Öpuş izi üşüyür dodağımda… - ŞEİR

Öpuş izi üşüyür dodağımda… - ŞEİR
26 dekabr 2016
# 13:23

Kulis.az Elşad Ərşadoğlunun yeni şeirlərini təqdim edir.

***

Ayrılığı sevən qadın,

adamı belə atmazlar,

belə tənha qoymazlar,

qışın bu soyuğunda…

Belə getməzlər, xanım,

o qədər uzağıq ki:

sən sevincin başında,

mən qəmin ayağında…

Sən gedəndən,

bir körpə sənsizlik

böyüyür otağımda.

Hər gün bir az da çox

sənsizləşirəm.

Sevginin payız çağı

saçlarının qoxusu

sovulur yastığımdan,

bədəninin istisi

can verir yatağımda…

Bir qucaq isti yerin

soyuyur qucağımda.

Gecələri yoxluğun

uyuyur qucağımda…

Kim deyir xatirələr,

soyuğa davamlıdı?

Qaynar bir öpuş izi

səhərəcən səyriyir -

üşüyür dodağımda…

Hələ də bilmirəm ki,

eyni dünyada necə

bu qədər başqalaşdıq?..

Sən ayrılıq qadını,

mənsə sevgi adamı…

Sən nəyin həvəsində

mən nəyin sorağında…

Çox da ümidli olma

ötəri şad günlərə,

bil ki, qaynar nəfəsim

toxunmasa üzünə,

çiçəkləməz bir daha

gülüşün yanağında…

Ehh... getməyə nə var ki,

qayıtmamaq çətindi...

Məni unutmağı

asan bilmə sən…

Neyləsən də bir ömür

yaddaşını zəbt edər

xatirələr ordusu,

Adım kilsə zəngi tək

səslənər qulağında…

Adamı belə atmazlar,

belə tənha qoymazlar,

qışın bu sazağında…

***

Kök atmayıb puç olublar,

Boy atmayıb heç olublar,

Quruyub qaxac olublar,

Kim əkib bu adamları,

Bu dənizin sahilində?..

Şən dalğalar qalxır, yatır,

Xəyalları atır, tutur...

Darıxmaqla başın qatır

Hamı kimisə gözləyir,

Bu dənizin sahilində...

Burda sular dəmir yeyir,

Daşı xımır-xımır yeyir...

Vaxt çırtlayır, ömür yeyir

O adam da tum adıyla,

Bu dənizin sahilində...

Hərdənbir də xoş dəmində,

Gəmilərin yelkənində,

Körpə uşaq görkəmində,

Gəlib Allah günəşlənir,

Bu dənizin sahilində...

***

Sənsiz ölmək zülm, yaşamaq çətin,

Sənə toxunmaqdı tək səadətim...

Uzaqdan-uzağa nə məhəbbəti?

Gəl, əsl sevginin dadın çıxardaq.

Oturaq diz-dizə, qabaq-qabağa,

Nəfəsim od salsın o al yanağa...

Dil-dilə toxunsun, dodaq-dodağa,

Yanan qəlbimizin odun çıxardaq.

....... ........ …… saatlarında,

Çapaq məhəbbətin Qıratlarında,

Uçaq mələklərin qanadlarında,

Göylərin yeddinci qatın çıxardaq...

...Sönək, içimizdə bir köz öldürək,

Susaq, dilimizdə bir söz öldürək...

Beləcə, bir oğlan, bir qız öldürək,

Sonra bir kişi, bir qadın çıxardaq...

***

Ehh... bu qədər adanların içində,

adam tapmadın çəkməyə,

sən də gəlib mənə çəkdin,

mənə oxşayan taleyim.

Anamın üzündəki,

gəncliyini tora salmış qırışlara,

atamın saçlarındakı

dənə oxşayan taleyim...

***

Atama...

Bizim evdə bir cəfakeş kişi var,

rəsmi sənədə görə 58 yaşı var...

Di gəl, mən inanmıram,

ola bilməz!

Nə 58?!

Qat-qat çox olsun, gərək.

Bu kişi bir ömürdə

neçə ömür sürübdü.

Elə bizi götürək:

Ürəyinin 4 guşəsin

4 pay edib,

4 oğlunun arasında bölüşdürüb.

Gözlərinin nurunu da,

gəncliyin də,

rahatlığın,

dincliyin də,

görkəminin şuxluğun da,

qamətinin şaxlığında,

tellərinin qarasın da bölüşdürüb...

Bu kişi

illər boyu öz içində

neçə ömrün

sevincin, qəmin daşıyıb.

Nə 58?

Elə, 30 il mənim üçün,

28 bir qardaşım,

26 bir,

24 il bir qardaşımçün yaşayıb.

Bu elədi 108 il.

108 də son deyil.

Bu kişi 108 il

tək bizimçün yaşayıb.

Hələ nə qədər dost-tanış,

qohum-qardaş,

qonum-qonşu var...

Aman Allah,

bu kişinin neçə yaşı var...

# 1322 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #