Bu gün Əziz Nesinin anım günüdür. Kulis.az böyük yazıçının “Ucuz fəhlə” hekayəsini təqdim edir.
Dan yeri yenicə sökülmüşdü. Böyük bir fabrikin sahibi kabinetində qəhvə içirdi. Qəflətən qapı zərblə açıldı, bir nəfər otağa daxil oldu. O, işsizliyinin əlaməti olan nimdaş papağını əlində tutaraq fabrikin sahibinə müraciətlə dedi:
– Cənab, mən iş axtarıram.
Fabrik sahibi başını qaldırmadan gözüylə ayaqdan-başa onu süzüb:
– Nə bacarırsan?
– Peşə məktəbində oxumuşam. Birinci dərəcəli çilingərəm.
– Bizə xarrat lazımdı.
– Almaniyada zavodda beş il xarrat işləmişəm. Üstəlik müsbət xasiyyətnamə də veriblər.
– Ancaq bizə öncə qəlibçi lazımdı.
– Eyni zamanda birinci dərəcəli qəlibçiyəm.
Fabrik sahibi dodağını yalaya-yalaya:
– Əgər dülgərliyi də bacarsaydın…
– Dörd il dülgər işləmişəm.
Fabrik üçün yeni tapıntıdır, – deyə fabrik sahibi düşündü. İndi yəqin ki, yüksək maaş da tələb edəcək.
– Hər şey aydındı, amma çox təəssüf ki, fəhləyə ehtiyacımız yoxdu.
– Bütün əmrlərinizə əməl edərəm.
– Yaxşı, qoy sən deyən olsun! İşə götürürəm, amma unutma: əlavə heç bir məbləğ ödəməyəcəm. Onsuz da işçimiz çoxdu.
– Minnətdaram, cənab. Əlavə heç bir məbləğ istəmirəm. Nə qədər versəniz qəbulumdu.
– Birinci dərəcəli ustalara gündəlik beş lirə veririk. Sənə isə əlavə işçi kimi iki lirə verərik.
– Eybi yoxdu, razıyam.
Qələbəsindən həvəslənən fabrik sahibi sir-sifətini turşudub:
– Qulaq as, gör nə deyirəm. Bizdə iş saatı cədvələ salınmayıb. Sonradan narızılıq etmə ha! Gündə ən az on bir saat işləməli olacaqsan.
– Qoy lap on dörd saat olsun.
Fabrik sahibi qulaqlarına inana bilmirdi:
– Mənə bax, sonra demə ki, eşitməmişəm: iş yerin dar və qaranlıq olacaq.
– Olsun…
– Az qalsın unutmuşdum əvvəldən bir qəpik belə almayacaqsan.
Bir ay işləyib təcrübə qazanarsan, ondan sonra əgər səndən razı qalsaq gündəlik iki lirə verəcəyik.
– Necə məsləhətdi.
– Hə, birdə ki, maaşının iyirmi faizini texnikanın təmiri və tullantısı üçün ödəyəcəksən.
– Əlbəttə, əlbəttə!
– Bir də ki…
– Buyurun.
– Mən sənə – tanımadığım adama ən əla mühərriklərimi etibar edirəm ha!
– Bəli, cənab.
– Buna görə də min lirə məbləğində vergi verməlisən.
– Verərəm. Atamdan bir daxma miras qalıb, satıb ödəyərəm.
– Yaxşı, onda sexə get və işinə başla.
Fəhlə gedəndən bir-iki dəqiqə sonra iki polis təngnəfəs halda fabrik sahibinin kabinetinə soxuldu:
– Cənab, otağınıza ağıldankəm adam gəlmişdi. O, dəlixanadan qaçıb. Onu axtarırıq!…/sim-sim.az/
Tərcümə: Taleh Eminoğlu