Bu mətnlərin müəllifi: kərbalayi məşədi həci xanəmir bağdadi
- Bu yaşına qədər zəhləni çox tökən bir şey oldumu?
- Deyim dinlə, qafil! Adamın dilini dinc yerindən min bir oyunla çəkib çıxardan bu dünyada ən zəhləmi tökən şey, tanıdığım qələm adamlarının məni tək gördüklərində yazılarım haqqında olmazın dil boğaza qoymamalarıdır. Elə ki, mətbuat var, ya bir qələbəlik ortamındayıq, eyni mövzu gündəmə gələndə, qafalarına güllə sıxasan, mənim kitablarımdan, yazılarımdan guya mübarək –mübarək xəbərləri yoxdur. Bax, bu əxlaqdan iradəmi itirəcək dərəcədə iyrənirəm. Qafalarını keyidən kitabımı daxili gün-güzəranını düzəltmək üçün gizli-gizli oxuyan yazar həmkarımın, mənimlə söhbətində mənim yazılarımdan xəbərsizmiş kimi davranması mənə pis təsir edir. Çörəkdən öncə, sünbüllərlə, başaqlarla böyüyən başqalarının yazdıqlarını oğurluqla oxumaq nə zamandan eyib sayılıb, əskiklik hesab edilib, aşağılanma kimi qiymətləndirilib, mən hələ də bu kor kişinin oğlu olmaq kimi kompleksləri anlamadığım üçün, əlim ətəyimdən uzun çıxır, əmək qabiliyyətim zəfiləyir, ətim ürpəşir, elə o sarıdan bu adla nə ilişkim varsa, feodal qalığı olan xanəmir adıma, nədənsə Əhməd deyirlər.
- Nə demək istəyirsən, qafil?
- Sadəcə, özümü çox güclü hiss edirəm. Gəl, sızanaq bağladan bu səliqəsiz söhbətin yol qapadan, uğursuzluq püskürən yönünü dəyişək.
- Nə istəyirsən? Nə olub? Səsini niyə başına atmısan?
- Heç…doğulduğum yerləri, böyüdüyüm torpaqları görmək üçün burnumun ucu heç bu qədər göynəməmişdi. Mən də kimlərinsə gözündə cin-şəyətin kimi görsənə bilərəm. Mən də kimlər üçünsə xoş olmayan insan ola bilərəm. Amma, mənim doğulub böyüdüyüm yerləri ürəyimin istəməyinin o adamların varlığındakı kinə, ədavətə, əsəbə, qorxuya heç bir zərəri yoxdur. Bəlkə də, xeyri var.
- Bəs demişdin heç vaxt şikayət etmərəm…
- Mən ki, ( işvəsini oynadanlardan işvəsini gizlədənlərə əsla) şikayət etmirəm, mən nəyisə gözlədiyimi yaxınlarıma, qulağı qəlbimə məsafəsiz olanlara bildirmək istədim. Qafil! Bilirəm ki, açılan sabahların, qapanan axşamların “gəliş” adlı ərkində mənim o gözlədiyimdən damlalar, tozlar, zərrələr öz bütövlüyünü tamamlamaq üçün dəridən-qabıqdan çıxır.
- Bir az adam dilində danış. Kişisən, kişi balasısan. İnsanlar belə danışmırlar. Deyilənə görə saxtakarlığın göz çıxardır, diz çökdürür, bağır basdırır, sinə üzərinə baş əyir.
- Oğlum, o tövşəməyən nəfəsinə and içirəm, deyəsən sən çöpü, yarpağı, qarışqanı da adam eləmiş Yunusu yaxşı-yaxşı oxuyub donquzu darıdan çıxardacaq inadını da yuxuya verib düzgün anlamamısan. Heç olmasa, dil-dilçəyini Tanrı dağlarının yaxasına uzadan o tərki-dünya türkcənin təkrarsız Yunusunu. Mənim ecazkar iqlimlər yuvası olan bu içimdə doğulub böyütdüyüm yerlərin, dağların da duruşuna sədəqə verən o adamalarından çox hələ də cilovlanıb, qantarğalanıb minilməmiş min-milyon illik mənlərim var. Artıq onlarla baş aparmaq, onlarla dil tapmaq, onlarla anlaşmaq zorunluğuyla yanıb-tutuşuram. İçimdə ağız deyəni qulaq eşitmir. Biri “qa” deyəndə, biri “qu” deyir. Biri “qar” deyəndə, biri “yaz” deyir. Bəzən çaşıb qalırsan, bu yaz, hansı yazdır, ya yazıdır. Beləcə, yolayrıclarındakı təlatümlər, ikiləşmələr, səni yenidən birliyə, vəhdətə dəvət edir. Yaz fəslini də, yazmağı da bir canda görmək zorundasan. Bu isə içindəki saysız -hesabsız insanların, mənlərin xaosdan bir nizama, bir ritmə ayaq uydurmalarına vəsilə olur. Çünki mən içimdəki yavuzları dost edən yazın, zamanın mənlərinə həm də yazmağı, yerlərin və göylərin arasında sərhəddən, keçiddən daha çox pərdə kimi titrəyən yazını simsar bilənlərdən, həyat, yaşam olaraq min illərin yol yorğunlarına tərəkəmə həkətiylə “ruhun əbədi dağılmaz tifaqlarını” təkəbbürsüz təklif edənlərdənəm.
- Bax, dostum, bir az da gerçək dərdinə gəl, daha şeir-meir deyib keçmə…görmürsən şeir adıyla yazdığına nə qədər ağız büzənlər tapılır bu məmləkətdə? Bezmədinmi, bu qədər yazdıqlarına qarşı alayı-dolayı danışılanlara?
- Sən mənə nə zamandan bu qədər yabançı oldun, qafil? Mənim heç zamanım oldumu ki, başımı qaldırıb gözümün qabağındakı yığın-yığın eyni havaya köklənmiş insanların, şeir bülbüllərinin aqibətinə yas tutub ağı deyəm? Mənim başım içimdəki saysız -hesabsız “mən”-lərin hərəsinin ağzından çıxan (alimini də bu məmləkətdə qul edib heç onun mürəkkəbini də qana, şəhadətə yaxın buraxmayan) bir arsız avaza qarışdı. Mən zatən o arlı-arsız , ağrılı-ağrısız, artıq-əskik, ala-bula, aya - günə sığınan avazları yığıb ( bütün yolların romaya apardığını deyil, Məkkəyə,Bağdada apardığını arşınıma çəkib, “saatım bağdatda qaldı” kitabımı da 10 il öncə kor-koranə yazmadığımı bəyan edərək) bir ritm tuturdum. O ritm məni içimin dərinliklərindən çəkib bu dünyaya, kağıza, vərəqə kimi gətirdi. Sən deməyəsən, məni içim (için-için) satırmış illərdir. Bunu yeni-yeni öyrənirəm. Sən demə, içimdəki “mən”-lərdən çölümdəki soydaşlarımla, oxurlarla da gizlin irtibatları olanları varmış. Əslində, bunu bilməliydim. Ancaq içimdəki o min bir havadan yoğurub yapdığım o bir ritm, o hava necə çöl ilə əlaqə qurub bağ yaradırmış ki, qarşıma çıxanlar yazdıqlarımın “qəliz”, “sirli”, “qapalı” olduqlarından dəm vurduqca, yenidən öz “mən”-lərimin qarşısına keçib onlara oxuyuram türkülərimi. İçəriylə elə də sorunum yox. Mənə nə edirsə, çölümdəkilər edir. İçimdəki saysız-hesabsız “mən”-lər ritmə uyanda, baş əyəndə, tabe olanda, o “mən”-lərim yazıyla çölümdə “sən”-lər olurlar. Əslində bacarmışam, işin gerçəyini, anlayırsanmı?
- Qətiyyən… burda anlaşılacaq heç bir şey yoxdur. Qarşıdurmaya getdiyinin fərqindəyəm….
- Yox, qafil! “Sən”, “sənlər” dediyim qarşıdurma obyekti deyil, əsla. O “sən”-lər, O-na aparan yolun YAZI yolundakı keçidi, vəsiləsidir. Bunu “sən”-lərin xəbəri olsa da, olmasa da, mən (poeziyanın qoca şərqin ekstazlığını qoruyan və şeirə şiddət uyğulayan ) bir şaman kimi, ayin yönəldicisi olaraq gerçəkləşdirdiyimin şanlı qənaətindəyəm. Bütün yolların, işlərin, savaşların başında O varsa, içimdəki “mənlər”, çölümdəki “sənlər” nə karədir ki, məni anlasın, ya anlamasın. Yol O-na gedirsə, mütləq bir anlayan, anlaşılan, anlaqlı olan tapılacaq.
- Səhərdən bəri dərdin buydu sənin? Mus-mus deyincə, Mustafa de, qurtul…
- Mən Allah deyəndən sonra Mustafa deyirəm (s.a.v.) O zaman söhbət uzanır, söz çoxalır. Onun birliyini özündə daşıyan söz nə qədər söz olsa da, əlbət əzəldən qırğınlara biət edən bu sonsuz qübbə altında itməz.
- Elə isə gecən xeyrə qalsın..
- Gecən xeyrə qalsın .. .. bu nə demək? Udub- uduzmağın dəb salındığı bir zamanda söhbətin şirin, uzanan yerində aradan çıxırsan?
- Hiss edirsənmi, sanki özünü kimdənsə müdafiə edirsən?
- Bircə burda doğru danışmağa başladın. Necə etməyim. Əvvəl qonaq surətində görünürsən, sonra da hücum fəndgirliyini işə salırsan.Bu fağırlıq sərgiləyən misilsiz fərasətin bağışlanılmazdır. Bu minvalla şeirlərimin altına yavaş-yavaş öz etibarsız hesab etdiyim imzanı soxuşdurmağa çalışırsan.Sən bu günün kəhanəti deyilsən əsla. Sən Bilqamısdan,Tövratdan, İncildən, Qurandan, İlyadadan, Dədə Qorquddan, Əsli və Kərəmdən, Don Kixotdan, İlahi Komediyadan, Hamletdən, Leyli Məcnundan, Saz havalarından üzü belə min bir dona girib sirləri faş, aşkarları gizlinliyə çəkən həmən o idbar CÖVHƏRSƏN!
- Axı bu qədər anlaşılmazlıq nəyə yarar?
- Anlaşılan bir şey varmı? Sənə elə gəlir ki, hətta anamızın bizə dediyi ən adi sözlər belə anlaşılandır. O sözlərin hamısı başa düşüldükcə, məndə daha çox gizlin, daha qatı sirr oluşdurur.Üstəlik, o sözlər şeirdə şəhadət şərbətini içməyə meyillidirsə, bil və agah ol, sözü boş ver, o dil, o şeirin dili hansı ehkamların ahəngində açılsın, anlaşılsın, öz qapalılğını açıb sonsuzluq qübbəsinin altında məharətini çəkinmədən , şübhə yeri bıraxmadan sərgiləsin? Sən heç “get”, “gəl” sözlərinin, “var”, “yox” sözlərinin anlamını konkret olaraq bilmirsən. Bəs bu sözlərin işləndiyi bir şeir dilində, bir dildə o “müjdələri” necə anlayacağını zənn edirsən? Sən bilmirsən ki, dilin, poetik dilin özəlliyi anlaşılmıyanı anlaşılan deyil, anlaşılanı, anlaşılmayan, bilinəni bilinməyən, görünəni gizləyən, qapadan bir gözətçiyə ehtiyacı duyulan özəlliyə sahibdir? Sən elə bilirsən, bunu etmək asan işdir? Get , aşığını at, qafil!
- Özün bilərsən, ancaq mən yazılarınla bağlı ümumi bir anlayışın şahidiyəm. Bilsən pis olmazdı. Indi şeir deyirsən də yazdıqlarına və bir azdan onlarla tanış olacağımızı zənn edirəm. O şeirləri bizim hecada, qoşmada, gəraylıda, elə mövcud sərbəstimizdə ifadə eləmək yəni bir o qədərmi çətindir, ya da olmaz?
- Eşidirsən, məni? Sən elə bilirsən ki, mən hər kəsin sevəcəyi, pəh-pəhlərlə oxuyacağı şeirlər, mətnlər yazmaq istəməzdimmi? Yaxud da bunu bacarmayacağımımı düşünürsən? Yaxud da bu mətnləri elə Allah umudunamı yazdığımın qənaətinə gəlirsən? Nə istərsən düşünə bilərsən, özgürsən. Bir şeyi anlamanı istərdim, bu yazdığım mətnlərə bir azacıq sevgiylə yaxınlaşsan, görərsən ki, bu mətnlərin heç də sənin öydüyün o qoşmadan, gəraylıdan, hecadan, təcnisdən, sərbəst şeirdən fərqi yoxdur. Hətta, təsəvvür edə bilməyəcəyin dərəcədə qəzəldən belə.
- Haşa.... mən sənin düşmənin zadın deyiləm...
- Düşmənim deyilsən. Ancaq qafandakı şeir şəkli, şeir duyumu, şeirə olan estetik özənti düşmənçilikdən betərdi. Lap nə qədər sevgiylə də yanaşsan mənə, xeyri yoxdu, yenə də (cəmiyyətə atılmış ) gərginlik, hücum, düşmənçilik, kin cəhalətinin girdabında batıb getdiyindən, sən şeir şüurunu artıq idarə etmək iqtidarında deyilsən. Belədə nə olmalıdır? Bu söz yerindədir:- dağıtmaq... külünü göyə sovurmaq... hə, necədir dağıntıyla aran? Bu zəlzələdə deyil, özgürlük yolundakı bu terrorda nə sağ qalırsa, ondan istifadə edirik... bəlkə qəzan mübarək olsun deyəsən?
- Bir onu deyə bilərəm ki, çox yekə danışırsan. Mən yekə danışanların aqibətini, ta əski kitablardan üzü bu yana izliyə- izliyə gəlirəm, görmüşəm.
- Mən yekə danışmıram. Bir-birimizi başa düşmədiyimiz təqdirdə, boşluqdan sui-istifadə eləmək EQOnun əzəli-əbədi vərdişidir. Biz həm də ümumi anlamda bütün vərdişlərin qurbanıyıq.Mən qurbanlıq olmaq istəmirəm. Ən azından bununla özümü qurtarma inancındayam.
- Sən sözü, şeiri Allaha sırıyırsan. O-na yalmandırırsan. Məncə, buna o qədər də ehtiyac yoxdur.
- Sənin bilmədiklərindən xəcil oluram. Yuxarıda səni var gücümlə, bütün instinktimlə aldatdım.
- Sən məni aldada bilməzsən..
- Aldatdım. İçimdəki “mən”-lər nəfsini ritmə tuta bilmədiyində çölümdə “sən”lər deyil, yenə də “mən” olurmuşlar. Çöldəkilərimi özümdən başqa kimsə tanımır, kimsə ayırd edə bilmir. Olduqca çaşqın bir qövmlə-oxucuyla üz-üzəyəm.
- Qarşındakılara bu qədər sayğısız davranmağı kimsə sənə bağışlamaz.
- Dostum, mən bağışlanmaq üçün deyil, yarğılanmaq, mühakimə edilmək üçün ortaya çıxdım. Gəl, sənə bir neçə türkü oxuyum. Sonra baxarıq.. ehtiyac olarsa, yenə də söhbətləşərik…
yunus bilib udaram
ey dadi bidad danəndə dəhan dərviş d....
mənim adım xanəmir gerisi həp səsdi səs
canım cahan cilası külüng ucu mirası
ciyərimin dibində gülə qayqu çəkən xas
sözün nəfəsi çalar göy unudan misrası
bilinməyən yönüm yox gizli qalmaz hesabım
itin hürüşü haqdır monqol yürüşü haqqı
ruhumda tozlar basmış açılmayan kitabın
belə gec qalmağı da İlahi bir yasaqdı
itirmərəm durduğum yerin yurdun rızasın
qursağında yağ qalmış qurumsaq qanı tufu
yaranış ağacının şah budağından assan
mən bu yurdu sevərəm olmam Tanrıya asi
indi belə da qafil usanmaqla yox aram
işim gücüm içimdə sultanı qorumaqdı
səni mənə versələr Yunus bilib udaram
burnumun dəliyinə keçəcək qarmaq haqqı
mənim qadam
ey dili qafil fil faili məchul fani f....
yavrum sənin yatmağın göylərə yaraşıqdı
zənn elə ki havamı eşiklərdə qoymaram
mənim qanım nə gəzir uzağı bir qaşıqdı
onu axıdan olsa azadlığa qorxmaram
düzdü çox şey deyirlər qulaq peşakar duyur
ənginləri unutmaz sənin əhli kef atan
o adam kı gün görsə həmən gözlərin qıyır
içindəki işıqdan yaxşıdı mənim qadam
nə yorum əsrlərin əli ətəkdən uzun
dözürəm özgəsinin miflərinə bir təhər
allaha gedən yolun bir başında mən quzum
bir başında sən dur ku açılsın gül-gül səhər
adəm adəm prezident olsan ya nəsib
eydili qafil fil failai məchul fani f..
adəm (dəm bu dəmdir dəm bu dəmdir dəm bu dəm)
İldırımları qılınclarının ağzında gizləyən yığın-yığın ordunla qılınc çalaraq
yürüməliydin yer dəyişmək üçün dalağı ruhumda sancan dağların üzərinə
ya yol versin ya başını yar yorsun
ya yol versin ya başını yar qarla yorsun
yoxsa bu nədir belə salıb bizi sevda dəbinə eşq dəminə çəkib zalımlıqla hədəfinə
adəm yürüdükcə kürəyi qızışan o köntöy ordularınla qıyıqgözlü əsgərlərinlə tozu dumana qatıb
günəşin üzünü gildir gildir göz yaşlarınla həm də öfkəni yenərək örtməliydin
baxan zənn edərdi sıyrılan haqqın üzündən solğun aydır göydəki(ni) altında eşqdən keyiyən
şaman quşlar kimi oxuyardılar oxunu qaranlığın oxqabında gizlədərək
yuvasında yerini soyudub vurnuxardı boşluğun yaxacığında
adəm gərək başının yığnağıyla
başına toplaşan baxışlarında zərdüştün promoteyin atəşinə çırtıq çalanlarınla
neft şirkətinin qiyamətə heç sirr verməyən qarşısına toplaşardınız
bir-birinə dişlərin qaranlıq ardında düyünlənən nəfəslərin uyruqları xınalayan uğultusundan
bakını Mağaralar məskəninə çevirərdin
adəm adəm mədən acıdıqca xəzərdəki buruqlara lənət oxuyardın öyərdin
onda zamana çağdaş denildiyinə tarix də inanardı....
adəm adına nə deyim sənin gərək gəirərək londona parisə təl-əvivə baxıb prezident olanda
qayıbları aşkarladan betər qoruyan Qurana əl basıb and içməyərdin
çünki buna qədər yaralar irinlədəcək çox içəcəklərin olub
içəcəklərin məni millət olmağa qoymayıb məhşərin meydanından qovub
bu içəcəklərin atıla-düşə ata gülüb görmədən artığını ataya rişxənd əyirib
övlad dediyini ana qatili torpaq düşməni dişiylə deşərək dəyişib dəyişib
adəm adəm işğal olan torpaq onu alana deyil
əsl sahibinə yağı kəsilir
düşmən kinindən toranlayan torpaq sənin acığını düşməni sevməklə çıxarır
işdi adəm adəm
pələngləri qəfəsdə bəsləyərək əylənən prezident olsan....
adamları ək elə torpaqdan başla
adamları torpaq- torpaq tarla- tarla
ək şumla dən kimi səp
adəm prezident olsan.. ya nəsib.....
sənin adın nə
ey dili qafil fil faili məchul fani f....
1. Burda gecəylə yağmuru səhv salırlar
2. İslanır hər kəs damır hər kəs gecəni danmır
3. Kişilər yorğun qadınlar üzgün
4. İstərsən ay dilimlə bulud biç-kəs
5. Buralarda gecəyə yağmur deməkdən usanmırlar
6. Burda yola işıq söyləyəndə özgürləşirlər
7. Qadınlar gündüz yürür erkəklər gecə
8. Qarşına bir eşkiya çıxıb üst-başını soysa
9. Gözünün yaşları da səni salar xərcə
10. Burda yola işıq söyləyəndə düşmürlər borca
11. Qadını buralarda su su çağıranda sabah hələ açılmır
12. Su qadınlar
13. Yırğalanır ləpələnir axır
14. Balığını hər qarmağa saplamaz
15. Eşqə bürünsən özü dillənər ...leyla... leyla.. leyla..la...
16. Su derlərsə burda qadına su erkəklər susunca onlar dillənər
17. Burda Tanrı adını gül yazırlar
18. Bahar diksinir yaz azır
nə hələb nə...zad
ey dadi bidad danəndə dəhan dərviş d...
1. gecə kimsəsiz çöldə at minib gedən
2. (heca “ki”-siz səssizləşir cümlədə “da” “də” yorğun düşüb yürüməkdən...)
3. yolu asta doğrayır nal səsi yaz gecəynən oğurlayıb atın hiyləsini
4. ağacın otun qaranlıqda artan yaşılına nallayır
5. (ağrısını qıvraqlıqla yadın əşyanın canına halallayır)
6. atlı atına bənd olub at atlıya hələbi bulub həbibinə bulunub
7. gecə nə atlı nə at nə hələb nə...zad nə...
8. gecədən atlıdan atdan hələbdən
9. halını soracağın bir iki adam qalıbsa oyaq ya qalayıbsa ruhunda ocaq
10. alınma fürsəti qaçırma həm də... “həm də” yendən başladığını göstərir savaşların
11. sənin qan içində susmayan çaban...
12. (ax sənin çində qalmış sərmayən uyğur əlifbasında bir çiban ...)
13. nəyi gecəyə vursam atlını atı hələbə salam.... hələblə aram nə qaldı ...
14. ( neyi hecaya çəksəm xəttimi xəta məqamında dəbə salsam ....hələblə aramda nə qaldı)
15. atdan çox gecədən daha çox hələbdən daha böyük
16. atlının susqunluğu qulaqlarında susmayan burulğanı tarixin
17. atdan at gecədən qara hələbdən hələb ... hələbdən şəhər...hələbdən səlib...
18. atlı bəlkə at belində atına atıb kəmənd...
19. atlı bəlkə at belində gecəni geçirir bir təhər
20. atlı bəlkə at belində hələbi xatırlayır hələ... bir təhər...
ərşin gürşün yaddaşında
mənə elə gəlir hər şeyə rəğmən yurdlarını tərk etməyən fələstində insanlar cildində mələklər yaşayır.
ey dadi bidad danəndə dəhan dərviş d...
şaha xox desəm vaxtı qaranlıq zənn edər...
getsin
getsin
ceyranları cüyürləri ormanlarda dağlarda nəfəsi kəsilincə qovalasın qovalayan
axşam düşüncə ulduzların birər doğuşunu seyr edib də kövrəlməsin yolçu
ötsün
ötsün
budağa qonunca kölgəsini yırtmadan ağacın səsinə tutiyə bir sim salsın quş
səsinin dibində oturub özünü qocaman ağac zənn edən quş xoºbəxtliyin yolçuya verər
bitsin
bitsin
hələ də qəlbimin ən şux yerində hecalanıb pərvazlanan söz şirinmi acımı
əyilib də yerdən yığdığım ovulub-tökülən sümüklərdə gördüm acımı
itsin
itsin
gecəni səsiylə ovsunlayıb yerlərə çəkən itlərin hürüşü içimə doğrayar titrəyişini
ana rəhmində güllə yeyən cocuq yox edər fələyi yox edər çərxi yox edər gərdişi
asıldım havadan asıldım boşluqdan intiharmı bu sürükləndiyim halım
günün ayın yerin göyün ərşin gürşün yaddaşında fələstin fələstin kimi qalım
angel
ey dili qafil fil faili məchul fani f....
bir biz qalacağıq soyuq donmuş təbəssümümüzlƏ
axşamın işvəsinə işləyəcək əzalarım həm də soylarım tərpəşəcəK
uzun uzunca boyumla dilləşən qərinələrlə ulduz yoluxduracam min həsədlƏ
gecə sakitləşib hovunu qaldıracaq ömrün tənəsindən bir gavuR
dişimlə dırnağımla əyilib kainatın yalın yalnızlığına yosma yarağımlA
qu desəm qulaq pərdələrində azadlıq hıçqıran səslər nə qıvraQ
ayrılıb biri ayrılıb içimdə sözdən maya tutur kibiri qırğınlarlA
gözlərindəki uzun ırmaq boyları tapınaqlara aparıb çıxarır cəsarətimI
suyu şirin gəlir boşluğa dirənən Angel
bəzən işarəsiylə Adəmi aləm edən Qafam
ayağımın dəydiyi yerdə səbrim tutulur Hüznə...
heç bilmirəm əyarından danışılan sözün Sitəmi
görüş və vida halında son mənası hansı gülə salır ağırlığı....bu Hədəmi
uzun-uzun baxışları döşəyib üfüq Altına
səmanın zirzəmisinə enən urvatımı at ağızlı təşvişim Həyəcanım
rənglərin ayrıldığı həm də paylaşıldığı imkanla o Saatlarda
özümü sözümü həm də sirləməyim Qalmışdı....
bu ayrı
ey dili qafil fil faili məchul fani f....
1. Sərmayə əsarətindən qurtulub özünün əlindəki qəddar kapitalını qapdırmamaq üçün sufi bürüncəyində “mərhəmət işığını” dünyaya səpələyən bu göreşən zümrənin zınqırovlu zənbilində əslində zibildən başqa baş yazı ola biləcək “biclik” bülbülünün “qanlı nalələri, əfğanları” sinə parçalayıb göz yaşlarının sellənişindəki səslənişə bais olarkən, “mən sizi başa düşürəm, amma belə etməyin!” hayqırışına heyf qıran, heyf çıxaran bir çaxnaşma çiləsində mənə yaraşdırılan “ barbarlığımı” cilalamaq istəmirəm.
2. İstiqrarlı olmağınıza təminat Təmkinlə Verildiyi vergüldən sonrakı gününün başlanğıcında başını busəylə bəsləyən bəsirətlə bəxtinin Buxarasında buyrulan o tənhalıq dolu dəlilləri din adlı əmanətlə ələyib arıladan, aylı bir gecədə suların üzərinə sakit sehriylə sərilən sədaqətini varlığımda itiləyən o ölüm mələyi mənim müşküllərə millənən (mərasimlərimi ) məsafələrimi öz iqtidarı altına aldığından əlimi qaldırıb qaybın qaysaqlanmış qiyamətinə uzadıram.
3. Bir saray inşaasının torpağı üzərində üzünün izinə düşüb dövranın döyüş çəlləklərində cahilliyini bişirənlərə azar-azar baxaraq qılı qırx yaran naləsini yeri gəldiyində işə salan nigarançılığını nisyə bilib bəraətini ilkin izahıyla isladan, o yoxsul yaxasındakı yoxuşlarda yıxılıb dursa da, geri çəkilməyən, cənnətin cəhalət dolu cariyələriylə cilə çıxaracağını düşünən bu mərasimpərəstlərin məkirli mənzillərində mənim müsafirliyim heç bir nəfəs həcmi qədər hücumda da həddini aşmaz.
İbn Arabi həzrətlərinə
Ey dili qafil fil faili məchul fani f...
1. əlbət
2. bu hicranlar həsrətlər qürbət sızıltılarından sonra
3. geri dönüşlər
4. humayunlar uyumlar hüzura ədəblə duruşlar
5. kimsənin bir cizgisini belə dəyişməyən tərpənişlər
6. hər kəsin öz cövhərində hıçqırdığı gülüşlər
7. madəm ki belə bir törənlə yoğrulub yapılır xilqət
8. xilqət xilqət onun kitablara düşməyən gülüşləri
9. dirilişi ardınca səfa sürən iblislər
10. dirənib damarımdaca sevindirsə leşləri
11. nə aya nə də günə aşiqliyimiz yetər qafil
13. sürünər göyün altıyla toxdadar üzərimizdə Tanrının əl işləri
15. məsafələr çıraqlanır dartılır baxışları heyrətlər qoynundan
16. axıb gedən suların gül qızardan səriştəsinə bükülür xilqətin göhərləri
17. hansı dağı görsən və göstərsən damağında acım əylənir
18. hansı üzlə divana çıxardır içimi eşqin bükülməz qədəmləri
19. nə karədir yastığım çəkilsə də başımın yuxularından
20. qəflətə düşməyim heç də doğramaz qəbahətimi
21. bir rəng üfüqdə bəlirər işarəti keçid istər nəfsimin
22. yumunca gözlərimi içimdən ayılan fələyin itimi
23. hürər durar hürər durar ama yolçu hey keçər
24. gül açınca kəhərin burnu ucunda göylər bilsən nə dincələr
ya həq
ey dili qafil fil faili məchul fani f....
1. Mənim ədama sığmaz bəsirətim
2. Ha ha ha zənciri boğazında əzablanan itimin bir adı da gümüşdü-corcdur
3. Öfkəm əzalarıma doğmalığın kirpiyimdən ötürür
4. Didəmdə noqtə gəbərir sıxıntısın dünyaca böyüdür
5. Nəfəsimdən qopaqopda sözlər özgürlüyün sinəmə çəkir
6. Odur haqqımı yedirdiyim köpəklər qusduqca qan
7. Soyuyan hava yuyan dəva üzümdə təbəssüm bişirmir
8. Uyuyan ormanlar ürəyimin altında tərpəşir
9. Eynən tibet dağlarında lamalar haqqa dirəşir. Köç yolları şərdən qovur
10. Yol. Yol boyunca bir tayında əbrəşim xurcunların naxışı
11. Isıdır rızqımın nəfəsimi içində sıxan oduyla
12. Ecazı himalayda qalmış gülə dartınan hava bir sözlə qurtulur
13. Qasırğalar himə bəndmiş sərxoş başım acılardan yoğrulur
14. Usta bizim yolçulada təpər inancla ölçülür usanma sakın
15. Diri dağlar gecə gündüz dönüb durar yerində. Hüsnün ayətə təşnə
16. Az olsun da bu bərəkət kimsə qıpırdamasın yerindən hicrət gəlsin
17. Yıxansın tüm bəzirgan əhli dişinin dibində la ilahə illəllah qalsın
yerinə səs qoyardın
ey dadi bidad danəndə dəhan dərviş d...
1. Soruşan olursa ümmətin halın sussan haldır halaldır
2. Dizin dibində canlar yer açır sayrışır gözlər
3. Suların bulantısı bir qövm uyudur
4. Edam manqasında xalılara səlib yürüşü toxunur
5. Qulun qulağında çınlayan səda nə ehtirasdır
6. Yırtılan yorğan saplarında yorulur səbilin yuvası
7. Onu da sədası odla sevdalanan tiyanların umacağı
8. Öncə ocaqlarımız da yürürdü indi onlar da durmuş susmuş ev nə yurd nə
9. Duman da sığmaz eynimə kafər uyğusu əsla
10. Bəzən sıdkım sıyrılar damarlarım qanıma uzanaraq qınar
11. Donar uzun bir məsafədə hesabı kilidlənmiş savaş
12. İstər xain xofunda tilsimlənsin bəylər
13. İstər oyandığında yatağını bədəni bilən gülü üzü bilənlər
14. Dərdinin dəvasını dəmlə dəmlə deyib sonra dönərlər
15. Eh sən yıxılsaydın bir sayrışan sədasından səmanın
16. Bilərdin fərasəti necə qapır fələklər
17. Susmazdın boğazının yerinə səs qoyardın üstəlik bir xoflanardın
18. Ayırardın adını ürəyindən qanından gedib zaman bulardın
azadlıq
ey dili qafil fil faili məchul fani f...
1. ətrafımda davamlı olaraq səslər yüksəlir
2. anlaşılmaz bir dildəmi danışırlar
3. bir dağın gölgəsindənmi üşənirlər vücudları titrəşir
4. ya evdən çıxarkən ardınca baxan gözlərin gileyinimi isbatlayır bu səslər
5. bu səslər bu dillər bu anlaşılmaz hikmətlər – hər zamankı kimi sözlər
6. üzərimə çöysüyən ağırlığı yaxşı ki görməyib özlərini qoruduqlarını zənn edirlər
7. bir ayağında çəkmə birində yol
8. bir əlində sular bir əlində meşə
9. bir gözündə yoxluq bir gözündə döl
10. rəngləri qarışdırıb bir rəsmdə qonaq edənlər
11. haydutlar pranqalar ...qırış atanlar
12. təbəssümünü doğrayıb çənəsinin altında əzaba qatan
13. ancaq ağzımın dibində uyğuya qalıb xorultusuna aşina olanlar
14. bilirsinizmi vaxt bir əldə neçə barmaq edər
15. neçə göz edər bir insanın dalğınlığında ötələrə baxışında
16. neçə ayaqla yollarda öz hökmünü öldürər
17. - dayan bu sənin təkliyinə bənzəmir
18. - get bu sənin çoxluğundan vermir xəbər
19. - sus bu sənin hayqırtında dövlət qurmur
20. - danış bu sənin köləliyində rəng qatmır çöhrənə qapqara
21. - salamlar bildiyin varlıq şkalasını sıfıra yönəldir (sifarış yolla ayrı bir qana)
22. - eşq olsun demərəm bilmədiklərində xəyanət cövhər saçır qula çevirdiyin zamana
23. ah mən bura qədər niyə danışdım ayaqlarınızın altına atdım cəsədimi
24. bura kimi niyə sədaqət göstərdim yaratıq olduğunuzu bilə-bilə dövrana