Tanrının Səhəri! - Aydın Canıyev yazır...

Tanrının Səhəri! - <span style="color:red;">Aydın Canıyev yazır...
30 dekabr 2014
# 14:58

- Tanrıya şeirlər, Tanrılıq şeirlər! -

Allah üsyan üçün deyil! Allah özünə qul yaratdığının üsyanını da vecinə almaz! Amma sevimli olanını da eşidər! Arada hətta səmimi söhbət də edər! Lap istəklərini də dinləyər, özünü ifadə etmək üçün şərait də yaradar, amma və lakin… sonra nə necə olacaq, həə, Özü bilər!

Səhər Əhmədin “Görüşməyənədək” kitabını əlimə alan kimi, yeriyə-yeriyə də oxudum, avtobusda da, evə girəndən sonra da və yalnız şeirlərin hamısını oxuyandan sonra əlimdən… balışımın yanına qoydum!

- “GÖRÜŞMƏYƏNƏDƏK” -

anama, atama,

qızlarıma,

qardaşıma və uşaqlarına,

dostlarıma – mərdinə və namərdinə,

ömrümə sevib gəlmiş, xəyanət edib getmiş, sevib gələcək, atıb gedəcək bütün xanımlara,

təbiətə – yaza, yaya, payıza, qışa,

təqvimə – ilkimdən doğulduğum martdan indi bitən dekabra qədər

BÜTÜN HALLARIN VƏ ANLARIN kitabıdı!

Şeirlər kitabıdı!

Şeir var, məclis şeiridi, şeir var kitab şeiridi, şeir var bayram şeiridi, şeir var dava şeiridi – misralıq olanı da var, bəndlik olanı da, bir günlük həzzi olan da var, bir aylıq, bir illik…. minillik dadı olan da!

Mən, adətən, şeir kitablarını oxuyuram, ilkin təəssüratımı oxuya-oxuya qeyd edirəm və… qoyuram bir kənara. Az sonra bir daha oxuyuram! Eyni assosiasiya olmursa, öldür, nə o şeirlər mənim üçün şeir olur, nə də o şair!

Dünəndən bir dəfə oxuduqlarımı elə yaşadım ki, siyahısını sadaladığım hər kəs üçün Səhər Əhmədin bir şeirini oxudum – təyinatı üzrə!

Və hətta… düşüncəsini, mövqeyini, qürurunu, imzasını sevməyə başladığım dostum Könül Səidə oxuyanda, dedikləri dəqiq ifadə etdi: “Oxuyursan və yazırsan! Oxuyub yazmırsansa, sən oxucu yox, izləyicisən”

Düz deyirdi dostum: mən o qədər kitabları oxumuşam ki! Söz də vermişəm yazmağa! Amma və lakin… yazı yazılmayıb! Sadəcə… mən “izləyici” statusu və ağlında yox, müəllif “izlənən” qrafasında olub! Oxuduqlarım yazdırmayıb!

Ancaq… Səhər Əhmədin əlimdə olan “Görüşməyənədək” kitabı həyatımın və həyatımızın bütün çalarlarını ehtiva etdiyindən, bir daha o qənaətimdə qaldım, hətta il ərzində gəldiyim doğru qənaətə sevindim! Ki, Səhər Əhməd… OXUNAN VƏ OXUTDURAN ŞAİRƏDİR!

Mən zatən də ilk oxuduğum yazısından – “Təyinim olarsanmı” – sonra, qeyd-şərtsiz qəbul etmişdim Səhər xanımı: ƏDƏB və SÖZ adamı kimi!

Səhər xanımın çox qəribə bir sadiqlik ruhu var! Üsyan etmədən üsyankar ruhu! Sadəcə, o qədər ilahicəsinə ruh ki… situasiyanı anlatan mərhəmət və insanlıq duyğuları adamın içində kin, nifrət, qəzəb yaradan hər nəsnəni öldürür, kindən, nifrətdən, qəzəbdən də ötə bir halılya: “Ölümdən başqa ünvan yox, yaşamaqdan başqa yol”.

Səhər Əhməd ÇIXILMAZLIQ dönəminin KEÇİDLƏRİNİ misralarda belə o qədər gözəl yaşayır və yaradır ki… hətta “Sevdiyim adamlardan qurtuldum artıq, Qapımdan, pəncərəmdən örtüldüm artıq, Yaddaşı yoxmuş ruhumun, Öldürdüm artıq” desə də, bu çarəsizliyi, çəkilməzliyi, çıxılmazlığı ömründə ARTIQ olan giley, əzab kimi yaşamağı da bacarır, ona qalib gəlməyi də!

Hərçənd dəqiq bilsə də:

“Bu nə xarabalıqdı

Bir işıq ucu yoxdu!

Nə qədər günəş çıxdı,

Sabah olmadı…

Bu xarabada!”

Bu misraların müəllifi miskin, aciz Azərbaycan qadını deyil, heç “buğda yeyib cənnətdən çıxmış günah” sahibi də deyil, özünün deməsinə rəğmən! “Tanrının sədəqə verdiyi ömrə tüpürüb gedərdim” cəsarətinə sahib, “Amma günahdı” anlamında günahdan imtina mədəniyyəti olan xanımdı! Əvəzində… sadəcə, “Susub sözümü öldürdüm, Dözüb, dözümü öldürdüm, Gəlləm, özümü öldürüm, Geri dur, Allah” demək qədərincə həyata, yaşama laqeyd qadın olduğunu da gizlətmir!

Bəzən Səhər Əhməd çox yorğun görünür! Əslində elə deyil: “Sonuncu kimdir?- deyə, uzun bir növbəyə dayanıb yasamaq istədim həyatı yenidən!”

Fəqət gözəl bilir ki:

Sən demə, bizim bu bəxt dediyimiz,

Hər kəsin külüylə oyunu imiş.

Demə, zarafatmış vaxt dediyimiz,

Tanrının quluyla oyunu imiş!

Bu qədər dəqiq ifadə edib Allahla-Tanrıyla “allah-bəndə” münasibətini özü bəndəsiz, Allahı Allahsız olan Tanrının Səhər Əhmədi!

Səhər Əhməd “Kipriklərin ucundakı Yaşlar kimi azadam, Quslar belə azad olmaz, Daşlar kimi azadam” deyən, dediyi qədər də var olan Bəndədi həm də!

Yorulmadan, usanmadan Tanrının özünə də bəyan edib: “Mən səni duyduqca, Tanrım, Dərdimi duydum. Sən məni sevdikcə, Qəm sevər məni”…

Tanrının qəhrəman döyüşçüləri, qəddar diktatorları, ilahi səslə oxuyan müğənniləri olub! Onu sevən, mədh edən, Onun üçün fədakarlıq edən söz sahibləri – şairləri də həmçinin! Hamısından yazılıb, çatdırıb oxuya bildiklərimizi oxumuşuq, qalanlarına da ömür qismət eləsin, oxuyaq!

Amma bu gün “sözün Mədain xərabələri”ndə Allahın milyard ildən bəri dünya üçün açılan səhərlərindən heç biri Azərbaycanın olmasa da, Azərbaycan ədəbiyyatında “Tanrının Səhəri” adında ikicə sözdən ibarət bir misra var!

O misra elə Səhər Əhməddir – bütün təzahürləri ilə Tanrıdan o yana keçməyən, amma həm də Tanrıya qədər, Tanrı üçün şeirlər yazan Səhər Əhməd!

Bu… ata-anam və qızlarım üçün:

Kimdi məni axtaran,

İynə kimi axtaran,

Ata-anamdan qabaq,

Uşaqlarımdan da çox!

Bu… dostlarıma – mərdinə və namərdinə:

Silin yaddaşımdan bu adamları,

Gözümü yumanda oyanmasınlar.

Canımı tapşırram, deyin onlara

Başımın üstündə dayanmasınlar!

Bu… ömrümə sevib gəlmiş, xəyanət edib getmiş, sevib gələcək, atıb gedəcək bütün xanımlara:

Azdım ürəyimin küçələrində,

Yüyürüb üstümə qaçan olmadı.

Gəlib sevgimizin önündə durdum,

Döydüm qapısını, açan olmadı!

Bu…

Həə, “Görüşməyənədək” kitabında bircə şeir də olmadı ki, “kitab şeiri” qrafasında çıxdaş edim! Hamısı gözəl!

Sevindim! Və hətta hansısa müqayisələrdən qaçdım!

Səhər Əhmədin şeirlərində mükəmməl filoloji təhsilindən, ədəbi genetikası və təfəkküründən irəli gələn ən xoş məqam isə sözdən sözə keçidin poetikası da, poeziyanın özünün də poetikası ruha qida verir! Bədii təsvir və ədəbi ifadə vasitələri, belə deyək, istənilən sözün üzünə baxdıqda, görünür! Görünür və hər ifadənin poeziya-şeir sözü olduğunu təsdiqləyir! Söz şeirləşir, poeziyalaşır! Ədəbi, əxlaqıyla! Etik-estetik dəyərlər bu sözlərdən adama o qədər doğma, şirin gəlir ki!!!

Mən Səhər Əhmədin şeirlərinin hamısını bir daha, bir daha və yenidən oxuyub başa çıxanda, eyni duyğunu bir də yaşadım: illərlə ürəyimdə yaşayan yüzillərin, min illərin, milyon illərin Azərbaycan qadınını gördüm, görmək istədiyim qadını, ruhuna sadiq, dərdin dərdə çevirə bilmədiyi qadını gördüm, dərdi dərd kimi daşıyıb, faciə gətirməyən qadını gördüm!!!

Və sakitcə bu qış gecəsində, gündüzündə pıçıldadım:

Öpüb bu “qış” axşamını,

Yuxuda qoyub hamını,

Çıxarıb ayaqlarını

Əlinə alıb gedəsən!

***

Nə yolun, nə izin qala,

Alnın da yazılı qala.

Unutduğun bir ünvana

Bir məktub salıb gedəsən!

SON:

Səhər Əhməd SÖZlə dava edənlərdən deyil! Sözü davaya çevirənlərdən də deyil! Sözü yaşatmaq üçün deyənlərdəndi! Sözün hörməti üçün küçə süpürməyə qədər özündən keçən, Sözü ucalarda görən Söz ünvanıdı!

Mən Səhər Əhmədi şairliyi sair yerlərə dartıb-sürüyüb aparan qaragüruhun içində görmədiyim üçün oxuyuram! İnanaraq oxuyuram! Yazıboyu da izahını vermişəm. Sonda deməyə bir o qaldı ki, bəyan edim: həm inanıram, həm də inandırıram – Söz onu yaşadacaq! Sözün saysız-hesabsız səhərləri olacaq, amma o səhərlərin ən gözəl ismi Səhər Əhməd olacaq demirəm, Səhər Əhməddir deyirəm! – o qədər də pafoslu çıxmasın, sayılmasın! İştə, həqiqət bu!

YAZIYA SÖZARDI: Bəzən oxuduğun bir kitab və ya filmdən, yaxud da hər nə isə, bir ünvandan yazırsan, bitir! Sonra təkrar qayıtmırsan o mövzuya! Mən yazımı bitmiş saymadım… Səhər Əhmədin dəyərini anlatmadığım o qədər şeiri qaldı ki! Təkcə bu kitabdan! Publisistikası da həmçinin! Etüdləri, esseləri də o cümlədən!

Mən özüm üçün artıq “istənilən yazısı hər zaman bəyənilən, oxunulan bir imza” kimi seçdiyim Səhər xanımın yaradıcılığı haqqında bu qədər konkret və qısa yazmağımın təsəllisini onunla verdim ki, elə imzalar var oxumaq üçündü, müzakirə, təqdimat üçün yox!

Yerin mübarək, Səhər xanım!

P.S. Səhər Əhmədin “Bağlayıcı ilə danışan adamlar”ını gözəl bir roman oxumuş kimi oldum, həm də heç vaxt unutmayacağım, həm də qəhrəmanlarını həmişə şərəfə və hörmətə layiq biləcəyim, həm də ayrılığın anlanma formulu kimi… bir sözlə, həyatın morfologiyasının leksik-semantik quruluşunun frazeoloji ifadəsi olaraq! Qənaətim buydu: Kİ-dən böyük SÖZ YOX imiş Kİ!!!

P.P.S. Mən auramda “qəribə peyzajlar” yaratmağı xoşlayıram! Bu dəfə Səhər Əhmədin “Görüşməyənədək” kitabının vərəqlərini bir-bir cırıb dörd divarın eninə-uzununa yapışdırdım! Kİ… telefonla danışanda birbaşa gözümün qabağında olsun – hərəsinə aid şeiri ona oxumaq üçün! (gunxeber.com)

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #