Məşhur türk serialında səslənən şeir Nəsiminin deyilmiş

Məşhur türk serialında səslənən şeir Nəsiminin deyilmiş
22 yanvar 2016
# 11:31

Türk kanallarından birində efirə gedən “Eşkiya dünyaya hükümdar olmaz” serialında səslənən bir mahnının sözləri çoxlarında sual yaratdı. Əcəba bu sözlər İmadəddin Nəsimiyə aiddirmi? Söhbət Ahmet Aslanın oxuduğu “Minnət eyləməm” mahnısından gedir.

Söhbətə bir az uzaqdan başlayaraq deyim ki, İmadəddin Nəsimi Anadoluda da məşhur idi. Ələvilikdə “Yeddi ulu ozan”dan sayılır. Nəsimi öldürüldükdən sonra bir sıra şairlər onun şərəfinə özlərini Nəsimi adlandırırdılar. Yəqin “Nəsimi” filminin sonluğundakı replikanı xatırlayırsız: “Bilmirəm bu neçənci Nəsimidir.”

Elə buna görə də Anadoluda bir sıra şairlərin şeirləri ilə Nəsiminin şeirləri qarışdırılıb. Bu şeirlərdən biri də “Minnət eyləməm”dir.

Anadoluda bir neçə Nəsimi olub. Amma aralarında ən məşhuru Qul Nəsimidir. O, XVII əsrdə Osmanlı torpaqlarında yaşayıb. Heca və əruzda yazıb, Şah İsmayıl və Nəsimidən təsirlənib. Bu səbəbdən bəzən şeirləri Nəsimi ilə qarışdırılır.

İndi isə gələk məlum mahnının sözlərinə. Lap birinci onu qeyd etmək lazımdır ki, bu şeir Nəsiminin kitablarında yer almayıb. Əgər bu fakt bəs etmirsə başqa faktlara keçək. Aşağıda sizə təqdim etdiyimiz şeirin ikinci misrası belədir: “Ərəbi, farsi bilməm, dilə minnət eyləməm.” Bu misradan görünür ki, şeirin müəllifi ərəb və fars dillərində bilmirmiş. İmadəddin Nəsimi isə nəinki ərəb və fars dillərində bilir, bu dillərdə şeir də yazırdı. Onun farsca divanı da var.

Mahnının son bəndinin sonuncu misrasında da maraqlı nüans gizlənib. Misra bu cürdür: “Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.”

Əvvəla “hünkar” ifadəsi türk sultanlarına xitabən işlədilirdi. Nəsiminin isə Osmanlı sultanları ilə əlaqəsinin olması faktına tarixi mənbələrdə rast gəlinmir. Bəlkə də olub, səhv edirəm. Amma ikinci səbəb daha tutarlıdır.

Son misrada həm “hünkar”, həm də “bu dünyanın xəlifəsi” ifadəsi işlədilir. Əlbəttə, Osmanlı sultanları həm də islam xəlifəsi idilər. Amma bu, Nəsiminin vaxtında belə deyildi. Osmanlı sultanları içində ilk xəlifə I Səlimdir. O, 1517-ci ildə Misir səfərindən qayıdanda özü ilə “Qutsal əmanətlər”i də gətirdi. Bundan sonra Osmanlı sultanları həm də xəlifə oldular. İmadəddin Nəsimi isə xəlifə olan ilk Osmanlı sultanından tam 100 il əvvəl ölüb. İmadəddin Nəsimi Osmanlı sultanına müraciət etsəydi belə ona “bu dünyanın xəlifəsi” deməzdi.

Təbii, bəlkə kiminsə könlündən keçərdi ki, o serialda İmadəddin Nəsiminin şeiri oxunsun. Amma o demək deyil ki, özümüzü aldadaq, əsas odur şeir gözəldir, kimin olursa olsun...

Şeiri təqdim edirik.

Xar içində bitən qönçə gülə minnət eyləməm,

Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.

Sirat-i müstəqim üzrə izləyərəm Rahimi

İblisin təlim etdiyi yola minnət eyləməm.

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,

Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,

Zərrəcə tamahım yoxdur bu dünyanın varına

Ruzimi verən Xudadır, qula minnət eyləməm...

Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,

Yarın şəfaətlərim əhmədi-muxtar ikən,

Cümlənin ruzisin verən ol qəni səttar ikən

Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.

# 1721 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #