Kulis.az şair-yazıçı Vaqif SƏMƏDOĞLUnun “Qalib” kinopyesini təqdim edir
Avtomat telefonunun boş kabinəsi. Telefonun dəstəyi saat kəfkiri kimi havada yellənir.
Yağış. Nəhəng yük gəmisi limana yan alır. Bu, qapqara mazut, neft daşıyan tankerdir. Gəmidən atılan kəndirləri limanın dayaq dirəklərinə keçirirlər. Tarıma çəkilən kəndir. Kəndirin səsi.
Jurnal stolu. Üstündəki telefonun ardı-arası kəsilməyən zəngi. Divar boyu boş, qapıları açıq quş qəfəsləri.
Avtomat telefonun boş kabinəsi. Dəstək havada yellənir. Saat kəfkiri kimi.
Balet studiyası. Balerinalar dayaq taxtasından tutub məşq edirlər. Metronomun səsi. Kim isə xanə sayır: raz-dva, raz-dva, raz i dva i və s.
Tankerin trapı qoyulur. Matrosların və liman fəhlələrinin qatmaqarışıq səsləri. İş prosesinin xaosu.
Bakı dəyirmanına qatar yaxınlaşır. Fəhlələr qatardan un kisələri boşaldırlar.
Dəniz. Üfüqə kimi boş sahildə fil gəzir. Sibeliusun “Qəmli valsı” çalınır.
Otaq. Bir neçə oğlan və qız rəqs edirlər. Stolun üstündə bayram şamının qalıqları. Oynayanların arası ilə qoca kişi gəzişir. Sərxoşdur. Onun pencəyinin döşü idman nişanları ilə doludur.
Boş liman. Axşamdır. Kimsə oxuya-oxuya tankerin göyərtəsini yuyur.
Küçə. Yanaşı dayanmış maşınlar. Yaşıl işıq yanan kimi onlar getməyə başlayır.
Stadion. Boş amfiteatr. Yüzmetrlik. Cığırın startına qoca kişi yaxınlaşır, qaçır. Ayaqları dolaşa-dolaşa. Qaçış cığırının yanına qələbə üçpilləsi atılıb. Qoca finişi keçəndən sonra üçpilləyə yaxınlaşır. Birinci pilləyə qalxmaq istəyir, gücü ancaq oturmağa çatır.
Boş balet studiyası.
Üstündə bayram şamının qalıqları olan stol. Şamlar yandırılıb. Kərim bir qızla oynayır. Kreslolarda, divanda o biri gənclər yuxuya gediblər. Dağılmış saçlar, divandan əl sallanır, ovucda bir neçə siqaret kötüyü. Oynayan qız qollarını Kərimin boynundan açıb boş kresloya yıxılır. Divanda yatan oğlanlardan biri ağzını tutub otaqdan tələsik çıxır. Kərim qıza yaxınlaşır. Qız yatıb. Kərim otaqdan çıxır.
Avtomat telefonun budkası. Dəstək saat kəfkiri kimi havada yellənir. Səhər təzə açılır. Kərim küçələrlə gedir. Uca ev. Kərim evin dəhlizinə girir.
Lift. Mələk libası geymiş lift sürənin üzü qırxılmayıb. Libasının qanadları sürtülüb. Qanadın bəzi yerlərindən pambıq sallanır.
KƏRİM: - Bəs səni bu gün dəyişməyiblər?
LİFT SÜRƏN: - Nardaranda toy var, Sürəyya axşamdan ora gedib.
Lift dayanır.
KƏRİM: - Çox sağ ol...
Kərim liftin qapısını örtüb evinə girir.
Otaq. Jurnal stolunun üstündəki telefonun dalbadal zəngi. Kərim telefona “şiş” göstərir. Mətbəxə keçir.
Mətbəxdə qəhvə dəmləyir, fincana töküb otağa keçir. Telefonun zəngi. Kərim jurnal stolunun qabağındakı kresloya oturub yavaş-yavaş qəhvə içir. Sonra fincanı stola qoyub telefonun dəstəyini qaldırır. O, dəstəyi qaldıran kimi otağa quş səsləri dolur. Onların səsindən az qalır ki, qulaq partlasın...
Bu quş səslərinin fonunda titrlər başlanır.
QALİB
və s.
Təntənəli iclas salonu. Kimsə nitq söyləyir, onun son sözlərini eşidirik:
- ... həmişəlik boynundan atdı! Odur ki, mən bütün Azərbaycan torpağının, azəri xalqının adından deyirəm - Kuba si, yanki no!
İclasın prezidiumu ayağa qalxır. Alqış səsləri, əllər. Saqqallı kubalı nitq deyəni qucaqlayıb. Onlar öpüşür. Alqış səsləri. İclasın sədri şəhadət barmağına taxdığı iri üzüyü qrafinə vura-vura salonu sakitləşdirməyə çalışır. Səslər azalır.
SƏDR: Doroqiye tovarişi! Na etom, razreşite mne, obşeqorodskoy mitinq, posvyaşonnıy sovetsko-kubinskoy drujbe, obyavit zakrıtım. Posle pererıva budet konsert masterov iskusstv Azerbaydjana!
Alqış səsləri. Musiqi başlanır. Hamı ayağa qalxır. Sibeliusun “Qəmli valsı”... Bir-birinə baxan adamlar. Pərtlik. Əvvəlcə pıçıltılardan ibarət olan səs artmağa başlayır. Bircə kubalı qonaq çox ciddidir. Onun üzü qımıldanmır.
Teatrın koridorları ilə adamlar qaçır. “Administrator” qapısından başını tutmuş adam çıxır, qaçmağa başlayır. Qaçanlardan biri ürəyindən tutub divana oturur. Salonun koridorlara açılan qapılarından adamlar çıxır. Asılqıda basabas. Addım və musiqi səsləri. Musiqi qəflətən kəsilir.
Administrator və teatr işçiləri qoca bir arvadın qollarından tutub yeriyirlər.
Direktorun kabineti. O, telefonla danışır.
DİREKTOR: Bəli... bəli... elədir, amma... xeyr, partkom Saçidədir... xeyr, məzuniyyət... bəli... mütləq, baş üstə... bəli?
Direktor dəstəyi telefonun üstünə qoyur.
Administrator və işçilər qoca arvad ilə kabinetə girirlər. Administrator qarını direktorun yanına çəkir.
ADMİNİSTRATOR: - Qara Qarayevin muzıkasını bu buraxıb!
DİREKTOR: - Bu kimdi?
ADMİNİSTRATOR: - Uborşitsa!
QOCA ARVAD: - Əşşi, məndən nə yapışmısız? Kərim mənə dedi ki, quşlara dən verməmişəm, sən burda otur, iclası aparan rusca danışıb qurtaran kimi radionun bu düyməsini bas, elə ki, mahnı qurtardı, bu birini bas. Mən də basdım!
ADMİNİSTRATOR: - Maqnitofonun.
QOCA ARVAD: - Zəhrimarın! Bas dedi, mən də basdım! Qırx iki manat pul alıram, hələ bir...
DİREKTOR: - Kərimin evinə adam göndərmisən?
ADMİNİSTRATOR: - Bəs necə, göndərmişəm, vallah!
DİREKTOR: - Onda tez göndər.
ADMİNİSTRATOR: - Baş üstə!
Administrator kabinetdən çıxır.
Teatrın həyəti. Yan-yana, üstə-üstə atılmış nizamsız dekorlar. Yağış. Üstünə torba əskisi atılmış Venera, Roma arabası, barokko sütunları və s. Həyətə təcili yardım maşınları girir. Bir, iki, üç... Teatr fəhlələri və sanitarlar. Qaçhaqaç. Venera yıxılır. Veneranın ayaqları. Üstündə dizlərinə qədər torba əskisi.
Balet studiyası. İş trikoları geymiş qızlar dirək taxtasından tutub məşq edirlər. Qızlardan biri kənarda dayanıb qantellərlə məşğul olur. Kim isə xanə sayır.
Boş liman. Tankerə kiçik buksir kateri yaxınlaşır. Küçə. Arxasında iri divar saatı aparan bir adam gedir. Pivəxana. Tüstü. İnsan səslərinin və süni mərmərlə örtülmüş stollara dəyən krujkaların vəhdəti. Divarda Repinin “Burlakları”, ondan bir az o yanda mıxlanmış dibçəkdə aşdım-daşdım gülü. Kərim yoldaşı ilə pivə içir. Əhsənin əlindən vobla yerə düşür. O, voblanı qaldırıb qəzet ilə silməyə başlayır. Balığı təmizləyir.
ƏHSƏN: - Prikazı verdilər?
KƏRİM: - Dünən.
ƏHSƏN: - Allahına şükür elə ki, belə qurtardı. Tuta da bilərdilər.
Qonşu stolda pivə içən sərxoş bir adam Əhsənin üstünə qışqırır.
SƏRXOŞ: - Mənim yanımda qazamatdan danışma, maygülü!
ƏHSƏN: - Maygülü atandı!
Sərxoşun yoldaşı onun qulağına nə isə deyir. Sərxoş iki krujka pivə götürüb qurtum-qurtum pivələri içir. Sakitləşir.
Küçə. Əsgərlər keçir.
Pivəxana.
ƏHSƏN: - Gərək direktoru da çıxardaydılar axı?
KƏRİM: - Əşşi, o heç, mənə bu məsələdən bircə şey yaman ləzzət verib. Deyirlər ki, Sibeliusun valsı çalınanda kubalı yaman ciddi dayanıbmış.
ƏHSƏN: - Neyləsin, yazıq elə bilib ki, himnimizdir də...
KƏRİM: - Belə işlər...
ƏHSƏN: - İndi neyləyəcəksən?
KƏRİM: - Bilmirəm.
ƏHSƏN: - Get köhnə yerinə.
KƏRİM: - Götürməzlər. Onu tanımırsan? İndi sevindiyindən bilmir hara getsin.
ƏHSƏN: - Belə işlər... pivə niyə içmirsən?
Kərim pivə içir. Pivəxanaya qarmonçu və oğlan girirlər. Kim isə onlara stul verir. Onlar otururlar. Oğlanın dizləri üstə iri nağara. Paqonsuz əsgər paltarı geymiş bir adam stol-stol adamlardan pul yığır. Kərimgilin stoluna yaxınlaşır.
PUL YIĞAN: - Adama on şahı gəlin.
Kərim pul verir. Pul yığan pulları qarmon çalana uzadır. O, pulları sayıb cibinə qoyur, qarmonunu qutudan çıxardır. Qutunun içinə Stalinin anası və oğlu ilə çəkilmiş şəkli yapışdırılıb.
PUL YIĞAN: - Xamuş! Ay camaat, xamuş!
Pivəxananın səsi azalır. Qarmonçu ilə oğlan çalmağa başlayırlar. “Natiqi” oyun havası. Kim isə oynamaq istəyir, qoymurlar.
Balet studiyası. Məşq edən qızlar. Məşqin son dəqiqələridir. Müəllim xanə sayır.
MÜƏLLİM: - Akperova, zolotko moyo, leqçe, leqçe, takoe an-tra-şa senili v nepovskie vremena, seyças leqçe, leqçe, vot tak, vot tak, posmotri na Petrosovu, bravo, Petrosova!
Ayaqlar. Metronomun səsi.
MÜƏLLİM: - Nu, na seqodnya norma. Poryadok. Kak qovorili drevnie qreki, repetisiya okonçena.
Məşq qurtarır. Qızlar dağılışırlar.
Geyim otağı. Səliməyə rəfiqəsi Sara yaxınlaşır. Qızlar güzgülərdə də əks olunurlar.
SARA: - Kərim neyləyir?
SƏLİMƏ: - Necə var idi helə. Gündə içir. Papam onun əlindən lap təngə gəlib. Qorxuram ki, zəng eləsin. Sənin işin nə oldu?
SARA: - Fotoqraf boynuna almır. Bütün təqsirlər o storojdadı.
SƏLİMƏ: - Başa düşə bilmirəm, axı duşa biz hamımız bir yerdə gedirik, necə olub ki, onu görməmişik, iynə-zad deyil ki...
SARA: - Eh, gizlənməyə nə var ki?! Bəlkə, aparatı bir yerə qoyub... baş çıxarda bilmirəm. Bilmirəm heç neyləyim. Görəsən çox şəkil sata biliblər?
SƏLİMƏ: - Nə bilim, hər halda neqativin tapılması yaxşıdır. Ərin qayıtdı?
SARA: - Yox, elə qayıtmasa yaxşıdır. Mən də çıxıb gedərəm Sverdlovskiyə. Deyirlər orda nabor var.
SƏLİMƏ: - Dəli olma.
SARA: - Küçəyə çıxanda elə bilirəm ki, hamı mənə baxır...
SƏLİMƏ: - Başa düşürəm. Gedək bizə.
SARA: - Yox, Nankanı anamgildə qoymuşam, gərək götürəm.
Geyim otağına administrator girir.
ADMİNİSTRATOR: - Qızlar, sabah “Barışnya i xuliqan”, saat onda. Arutyunova hanı? Arutyunova!
SARA: - O bu gün gəlməmişdi.
ADMİNİSTRATOR: - Sağ gəlməsin onu görüm!
Səlimə avtobus dayanacağına gəlir. Avtobus. Avtobus dayanır, Səlimə avtobusa minir.
Küçələr. Avtobus dayanır. Səlimə düşür.
Səlimə hündür evin dəhlizinə girir.
Lift. Lift sürən qadındır. Səlimə liftə minir.
Liftin içi.
Səlimə: - Nə var, nə yox, Sürəyya xala, Məlikimizdən nə xəbər var?
Qadın: - Sabah kəsəcəklər.
Səlimə: - Qorxmayın, appendisiti indi AMİ-nin tələbələri kəsib atırlar...
Qadın: - Bilirəm qıza, bilirəm. Amma kişi mələkdir də, qorxuram.
SƏLİMƏ: - Qorxmayın, hər şey yaxşı olar. Çatdıq. Sağ olun.
QADIN: - Qapını yaxşı ört, sən Allah, əldən düşmüşəm.
Səlimə liftdən çıxır. Liftin şaxtasına açılan qapını bərk çırpır. Lift aşağı düşür.
Bütün divarları boyu qəfəslər düzülmüş otaq. Jurnal stolu, telefon. Açarla açılan qapının səsi eşidilir. Otağa Səlimə girir. İşığı yandırır. İkinci otağa keçir. Sonra, əynində xalat, gəlib jurnal stolunun qabağındakı kresloya oturur. Zəng eləyir.
SƏLİMƏ: - Alo, Simuzər xala, axşamınız xeyir. Gəlməmişdi? Çox sağ olun...
Başqa nömrə yığır.
SƏLIİMƏ: - Alo, bağışlayın, Səlimədir. Çox sağ olun. Sizinkilər necədir? Allaha şükür, Allaha şükür. Necə? Xeyir. Xeyir, tanışlığım yoxdur. Bəli? Teatr tamaşalarına gələn adamların hamısını tanımaq olar... Necə? Xeyir. Qabaqda oturanları da tanımıram. Bağışlayın, Kərim sizə gəlməmişdi ki? Orda telefon var? Eybi yoxdur. Narahat olmayın, gəlib çıxar. Çox sağ olun, çox sağ olun. Baş üstə. Siz də gəlin də, elə biz gəlirik. Xeyir, xeyir, qoca-zad deyilsiz. Sağ olun, sağ olun...
Səlimə ayağa qalxıb otaqdan çıxır. Sonra qayıdır. Tutduğu telefon kitabını vərəqləyə-vərəqləyə kresloya oturur. Zəng eləyir.
SƏLİMƏ: - Alo, budte dobrı, Serafimu Abramovnu... ax, uznali, nu, dobrıy veçer, rodnenkaya, dobrıy veçer. Da, da, tolko na kurortax, a jivyom v odnom qorode. Da.Da.Da, tam je. Niçeqo. A kak moy rıtsar? Ne mojet bıt! Çto vı qovorite! Ay-ay-ay-bednıy malçik... Nu, slava boqu! Seyças vsyo xoroşo? Nu, slava boqu. Kto? Da, da, on prekrasnıy xirurq. Da, boq. Vezde, on je nedavno ezdil v Berlin, koqo-to operirovat. A eto vsyo-taki Qermaniya... Da. Da. Çto vı qovorite! Nu koneçno, tak nelzya, nado bılo kupit çto-nibud, denqami kak-to... Da, predelno çestnıy çelovek. Vot tolko liçnaya jizn ne ustroena. Da, da, malo li... Serafima Abramovna, pomnite vı v Yalte... ax, vı srazu ponyali o çem ya, duşenka vı moya! Spasibo, spasibo. Eto pryamo so sklada? Ya vozmu maşinu papı. Obyazatelno. Doqovorilis. Oy, ne qovorite, eto takaya traqediya... Ranşe, koqda nam qovorili, mı ne verili, a seyças... Nu poçti kajdıy den. Net nikakoy otvetstvennosti, nikakix obyazannostey. Da, ujasno. Jenatı vseqo neskolko let... net, eto ne dlya telefona. Da. Da... nu, doqovorilis, Serafima Abramovna, budu jdat. Veçerami ya doma. Net, net, zvonite k otsu. Nu potom, potom... Ya toje.
Səlimə işığı söndürüb o biri otağa keçir.
Metro stansiyası. Qatar gəlir. Kərim vaqondan düşür. O, perronda dayanıb qatarın getməsini gözləyir. Qatar tərpənəndə Kərim Əhsənə əl eləyir. Əhsən Kərimi öpürmüş kimi dodaqlarını vaqonun pəncərəsinə dayayır. Boş relslər.
Eskalator. Kərimdən bir az hündürdə dayanmış sərxoş adam pillələrin əks istiqamətində qaçmaq istəyir.
REPRODUKTOR: - Qrajdanin, ne xuliqante!
Sərxoş yenə də pillələrin əksinə qaçır.
REPRODUKTOR: - Qrajdanin, komu qovoryat! Ne xuliqante.
Eskalatoru saxlayırlar.
PENSNELİ KİŞİ: - Mən həmişə demişəm ki, Bakı camaatı üçün metro tezdir. Qulaq asan olmadı.
QƏDƏŞ: - Bunun oçkisinə bir bax! Bəlkə, kişinin dərdi var? Qoyun qaçsın da! Rüşvət almır ki!
Pensneli kişi “qədəşin” yanınca beş-altı pillə yuxarı qalxır. Eskalatoru işə salırlar. Pillələrin axırında iki milis işçisi dayanıb. Onlar eskalatorla qaçan adamı qollarından tutub aparırlar. O, başını aşağı salıb gedir.
Küçə. Kərim hündür evin dəhlizinə girir.
Lift. Kərim lifti gözləyir. Liftin içindən qadın çıxır. Yanında yeddi-səkkiz it. Balaca-balaca. Kərim liftə minir.
Səlimə çarpayıda uzanıb. Jurnala baxır. Açılan qapının səsi gələn kimi abajurun işığını söndürür. İşıqsız mənzildə Kərimin addımları. Mətbəxdə nə isə yerə düşür. Kərim işıq yandırır. Addımlarının səsi. Telefon zəngi.
KƏRİM: - Alo, kim? Yox, yox ora düşməmisən...
Kərim işıqları yanmamış mənzildə ora-bura gedir. Səlimənin saçları üzünü örtüb. Addım səsləri kəsilir. Radiodan bir-birinin ardınca keçən stansiyaların səsi. Səlimə. Saçları üzünə tökülüb.
RADİO: - ... s toqo dnya nastupila novaya vexa v jizni i tvorçestve velikoqo proletarskoqo pisatelya. Velikiy...
Yenə bir-birinə qatışan stansiyalar. Pəncərədən şəhər, evlər. İri divarda iki-üç pəncərə. Radiodan Çaykovskinin “Qu gölü” baletindən körpə qu quşlarının rəqsi eşidilir. Səlimənin saçları. Radionun səsi axıra kimi ucalır. Səlimə qışqırır.
SƏLİMƏ: - Perestan! Tı ranşe bıl ostroumnee!
Radionun səsi azalır. Yenə bir-birinə qarışan stansiyaların xaosu.
Liman. Böyük tanker. Tankerdən kiçik buksir kateri aralanır. Katerin boğuq səsi.
Bakı dəyirmanı. Fəhlələr qatardan un kisələri boşaldırlar. Səslər.
Dəniz. Bomboş sahildə fil gəzir. Sibeliusun “Qəmli valsı” çalınır.
Stadion. Boş amfiteatr. Qoca yüzmetrlik cığırın startına çıxır. Qaçır. Ayaqları bir-birinə dolaşa-dolaşa. Finiş. Qoca qələbə üçpilləsinin üstünə qalxmaq istəyir, ancaq otura bilir.
Kabinet. Stolun arxasında mayor oturub. Divarlarda əhalinin atom bombasından qorunmasına kömək edə biləcək plakatlar. Kərim ayaq üstə dayanıb.
MAYOR: - Gərək ki, Nəcəflə Mürsəl əmioğlu idilər, hə?
KƏRİM: - Xeyir, dayıoğlu-bibioğlu.
MAYOR: - Hə, hə düzdür. Sənin babanın Dərbənddə bir üzüm bağı var idi ki, daha nə deyim, skazka!
KƏRİM: - Nənəsi mənə danışardı.
MAYOR: - Sənin gərək ki, bir qardaşın da olsun?
KƏRİM: - Xeyir, mən təkəm. Analığımın öz qızı var. Atamdan mən təkəm.
MAYOR: - Yaxşı, bala, ponedelnikdən çıx işə. Amma yekə oğlansan da, özün bilirsən, bura Mülki Müdafiə idarəsidir, na voennom polojenii. Burda trevoqa yerinə fokstrot buraxsan hamımız o söz!
Mayor gülür.
KƏRİM: - Yox, narahat olmayın.
MAYOR: - Yaxşı, sağ ol. Məndən evdə salam de.
KƏRİM: - Kimə?
MAYOR: - Hamıya.
Teatr. Səhnə. “Barışnya i xuliqan” baletindən bir hissə sona çatır. Artistlər səhnədən gedirlər.
Səhnə arxası. Səlimə ilə Sara dayanıblar. Qızların yanından ora-bura fəhlələr gedir. Onlar dekor daşıyırlar. Reproduktordan orkestr ilə məşq aparan dirijorun səsi eşidilir.
SARA: - Dəli olma, axı...
SƏLİMƏ: - Yox, başa düşürsən, əvvəl-axır gərək olaydı. Çünki...
SARA: - Bəs həmişə deyirdin ki, belə yaxşı adamdı, şəkil çəkə bilir, nə oldu?
SƏLİMƏ: - Məsələ...
Qızlara rejissor yaxınlaşır.
REJİSSOR: - Əsgərova, sən yenə də ansambldan çıxırsan. Axı belə olmaz.
SƏLİMƏ: - Bağışlayın...
REJİSSOR: - Diqqətli ol, diqqətli ol...
Rejissor gedir.
SƏLİMƏ: - “Ansambldan çıxırsan”... ansamblın nə olduğunu bilmir... hə, nə deyirdim? Başa düşürsən, mən...
Reproduktorun səsi Səlimənin sözünü kəsir.
REPRODUKTOR: - Kordebalet, na ssenu! İzbienie xuliqana! Vıxod xuliqana! Maestro, podojdite, pojaluysta. Vıxod xuliqana! Xuliqan, xuliqan! Əsədov, xuliqan hardadı? Əsədov!
Dəftərxana. Makinaların səsi. Qovluqlarla ora-bura qaçan adamlar. Qapılar hər dəqiqə açılıb-örtülür. Kərim koridorda görünür. Onun yerişi hamıdan fərqlənir. O, bir neçə adamı saxlayıb nə isə soruşmaq istəyir. Dayanan olmur. Nəhayət, bir adamın qolundan yapışıb saxlayır, nə isə soruşur. Adam əliylə ona yaxındakı qapını göstərir. Kərim qapını açıb başı ilə kimisə çağırır. Qapıdan Əhsən çıxır.
ƏHSƏN: - Tapdım, amma iyirmisinə kimi qaytar, simicin biridir. İnfarkt olar.
KƏRİM: - Mütləq, mütləq. Ayın 18-19-da gətirərəm.
ƏHSƏN: - Axşam Arazgilə gələcəksən?
KƏRİM: - Yox, Səlimə bu axır günlərdə yaman deyinir.
ƏHSƏN: - İşin nə oldu?
KƏRİM: - Bir əntiqə yerə düzəlmişəm.
ƏHSƏN: - Hara?
Otaqdan bir adam çıxıb Əhsənin qolundan yapışır, onu otağa çəkir.
ƏHSƏN: - Mən qaçdım, sonra danışarıq.
Kərim küçələrlə gedir.
Avtobusda.
Kərim metro stansiyasından çıxıb Sabunçu vağzalının pillələri ilə qalxır.
Elektriçka.
Şəhərin kənarı. Kərim buruqların arası ilə gedir. Buruqların səsi. Neftçilər yoxdur.
Daxma. Kərim həyətə girir. Bir azdan darvazadan çıxır. Əlində qəfəs aparır. Balaca quş. Buruqlar. Buruqların səsi.
Stansiya. Kərim stansiyaya gəlir. Perronda stansiya gözətçisi gəzişir. Kərim ona yaxınlaşır.
KƏRİM: - Elektriçka nə vaxt olacaq?
GÖZƏTÇİ: - Bir saatdan. Amma indi Moskva-Bakı keçəcək, min ona.
KƏRİM: - Çox sağ olun.
Qatar görünür. O, sürətini azaltmadan stansiyadan keçir. Kərim stansiya gözətçisinin yanına qaçır.
KƏRİM: - Nə oldu, bəs dayanmadı?
GÖZƏTÇİ: - Mən dedim ki, min. Demədim ki, dayanır.
KƏRİM: - Bəs indi neyləyim?
GÖZƏTÇİ: - Otur gözlə elektriçkanı... bu bülbüldü?
KƏRİM: - Yox, kanareyka.
GÖZƏTÇİ: - Bizim nəslə quş düşmür. Balıqdı, quşdu, anaşadı, ev yıxan şeylərdir. Bizim kassir balıq saxlayırdı, basdılar getdi.
Axşamdır. Svetoforun qabağında çoxlu maşın dayanıb. Yaşıl işıq verilən kimi maşınlar irəli sıçrayırlar.
Hündür evin qabağında taksi dayanır. Kərim taksidən düşüb evin dəhlizinə girir.
Liftin içi. Lift sürən kişidir.
KƏRİM: - Həmişə ayaq üstə, Məlakə! Şükür Allaha, deyəsən yaxşı qurtarmısan?
MƏLAKƏ: - Əşşi, Mahmudbəyovun əlləri qızıldı, qızıl. Bir qəpik də almadı. Sabah gedirəm televizor almağa. Üstünə o kişinin şəklini qoyacağam. İşdən də çıxıram, bəsdir. Axşamlar oturub bir az konsertə baxacağam, bir Mahmudbəyova!
KƏRİM: - Məlakə ki Məlakə! Bəs paltarın, qanadların hanı?
MƏLAKƏ: - Əşşi, qırx il geydim, bəsdi də...
KƏRİM: - O da düz sözdü.
MƏLAKƏ: - Səndən əntiqə şey eşitmişəm. Deyirlər teatrda Mustafa Kamal Paşanın mahnısını oxumusan? Düzdür?
KƏRİM: - Yox, vallah yox. Çatdıq. Sağ ol.
MƏLAKƏ: - Ay səni...
Kərim liftdən çıxır.
MƏLAKƏ: - Malades!
“Məlakə” lifti aşağı sürür.
Otaq. Kərim əlində quş qəfəsi dayanıb. Açıq şifoner. İçi bomboş. Divar boyu asılmış qəfəslərin açıq qapıcıqları. Kərim qəfəsi jurnal stolunun üstünə qoyub kresloya oturur. Mətbəxdəki şəhər radio şəbəkəsinin səsi.
RADİO: ....