ki, Raya mənə sataşır. Əsəbiləşdim: “Ayıb deyil, mən çarpayının lap kənarındayam”. Hamımız gülüşdük”.

***

“Moskvada işləməməyim uzun əhvalatdır. Kiyevə qastrola MXAT (Qorki adına Moskva Akademik Bədaye Teatrı) gəlmişdi. Mən də onda konservatoriyada romans oxumağı öyrənirdim. MXAT-ın partiya təşkilatçısı Stepanova dedi ki, Kiyevdə “Qağayı”nı oynacağıq, sən də orda rol alacaqsan. Yeni ildə isə “Cehizsiz qız”da və “Kral Lir”də oynayacaqsan.

Sonra dəhşətli baş ağrılarına görə xəstəxanaya düşdüm. “Qağayı”nın monoloqunu öyrənirdim. Eşitidim ki, MXAT-da çevriliş olub, Livanov istirahətdə olanda onu baş rejissorluqdan kənarlaşdırıblar, yerinə Oleq Yefremov keçib. Bu, Livanova arxadan zərbə idi və o, daha bu teatrın kandarına da ayaq basmadı. Mən də Livanovsuz orda işləmək istəmədim”.

***

“Aktrisa Marina Stirjenova bir dəfə dedi ki, Raya kaş ki, sənin siman məndə olardı. Mən bütün dünyanın altını üstünə çevirərdim. Dedim ki, Marinoçka, bəs sənin beynini mən necə əldə edim?”

***

“Çoxlu mükafatlarım olsa da maddi durumum yetərli deyil. Amma bundan faciə düzəltmirəm. Yaxşı ki, uşaqlarım böyüyüb və “Biz yemək istəyirik!” deyə qışqırmırlar. Cavanlığımda təsəvvür eləmirdim ki, qarşıda məni təqaüd gözləyir. Kimsə mənə bunu desəydi... Amma indi sən heç kəsə lazım deyilsən. Birinci rolları oynaya bilən, amma bundan kənarda qalan adama baxmaq çətindir. Yəqin bunun üçün xahiş eləmək, hətta bəzən tələb etmək lazımdır. Tamaşalarda bəzən kostyumu öz puluma tikdirmişəm, rekvizitləri də almışam. Hər şeyin əsasında mənim entuziazmım dayanır”.

***

“Rəssam dostum vardı, Viktor Zaretski. O, istedadlı adam idi, amma həyat yoldaşını öldürəndən və atasını qatarın altına atandan sonra o, dahi rəssam oldu. Vitya onda az qala ağlını itirəcəkdi. Özünü xilas etmək üçün gecə-gündüz rəsm çəkirdi. Sonra birdən-birə gözəl qadın portretləri çəkməyə başladı və özünü gözəlliklə xilas etdi. Ona görə də deyirəm ki, yaradıcılıq amansızdır”.

***

“Festivallardan birində Oleq Yankovski mənə yaxınlaşdı. Biz onunla birgə jüridə idik. Birdən o mənə dedi ki, Raya axı mənə sənə yaman vurulmuşdum! Soruşdum ki, niyə bəs bu haqda mən bilmirdim? Onun cavabını xatırlamıram. Düşünürəm ki, biz hamımız onda çox kompleksli idik. Ölmək öz hisslərini etiraf eləməkdən daha asan idi. Həm də mən bir adama (ukraynalı aktyor və rejissor İvan Mikolayçuk nəzərdə tutulur-S.S.) elə vurulmuşdum ki, nəinki Yankovskini, heç kəsi sezmirdim. Amma evli olduğuna görə ayrıldım”.

***

“Oljas Süleymanovla Qazaxıstanda tanış olmuşduq. Banketdən sonra içkili halda sükan arxasında oturdu, məni və Mikolayçuku sübhü qarşılamaq üçün dağlara apardı. Həyəcanlandığımı görüb, yolda maşından düşdü, gül dərmək üçün dağa dırmaşdı. Sonra isə dövlət idarələrindən birinin qarşısındakı qızılgülləri mənim üçün dərəndə az qala milisə düşəcəkdik”.

# 1674 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #