Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı yazıçı Şərif Ağayardır.
- Əbu Turxanın təbirincə desək, "ən gözəl nitq, ən qısa nitqdir.” Bu fikir özünü nəsrdə də göstərir. İri həcmli romanların dövrü sanki bitmişdir. Daha çox qısa mətnlər oxunur. Bu nə ilə əlaqədardı? Sürətli inkişaf fonunda zamanın məhdudluğu ya?
- Zamanımızın ən məşhur yazıçılarından biri Pol Osterin son romanı min səhifədir. Eləcə də Orhan Pamukun romanları iri həcmlidir. Son illərin ən möhtəşəm romanı hesab etdiyim Salman Rüşdinin "Gecəyarısı uşaqları” 700-800 səhifədir. İrihəcmli əsər başqadır, uzun əsər başqa. Məncə, həcmin əhəmiyyəti yoxdur. Əksinə, bu gün roman kitabları hekayədən, şeirdən çox oxunur. Adam var texnnologiyadan yorulub, bezib kitaba qayıdır. Siz deyən də var. Kitaba konsentrasiya ola bilməyənlər çoxdur. Dövrümüzün ən böyük bəlası, xüsusən, bizim ədəbi mühitdə, kitaba konsentrasiya ola bilməməkdir. İrihəcmli əsər oxuya bilməyən adam ciddi ədəbiyyata gələ bilməz. Nə yazıçı kimi, nə oxucu kimi... Bu, birmənalı belədir. Dünya şedevrlərinin demək olar, hamısı qalın kitablardır. Eləcə də səmavi kitablar.
- Bu il yeni çap olunan "Arzulardan sonrakı şəhər” romanınız "Qanun” nəşriyyatının sorğusuna görə artıq ilk aylarda ən çox satılan kitablar siyahısında oldu. Necə düşünürsünüz bir kitabın satışı üçün hansı keyfiyyətlər önəmlidir?
- 2017-ci ildə ən çox satılan kitablar siyahısında 8-ci idi. Roman siyahısında isə üçüncü. Sevindirici haldır. Nəzərə alın ki, mən kitab üçün ayrıca təqdimat mərasimi keçirmədən, heç kimi şəxsən dəvət etmədən, sərbəst, təbii satışla ilk onluğa daxil oldum. Bilirsiniz də, indi bizdə dəb halını alıb, toya dəvət edən kimi kitab təqdimatlarına adam çağırırıq və iştirakçıların da əsas hissəsi elə yazı-pozu əhli, dost-tanış, qohum-əqrəbadır. Mən belə etmədən, kitabın dar çevrədə sadəcə reklamını quraraq, hərəkət etdim. Görünür, kitab haqqında yazılanlar, çoxsaylı reaksiyalar, sim-sim.az saytında keçirilən geniş müzakirə satışa təsirini göstərdi. Ümumi götürəndə oxucusuz yazıçı deyiləm. Məni oxuyurlar. Həm də maraqla oxuyurlar. Bunun üçün zəhmət çəkirəm. Ən azı yazılarımı köhnə intonasiyadan, qulağı mazol edən deyim tərzindən xilas etməyə çalışıram. Çağdaş formalardan mümkün qədər istifadə edirəm. Bu gün Azərbaycan yazıçıları əsasən iki qismə bölünür: istedadlı köhnələr, istedadsız yenilikçilər. İstedadsız adamlar, mətni boş, cümlələri lüt olanlar yeni formalardan asanlıqla istifadə edirlər. İçində xüsusi enerji, güc daşıyan bədii mətnlə müqayisədə söz yığınını istənilən formaya daha rahat salmaq olur. Bu cür hoqqabazlar müəyyən qədər diqqət də çəkirlər, oxunurlar. Amma bu, aldanışdır. Müəllif üçün də, oxucu üçün də. İstedadlı qələm adamları, bədii yükü olan mətn müəllifləri yeniləşməkdə çətinlik çəkirlər. Çünki mətnin məsuliyyətini anlayırlar. İstedadlı yenilik ədəbi hadisədir. Hadisə isə çox az-az hallarda baş verir. Mən çalışıram ki, istedadlı mətnimizi yeniliyə qovuşdurum. Son romanımda bu istiqamətdə xeyli əziyyət çəkdim və məncə alındı. İnanıram ki, oxucularımın seçiminə layiq yazılarım var. Amma tirajımız hələ də aşağıdır. Bakı kimi şəhərdə normal kitab azı 15-20 min satılmalıdır. Kitab industriyası yoxdur deyə, bütün cəhdlərimiz bəlli bir çevrədən kənara çıxmır.
- Daha bir romanınız gəlir: "Ağ göl”...
- Bəli. Bu yaxınlarda çap olunacaq. "Ağ göl” "Arzulardan sonrakı şəhər”dən fərqli romandır. Bir az da yığcamdır. Lakin burda da çağdaş nəsr prinsipləri ilə işləmişəm. Məncə, bu da alınıb. Öz fikrimə qalsa, "Ağ göl” daha mükəmməl alınıb. Kitab çıxsın, bunun şahidi olacaqsınız.
- Tez-tez kitab industriyası haqqında fikirlər söyləyirsiniz. Kitabın tələb-təklif prinsipinə uyğun şəkildə nizamlandığını qeyd edirsiniz. Kitabların daha çox nəyə və ya kimə uduzduğunu düşünürsünüz?
- Kitab heç kimə uduzmur. Biz kitaba qarşı laqeyd qaldıqca hamıya uduzuruq. Kitabsız cəmiyyət heç yerə gedə bilməz. Düzdür, bizi tamamilə kitabsız cəmiyyət də hesab etmək olmaz. Lakin son 10 ildəki imkanlar hesabına bundan yüz qat artıq iş görülə bilərdi. Etmədilər. Marginal maraqlar həmişə kitabdan yuxarıda, həm də çox yuxarıda dayandı. Marginal maraq olsun eee… onsuz da bizdə bunsuz alınmır, ancaq heç olmasa gerçəyə bir az yaxın, yaxud onunla bərabər olsun. Beş şəxsi maraq güdürsənsə, beş də ictimai əhəmiyyətli iş gör. Yüzün bir nisbəti ilə iş olmaz ki! Şəxsən mən bu gün yazıb çap etməkdən başqa çıxış yolu görmürəm. Kimin əlindən nə qədər gəlir, o qədər yazsın. Zamanın bədii salnaməsi yazılsın. Vaxt gələr, lazım olar.
- Kitab ilk öncə bir əmtəə kimi, daha sonra estetik zövq baxımından qəbul olunur. Son vaxtlar kitab dizaynı işi də önə çəkilir. Məsələn Elxan Elatlı "Ölüm ağacının kölgəsində” kitabının üz qabığı....
- Kitab öncə əmtəə deyil. Kitab öncə kitabdır, sonra əmtəədir. Əgər bizə əmtəə lazımdırsa, daha qazanclı sahələr var və bizimkilər bunu yaxşı bilirlər; kitab evlərini bağlayıb dönərxana açırlar. Kitab - dizaynından tutmuş yazı manerasına, müəllifinin dünyagörüşünə qədər müasir olmalıdır. Bu, vacib şərtdir. Zamanın ruhunu əks etdirməyən kitaba oxucu yaxın durmur və düz də edir. Üz qabığında əli çənəsində şair şəkli olan şeir kitabını niyə almalısan ki? O müəllifin qafası olsa, birinci bu dizayna etiraz edər. Etmirsə, demək, bilmir.
- Dante "İlahi komediya”sı ilə dövrün haçalaşmış fikirlərini bir nöqtəyə yönəltdi. Sührəvərdi Şərqin bitməyən kölgəsini işığa çıxartdı, amma edam olundu. Mənsur Həllac da onun kimi. Şərq xalqarının ictimai-siyasi həyatında həqiqəti söyləmək niyə ölümə bərabər olub? Necə düşünürsünüz?
- Fikirlər zamandan irəli gedəndə belə olur. İndi də yazıçılara virtual təzyiqlər, təhdidlər olur. Bu da o edamların başqa formasıdır. Qəribədir ki, fikir zamanı qabaqlayanda kütlə hakimiyyətlərdən əvvəl qızışır, özündən çıxır. Kütlə özündən seçilənə nifrət edir. Bu, Avropada da olub, Şərqdə də. Görünür, kütlə ilə bir az ehtiyatlı davranmaq lazımdır. Onunla barışmadığını açıq-aşkar söyləsən, səni bağışlamayacaq. Kütləni aldatmaq şərtdir. Siyasətçi üçün də, yazıçı-mütəfəkkir üçün də.
- Ədəbi mükafatlara münasibətiniz necədir?
- Bütün mükafatlar şərti xarakter daşıyır. Ancaq sənətin təbliği üçün lazımlıdır. Diqqəti kitaba, yazıya yönəldən bütün cəhdləri məqbul hesab edirəm. Şou, əyləncə, qalmaqal, müsabiqə, yarış və s. Təki niyyət ədəbiyyatı yaratmaq, oxutmaq, təbliğ etmək olsun. Niyyət bu deyilsə, təkcə mükafatlar yox, bütün cəhdlər və əməllər iyrənc görünür.
- İngilis fəlsəfəsində Con Lokkun xidmətlərini cəmiyyət üçün əvəzolunmaz hesad edirdilər. O, ədəbiyyatla bağlı pessimist əhval-ruhiyyədə idi. Necə düşünürsünüz, ədəbiyyatdan nələr uzaqlaşdırılsa, pessimizm yox olar? Və yaxud əksinə...
- Mən fəlsəfi metodların ədəbi yaradıcılığa yonulmamış, birbaşa müdaxiləsinin əleyhinəyəm. Filosof tamam başqadır, yazıçı tamam başqa. Bir filosof ədəbiyyatı yazıçı kimi nə anlaya, nə izah edə bilər. Ədəbiyyat haqda fikir deyən filosofların çoxu Nabokovun, Lyosanın bir essesinə dəyməz. Ədəbiyyat dünyanın bədii dərki, bədii inikasıdır. Bu, təkcə fikir və ideya yox həm də hiss və yaşantı hadisəsidir. Eyni zamanda ədəbiyyat hər şeydən əvvəl söz sənəti, söz sənətkarlığıdır. Ədəbiyyat öz üzərində heç nəyi qəbul etmir. Nə fəlsəfə, nə din, nə millət-vətən ideologiyası... O, yalnız öz qaydalarına tabedir. Qısa desək, yazmaq üçün fəlsəfədən də, dindən də, vətənpərvərlikdən də öncə yazmaq qabiliyyəti lazımdır. Və mənə görə, alınmış bədii mətn heç vaxt pessimist ola bilməz. Bədii cəhətdən yüksək olan mətn süjetindən, məzmunundan, ideyasından asılı olmayaraq məni sevindirir. Hər şey o mətnin alınması üçün bəhanədir. Məsələn, "Gecəyarısı uşaqları”nı oxuyanda bir anlıq içimdən keçdi: nə yaxşı, Hindistanda bu cür tragikomik hadisələr baş verib, yoxsa belə bir roman yazılmaya bilərdi. Bu mənada heç Kafkanı da pessimist saymıram. Ədəbiyyat hər şeydən əvvəl böyük təsəllidir. Ruhani müvazinətdir. Şərin qarşısında heç vaxt sönməyən işıqdır. Şəxsən mən ədəbiyyatla, kitabla xoşbəxt ola bilirəm.
- Müasir dövr ədəbi mühitində hansı maraqlı imzaları oxuyursunuz?
- İmzalar hamıya bəllidir. Əsas odur ki, zəif də olsa proses gedir. Ən azı saytlar ətrafında bu prosesi saxlamağa, oxucunu ədəbiyyata cəlb etməyə çalışırıq və bunu müəyyən qədər bacarırıq. Kitablarsa bu cari zəhmətimizin uzaq mənzilli bəhrəsidir.
- Son zamanlar bədii tərcümədə hansı işləri uğurlu və ya uğursuz hesab edirsiniz?
- Məncə, tərcümə sahəsində son bir neçə ildə xeyli məsafə qət elədik. Həm say, həm püxtələşmə baxımından. Maraqlı tərcümələrin alıcısı da var. Bu, sevindiricidir. Konkret misallara gəlsək, iki nəfərin adını xüsusilə çəkərdim. Saday Budaqlı və Seyfəddin Hüseynli... Birincinin təqdimatında Kazuo İşiquronun "O günlərdən qalanlar”, ikincinin təqdimatında Cülyan Barnsın "Aqibət duyğusu” romanlarını, demək olar, orijinal kimi oxudum. Peşəkar tərcüməçilərimiz var və yeni maraqlı nəsil də yetişir. Yenə deyirəm, proses zəif də olsa gedir. Əsas odur ki, dayanmır. Dayansa, boğularıq.
- Ədəbiyyat, incəsənət saytında, qəzetində işləmək bir yaradıcı insan üçün əlverişli mühit sayıla bilər. Təbii ki, bu mühitin də özünəməxsus maraqlı yönləri var... Bu haqda nə deyə bilərsiniz....
- Kulis.az saytı mənə çox şey verdi. İnanılmaz dərəcədə. Bütün öyrəndiklərim, təcrübədən keçirdiklərim bir yana həm də formada saxlayır məni. Hərdən düşünürəm ki, işə ayırdığım vaxtı yazmağa ayırsam, böyük uğurlar qazanaram. Bir də düşünürəm, ola bilər, heç yaza bilmərəm. Mühit çox önəmlidir. Kulis.az yox yerdən mühit yaradan sayt olub və yenə də belədir. Mühit yaratmaq, tendensiya yaratmaq, prosesə təkan vermək, bir yerdə xoddan düşüb qalmasına imkan verməmək – bu, çox önəmlidir. Bəlkə bəzi adamlar hiss etmir, bizdə məhz çatışmayan daha geniş, daha böyük mühitin olmamasıdır. Xırda bir misal deyim. İsa Hüseynov o mətnlərlə və o yazı imkanları ilə ingilisdilli mühitdə olsaydı, onu dünya tanıyacaqdı. Demək, günah həmişə yazıçıda olmur. Mühit çox önəmlidir. Mühit olmayan yerdə heç nə olmaz. Sən oturanda Nizamidən, Folknerdən, Kalvinodan danışmağa adam tapmırsansa, gedib meyxana yazacaqsan. Şükür ki, bizdə dar çevrədə də olsa belə adamlar var. Və bu mühitin yaranmasında Kulis.az da daxil olmaqla, hətta Kulis.az başda olmaqla, bütün saytların danılmaz rolu olub. İnanaq ki, getdikcə çevrəmiz genişlənəcək. Yazıçının uğur qazanması siyasi düşərgəsindən və sosial statusundan asılı olmayaraq hər kəsə şərəf gətirər. Kitabıyla tanınan ölkələrə baxın – hamısı güclüdür!
- İndiyədək daha çox dost qazanmısınız, ya itirmisiniz?
- İlk gənclik illərində çoxlu dostun olur, zaman irəlilədikcə görürsən, aldanmısan. Bunlar dost-zad deyilmiş, sadəcə yolda rastlaşdığın adamlarmış. Və çoxu da həyatından ələnib gedir. Biri dolanışıq dalınca qaçır, biri istedadını ev almaq, mükafat almaq vasitəsinə çevirir, birinin ədəbiyyata dəxli olmadığı üzə çıxır və s. Həyatı və insanları tanımaq ağrılı prosesdir. Azərbaycanda ciddi ədəbiyyatı özüylə 40 yaşın bu üzünə nadir adamlar adlada bilib. Bu, alınla qaya çapmaq qədər çətin işdir. Ona görə, bu yaşacan ədəbiyyatdakı dostlarımın bir çoxu ələnib getdi. Demək olar, tək qaldım. İndi özümdən cavanlarla dostluq edirəm. Bir də 40-dan adlaya bilən o nadir insanlarla...
- Son olaraq söz haqqında sözünüz...
- Söz haqqında söz deməyək, sözü yaratmağa çalışaq. Məsuliyyət hissini itirmədən yazmaqdan çəkinməməli. Oxumaq və yazmaq! Yaradıcılığın heç vaxt dəyişməyən yeganə qızıl qaydası budur.
Söhbətləşdi: Tural Cəfərli