Səlim Babullaoğlu
Səni kim unudar?!
Bu yazı Mikayıl Müşfiqin “Xalq əmanəti” seriyasından nəşr olunan bircildlik “Seçilmiş əsərləri”nə tərtibçi kimi yazdığım “son söz əvəzi” yazısının genişləndirilmiş, təkrar işlənmiş variantıdır.
7. “Tar”- milli poeziyamızın möcüzəsi
“Tar”ın içinə “mütəqarib”in kölgəsi niyə düşmüşdü? Bu vacib sualdır. Ərəbcə “qütb”, “yaxınlıq” sözündən olub “yaxın olan” mənasını verən mütəqarib-də digər bəhrlərdən fərqli olaraq təfilələr aramla, asta tənəffüslə deyil, birnəfəsə, bir-birinə yaxın şəkildə oxunur. Səbəbi bəhrin mahiyyətinin müharibə xarakterli olması, həmin təngənəfəsliyin və yaxınlığın davadakı silah səslərini, dəhşətləri imitasiya eləmək cəhdi ilə bağlıdır. Firdovsinin “Şahnamə”si, Nizaminin “İskəndərnamə”si eyni zamanda müharibə mövzulu əsərlər olmaqla bəhrin şah nümunələridir.
“Tar” da savaş şeiri idi. Cəngə və duruş gətirməyə çağıran, həyəcan təbili vuran, tara qarşı çıxanlara poeziya ilə savaş açan, sinə gərən yeganə şairimiz Müşfiqin savaş şeiri idi. Bu şeirin tarixi kimi 1933-1934- illər göstərilir. 1934-ci ildə nəşr olunan “Şeirlər”kitabına əsasən, “Tar” bu kitaba daxil edilmişdi. Amma Firudin Qurbansoyun “Göylərin lacivərd ətəklərində” (səhş 35-51) kitabından bunun belə olmadığı qənaətinə gəlmək oar. Müəllif yazır ki, 1929-cu ildə “Kommunist” qəzetinin 11 yanvar 1929-cu il tarixli sayında görkəmli Azərbaycan bəstəkarı ,dirijoru və musiqişünası Əfrasiyab Bədəlbəylinin tarı ona olan hücümlardan qorumaq məqsədi ilə yazılmış “Tarın üzərində mühakimə münasibətilə” məqaləsi dərc olunmuşdu. Məqalənin sonunda “Tarın məhkəməsi” deyibən bir elan da vardı: “ Şənbə günü, yanvar ayının 12-də, axşam saat 7-də Bünyadzadə adına Dövlət Türk teatrosu binasında tarın bir musiqi aləti olmaq üzrə lazım olub-olmadığı haqqında müzakirə və mübahisə məclisi çağrılır”. Müzakirədə bir vaxtlar Xalq Maarif komissarı olmuş, həmin vaxt “İnqilab və mədəniyyət” jurnalının məsul redaktoru olan Mustafa Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəkdilər. Müəllifin yazdığına görə elə həmin məclisdə Müşfiq də varmış. Və o, sabiq maarif komissarının zalın fitlə, “Sus, bəsdir! Düş aşağı! Məntiqiniz yoxdur!” kimi replikalarıyla müşayiət edilən və bitən çıxışının sonunda, ara sakitləşən kimi ayağa qalxıb “Tar”dan “Oxu tar ! Səni kim unudar? Ey geniş kütlənin şirini, şərbəti,- Alovlu sənəti...” kimi parçanı oxuyubmuş. Ardınca bu səsin sehrinə, ecazına donub qalanların sükutu, sonra da “Bravo! Afərin!” sədaları.
-Bu faktı hardan götürmüsüz ? - deyə Firudin müəllimdən soruşuram.
-Bu məsələ ilə lap çoxdan maraqlanırdım. Dağlı məhəlləsindəki qocalar, yaşlılar hamısı bunu bilirdi. Müşfiqin şeir oxuması hər yana səs salmışdı. Bir də həmin hadisədən üç ay sonra, 1929-cu ilin 29 aprelində Qurban Pirimovun yaradıcılığının 25 illiyi qeyd olunmuşdu Türk Akademik Teatrında. Orda “Leyli və Məcnun”dan, “Əsli və Kərəm”dən parçalar oynanmışdı. Tar partiyalarını Qurban Pirimovun özü ifa eləmişdi. Bu isə artıq tarın qələbəsinin uzaqda olmadığı demək idi. Müşfiqin şeiri tarın çətin vaxtı yazılmışdı və o vaxt yazıla bilərdi, - deyə cavab verir sualıma.
Məncə də bu şeirin doğuluş tarixi belədir.
Həmin günü öz-özümə sual edirəm:
-Bəs, “... Çoxları üzünə durdular,/ Könlünü qırdılar./ Nə deyim o yekəbaşlara?!/ Çaldılar ruhunu daşlara...” hissəsindəki “yekəbaşlar” kim idi? Tarın əleyhinə şeir yazanlar idisə - o şeirlərin ən səs-küylüsünü 1932-ci ildə Süleyman Rüstəm yazmışdı, belə çıxmırmı ki, Müşfiq sonra yazmışdı?! Yəni, 1932-cu ildən sonra.
Və cavab da veirirəm ki, həmin “ yekəbaşlar” tar əleyhinə 1925-ci ildən bu yana məqalə yazan, çıxışlar edən adamlar da ola bilərdi. Bir də bu Mustafa Quliyevin tara qarşı ilk hücumu deyildi. O hələ 1926-cı ildə, komissar olarkən, “Maarif və mədəniyyət” jurnalının 7-ci sayında “Azərbaycanda musiqi kültürünün inkişafı” məqaləsini yazmışdı, böyük Üzeyir bəy isə elə həmin jurnalın 7-8 səkkizinci sayında layiqli cavab vermişdi maarif komissarına. Bu barədə də Rafael Hüseynovun “Ağ üz, qara üz” adlı məqaləsində müfəssəl yazılıb.
Bir də yalnız Süleyman Rüstəmmi yazmışdı şeiri? Mikayıl Rəfili də, Məmməd Rahim yazmışdı axı. Özü də elə 1929-cu ildə, 1930-cu ildə.
Bizi yormuş kar qulaqları qıdıqlayan,
Keçi səsli
Sədəfli tarım mələməsi...
Bu şeir Mikayıl Rəfilinin 1929-cu ildə nəşr edilmiş “Pəncərə”kitabındandır.
Bu isə Məmməd Rahimin 1930-cu ildə işıq üzü görmüş “Arzular” kitabından:
İçindəki inləyəni,
Deyirlər Şərqə məxsusdur.
Madam sıxır dinləyəni,
Ağlatma, gəl, onu susdur.
Mən bu nümunələri də “Ağ üz,qara üz”dən gətirirəm.
(Sitat gətirdiyim bu parçaları təkrar oxuyub nədənsə bu günümüzdə muğam haqqında yazılan çoxlu nadan yazıları, muğamın kahin musiqisi hesab edənləri xatırlayıram, çağdaş bolşevikləri...)
Mikayıl Müşfiq “yekəbaşlar” deyərkən bu şeirlərin müəlliflərini də nəzərdə tuta bilərdi. Bütün bunları düşünüb belə qənaətə gəlirəm ki, 21 yaşlı çılğın Müşfiq sabiq maarif komissarının rəhbərliyi ilə keçən elə həmin “tar məhkəməsində” bədahətən oxumuşdu “Tar”ın bəzi parçalarını. Xüsusən də “Oxu tar ! Səni kim unudar? Ey geniş kütlənin şirini, şərbəti,- Alovlu sənəti...” kimi hissəni. Və bu hissə də dillər əzbəri olmuşdu. Süleyman Rüstəm də tarın özüylə yanaşı peşəkar bir şakərlə “Tar” şeirinin dillər əzbəri olan həmin hissəsi ilə də mübarizə eləmişdi. Ola bilsin ki, bir müddət sonra bu (bir il də ola bilər, üç il də ) şeirin davamını yazmışdı, təkrar işləmişdi onu Müşfiq. Yəni, əvvəlcə rəsmi siyasi kursa sadiq qalan Rahim və başqalarının şeirləri yazılmış, mətbuatda çap olunmuş, hansısa məclisdə oxunmuş, Müşfiq isə sonradan, yəni, sonrakı müddətdə, şeirin davamını bütünlüklə yazmış, işləmiş, “yekəbaşlar” deyəndə isə həm o vaxta qədər yazı yazan, cıxış edən adamları, həm də şeir yazan bütün nadanları nəzərdə tutmuşdu. Bir növ ümumiləşdirmə aparmışdı.
Bəli, “Tar” adətən güman edildiyi kimi 1933-34-cü ildə yox, məhz 1929-33-cü illərdə yazıla bilərdi.
Bir də hər şey qırağa, tara canlı kimi yanaşmaq, ona “səslən!”, “çal!”, “çalın!” yox, bülbül kimi məhz “oxu!” demək Müşfiqin işi ola bilərdi. “Oxu tar, səni kim unudar?” hara, Süleyman Rüstəmin 1932-ci ildə yazdığı kimi “Kəs səsini ötmə dedim, ötmə dedim, ötmə tar, istəməyir proletar sən də çalınsın “Qatar” “, ya da ki, “oxuma tar, oxuma tar, səni sevmir proletar” hara... Biri şeirdi, biri rus demişkən “poşlost”. “Ötmə” hökmü mənə “Oxu” sevgisinə qarşılıqtapma hikkəsi, uğursuz cəhd, imitasiya kimi görünür. Hansının hansını doğurduğunu hiss eləmək elə də çətin deyil.
Nəticə beləydi ki, 1929-cu ildə bir tərəfdən konservatoriya yanındakı Şərq orkestrini ləğv olunmuşdusa, məcburi kurs kimi tarın tədrisi yığışdırlmışdısa, o biri tərəfdən, bu hadisələrdən bir neçə ay sonra Qurban Pirimovun yaradıcılığının 25 illiyi qeyd olunmuş, həmin tədbirdə tar gur səsini yavaşıtmamışdı.
Rafael Hüseynov yazır ki, 1934-cü ildə artıq hər şey bitmişdi, “tarı “xalq düşməni” damğasından xilas etmək ağır-ağır olsa da mümkün olmuşdu və həmin il Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəy “Tarın və kamançanın perspektivləri” mövzusunda məruzə eləmişdi...”
Tar kimi (milli irs və alət öz yerində) indi bizə Müşfiqdən iki əsas tar miras qalıb (əsas ona görə deyirəm ki, Müşfqin tarla bağlı başqa şeiri də var). Biri haqqında danışdığımız “Tar”dır, biri də Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində “Müşfiq guşəsində” saxlanan (“o simləri qırıq, pərdələri cırıq, illərcə Müşfiqsiz qalıb susmuş tarı” Rafael Hüseynov bərpa elətdirib) Müşfiqin tarı. Və indi şüşə arxasındakı o tara baxıb “Tar”ı “tar” sözünü dırnağa alaraq belə də “dilləndirmək” olar:
Oxu, “Tar”!
Səni kim unudar?!
8. Azərbaycan modernist poeziyasının banisi və dahi...
Müşfiqin 600 səhifəlik “Seçilmiş əsərləri”ni nəşrə hazırlanarkən bu şeirləri bir neçə dəfə oxumalı olmuşam. Hər dəfə də anlamışam ki, Müşfiq öz müasirləri-nin böyük əksəriyyətinə (!) ciddi təsir edib. Süleyman Rüstəmə də, Səməd Vurğu-na da , Məmməd Rahimə də. Xüsusən hecada və əruzda yazanlara. Bu təsir təkcə metrik baxımdan olan təsir deyildi, Müşfiq həmkarlarına həm mövzu verirdi, həm də süjet. Yalnız Müşfiqin “sərbəsti” bu mənada təsirsiz qalıb, çünki onun “sərbəsti” Uolt Uitmen- Mayakovski- Nazim Hikmət xəttiylə ilə Rəsul Rzanın Azərbaycanda əsasını qoyduğu “sərbəst” deyildi, o ayrıca bir xətt, başqa bir zirvə idi. Ora yolu yalnız Müşfiq bilirdi. Onun sərbəst şeiri- əruz üstəgəl heca üstəgəl “klassik sərbəst” şeirin qarışığı demək idi.
Bu düşüncələrimi ara-sıra söhbətləşdiyim həmkarlarıma da demişəm. Fikrimə təsdiqi, dünyasını vaxtsız dəyişmiş, istedadlı ədəbiyyatşünas Aytək Abdullayevanın yazdığı , zamanında “müşfiqşünaslıqda ciddi, yeni söz” kimi qiymətləndirilən və Müşfiq haqqında heç bir publisistik qatqı olmadan, akademik elmi dildə yazılmış “Müşfiq və folklor” monoqrafiyasında tapdım. O yazırdı: “30-cu illərdə bizə Müşfiqin “Səməndər” adlı müstəqil əsərinin olması haqqında məlumat verilir. “Ədəbiyyat qəzeti”ndə “SSRİ Yazıçılar İttifaqı IV plenumunun yekunları və vəzifələrimiz” başlığı altında verilmiş Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Seyfulla Şamilovun məruzəsində oxuyuruq: “Müşfiq nə üçün “Səməndər” kimi əfsanəvi bir quş ilə maraqlanır? Səməndər onun fikrinə haradan gəlib? O mürtəce-romantik “Səməndər” şeirini hanki təsir altında və neçin yazdığını plenum qarşısında söyləməlidir. (...) Elə həmin qəzetdə “Kontrrevolyusioner, kondrabançı,oğru” məqaləsi ilə çıxış edən Məmməd Rahim yazır: “... “Səməndər” əsərində revolyusioner böyük rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti (...) inkar olunmuşdur” Və bir az sonra Aytək xanım qeyd edir: “ Məmməd Rahim (...) Müşfiqin təmiz simasına qara ləkələr yaxdıqdan , mifik Səməndər mövzusuna öz nifrətinin bildirdikdən yeddi il sonra 1944-cü ilin may ayında Təbrizdə olarkən “Səməndər quşu” adlı şeir yazmışdır...” ( “Müşfiq və folklor”, “Gənclik” nəşriyyatı, 1996, səh. 21.)
Həmin monoqrafiyada (bax: səh. 29) Aytək Abdullayeva Müşfiqin bu kitaba da daxil elədiyimiz “Çoban” poeması ilə Səməd Vurğunun “Aslan qayası” poemasını kiçik bir müqayisəyə məruz qoyur. Yazır ki, hər iki poemanın qəhrəmanları olan gənclər Quzğun dənizində batırlar. Amma Müşfiqin əsəri 1933-cü ildə yazılıb, bir il sonra nəşr olunan “Şeirlər” kitabına salınmışdı, Səməd Vurğunun poeması isə1935-ci ildə yazılıb 3 il sonra nəşr olunmuşdu.
Aytək Abdullayevanın monoqrafiyası Müşfiqin folklora, aşıq ədəbiyyatına necə bağlı olduğunu və ondan necə məharətlə bəhrələndiyini çox maraqlı nümunələrlə göstərir. Həmin monoqrafiyada nümunə kimi göstərilən bəzi misallara (səh.55) baxaq:
Burdan bir atlı getdi,
Atın oynatdı getdi,
Ay kimi şəfəqləndi,
Gün kimi batdı getdi.
Bu el bayatısıdır. Bu da Müşfiqin şeiri:
Bizimçün bu dünyanı onlar yaratdı getdi ,
“Ay kimi şəfəqləndi,gün kimi batdı getdi”.
Başqa bir yerdə (səh.57) Aytək xanım daha bir bayatını misal çəkir:
Mən aşığam sarı gül,
Yarı gönçə, yarı gül.
Tez açıldın, tez soldun,
Açmayaydın barı gül.
Və Müşfiqin “Gecə düşüncəsi”ni sitat edir:
Göy üzünə bircə bax, hər yıldız bir sarı gül!
Yarı gönçə, yarı gül.
İndi gəlin Aytək xanımın Müşfiqdən gətirdiyi misallara bir ayrı gözlə baxaq. Birinci nümunəyə diqqət yetirin, Müşfiq bayatıya, olsun ki çox gözəl deyilmiş, amma bir nəfərin olan faktı “Bizimçün bu dünyanı onlar yaratdı getdi” deyərək “tək”likdən xilas edir, ona ictimai məzmun qazandırır. Yaxud ikinci nümunədə, uğrulu bir şəkildə göyün və yerin üzbəüz olduğunu, həmqafiyə olduğunu, sanki göyün yerə həm fiziki, həm də metafiziki anlamda güzgü tutduğunu nəzərə çarpdıraraq tablonu dəyişir.
Müşfiq haqqında bərpaçı novator, improvizə ustası deməyim elə belə deyildi.
Hə, Müşfiq bütün böyük şairlər kimi xalqı, folkloru, aşıq ədəbiyyatını sevməyə bilməzdi. Müşfiqə 50-yə yaxın sevgi şeiri yazdıran Dilbər Axunzadə “Müşfiqli günlərim” də ( “Gənclik” nəşriyyatı, 2005-ci il, səh.63) yazır ki, Müşfiq Aşıq Ələsgəri aşıqların şahı adlandırırdı, onun haqqında xeyli danışır, dayanmadan şeirlər oxuyurdu.
Belə olmasaydı o, nəfəsiylə, ahəngiylə, ülgüsüylə özündən sonra gələn çoxlu şairlərdə seziləcək iz qoyan (bu isə görünür başqa söhbətin mövzusudur) “Sındırılan saz” poemasında tar kimi saza da qahmar çıxmazdı:
O ellər ruhudur, ona toxunma,
Elin təmiz duyğusuna toxunma !
(...)
Onu “qır” deyənin insafı yoxmu?
Bu yazıq ellərə bir saz da çoxmu?!
Bu həm də Müşfiqin ulu babası Aşıq Əliqulu qarşısındakı borcu idi.
Ferit Devellioğlunun tərtib elədiyi “Osmanlıca-türkcə ensiklopedik lüğət”in 182-ci səhifəsində ərəb tərkibi olan “dahi” sözünün qarşılığına baxıram. birinci mənada- son dərəcə zəki, anlayışlı və oyanıq, ayıq olmaq ; ikinci mənada, -bəla və müsibət deməkdir dahi. Müşfiqin taleyində hər iki məna öz təsdiqini tapmışdı.
Yazımın bir yerində Ximenesdən misal gətirmişəm. Ximenes modernist poeziya haqqında yazırdı ki, modernizm- qoca gözəlliklə yeni, azad və ilhamlı görüşdü. Nəzəriyyəçilər XX əsrin əvvələrindəki modernist poeziya üçün musiqi, təsviri sənət və sözün sintezinin səciyyəvi olduğunu qeyd edirdilər. Şeirin səslənməsini gücləndirən güclü alliterasiya, ənənəvi poeziya simvollarına qayıdış və onu yeniləndirmə-bu modernist poeziyanın əsas məziyyətləri idi. Bircə “Yenə o bağ olaydı” kimi şedevr bəs etməzmi?! Modernizm üçün sadalanan bu keyfiyyətlərin hamısını o şeirdə görmək olardı. Səs sırasıyla da, təsvirlərlə də.
Bəs, “Küləklər”? Bəs, “Tar”? Bəs, “Dəvət” : “Ulduzlar ətrafa nur səpələr,/ Bir bölük uşaqlar şən ləpələr,/ Onların əlində top kimi ay./ Sevgilim başında ağ kələğay/ Sahilə gəl,/Seyr elə gəl.”- bircə bu dəqiq, ustaca təsvir cild-cild şeirə dəyər.
Bəs, əski “rübai”lərin yeni dirçəlişi olan “Duyğu yarpaqları”? Onların yeni məzmunu və qafiyə lüğəti? Bunlar modernizm deyil, nədir bəs?
“Telefon”dakı “öncəgörmələr” – son dərəcə zəkiliyin, oyanıqlığın, dühanın göstəricisi deyildi?
Yaxud, Müşfiqin “Çağlayan” və “Gülüşlər” adlı şeirləri. Lap düzü sonetlərii. Bu ki, 800 illik yaşı olduğu güman edilən sonet janrının milli dilimizdəki ilk nümunələriydi.
Görəsən, niyə ədəbiyyatşünaslar adının qabağında “Azərbaycan modernist poeziyasının banisi” təyinatını yazmayıblar bu həyatının müsibətli tərəfi ilə də dahi olan Müşfiqin?!
9. Müşfiq yeni redaktədə
Müşfiqin nəşrə hazırladığımız bircildlik “Seçilmiş əsərləri” bir sıra məziyyətləri ilə yenidir. Əvvəla bu kitab Azərbaycan modernist poeziyasının banisi Mikayıl Müşfiqin belə böyük həcmdə olan ilk bircildlik “Seçilmiş əsərləri”dir. İlk dəfədir ki, Müşfiqin şeirləri bu cür çeşidli tematik bölgüylə- “ Ana, Vətən, Həyat”, “İnsan, Təbiət, Tərəqqi”, “Gözəllik, sevgi” , “İhaflar”, “Uşaqlar üçün şeirlər” və “Tərcümələr” kimi , çevriləri nəzərə almasaq 9 tematik xətti əhatə edən 6 bölmədə təqdim edilir. Eyni zamanda kitaba toplanmış seirlər bölmələr üzrə xronoloji ardıcıllıqla, hər bölmənin sonunda isə iri həcmli əsərlər- poemalar, mənzum nağıllar təqdim edilməklə tərtib edilib.
Kitabın arxasında “Mikayıl Müşfiqin bioqrafiyasının əsas məqamları” bölümündə illər və hadisələr mümkün qədər əhatəli amma eyni zamanda lakonik, üstəgəl haqqında olan əsas tədqiqatlar da daxil olmaqla biblioqrafik istinadlarla zənginləşdirilərək xronoloji ardıcıllıqla verilib.
Ən başlıcası isə kitaba daxil edilmiş şeirlərin bir qismiylə bağlı dəqiqləşdir-mələr aparılıb, şairin ölümündən sonra işıq üzü görən bütün nəşrlərdəki bir sıra qaçılmaz yalnışlar aradan qaldırılıb.
İlk yalnışı nəşrin məsləhətçisi Rafael Hüseynovun kitaba “ön söz əvəzi” təqdim etdiyimiz “Bağ romanı” yazısına əsasən aradan qaldırdıq. Belə ki,indiyə qədər yalnız yaddaşlarda yaşadığı güman edilən “Düşdü” və “Ürək” şeirlərini, Müşfiqlə dostluq eləmiş İsrafil Nəzərovun arxivində qorunan “əlyazmasına” əsasən orijinalda olan kimi- təhrif edilməmiş variantda, “Sevgi türküləri” adıyla təqdim elədik. “Bağ romanı”nda bu haqda ətraflı yazılıb.
İkinci təhrifi nəşrin redaktoru Yusif Günaydın aşkarladı. Bu yalnış Müşfiqin yenə də yaddaşlar vasitəsiylə günümüzə gəlib çatan, sonradan məlum mahnı mətni kimi də böyük populyarlıq qazanan “Qurban” adlı şeirində “Bu qədər baş vermə, səməndər, yaza” misralarıyla bağlıdır. Diqqət yetirsəniz görəcəksiniz ki, “Bu qədər baş vermə, səməndər, yaza,/ Düşərsən ayağa, başına qurban...” misraları özlüyündə heç nə ifadə eləmir, “...səməndər, yaza” hissəsiylə sual doğurur. Məhz Yusif Günaydın Xəlil Rza Ulutürkün “Həyat, həyat deyə çırpınan könül” kitabına (səh. 111; 254-255) əsasən üzə çıxardı ki, Mikayıl Müşfiq həmin şeiri Cənubi Azərbaycan şairi Sərrafın “Qurban” qəzəlini təbdil edərək yazmışdır. Qəzəldə deyilir : “ Səməndi nazə, gəl, baş vermə, ey mən başına qurban./ Göz üstə qaşın oynatma, qara-göz qaşına ruban.” Qəzəldən aydın olur ki, söhbət nazın səməndindən gedir və Müşfiq də başqa cür yaza bilməzdi. Odur ki, həmin şeirdə bu misra kitabda yeni redaktədə - “Bu qədər baş vermə səməndi-naza” kimi təqdim edilib.
Üçüncü düzəliş “Küləklər” şeiri ilə bağlıdır. Belə ki,həmin şeir hələ Müşfiqin sağılığında, 1930-cu ildə nəşr edilən eyni adlı ilk kitabında 5 bənddə təqdim olunub. Müşfiqin bəraətindən sonrakı bütün nəşrlərdə, o cümlədən 2008-ci ildə nəşr edilən sonuncu üçcildlikdə 4 bənd şəklində verilib. Üstəgəl, digər fərqlərlə yanaşı ilk bəndin ikinci misrası həmin üçcildlikdə və digər nəşrlərdə “Çox zaman sərsəri küləklər bixəbər...” kimi (bax: səh.45) təqdim edilib. Amma 1986-cı ildə ADU nəşriyyatında çap olunan “Azərbaycan sovet ədəbiyyatında poetika məsələri”ndə (bax: səh.25) 1932-ci ildə nəşr olunan “Ədəbiyyat nəzəriyyəsi”nə istinadən “Çox zaman o şeytan küləklər bixəbər...” şəklində təqdim edilib misra. Məlumdur ki, “Küləklər” 1929-cu ildə “Komsomol” jurnalında ( № 3) çap olunub, bir il sonra, 1930-cu ildə isə Müşfiqin eyniadlı kitabında yer alıb. Onda bəs, H.Zeynallı,M.Səmədzadə və M.İsmayıllının hazırladıqları, 1932-ci ildə nəşr olunan “Ədəbiyyat nəzəriyyəsi”ndə niyə sitat “Küləklər” kitabındakı kimi verilməyib? Onda belə çıxır ki, şeirin jurnal nəşrində misra “Çox zaman o şeytan küləklər bixəbər...” şəklində imiş və bir il sonra kitabda müəllif tərəfindən dəyişdirilməsinə baxmayaraq tədqiqatçılar bunu nəzərə almayıblar. Bu az ağlabatandır. Ya da “Küləklər” şeirinin eyniadlı kitabın nəşrindən sonrakı 2 il ərzində başqa mətbu variantı da olub (bu isə əlimizə gəlib çatmayıb) və həmin nəşrdə də müəllif şeirindəki misranı “şeytan küləklər” şəklində redaktə edib. Düzü, bu da inandırıcı görünmür, xüsusən şeirin kontekstində Müşfiqin küləklərə “simpatiyası” olduğu halda, ona “şeytan” deməsi, anlaşılmaz olardı bir az. Bəs, “sərsəri küləklər” hardan peyda olub? Müşfiqin sonrakı kitablarından yalnız birində (“Şeirlər”, 1934) “Küləklər” adlı şeir vardır ki, bu da tamam başqa şeirdir. Güman etmək olar ki, şairin sağlığında, 1937-ci ildə nəşrə hazırladığı, amma nəşri qismət olmayan “Çağlayan” kitabında şair həmin şeiri “sərsəri küləklər” kimi redaktə edibmiş. Amma biz Əlyazmalar İnstitunda “Çağlayan”ın makina variantının təxminən yarısının çatışmadığını və bizə deyilənə görə bunun həmişə belə olduğunu öyrəndik. Üstəgəl, fikirləşdik ki, küləyin “şeytan” və “sərsəri” olmağındansa “səyyah” olmağı daha pozitiv, daha dəqiq bir haldır. Sağlığında çıxan kitabda da beləydi. Əlbəttə bəlkə də alliterasiya və vərdişlərimiz səbəbindən “sərsəri”ni misrada daha oxunaqlı saya bilərik, üstəgəl sonrakı variantlarda “bağların şehindən mey sorub coşarkən” kimi maraqlı misra da “Küləklər” kitabındakı “nüsxədə” yoxdu, amma bizim 1930-cu il kitab nəşrinə əsasən hazırkı “Seçilmiş əsərlər”də təqdim etdiyimiz variantın da özünəməxsus tərəfləri var və biz məhz bu variantın üzərində dayandıq.
Daha bir düzəliş, yazının əvvəlində haqqında danışdığımız “Telefon” (“Telefon söhbəti”) şeirilə bağlıdır. Bu şeir də sonrakı nəşrlərdə, o cümlədən 2008-ci ildəki son üççildlikdə “Telefon söhbəti” adı ilə 6 bəndlik kimi təqdim olunub, özü də təqdim olunan variantda nədənsə bir bənd iki dəfə təkrarlanıb. Halbuki 1930-cu ildə nəşr edilən “Küləklər” kitabında “Telefon” şeiri 9 bənddir, heç bir təkrar olunan bənd də gözə dəymir. Ola bilsin ki, şeir kitaba qədər- “Gənc işçi” qəzetindəki (16 yanvar 1929) nəşrində başqa cür imiş və Müşfiq bir il sonra yenə də “Küləklər” kitabına həmin şeiri daxil edəndə mətni redaktə edibmiş. Əgər belədirsə, onda son redaktənin üzərində dayanmaqla biz düz eləmişik. Yox, əgər yenə ehtimal eləsək ki, Müşfiq şeirini (“Küləklər” kitabındakı variantdan sonra) redaktə edib və “Çağlayan”a başqa cür daxil edib, onda bizim halımızda bunu təsdiq eləmək mümkün olmadığından biz şeiri ilk variantında necə varsa, elə də təqdim etdik.
Daha bir neçə dəqiqləşdirmə isə şeirlərin tarixi ilə bağlı oldu. Son üçcildlikdə bir çox şeirlərin tarixi konkret deyildi. Biz bu kitaba həmin şeirlərin (“Əllər”, “Təzə ev”, “Çağlayan”, “Öyrəniş”, “Gəzdiyim yerlər”,” İşçi qız”, “Yeni mayıs”, “Yeddi aşıq”, Sevgilər” ) tarixini vaxtilə yer aldığı kitabların nəşr tarixiylə eyni göstərdik ki, bunu da şərtiliklə də olsa doğru saydıq.
10. Dilin diqtəsiydi Müşfiq
Müşfiq haqqında düşünəndə Lorka yadıma düşür. O da Müşfiq kimi 5 iyunda anadan olmuşdu. Onu da yayda həbs etmişdilər. Onu da təxminən eyni dövrdə, 1936-cı ildə gənc ikən güllələmişdilər. Uzun müddət basdırldığı güman edilən yeri qəbri kimi ziyarət etsələr də sonradan eksqumasiya zamanı həmin yerdə heç nə olmadığı üzə çıxmışdı, yəni, məzarı tapılmamışdı şairin. Müşfiqin də məzarı yoxdur. Lorka da “Üç dostun tarixçəsi və girdabı” əsərində Vətəndaş müharibəsini, öz şəxsi faciəsini öncədən görmüşdü. Müşfiq kimi. O da avanqardçı idi-bu isə elə modernist deməkdi; o da folkloru çox sevirdi və ondan güc alırdı. Müşfiq də eləydi. Güclü impressionizm vardı Lorkada. Müşfiqdə də. Lorka eyni zamanda rəssam idi. Müşfiq isə həm yaxşı tar, həm də piano çalırdı.Və deyirlər ki, Lorkanı güllələməyə aparan əsgərlərdən biri onun sözlərinə bəstələnmiş mahnını oxuyurmuş. Görəsən o əsgər nə qədər yaşamışdı?
Müşfiqin qətlini icra edən cəllad isə uzun isə ömür yaşadı- 96 il. Və deyilənə görə Müşfiqin portretini evindən asıbmış, şeirlərini oxuyar, şairin doğum günü Müşfiqin məzarı kimi Xəzər dənizinin sahilini ziyarət edərmiş, hətta ona atdığı üç güllənin gilizini də saxlayıbmış axıra qədər.
Müşfiqin taleyini də, şeirini də, milli poeziyamızdakı yenilikçi yerini də düşünüb onu digər xalqların ədəbiyyatlarındakı eyni mövqeyə malik çoxlu şairlərlə tutuşduranda anlayıram ki, XX əsr yeni poeziyamızın “saatını”, “ dünyəvi vaxtını” məhz Müşfiqlə qura bilər(d)ik. Onda geri qalmayacağ(d)ıq.
Siz də bu yazını oxuya-oxuya şahidlik elədiniz ki, mən hər dəfə adını çəkəndə ona Mikayıl yox, çoxumuz kimi Müşfiq deyirdim. Özü də “Müşviq” kimi tələffüz edərək. Bu bir norma, ya da vərdiş olmaqdan savayı indi mənə mələksima Mikayıl Müşfiqin ən şəfqətli və şövqlü şairimiz olmasının qeyri-iradi təsdiqi kimi görünür.
***
Svetayevanın dəfələrlə tərk etdiyi, Yesenin və Mayakovskinin ömürlərinin sonuna qədər rahatlıq tapmadıqları, öldürüldükləri, Pasternakın və Axmatovanın əziyyət çəkdikləri Rusiyaya pənah aparmışdı Nazim Hikmət. Nazimin pənah apardığı Rusiyada İosif Brodski təklənmiş, sonra da qərbə, Amerikaya mühacirət etmişdi. XX əsrin önəmli şairlərindən olan böyük polyak Çeslav Miloş da Amerikanı seçmişdi. Azadlıq rəmzi o Amerikanı ki, Eliotun ustad adlandırdığı Ezra Paundu həbs etmişdilər orda. Eliot Amerikadan İngiltərəyə köçəndən sonra geri qayıtmaq arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. XX əsrdəki iki dünya müharibəsini böyük yazıçı və şair fəhmi ilə öncəgörən Herman Hesse isə Almaniyanı tərk etmişdi. Görəsən, bütün bunlar niyə baş verirdi? Bəlkə biz doğurdan da "sevinc dolu uşaqlıq adlı məmləkətdən” qovulmuşuq? Hesse haqlıydı bəlkə: “Bu gözəl dünya dınqıltı əvəzinə- musiqi , əyləncə əvəzinə-sevinc, pul əvəzinə-mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə- əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməzdi…”
Bəs, bu didərgin şairlər kimdilər və nə istəyirdilər, axı?
“Şeir yazan adam onu ilk növbədə ona görə yazır ki, dil ona növbəti misranı diqtə edir. Çünki şeir yazmaq duyumun, düşüncənin, təfəkkürün ən əsrarəngiz surətləndiricisidir. Bu sürəti bir dəfə hiss etdinsə, bu təcrübənin təkrarlanmasından vaz keçə bilmirsən, bu prosesdən asılı vəziyyətə düşürsən. Dildən məhz bu cürə asılı olan adamdır şair…”
***
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində...
Bu, Müşfiqin “Ana” şeirindəndir.
Anamın vəfatından keçən ilyarım ərzində demək olar heç nə yaza bilməmişəm. Sükutum bilmədiyim yad, özgə dildə olan sözlərlə daha çox danışıb, dolub. Bunları düşündüyüm günlərin birində ağlıma gəldi ki,”ana dili” ifadəsi elə belə deyilmiş və mənim üçün həmin ifadədən çox böyük, əsas bir hissə düşüb artıq.
Müşfiqi xatırlayanlardan biri “onun ürəyində nə vardısa dilində idi”, “o bizim anamızın dilini bizdən yaxşı bilirdi” deyə yazırdı. Anasını altıaylıq ikən itirmiş Müşfiq bunu necə bacarırdı?
Bu sualın cavabı elə həmin şeirdədir:
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
Onun tapdığı, tapındığı söz və dil idi. Və səmimiyyəti qarsında söz və dil onu öz vəkili təyin etmişdi. Bax, bunu ona bağışlaya bilmədilər.Bu idi Müşfiqin fiziki məhvinin həqiqi səbəbi.
SON