Məndə qalan tər qoxulu köynəyi sevişəndə geyinərsən, darıxma!

Məndə qalan tər qoxulu köynəyi sevişəndə geyinərsən, darıxma!
6 iyun 2016
# 13:10

Kulis.Az “Yeni imza” rubrikasından gənc şair Orxan Bahadırsoyun şeirlərini təqdim edir.

Eybi yox

Yenə mən, yenə gecə,
yenə təkəm, bilirsən...
Bəlkə çıxıb gələsən
yanıma, nə deyirsən?

Təklik də bahalaşıb -
şərab, siqaret baha...
Gecəni tək keçirsəm,
pulum qalmaz sabaha.

Gəl, qapım da açıqdır,
heç döyməsən də olar.
Qapını açıq qoyur
bütün tənha adamlar.

Gəl, bir başına dönüm,
haçandı pir gəzirəm.
Uzan, qollarını aç,
ölməyə yer gəzirəm.

Gəl, heç sarılma mənə,
əlimi tut, eybi yox.
Gəl, bu gecə dərdləşək,
sonra unut, eybi yox...

Darıxma

Bu otaqda sevişmişdik son dəfə,
Soyunmadın, tər-su idi köynəyin.
Otağımın divarından asılıb,
O köynəklə sevişimmi, neyləyim?

Yenə məni qara basır deyəsən,
Mən qorxuram saat on bir tamamdan.
Yenə sənin kölgən düşür otağa,
Yenə suyun səsi gəlir hamamdan.

Elə bil ki, kimsə gəzir bu evdə,
Pərdə əsir, hər şey tamam qarışır.
Bəsdir daha məni belə qarğıdın,
Yavaş-yavaş tutur məni qarğışın.

Tənhalığa dözümün yox, bilirəm,
Gəlib hər gün otağımda gəzirsən.
Daha gəlmə, bir az gözlə, mən gəlim,
Təkliyimin sükutunu pozursan!

Gedişimdən kirpiyinə yük düşüb,
Qayıdaram, sevinərsən, darıxma!
Məndə qalan tər qoxulu köynəyi,
Sevişəndə geyinərsən, darıxma!

Gecənin səssizliyi

Gecə ağır, şəhərin işıqlı yol qırağı...
Qaçıb arxamca gəlir təklik də itsayağı.
Acı sümük ağrısı, bir də quru öskürək...
Sərxoş kişi də deyir: “Bir siqaret ver görək!”
Ətraf şam ağacları, hürən meşə itləri...

Mənim kimi tək qalıb piyada keçidləri.
Qopub düşür önümə iri-xırda qozalar.
Körpü altında durub yaşlı “mamaroza”lar.
İndi bir mən oyağam, bir də ki, fahişələr.

Bu körpüdə ovunur neçə tənha kişilər.
Gedirəm ağır-ağır, yorğun, səssiz-səmirsiz.
”Mamaroza” soruşur: - Əylənmək istəmirsiz?
"Yox" deyiram astaca, "Mən indi can üstəyəm!"

Gülür “mamaroza” da, elə bilir xəstəyəm.
Keçirəm o körpüdən, keçirəm ağır-ağır.
Siqaret yandırıram, tüstü təpəmdən çıxır.
Tənhalıq həmişəki... darıxmağı demirəm...


Hələ sənin yoxluğun - o da başqa bir aləm!
Gah siqaret, gah içki, nəfəsim də təngiyib.
Fikrim səndə ilişib, yuxum səndə ləngiyib.
Dodağımı çeynəyir əsəbimdən dişlərim.


Sənsizlikdən doğuldu bütün pis vərdişlərim.
Hara gedim bilmirəm, heç olmasa zəng elə,
Eyni yerə qayıdır bu döndüyüm döngələr.
Bu dərdlərin içində naçarlıq da dərd olur.


Buralarda olmalı bir köhnə dəmir yolu.
Ordan arabir keçir neft daşıyan qatarlar.
Bütün tənha adamlar özün ora atırlar.
Sən də çox biganəsən, daha özün bilərsən.


Telefonum açıqdı, istəsən, zəng edərsən!
Mən dəmir yolundayam, burda bir it də ölüb.
Taxta döşəmələrə əl-ayağı tökülüb.
Bu yol qara, qorxulu, uzun-uzun döngələr...
Sən də tez ol zəng elə, geciksən, qatar gələr!

Ayıbdır dünyanın çılpaqlarından

İndi unutmağın əsl dəmiydi...
Bir oda düşmüşəm, soyumaq olmur.
Mənə sevgililər paltar kimiydi,
Səni geyindim də... soyunmaq olmur!

Haçandı çat düşüb dodaqlarıma,
Bu zəhər əhval da düşmür eynimdən.
Elə yapışmısan ayaqlarıma,
Çıxara bilmirəm səni əynimdən.

Bu nə sarılmaqdır biləklərimə,
Bu nə dolanmaqdır belimə mənim?
Elə hopmusan ki, sən hər yerimə,
Bircə yol gəlmirsən əlimə mənim!

İndi nə geyinim - kimi geyinim?
Daha bu suala fikrim bürünməz!
Elə gözəlsən ki, əynimdə mənim,
Daha nə geyinsəm, gözəl görünməz!

Amma üzülürəm bu eynilikdən,
Sənə rahatdırmı, üzülmürsən heç?
Sən necə qəribə, sirli geyimsən -
Bir az köhnəlmirsən, süzülmürsən heç!

Bəsdir də, sən canın, darıxdı sinəm
Ayrıl qollarımdan, ayaqlarımdan!
Çıx əynimdən mənim, hər kəs cəhənnəm,
Ayıbdır dünyanın çılpaqlarından!

Üşüdünsə bağışla

Bir dost gəlib deyə ki,
- dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar.

Bir də Tanrının səsi
titrədə yeri, göyü,
üzgün-üzgün deyə ki,
üşüdünsə, bağışla...

Bir yandan anam gələ,
əlində yun jaketim,
dillənə ki, soyuqdur,
bürün buna, ay bala!

Beləcə dostum kimi,
beləcə Tanrı kimi,
beləcə anam kimi
hamı qayğıma qala.

Mənsə səndən nigaran,
bir mesaj yazam sənə,
soruşam ki, necəsən,
soyuqdan üşümürsən?

Hamı məni düşünür,
mənim vecimə deyil,
mənə sən maraqlısan,
sən məni düşünürsən?

Yazam bir dostun kimi.
- dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar,

Əynini qalın geyin,
bir yun jaketə bürün,
sən mənim yoxluğuma,
üşüdünsə, bağışla...

Çıx get

Bağışla, fikirlərim yenə gedir tərsinə...
Yenə əlim alnımda - şeir yazıram sənə.
Çöldə də dəli tufan... sağanaq yağış yağır.
Bu yaz mənə oxşayır, tez-tez özündən çıxır.

Sən gedəndən belədi - tufan, göy gurultusu.
Sənin gediş şəklindi boş qalan tort qutusu.
Axı ad günün idi ötən ilin bu vaxtı.
Tortu kəsilmiş qutu o gün üçün darıxdı...

Mən də qutudan betər darıxıram, biləsən!
Məni anlamaq üçün gərək tərk ediləsən!
Sən məni anlamazsan, bir az başqa təhərəm.
Gah dostdan, sevgilidən, gah özümdən küsərəm!

Anlamazsan, ay adam, göydən düşmüşəm yerə.
Mən bu cavan bədəndə qocaldım birdən-birə!
Saçlarım topa-topa töküldü qurşağıma.
Qırış-qırış çökmüsən bütün yaraşığıma!

Gözüm dərinə batdı, kirpiklərim qısaldı.
Boyum onsuz az idi, hər gün bir az azaldı.
Anlamazsan, bilirəm, heç bir adam anlamır.
Dostum, qardaşım, bacım, anam, atam anlamır.

İndi bircə çarəm var, o da səni unutmaq...
Çıx yadımdan, ay adam, məndən uzaq ol, uzaq!
Niyə getmirsən axı, nə dərdim dəyib sənə?
Məndən belə tutmağı axı kim deyib sənə?

Belə olmamalıydı, hələ çox azdı yaşım.
Çıx get məndən, ay adam, get, bir az cavanlaşım.
Getsən, bəlkə düzəldi... bəlkə gələnim oldu!?
Halımdan anlayanım, qədir bilənim oldu!?

Həm xahişdi, həm tələb... anla, gözüm işığı!
Məndə nəyin var, götür, çıx get, adamsan axı!

Kimsəsiz

Bir gün bir adam öləcək
bu şəhərin uzağında...
Öləcək arzuların,
ümidlərin qucağında.
Öləcək öz ömrünün
hələ bahar çağında.

Köhnə paltarlarından
gələr təklik qoxusu.
Gözlərində əbədi
bir ölümün yuxusu.
Heç kəs də yaxın durmaz,
qorxub qaçar çoxusu.

Gün açılar, səhərin
ətri ölüyə hopar.
Bu kimsəsiz ölünü
bir sərxoş kişi tapar.
Sərxoşun günahı da
bu ölüyə yazılar.

Bu meyitin üstünə
qusar içdiklərini.
Bəlkə də sağdır deyə
vurar təpiklərini.
Görəcək ki, ölüdür,
yığar qəpiklərini.

Sonra da oğrun-oğrun
qaçıb gedər uzağa.
Neçə arzular dönər
bir meyitdə dustağa.
Tənha ölən adamlar
gömülmürmüş torpağa.

Bir kimsə sahib çıxmaz
bu kimsəsiz ölüyə.
Onu tək qoymamaqçün
ruhu da uçmaz göyə.
Hamı kimsəsiz qoyar
o kimsəsizdir deyə...

# 2221 dəfə oxunub

Oxşar xəbərlər

"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

17:00 24 sentyabr 2024
“Nəsildən nəslə teatr”  davam edir

“Nəsildən nəslə teatr” davam edir

14:30 24 sentyabr 2024
Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı

Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı

16:48 23 sentyabr 2024
Agentliyin rəhbəri:  "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

Agentliyin rəhbəri: "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

09:00 23 sentyabr 2024
Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

17:00 20 sentyabr 2024
Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
#
#
# # #