Kulis.Az Svetlana Turanın tərcüməsində Anton Çexovun qardaşına məktubunu təqdim edir.
“Özünü savadlı insanlar arasında rahat, evdəymişsən kimi və xoşbəxt hiss etmək üçün müəyyən səviyyədə tərbiyəli olmalısan”.
“Tərbiyəli” olmaq nə deməkdir? Bu, yaxşı oxucu olmaq, yoxsa heç vaxt oxumadığın kitablar haqqında necə danışmağın yolunu bilmək, ya da ki, intellektual zərifliyə meylli olmaqdırmı? Məhz bu, 1860-cı ildə dünyaya göz açmış sevilən rus yazıçısı Anton Çexovun rəssam olan böyük qardaşı Nikolaya yazdığı məktubda verdiyi sualdır. Bu məktub Antonun 26, Nikolayın isə 28 yaşı olarkən yazılmış və Anton Çexovun ailəsi və dostlarına ünvanlanmış məktubları arasından tapılmışdır. Bu məktub ürəkdən gələn həqiqi sevgini bildirir və düzgünlük, altruizm, müsbət alışqanlıqlar daxil olmaqla, tərbiyəli insanların səkkiz keyfiyyətini müəyyən edir.
Moskva, 1886-cı il.
“...Sən çox vaxt mənə şikayət edirsən ki, insanlar “səni başa düşmür”! Höte ilə Nyuton bundan şikayətlənməyiblər... Bundan şikayətlənən yalnız İsa Məsih olub, lakin o, təlimindən bəhs edirdi, özündən deyil... İnsanlar səni çox yaxşı başa düşürlər. Ancaq sən özün-özünü başa düşmürsənsə, bu onların problemi deyil.
Qardaşın və dostun olaraq səni əmin edirəm ki, mən səni çox yaxşı başa düşürəm və sənə ürəyim yanır. Sənin müsbət keyfiyyətlərini əlimin beş barmağı qədər yaxşı bilirəm, onları qiymətləndirir və onlara hörmətlə yanaşıram. Əgər mənim səni başa düşdüyümü sübut etməyimi istəyirsənsə, mən bu keyfiyyətləri sadalaya bilərəm.
Sən son dərəcə mehriban, ürəyiaçıq, xudbinlikdən uzaq, son qəpiyini xərcləyəcək dərəcədə əliaçıqsan; sən dürüstsən, nə qəzəbin var, nə də hiyləgərliyin, heç kinli də deyilsən... Göylər sənə başqa insanlarda olmayan bir hədiyyəni bəxş edib: sənin istedadını. Bu istedad səni milyonlarla insanlardan ucalara qaldırır, çünki yer üzündəki hər iki milyon insandan yalnız biri rəssamdır.
İstedadın səni onlardan ayırır. Hətta sən qurbağa, ya da hörümçək olsaydın belə, insanlar sənə yenə də hörmət bəsləyəcəkdilər, çünki istedada hər şey bağışlanılır.
Sənin yalnız bir çatışmazlığın və qüsurun vardır. Və sənin həm bədbəxtliyin, həm də bağırsaq soyuqdəymən məhz bu üzdəndir. Bu – səndə tərbiyənin tamamilə olmamasıdır. Lütfən, məni bağışla, lakin veritas magis amicitiae (lat. Həqiqət dostluqdan ucadır. – S.T.). Bilirsən ki, həyatın öz qanunları var. Özünü savadlı insanlar arasında rahat, evdəymişsən kimi və xoşbəxt hiss etmək üçün müəyyən səviyyədə tərbiyəli olmalısan. İstedadın səni belə bir çevrəyə gətirib çıxarıb, sən o çevrəyə məxsussan, ancaq... sən ondan aralı düşərək tərbiyəli insanlar və üz-üzə qaldığın otaq yoldaşların arasında var-gəl edirsən.
Mənim fikrimcə, tərbiyəli insanlar aşağıdakı şərtlərə əməl etməlidirlər:
1. Onlar insan şəxsiyyətinə hörmət edir və buna görə də hər zaman mehriban, alicənab, nəzakətli və başqalarına güzəşt etməyi bacarırlar. Onlar heç vaxt çəkic, ya da itmiş pozan üstündə dava-dalaş salmır; başqa birisi ilə yaşadıqları təqdirdə bunu onlara etdikləri böyük bir yaxşılıq hesab etmir və onları tərk etdikdə “səninlə heç kim yaşaya bilməz” sözlərini demirlər. Onlar səs-küyün, soyuğun, yanmış ətin, atmacaların, evində yadların olmasının söz-söhbətini etmirlər.
2. Onlar yalnız evsizlər və pişiklərə acımaqla yetinmirlər. Onların hətta göz önündə olmayan nəsnələr üçün ürəyi ağrıyır... Onlar P.-yə kömək etmək, universitetdə təhsil alan qardaşlarının pulunu ödəmək, analarına paltar ala bilməkdən ötrü gecələri yatmırlar.
3. Onlar başqalarının əmlakına hörmətlə yanaşır, bu səbəbdən də borclarını vaxtında ödəyirlər.
4. Onlar səmimidirlər və yalandan atəşdən qorxduqlarıtək qorxurlar. Onlar hətta ən əhəmiyyətsiz məsələlərdə belə, yalan danışmırlar. Yalan onu dinləyən adam üçün əzabvericidir və yalançı onun gözlərində həmişə aşağı düşür. Onlar özlərini nümayişkaranə şəkildə aparmır, küçədə də evdə olduqları kimi olurlar, özlərini yoldaşlarına göstərmirlər. Onlar boş-boş danışmağı sevmir və ürək sözlərini hər yoldan ötənə söyləmirlər. Başqalarının qulaqlarına hörmətdən irəli gələrək onlar danışmaqdan çox, susurlar.
5. Başqalarında acıma hissi oyatmaqdan ötrü özlərini yazıq kimi göstərmirlər. Başqaları ah çəkib onlar haqqında yüksək fikirdə olsunlar deyə, insanların hisləri ilə oynamırlar. Onlar “Məni düzgün anlamırlar” və ya “Mən ikinci plana keçmişəm” deyib ucuz şöhrət arxasınca qaçmırlar, çünki bu, vulqar, gülünc və yanlışdır.
6. Onlar dayaz şöhrətpərəstlikdən uzaqdırlar. Onlar məşhurları şəxsən tanımaq, sərxoş P. ilə əl sıxışmaq, rəsm sərgisindəki təsadüfi bir adamın coşqun boşboğazlığını dinləmək, meyxanalarda adla tanınmaq kimi yalançı parıltıya aldanmırlar... Onlar bir qəpik dəyərində işləri haqqında sanki yüzlərlə rubl dəyərində bir iş görüblərmiş kimi danışmır, çoxlarının yol tapa bilmədiyi evlərə sərbəst giriş-çıxışlarının olması ilə lovğalanmırlar... Əsl istedadlar kütlə içində hər zaman kölgədə qalmağı üstün tutur və bacardıqları qədər reklam olunmaqdan qaçırlar... Krılovun belə bir sözü vardır ki, boş çəllək dolu çəlləkdən daha çox səs çıxarar.
7. Onlar öz istedadına hörmətlə yanaşırlar. Ondan ötrü çox şeyi – qadınları, şərabı, şöhrətpərəstliyi qurban verirlər... Onlar öz istedadı ilə fəxr edirlər... Bundan əlavə, özlərinə qarşı tələbkardırlar.
8. Onlar öz estetik duyumlarını inkişaf etdirirlər. Gündəlik geyimdə yatağa girmir, evlərinin qurd-quş yuvasına çevrilməsinə imkan vermir, ağır hava ilə nəfəs almır, tüpürcəkli döşəmənin üstü ilə gəzmir, neft sobası üzərində xörək bişirmirlər. Onlar seksual instinktlərini mümkün qədər saxlamağı bacarırlar... Onlar üçün qadın, sadəcə olaraq, yataq partnyoru deyildir... Onlar özünü davamlı yalanlarda büruzə verən ağıllılıq axtarışında deyillər. Onların istədiyi, xüsusilə də rəssamdırlarsa, saflıq, zəriflik, insanlıqdır... Onlar gecə və gündüzün bütün saatlarında araq içmir, dolabları iyləmirlər, çünki onlar donuz deyillər və donuz olmadıqlarını bilirlər. Onlar yalnız bəzən, hansısa hadisə münasibətilə içirlər... Çünki onlara sana in corpore sano (lat. sağlam bədəndə sağlam ruh. – S.T.) lazımdır.
Və sairə və ilaxır. Tərbiyəli insanlar bax belə olurlar. Tərbiyəli olmaq və ətrafından səviyyəcə aşağı olmamaq üçün “Pikvik klubunun qeydləri”ni (Çarlz Dikkens. – S.T.) oxumaq, ya da “Faust”un (İohann Höte. – S.T.) monoloqunu öyrənmək kifayət etmir...
Lazım olan gecə-gündüz durmadan işləmək, davamlı oxumaq, təhsil almaq və iradəli olmaqdır... Bunun üçün hər an qiymətlidir... Bizə gəl, araq şüşəsini yerə çırp, otur və oxu... İstəyirsən, lap elə heç oxumadığın Turgenevdən başla.
Sən şöhrətpərəstlikdən əl çəkməlisən, daha uşaq deyilsən... otuz yaşını haqlamısan.
Vaxtdır!
Səni gözləyirəm... Hamımız səni gözləyirik.