Agrı, yaxın gəlmə - Əli Kərim 85

Agrı, yaxın gəlmə - <span style="color:red;">Əli Kərim 85
14 mart 2016
# 15:11

Agrı, yaxın gəlmə...

Əli Kərim 85

Onu lap uşaqlıqdan sevirdim. Çünki məni bu böyük şairə bağlayan bəzi tellər vardı. Ağlım kəsib şeirlərini oxumağa başladığım andan əslində dünyanın əzab adlı gerçəyini dərk edirdim. Sovet dövründə görə bilmədiyimiz əsl həqiqətin özünü görürdük. Dərk edirdim ki, əslində dünya biz tanıdığımız deyil, məşhur ingilis yazıçısı Ayris Merdokun diliylə desəm, “Dünya iztirablar məskənidir”. Dərk etmək insançün, özü də qələm əhli üçün çox zaman ağrılarla, acılarla başa gəlir. Nə qədər ağrılı olsa da, insanın daxilində yaranan azadlığı heç nə ilə müqayisə etmək olmaz.

Bu hissləri məndə vaxtilə böyük Əli Kərim yaratmışdı. Onun hələ orta məktəbdə oxuduğum vaxtlarda sinif yoldaşlarıımdan qeyd dəftərçəmə köçürdüyüm və ömürlük yaddaşıma, beynimə həkk olan elə misraları vardı ki, mən sonralar bu şeirlərin müəllifinin Əli Kərim olduğunu bildikdə heyrətləndim. Hər yazıçı heyrətləndirməyi bacarmır!”Nə xoşbəxt imişəm, bir zaman, Allah!”; “Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi?”;

Və ya:

Mən səni sevirəm susuzluğun od vurub

köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir,

raharca bardaş qurub

kabab üstdən sərin su

pis olmaz-deyən kimi.

O zaman bu şeirlər dildən-dilə, ağızdan-ağıza gəzirdi. Tanrının nə qədər xoşbəxt bəndəsiydi ki, hər zaman oxucularına həzin, gözəl anlar, gözəl dəqiqələr yaşadıb, bu gün də yaşadır və heç şübhəsiz ki, dünya durduqca, onun yazdıqları yaşayacaq.

O, bizim poeziya göylərində parlayan bir günəş idi. Ədəbiyyata gəlişi ilə bir zamanlar çoxlarının gözlərini qamaşdırdı. Belə bir istedadı gözü götürməyənlər, “görmək istəməyənlər ” və ya özünü görməməzliyə vuran paxıllar da vardı. Tarixən belə olub və bu gün də belədir: böyük yazıçılar çox zaman burnunun ucundan o tərəfi görə bilməyən xəbislərin hədəfinə tuş gəliblər. Amma dünya yaxşı insanlardan xali deyil. Gənc Əli Kərimin bütün bunlara rəğmən onun istedadını görüb qiymətləndirənlər, ona yol açanlar da vardı. O vaxt Xalq şairi Rəsul Rza bu gənc şairə mənəvi dəstək oldu, onu paxıllardan, xəbislərdən qorudu. “Mənə elə gəlir ki, o, həmişə şair olmuşdur!”-deyirdi ustad Rəsul Rza. Əlinin gənc yaşındakı ölümü ilə heç cür barışa bilməyən Rəsul müəllim: “Bu necə ölümdür ki, Əli bu gün də sıramızdadır!” – demişdi.

Tale belə gətirib ki, mən də bu iki böyük sənətkarın doğulduğu Göyçay torpağında böyüyüb boya-başa çatmışam. Və bu da taleyin çox xoş bir qismətidir ki, mənim atam hər iki şairlə dost olub. Atam 60-70-ci illərdə rayonda məsul vəzifədə çalışırdı və bəlkə də saza-sözə, poeziyaya çox böyük dəyər verdiyindəndi ki, (mən çox sonralar bildim ki, atam özü də şeir yazırmış) hər dəfə Bakıdan gedən şair dostlarının şərəfinə məclislər təşkil edərdi. Bu məclisdə olan insanlar həmin şairlərin işığına toplaşar, onların söhbətlərinə, şeirlərinə qulaq asardılar.

Biz hələ uşaqkən atam bizə deyərdi ki, R.Rzanı, Ə.Kərimi tanıyın, onları sevin, oxuyun, onlar böyük şairlərdir. İllər keçdikcə anladım ki, əslində onlar nəinki Göyçayın, həm də bütün Azərbaycanın, türk dünyasının fəxridirlər. Balaca idim, yadımdadır ki, bir gün atam çox kefsiz halda evə gəldi. Biz onu qanı qara görməzdik, heç vaxt mənfi əhvalını bizlərə yükləməzdi. Amma bu dəfə deyəsən vəziyyət başqa cür idi. Böyük qardaşım anamdan başı ilə soruşdu ki, nə olub? Anam yavaşca dedi:

- Şair Əli Kərim vəfat edib.

Mən “vəfat edib” və “şair” kəlmələrini o qədər anlamasam da zaman keçdikcə atamın boğulmuş rəngini, tez-tez başını bulayaraq “Heyif!” deməsini heç cür unuda bilmirəm. Çox sonralar mənim uşaq yaddaşım tez-tez vərəqləndikcə, o anlar gözümün önündə kino lenti kimi təkrar-təkrar fırlandıqca, atamın, əmilərimin neçə vaxt baş-başa toplaşıb həmin o vəfat edən insan haqqında danışmalarını xatırladıqca, anladım ki, biz həmin vaxt əslində kimi itirmişdik...

Sonralar atamın nisgilli xatirələrini dinlədikcə, şairin yaradıcılığını sətirbəsətir oxuduqca, şəxsiyyətinə bələd olduqca bütün qəlbimlə dərki etdim ki, biz o vaxt dahi söz ustadını –böyük Əli Kərimi itirmişdik! Heç kimə, heç kəsə bənzəməyən, heç kəsə əyilməyən, ədəbiyyatda öz yolu, öz dəst-xətti olan olan, elə sonacan da bu yolla gedən vətəndaş-şairi itirmişdik! Və bundan sonra ikinci Əli Kərim doğulmayacaq! Eynilə onun kimi “başına ulduz yağan Qalaktikaya” dönməyəcək.

“Qaytar ana borcunu, o borc sənin özünsən!” deməyəcək! Çünki:

Zülməti korlar da görür,

Hünərin varsa sənin,

Hamı üçün işıq saçan

Günün qızıl gözlərinin

İçinə düz bax!

Bu Əli Kərim həqiqətidir. Əli Kərim reallığıdır. Əslində isə dünyanın, həyatımızın gerçəkliyidir. “Könlüm neçə sözün qəbristanlığı” desə də, amma “qəlbindəki misralar ürəyini deşirdi”:

Qələmimdəki mürəkkəb məni yandırır,

Qəlbimdə qalan söz kimi...

Ürəyim boşalaydı, qələmim boşalaydı...

Hərdən düşünürəm ki, indi-“ədəbi senzuranın” olmadığı bir zamanda söz deməyə nə var ki? Halbuki rejim “qılıncının” arxası da kəsən vaxtlarda “söz” deyə bilmək böyük cəsarət idi.

Atam söhbət edirdi ki, Əli Kərim həqiqəti sevən təmiz, saf bir adamdı və ömrünün sonuna qədər də bu saflıqla yaşadı. Yaltaq adam gözünün birinci düşməniydi. Heç kəsin əleyhinə danışmaz, heç kəsin paxıllığını çəkməzdi. İntuisiyası, duyum qabiliyyəti çox güclüydü, çox həssasdı, döyüşkən ruhlu şairdi. Bəzən deyirmiş ki, gün gələcək, hər şey yaxşı olacaq. Hansı günü nəzərdə tuturdu şair? Yəqin ki, bir zamanlar rejimin iti caynaqlarından qurtulub müstəqil olacağımızı hələ çox-çox qabaqcadan görürdü. Qorxaq adamları diriykən ölü adlandırırdı.

Qorxu! Ürəyinə yol tapsa qorxu

İnsan ölməyə də başlar o gündən.

Və ya:

Biz irəli gedə-gedə,

Bəzən geri çəkilirik.

Bu sözləri hələ 50 il bundan qabaq deyirdi şair. Bu həmin dövr idi ki, hər sözdə, sətirdə bir məna, “xalq düşməni” axtarırdılar. Amma bütün böyük yazarlar kimi onun da qəlbi, vicdanı hər zaman oyaq idi. Qələmiylə xalqına xidmət edirdi.

Dahi Füzuli deyirdi ki, söz nə dəyərdədirsə, onu deyən adam da o dəyərdədir. Əli Kərimin hər sətrində, hər misrasında böyük məna, böyük fəlsəfə var. “Daş”, “Bomba üstündə ev”, Nəsimiyə həsr etdiyi ”Şəhidliyin zirvəsi” və s. şairin yaradıcılığının ən gözəl nümunələrindəndir. Şair bu şeirlərdə biz insanlara çox şeylər demək istəyib. Deyib də.

Yarıçılpaq qədim insan

Düşməninə bir daş atdı.

Daş düşmədi amma yerə,

Uçub getdi üfüqlərdən-üfüqlərə

Atom oldu.

Meridianı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para edib getdi.

Ey həməsrim! Həqiqətin qan qardaşı!

..Dayandırmaq olmazmı, de?

Yarı çılpaq, yarı vəhşi

Qədim insan atan daşı? (“Daş” şeiri)

Bu şeirdə şairin daxili iradəsini, intellektual narahatlığını, ən başlıcası isə vətəndaş həssaslığını və gələcəklə bağlı nikbinliyini görürük. Ağıllı, məntiqi zəka sahibi olan belə şairlər çox gec-gec doğulurlar. “Bir santimetr haqqında ballada”, “Üçüncü atlı”, “Heykəlin qardaşı” poemaları; “Pillələr”, “Mavi nəğmə” və başqa əsərləri çox maraqlı və dediyim kimi, hər biri bir tədqiqat obyekti olacaq əsərlərdir.

“Qaytar ana borcunu”. Bu şeiri həyəcansız oxumaq mümkün deyil. Aradan çox illər keçməsinə baxmayaraq elə bil bu gün üçün yazılıb. Mən böyük ANA-ya qiymət vernəyi bacaran, onu hər zaman başlarının tacı edən insanların qarşısında hörmətlə baş əyirəm! Ana elə müqəddəs varlıqdır ki, adi sözlə izhar etmək çox çətindir. Ana öz övladı üçün həmişə canını belə verməyə hazırdır: “Pul nədir, pul deyirsən, göndərərəm canımı...” Bu şeir ana haqqında əsl sənət incisidir və onu dünyaya gətirən ananın qədrini bilməyən oğulların, övladların vicdanlarını oyadan, sifətlərinə dəyən çox güclü bir sillədir.

Ə.Kərimin sevgisi də, niskili qədər güclüydü. Elə təkcə “İki sevgi” şeiri ilə indiyə qədər məhəbbət haqqında yazılan bütün şeirləri geridə buraxdı. Bu şeirdə şair bir rəssam kimi iki şəxsin bir qıza olan hisslərini elə gözəl lövhələrlə, elə bənzətmələrlə təsvir və müqayisə edir ki, gözümüzün önündə iki aşiqin əsl siması-iç dünyası canlanır. Və biz bu müqayisələrdə əsl aşiqi də, saxta aşiqi də görə bilirik.

Bu yazıdan əvvəl mən Əli Kərimin bir zamanlar ayaq basdığı, indi isə ruhunun gəzib-dolaşdığı evinə getdim. İçəri girməmişdən əvvəl düşündüm ki, bəlkə şairin evinin qarşısında bir xatirə lövhəsi olar. Amma heç nə görmədim. Çox təəssüf! Əli Kərim kimi böyük biur şairin evinin qarşısında nəinki xatirə lövhəsi vurulmalı, həm də onun adı hər yerdə əbədiləşdirilməlidir: istər doğulduğu Göyçayda, istərsə də Azərbaycanın digər yerlərində.

Qapının zəngini basıram. Çox keçmir ki, Əli Kərimin hər zaman ilham pərisi olan, siması nurla dolu Elza xanım qapıda görünür və məni hörmətlə içəri dəvət edir. Elza xanımın sifətindəki kədəri, ağrı-acını görməmək mümkün deyil. Bu yaxınlarda itirdiyi Əli yadigarı cavan oğli Orxanın dərdi ananın belini büküb, qəddini əyib, qırışlar üzünü şum-şum edib. “Qoruya bilmədim, qızım...Orxanımı...”-dedi. Gözləri doldu. Bağrıma basdım ananı, onunla birlikdə ağladım. Nə qədər daşürəkli olasan ki, oğul itirən ananın qarşısında təmkinini saxlaya biləsən. Mümkün deyil!

Əli Kərimin divardan asılmış böyük portreti diqqətimi çəkir. Sanki illər öncə cavankən bu dünyada qoyub getdiyi xanımına deyirdi: “Orxandan narahat olma. O indi mənim yanımdadır.” Həmin anda düşündüm ki, mənim atam bir zamanlar bu kişi ilə çörək kəsib, dəfələrlə Göyçayda bir yerdə şeir məclislərində olublar və hərdən də çinarlı şəhəri bir yerdə seyr ediblər. Çox təsirləndim. Atam da artıq yox idi dünyada. Hər halda, bu da taleyin bir qismətidir ki, illər sonra çox sevdiyim böyük şair haqqında öz ürək sözlərimi yazıram. Elza xanımla söhbət edərkən mənə elə gəldi ki, böyük şairin ruhu da burda, bu otaqda bizimlədir.

Bu vaxt qapı açılır, Əli Kərimin nəvəsi Əli otağa daxil olur. Mən heyrətlənirəm: gənc Əli babasına çox bənzəyirdi. Elza xanım söylədi ki, nəvəsi Əlini canından çox istəyir. Bəlkə də öz Əlisinə bənzədiyi üçün bu qədər sevir onu. Bilmirəm. Amma onu bildim ki, Əli Kərimsiz yaşadığı bu qırx altı ildə bir dəqiqə, bir saniyə onu unutmayıb. Onunla gülüb, onunla ağlayıb, onunla danışıb, hər işdə ondan məsləhət alıb. Əli hər zaman onunla bərabər olub. Bunu onun gözləri deyirdi. Əli ona çox şeirlər qoşmuşdu, çox təriflər söyləmişdi. İndi o gözlərdə bir niskil, bir həsrət də vardı – oğul həsrəti, ər həsrəti. Ona baxdıqca, onu dinlədikcə düşünürdüm ki, bizim nə gözəl, xanım-xatın, qeyrətli qadınlarımız varmış! 29 yaşında ikən sevimli ərini itirən, bu günə qədər onun eşqiylə yaşayan, “üç körpə canını – Paşasını, Azərini, Orxanını..” atalarının adına layiq olduğu kimi böyüdüb boya-başa çatdıran belə xanım-xatın, ləyaqətli ananın, mərd qadının qarşısında ehtiramla baş əyirəm.

Elza xanım Əli Kərimin bütün yaradıcılığını bir yerə toplayaraq iki cildlik kitabının çıxmasına nail olub. Bunun üçün Anar müəllimə, Fikrət Qocaya və bu işdə dəstəyi olan hər bir insana öz təşəkkürünü bildirdi. Dedi, ən böyük arzum və borcum idi ki, Əlinin irsini bir yerə toplayıb kitab çıxartdırım. Arzuma çatmışam. İndi Əlinin yanına rahat gedərəm.

Sağollaşıb bu ocağı tərk edirəm. Bilmədim niyə, yolboyu şairin bu misralarını xatırlayırdım:

Altı yüz ildir

Nəsimini soyurlar,

Qanlı yaralarına

hələ duz da qoyurlar...

Cəmi 38 il yaşadı. Həyatdan vaxtsız köçən böyük Müfiqimizin, Puşkinin, Lermontovun, Federiko Qarsia Lorkanın, Musa Cəlilin.. bütöv ömrüdü. Həm də Əli Kərimin şərəflə, namusla yaşadığı bir ömürdü. Bu ömrün sahibi heç vaxt yaşadığı mühitin, zamanın qulu olmadı. Ola da bilməzdi. Öz bildiyi kimi yazdı, sözünü deməyi bacardı; “İlk simfoniyasından” tutmuş ömrünün son günlərində - xəstəxanada yazdığı şeirlərinə qədər sözünü dedi. Haqsızlığa, riyakarlığa, yaltaqlığa qarşı mübarizə apardı qələmiylə. Onun qısa ömründə illərin, əsrlərin, qərinələrin ağrı-acısı var. Amma yenə də ona meydan oxudu ağrıya-acıya:

Ağrı, yaxın gəlmə, girmə araya,

Ölüm! Qan dolu o gözlə,

Dur gözlə!-deyirdi..

Amma ölümün onu gözləməyə vaxtı çatmadı... Şair macal tapıb “Vəsiyyət”ini yaza bildi:

Tabutuma bir az kağız qoyun

Bir dənə də qələm.

Hayıf, bu yaşda heç nə,

Heç nə deməmişəm.

Dostlar bir şeir desinlər,

Işdi, imkan olsa, bir dənə də

Mahnı çaldırsınlar;

Şeirlə mahnının möcüzəsiylə

Ayılmağa çox dəli bir ümidim var!..

Bu sözlərdən sonra əldə qələm də titrəyir...

Yaşasaydı, hələ çox yazacaqdı, çox sözlər deyəcəkdi. Şair bu gün cismən aramızda yoxsa da, mənən həmişə bizimlədir. Ölümüylə “ölümün Nəsimi zirvəısi”nə qədər ucala bildi:

Baxsan bu dünyanın hər tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam!

Südabə Sərvi

# 3239 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #