“Qlavlit”in şöbə müdiri Kulis.Az-a ilginc faktlar açıqladı

“Qlavlit”in şöbə müdiri Kulis.Az-a ilginc faktlar açıqladı
4 iyun 2014
# 08:00

Kulis.Az keçmiş “Qlavlit”in şöbə müdiri, yazıçı, “Kürdün səsi” qəzetinin baş redaktoru Əhməd Həpo ilə müsahibəni təqdim edir.

- Gəlin, elə “Qlavlit”ə işə getməyinizdən başlayaq... Məncə, ən maraqlısı budur...

- Onda gərək taleyimi başdan-ayağa danışım (gülür). Uşaqlıqdan taleyim qəribə olub. 1934-cü ildə Qərbi Azərbaycanın Qəmərli rayonunda doğulmuşam. Milliyyətcə kürdəm. 1937-ci ildə ailəlikcə Qırğızıstana sürgün olunmuşuq. O vaxt, yalnız müsəlman kürdləri sürgün elədilər. Bir hissəmiz Qazaxıstana, bizi isə Qırğızıstana getdik. On il sürgündə yaşadıq. Bizi kömür mədənləri olan bir rus kəndinə apardılar. Kənddəki rus məktəbində birinci sinfə getdim. Birdən qərar çıxdı ki, yaxın qohumların, bacı-qardaşların evi bir kənddə ola bilməz. Atamgil iki qardaş idi, əmimgil qaldı, bizi qırğız kəndinə gətirdilər. İki ilə qırğız dilini öyrəndim, sonra birinci sinfə getdim. 1947-ci ildə Stalinin fərmanı çıxdı ki, kim istəsə öz yerinə qayıtsın. 47-ci ildə 5 min kürd gəlib çıxdıq Bakıya. Sonra yük qatarları ilə Yevlax stansiyasına getdik. Ermənilər bizim qayıtdığımızı eşidən kimi, Mikoyanla əlaqə yaradıb Ermənistana getməyimizin qarşısını aldılar. Bizi Yevlaxda, şoran torpağın üstündə 15 gün saxladılar.

- Azərbaycan dilini bilirdiniz?

- Yox. İki il də bunun üçün vaxtı xərcləməli oldum və 12-13 yaşım olanda təzədən birinci sinfə getdim. Yaxşı ki, boyum balacaydı (gülür). Yoxsa, utanardım uşaqlarla oxumağa. 1959-cu ildə məktəbi bitirdim. Atam Bakıya gəlməyə qoymadı ki, yurd-yuvamıza qayıtmalıyıq. Həmin il Xruşşovun fərmanı çıxdı ki, məktəbi qurtarıb bir il istehsalatda işləmədən ali məktəbə getmək olmaz. Bir il Ermənistanda qalmağa məcbur oldum. Orda Nado Mahmudov adlı bir müsəlman kürdü vardı. Türkiyədən 1918-ci ildə gəlmişdi və Ermənistan SSR-nin nəqliyyat nazirinin müavini işləyirdi. Getdim onun yanına, vəziyyətimi danışdım. Allah ona rəhmət eləsin, məni Nəqliyyat Nazirliyinin zavodunda işə düzəltdi. 1960-cı ildə İrəvan Dövlət İnstitutunun Azərbaycan dili-ədəbiyyatı fakültəsinə daxil oldum.

- O vaxt yazırdınız nəsə?

- Tələbə vaxtlarımdan “Yeni yol” adlı qəzetə yazılar yazmağa başladım. İkinci kursdan hekayələr yazdım. 1963-cü ildə hekayələrimi Yazıçılar İttifaqının kürd bölməsinə, Həci Cindi adlı professora təqdim etdim. Müzakirədə yezidi kürdlər idi.

- Yezidi kürdlərlə müsəlman kürdlərin arasında problem var idi?

- Yezidi kürdlər bizi sevmirdi. Müzakirə ərəfəsində Əlo Əbdürrəhman adlı müsəlman kürdü vardı, o, yanında bir xanımla gəlib çıxdı. Hamı və hətta nəsr seksiyasının müdiri də ayağa qalxdı, “Seda Borisovna! Seda Borisovna!” - deyə qadını qarşıladı. Kitab müzakirə olunanda Seda Borisovna söz istədi. Dedi, Sankt-Peterburqdan dünən gəlmişəm, mehmanxanaya düşmüşəm. Qardaşım Əlo Əbdürrəhman məni götürüb apardı evinə. Gördüm, bir gəncin müzakirə olunacaq hekayələrini oxuyur. Mən də oxudum. O, dedi, burda hamınız şeir yazırsınız, o isə nəsr yazır. O, meşədən həm quru odun yığır, həm də yaş odun. Mən əminəm ki, gələcəkdə kürd ədəbiyyatı üçün nə isə edəcək. Təklif edirəm, kitab çap edilsin. Beləliklə, 1965-ci ilin dekabrında kürd dilində ilk kitabım çıxdı - “Adar” adında.

- Bütün hekayələriniz kürd dilində yazılmışdı?

- Bəli, kürd dilində yazmışdım. 1922-ci ildə milli azlıqlara da yer verdilər. Ermənistanda kürd əlifbası düzəltmişdilər.

- Yeri gəlmişkən bir sual verim. O vaxt “türk” sözünü demək də qadağan idi, amma etnik azlıqlara imkanlar yaradırdılar. Bu nə məsələ idi?

- SSRİ Türkiyə ilə rəqabətdə idi, ona görə türk adı qadağan idi. Kürdlər üçün tərtib olunan əlifba əsasında kürd dilində qəzet çıxırdı. Yezidi kürdlərlə dilimiz eyni olsa da, dinimiz fərqli idi. Dünya kürdlərinin 90 faizi müsəlmandır. Yerdə qalanlar öz köhnə dinindədir.

- Mətbuatda nə vaxtdan işləmisiniz?

- 1964-cü ildə Ermənistanda kürd dilində çıxan “Riya Təzə” (“Yeni Yol”) qəzetində işə girdim. Bir il işlədim, 1970-ci ildə müəyyən səbəblərdən evimi dəyişib Bakıya köçdüm.

- Sirr deyilsə nə idi o səbəblər?

- Erməni dilini bilmədiyimə görə mənə rahat deyildi. Uşaqlar da erməni dilini bilmirdi. Ermənistanda da cəmi bir Azərbaycan məktəbi vardı. Yezidi kürdlərlə yola getmirdim. Kürd dilini incəliyinə qədər bilirdim. Bunlar isə gedirdilər və axşam gəlib deyirdilər ki, yeni kürd sözü tapmışıq. Belə şeylərin üstündə münasibət alınmırdı.

- Yezidi kürdlər Azərbaycanlıları sevmirdi?

- Onların Azərbaycanlılarla elə də əlaqəsi olmurdu.

- Və Bakıya gəldiniz...

- 1970-ci ildə Bakıya gəldim və iş axtarmağa başladım. Bir nəfər mənə dedi ki, “Qlavlit”ə get. Orda bəlkə də iş olar. Getdim. “Qlavlit”in (Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə - Red.) rəhbəri Hüseyn Qənizadənin yanına. Vəziyyətimi ona danışdım. Erməni, rus, Azərbaycan dilini bildiyimi dedim. Çıxarıb “Pravda” qəzetini verdi ki, oxu, tərcümə elə. Sonra erməni dilini hansı səviyyədə bildiyimi soruşdu. Üç-dörd gün sonra məni təkrar çağırdılar. 90 rubl maaşla işə götürdülər. O vaxt bizim maaş Moskvadan verilirdi.

- Vəzifəniz nə idi?

- Redaktor da vardı, senzor da. Bir il kiçik redaktor işlədim. Sonra üç şöbədən birinin müdiri oldum. Bizim şöbə “Sonradan nəzarət şöbəsi” idi. Rayon qəzetlərinə də baxırdıq. Mətbəələrə də mənim şöbəm baxırdı. Eyni zamanda muzeylərə, kitabxanalara baxırdım. Kitablara da biz baxırdıq. Şöbə müdiri olduğum üçün idarənin partkomu işlədim.

- İş prinsipiniz necə idi? Çox qayçılayırdınız?

- Mənim qədər Azərbaycan ədəbiyyatına xidmət edən yox idi. Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Nəriman Həsənzadənin və digər görkəmli yazıçı və şairlərin əsərlərini həmişə “Qlavlit”dən keçirmişəm. İşimiz çoxşaxəli idi. Yazıçı əlyazmanı nəşriyyata verirdi və plana düşürdü. Sonra mətbəəyə verilirdi. Mətbəə əsərləri işıq üzü görməmiş iki nüsxədə, vərəqlərinin bir tərəfi ağ olmaqla “Qlavlit”ə təqdim edirdi. Ondan sonra qəbul olunanlar rəisin yanına gətirilir, hansı nəşriyyatdan gəlməsi və hansı sahəyə aid olması göstərilirdi. Rəis İldırımzadə də üstünü yazırdı ki, kimə təqdim olunmalıdır. Məsələn, mənə gəlirdi kitab və məcburən oxuyurdum. Təqdimata əsasən kitaba nəzarət edirdik.

- Bildiyimə görə, İsa Hüseynovun “İdeal” romanını da siz buraxmısız çapa... Mərhum yazıçının sizinlə bağlı xoş xatirələri də var.

- Bəli, elədir. Həmin sözlər, “Denge Kürd” qəzetinin mənim 80 illik yubileyimlə bağlı xüsusi buraxılışında çap olunub.

- “İdeal”da sovet əleyhinə detallar var idi, onu necə buraxdınız?

- O əsəri buraxdım və başım da ağrıdı.

- Töhmət verdilər?

- Töhmət vermədilər. “İdeal”ı Knyaz adlı bir nəfərə vermişdilər. İsa Hüseynovun kiçik qardaşı Omar Hüseynov rabitə nazirinin müavini idi və biz dost idik. İsa Hüseynovu tanımırdım şəxsən. Bir gün İsanın qardaşı mənə zəng elədi ki, kitab ordadır. Knyaz da qazaxlı idi. Eyni zamanda İsagillə qohum idilər. Səhər işə gələndə Knyazdan soruşdum və məlum oldu ki, roman ondadır. Dedi, çox qəliz romandı. Dedim, ver mən oxuyum. Apardım evə, üç günə oxudum. Knyaza dedim, sən ədəbiyyatda şöbə müdirisən, deyirsən, qəlizdi. Mən də ədəbiyyatçı kimi oxudum, yarısını başa düşdüm, yarısını yox. Camaat da eləcə, buraxaq getsin.

- Bəs romanın “Qapalı dünya” hissəsi hardan oğurlanmışdı?

- Mətbəədən. Bizə gəlib çıxmamışdı. Knyaz dedi, sən istəsən ver, mən verə bilmərəm. Kitabın çapına qol çəkdim və möhür vurdum. Bizdə şərti nömrələr vardı. 5 rəqəmli nömrə idi və SSRİ-nin hər yerində o nömrədən “Qlavlit” işçisinin kimliyini bilirdilər.

Kitab çıxandan beş ay sonra səsi çıxdı. Çox hörmətli bir alim başladı o romanın əleyhinə yazmağa. Onun yanına getdim və dedim ki, bu romana mən icazə vermişəm. Dedi, düzünü de, o romanı başa düşmüsən? Dedim, yarısını başa düşdüm, yarısını yox. Xahiş etdim ki, yazının ikinci hissəsini yazmasın. Yazsa ya tutulacam, ya da işdən çıxarılacam! O da sağ olsun, yazmadı.

- Tutaq ki, əsərlərdə müəyyən ideoloji yanlışlar, uyğunsuzluqlar olurdu, nə edirdiniz?

- 30 il “Qlavlit”də işlədim, heç bir əsəri çıxarmadım. Əsəri çıxarmaq üçün Moskvadan icazə almaq lazım idi.

-“Qlavlit”in saxlamaq icazəsi vardı?

- Bütöv əsəri yox. Müəyyən hissələri heç kəslə məsləhətləşmədən çıxara bilərdik.

- Elə olurdu ki, yazıçı sizinlə razılaşmasın?

- Yazıçını heç ora çağıran kim idi? Yazıçının prosesdən xəbəri olmurdu. Nəşriyyat redaktoru gəlirdi, nəşriyyatın rəhbəri ilə danışırdıq. Amma Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza gəlirdi yanıma. Çünki şəxsən dost idim onlarla.

- Heç olubmu ki, siz özünüz o yazıçılardan nə isə çıxarasınız?

- Yadıma gəlmir.

- Bəxtiyarın millətçi şeirlərində problem olmurdu?

- Bəxtiyarın bütün şeirləri çap olunurdu. Bilirsiniz bu adamlar niyə tutulmurdu? Çünki onların arxasında Heydər Əliyev kimi düha vardı. Heydər Əliyev tapşırırdı ki, şair və yazıçıların qol qanadını qırmayın. Bütün sahələrdə biz axsayırıq. Bəzi şairlər var idi ki, onlara məsləhət verirdik. Dar çərçivəyə girib çıxmırdılar. Dünya ədəbiyyatını oxumayanlar var idi. Mən dünya ədəbiyyatını, mətbuatı izləyirdim. Çünki partkom idim, kiminsə problemi olanda mənə müraciət edirdi. Həll edə bilmədiyimi isə rəisə təqdim edirdim.

- Yaradıcı adam üçün o cür rəsmi nəzarət orqanında işləmək çətin deyildi ki?

- Yox, çətin deyildi. Mən bu işdə yazıçılara kömək edir, ədəbiyyata xidmət göstərirdim.

- Sizi ən çox incidən yazıçı kim idi?

- Elə bir yazıçı yox idi. Ən çox Bəxtiyar gələndə tərəddüd edir, iki nəfərə verirdilər. Xəlil Rzanı, Söhrab Tahiri də iki nəfərə verirdilər.

- Senzura ləğv ediləndə hansı hissləri keçirdiniz?

- İş yerini itirən hər bir şəxsin keçirdiyi hiss idi. Amma sevindiyim tərəflər də vardı. Bir məsələ də var ki, bu gün adət-ənənə əldən gedir, yerindən qalxan yazır. Senzura olmasa da müəyyən nəzarətin tərəfdarıyam.

- Siz həm də kürd dilində verilişlər redaksiyasında işləyirdiniz.

- 90-cı ildə Kürd Mədəniyyət Mərkəzi yarandı və mən cəmiyyətin ilk sədri oldum. Üç il işlədim. Qəzet də təsis eləmişdik, “Denqe Kürd” (“Kürdün səsi”) adlı. Mən həm də qəzetin baş redaktoru oldum. 1993-cü ildə milli azlıqların dillərində dövlət teleradiosunda verilişlər açıldı. Məni dəvət etdilər deyə cəmiyyətdən istefa verdim. Kürd dilində indi həftədə iki veriliş gedir.

- Yaradıcılığınızda vəziyyət necədir?

- Bu yaxınlarda Türkiyədə kürd dilində romanım çıxdı. İraqda nəşr olunmuşam. Daha bir romanı çapa hazırlayıram.

Şərif Ağayar

Cəlil Cavanşir

# 5227 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #