Kulis.Az “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri Hacı Şahin Həsənli ilə müsahibəni təqdim edir.
- Azərbaycanda islam fundamentalizminin olma təhlükəsi var?
- Bu prosesin içində olan adam kimi deyə bilərəm ki, gənclər arasında dini dəyərlərə olan maraq günü-gündən artmaqdadır. Cəmiyyətdə mənəvi dəyərlərə, dinə yönəlmə hallarının olması müsbət tendensiyadır. Təbii ki, bəzi hallarda bundan kimlərsə yararlanmaq istəyir, kənar təsirlər olur. Qloballaşmış dünyada kənar təsirlərdən tam sığortalanmaq isə mümkün deyil. Bu təsirləri də bir qədər təbii qəbul etmək lazımdır. Düşünürəm ki, dini sahədə olan inkişafı müsbət məcraya yönəltmək üçün dinimizə sahib çıxmalıyıq.
Dini sahədə məhdudiyyətlər olduğu təqdirdə kimlərsə kənardan o boşluğu doldurmaq istəyir. Azərbaycanda din elm və məntiq əsasında inkişaf etsə radikal meyllərdən sığortalanmış olarıq. İslam fundamentalizminə müsəlmanlar arasında meyl edənlər ola bilər. Kifayət qədər nəzəri mövzu olduğu üçün bu barədə geniş müzakirələr açmaq olar. Ancaq Azərbaycanda belə bir təhlükə görmürəm. Demirəm ki, ölkədə bu fikirdə olanlar yoxdur, amma ciddi bir təhlükə görmürəm. Bəzən bu məsələ lazım olduğundan artıq qabardılır. Müəyyən siyasi məqsədlər üçün şişirdilir. Azərbaycanda radikal təmayüllü insanlar azdır. Din mətbuatda doğru-dürüst, elmi əsaslarla təbliğ olunarsa o zaman mənfi meyllərin də sayı azalar.
- Son zamanlar ölkədə dinə meyl edən gənclərin bir hissəsi sələfiliyə üz tuturlar. Sələfiliyə axının olması nə ilə bağlıdır?
- Onu deməliyəm ki, hazırda ənənəvi məzhəblərə də axın güclüdür. Qısa dövrdə gənclər arasında qeyri-ənənəvi məzhəblərə yönəlmə oldu. Bunun da müəyyən səbəbləri var. İslamın vətəni hesab olunan Səudiyyə Ərəbistanında dediyiniz ideologiyanın hakim olması bu prosesə təsir göstərirdi. Halbuki Məkkə şəhərində, ümumiyyətlə, Səudiyyə Ərəbistanında hansı ideologiyanın hakim olması nəyin doğru, nəyin yanlış olmasına dəlil ola bilməz.
Sələfiliyin qədim köklərə malik olmayan, özünəməxsus tarixi var. Onların təbliğat mexanizminə diqqət yetirdikdə görürük ki, sovet dövründəki xurafatçı mollaların təbliğ etdiyi islamla Məkkədəki islamı müqayisə edirlər. Bu cür vasitələrlə gənclərdə maraq yaradırdılar. Biz də hər zaman xurafatın əleyhinə olmuşuq.
Məzhəbi xurafatdan ayırmaq lazımdır. Kimsə xurafata əsaslanıb din təbliğ edirsə bu hər hansısa dinin, məzhəbin səhv olmasına dəlalət edə bilməz. Məncə bilgisizlik, maariflənmənin səviyyəsinin aşağı olması bu cür qeyri-ənənəvi təriqətlərin meydan sulamasına, inkişaf etməsinə zəmin yaradır.
- 20 ildən çoxdur ki, müstəqillik qazanmışıq. Sovet dövrü ilə müqayisədə vəziyyət din adamlarının xeyrinə dəyişib. İlahiyyat universiteti fəaliyyət göstərir, qonşu ölkələrin mədrəsələrində təhsil almaq xeyli asanlaşıb. Ancaq yenə də bizim mollalar məclislərdə Kərbəla hadisələrindən, Aşuradan danışır. Sizə elə gəlmir ki, insanlar da məhz bu cür çıxışları xurafat adına yazırlar?
- Keçmişimizin üstündən xətt çəkə bilmərik. Sovet dövründə yaşamış mollalar kəbin oxuyublar, dəfn mərasimlərini islam ənənələrinə uyğun təşkil ediblər. Bunu danmaq olmaz. Eyni zamanda dövr dəyişir. Müasir dövrün öz tələbləri var. SSRİ-nin süqutundan sonra müəyyən boşluq yaranmağa başladı. Çünki Azərbaycanda kadr potensialı yox idi və az sayda universitetlər, mədrəsələr yarandı. Artıq təhsil ocaqlarının fəaliyyəti müəyyən mənada öz bəhrəsini verməkdədir.
Bu gün Azərbaycanda gənclər arasında savadlı ilahiyyatçıların sayı sürətlə də olmasa artmaqdadır. İnanıram ki, yaxın gələcəkdə onlarla, bəlkə də yüzlərlə dəyərli, zamanın tələbi ilə uzlaşan din xadimlərinin varlığını müşahidə edəcəyik. Aşura məsələsinə gəldikdə, Kərbəla hadisəsi böyük bir məktəbdir. Xalqımızın sovet dövründə dini dəyərləri qorumasının başlıca şərtlərindən biri də Aşura, Kərbəla olaylarıdır.
Ciddi məhrumiyyətlərə baxmayaraq insanlar hər il bu hadisələri qeyd ediblər. Hesab etmirəm ki, Aşura nə zamansa aktuallığını itirə bilər. Sadəcə olaraq Aşuranı müasir zaman prizmasından təhlil etmək lazımdır. Aşura sırf matəmdən, əzadarlıqdan ibarət deyil. Bununla bərabər, matəm və əzadarlıq da Aşuranın tərkib hissəsidir. Aşura ölüm yox, həyat məktəbidir. İnsanlara doğru yaşamağı və şərəfli ölməyi öyrədir.
İstər Aşura mövzusunda, istərsə də digər məsələlərdə spekulyasiyalara rast gəlirik. Dinə gəlir, qazanc mənbəyi kimi baxan insanlar Aşuradan istifadə edirlər. Təəssüflər olsun ki, bu gün belə hallar var. Zaman keçdikcə xurafatla bulaşmış din insanları qane etmir. Məhz bu səbəbdən də insanlar gənc din xadimlərinə tərəf üz tutur. Çünki onların danışdıqları zamanla səsləşir, müasir dövrün tələblərinə uyğun gəlir.
- Bu yaxınlarda Hacı İlqar İbrahimoğlu bəzi Avropa ölkələrində olduğu kimi islam dininin ölkədə rəsmi din elan olunmasına ehtiyac olduğunu söylədi. Bu məsələdə sizin mövqeyiniz necədir?
- Hacı İlqarın fikrini şərh etmək istəmirəm. O özü də dedi ki, fikirlərinin təqdimatında müəyyən təhriflər olub.
- Ümumiyyətlə, məsələyə sizin münasibətiniz necədir?
- Azərbaycan Konstitusiyasının qəbul olunmasına vətəndaşlarımızın böyük əksəriyyəti səs verib. Konstitusiyamıza görə də din dövlətdən ayrı olmağının müsbət cəhətləri var. Dövlət dinin işinə müdaxilə etmir, eyni zamanda dinin inkişafına zəmin yaradır, dini dəyərlərin qorunmasının qarantı kimi çıxış edir. Hər hansı bir modeli xalq özü seçməlidir. Bəli, Avropa ölkələrinin bəzilərində müəyyən modellər var. Konstitusiyamızda əksini tapmış “din dövlətdən ayrıdır” müddəası xalqın seçimidir. Xalq dünyəvi dövlət seçimini edibsə, biz də bu qərara hörmətlə yanaşmalıyıq. Dinin dövlətdən ayrı olması dinsizlik anlamına gəlməməlidir. Din dövlətdən ayrıdırsa siyasi məsələlərə müdaxilə etmir, siyasi məsələlərdə alət kimi çıxış etmir. Dindən siyasi məqsədlər üçün istifadə olunmur.
Amma bununla bərabər din həyatımızın ayrılmaz bir hissəsidir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti dindardır, inanclı insanlardır. İnanc təkcə dini ayinləri icra etmək deyil. Biz inanclı insanlar deyərkən namaz qılıb oruc tutan insanları nəzərdə tutmuruq. Mən müxtəlif müsəlman ölkələrində səfərdə olmuşam. Azərbaycanlıların dinə bağlılığı başqa müsəlman xalqlarından çoxdur. Din siyasi proseslərə qarışsa da, qarışmasa da həyatımızın ayrılmaz bir hissəsidir.
- Hacı Sabir dindarların dövlətlə əməkdaşlığına pis baxmadığını söyləmişdi. Sizcə dövlətlə dindarlar arasında əməkdaşlıq olmalıdırmı?
- Həm dini icma, həm də ictimai təşkilat olaraq fəaliyyətimizin prioriteti din-dövlət münasibətlərinin tənzimlənməsinə töhfə vermək olub. Həmişə demişik ki, inanclı insanlarla dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Bəzən kənardan belə rəy yaradılır ki, Azərbaycan dövləti dinin düşmənidir. Dinlə dövlət arasında uçurum yarananda kimlərsə bundan istifadə etməyə çalışır.
Azərbaycanın hər bir vətəndaşı, o cümlədən inanclı insanlar Azərbaycan dövlətini öz dövlətləri hesab edirlər. Azərbaycanda inanclı insanların dövlət qurumları ilə münasibətlərinə müsbət baxıram. Əməkdaşlığın həm dövlətçiliyə, həm də inanclı insanlara faydası var. Dini icma olaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, bu əməkdaşlığı labüd hesab edirəm.
- Dövlət qurumu deyərkən ancaq dini komitəni nəzərdə tutursunuz?
- Təbii ki, dövlət geniş anlayışdır. Azərbaycan dövləti ilə dindarlar arasında möhkəm körpülər olmalıdır. Mən bunu iki tərəf kimi qəbul etməyin əleyhinəyəm. Bəzən deyirlər dinlə dövlət arasında körpü olmalıdır. Dialoq iki fərqli tərəflər arasında ola bilər. Azərbaycanın inanclı adamları Azərbaycan vətəndaşlarıdır. Onlar da digərləri kimi dövlətlərinə sadiqdirlər. Bu barədə mövqeyimiz birmənalıdır.
- Şiə nəzəriyyəsinə görə hər bir müsəlman ayətullahların birini təqlid etməli, onun fətvaları ilə fəaliyyət göstərməlidir. Bəs sizin təqlidiniz kimədir?
- Bir sıra məsələlərdə ayətullah Sistaniyə, əvvəllər ayətullah Lənkəranini təqlid etmişik. Hətta bəzi
məsələlərdə ayətullah Xamneyini təqlid etmişik. Təqlid məsələlərində müxtəlif müctəhidlərin fikirlərinə baxmağa dini nöqteyi-nəzərdən icazə verilir.
- Tez-tez bizim mollaları İrana yaxınlıqda ittiham edirlər. Rafiq Tağının öldürülməsi üçün ayətullah Lənkərani ölüm fətvası vermişdi. Əhalinin böyük əksəriyyəti şiədir. Ancaq nədənsə bu məsələdə İrandan asılı vəziyyətə düşürük. Zaman-zaman da İranla da soyuq münasibətlərimiz yaranıb. Məsələn, sabah Qarabağda müharibə başlasa iranlı ayətullah fətva verəcək ki, müharibə etməyin, cihad haramdır. O zaman inanclı insanlar nə edəcək? Niyə bu məsələ həllini tapmayıb, bizdə niyə müctəhidlər yetişməyib?
- Əvvəlcə təqlid barədə bunu deyim ki, dinimiz kor-koranə təqlidi əqidə, ideoloji məsələlərdə qadağan edir. Tutaq ki, Allahın təkliyi ilə bağlı nəzəri mövzularda və yaxud inancla bağlı məsələlərdə kiminsə fikrinə tabe olmaq, kor-koranə təqlid etmək qadağandır. Təqlid yalnız şəriət məsələlərini əhatə edir. Bir insan on illərlə dini təhsil alır, ictihad dərəcəsinə gəlib çatır. Yəni, bu sahədə mütəxəssis olur. O mövzularda nəzərlərini deyir və hər bir insan onun hökmlərinə əməl edir.
Bu İran İslam inqilabı ilə bağlı olan məsələ deyil. Qarabağ bölgəsindən, Bakıdan Nəcəf mədrəsəsində təhsil alan müctəhidlərimiz olub. Hazırda İranın Qum mədrəsəsində azərbaycanlılar dini təhsil alır. İctihad məsələsi sərhəd tanımır. İranın özündə də mərceyi-təqlid olan müctəhidlərin hətta islam dövlətinə belə tabeçilikləri yoxdur.
- Ancaq yenə də fikirləri üst-üstə düşür.
- Dövlətin siyasətini kəskin tənqid etmələrinin də şahidi oluruq. Daha yaxşı olar ki, ölkənin yerli şəraitini dərindən bilən, ölkədə yaşayan bir insanın ictihad dərəcəsinə çatması, müctəhid olması və insanların ona təqlid etməsi normal olardı.
- Şiələrin bəzi qapalı məkanlarında Əlidən əvvəlki xəlifələrin təhqir olunmasına rast gəlirik.
- Məzhəbləri nə qədər inkar etsək də onlar var. İnanclı insanın məharəti digər məzhəbdaşına qarşı dözümlü olmaqdan ibarətdir. Azərbaycanda vəziyyət bu sarıdan xeyli yaxşıdır. Tolerantlıq bizim mənəvi dəyərimizdir. Ölkəmizdə nəinki məzhəblər arası, dinlər arası da tolerantlıq var. Bu faktdır. Ölkəmizdə bu sahə ilə bağlı səfərdə olan insanlar da bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiq edə bilər. Ölkədə məzhəblər arası ciddi bir ixtilaf yoxdur. Tarixən də heç bir konflikt olmayıb.
Alimlər arasında bu müzakirələrin olması normaldır. Quranda deyilir ki, hətta kafirlərin də bütünü təhqir etməyin ki, onlar da sizin müqəddəslərinizi təhqir edər. Təhqir hər halda yolverilməzdir. Bu gün hər iki məzhəbdən olan alimlər müsəlmanları vəhdətə çağırır. Təkcə şiə məzhəbindən deyil, qarşı tərəfdən də hücumlar var. Şiələri dindən çıxmış, müşrik hesab edirlər. Bu cür çıxışlar edən, radikal baxışlara malik insanlar var.
Kiminsə təhqiri üzərində dini təbliğ etmək yanlışdır. Hansısa xəlifəni də ilahiləşdirmək olmaz. Onların səhvləri varsa deyilməlidir. Mübahisələr elmi müstəvidə olsa daha yaxşı olar. Burda məsuliyyət din xadimlərinin üzərinə düşür. İnsanlara cümə xütbələrində, məclislərdə aşılanmalıdır ki, müsəlmanlar qardaşdırlar. İxtilafa səbəb olacaq məsələlərini qabardanlar allah qarşısında məsuliyyət daşıyır.
- Biz adətən musiqi diskləri satılan dükanlarda cürbəcür musiqilər eşidirdik. Ancaq indi o həmin dükanlardan sizi xütbələriniz səslənir. Bu ideya sizə məxsusdur? Bu işdən qazanc götürürsünüz?
- Bu ideya şəxsən məndən gəlməyib. 2002-ci ildən bu xütbələr yazılır və məscidə gələn bir neçə insanın təşəbbüsü ilə bu işə başlanılıb. Bu qədər geniş yayılacağını təxmin etmirdim. Bunun mənə heç bir aidiyyəti yoxdur. Təklif ediblər, biz də etiraz etməmişik. Bu gün də geniş yayılıb dinlənilir. Bu da dinə olan marağın nəticəsidir.
- Xütbələriniz musiqi fonunda verilir...
- İslam dini musiqinin bütün növlərini haram hesab etmir. İnsanları əxlaqsızlığa, fəsada sürükləyən musiqilər var ki, dini-nöqteyi nəzərdən qadağandır. Xütbələrimin fonunda verilən musiqilər kim tərəfindən seçilir, bu haqda dəqiq məlumatım yoxdur. O insanı heç tanımıram da. Musiqi veriləndə gərək mövzuya uyğun olmasına diqqət yetirilsin. Xütbələrimi “Vağzalı” ilə də verilib (gülür). Bilmirəm bəlkə qəsdən belə edirlər. Amma musiqi hökmən danışılan sözün məzmununa uyğun olmalıdır.
- Nə əcəb bu işə nəzarət etmirsiniz?
- Bu məsələ incəsənət xadimlərinin də ağrılı yeridir (gülür). Biz bu barədə heç bir addım atmamışıq. Bu gün ona tam şəkildə nəzarət etmək də çətindir.