Girov sazının arxasınca Laçına gedən aşıq – İŞĞAL

Girov sazının arxasınca Laçına gedən aşıq – İŞĞAL
18 may 2017
# 09:00

18 may Laçının işğal günüdür. Kulis.az bu münasibətlə Şərif Ağayarın “Tanrının yerinə olsam...” yazısını təqdim edir.

Aşıq Cabbarı tanımırsınızsa, məsləhət görürəm, tanıyasınız.

Böyük sənətkardır.

Otuz-qırx il bundan əvvəl “İşıqlı” ansamblını yaradıb, efirlərə çıxıb, dekadalarda iştirak edib.

Bu dəqiqə 40-dan artıq şagirdi var.

Gözəl sazbənddir həm də.

Sovetlər dönəmində Tacikistanda keçirilən festivalda ifa etdiyi “Orta sarıtel” havasına görə qızıl medala layiq görülüb.

Heyf ki, bir az sosial çətinliklər, bir az da öz günahı ucbatından lazımı qədər tanınmır.

Əslən Laçındandır.

Laçının Ağbulaq kəndindən.

Mənim kəndçim...

Daha dəqiqi, mən onun kəndçisiyəm.

Amma indi kəndimiz yoxdur deyə, kim-kimin kəndçisidir o qədər də mühüm deyil.

Düz 25 il əvvəl dağılıb kəndimiz.

Mayın 18-də...

Yəni bu gün.

Cabbar müəllim həmin vaxt maşın dalınca gəlmişdi ki, kəndə qayıdıb evlərini yığsın.

Maşınla qayıdanda Qayğı qəsəbəsində ermənilərin gülləbaranına məruz qalmış, üzüyenişə güc-bəla ilə özünü Qubadlıya çatdırmışdı.

Bütün qohumları, balaca uşaqlar xaric, kənddə qalmışdılar.

Kəlbəcər üzdən pay-piyada gəlib çıxdılar.

Cabbar müəllimin evi də, sazı da mühasirədə qaldı.

Kəndimiz Dəlidağa tərəf sonuncu kənd olduğuna görə, burda ermənilər daimi qalmırdılar.

Adamlar fürsətdən istifadə edib köç yolu ilə kəndə gedə bilirdilər.

Amma bu çox təhlükəli idi.

Erməni cəhənnəm, talana gedən oğrular-quldurlar adamı iki-üç manata görə öldürərdilər.

Cabbar müəllim də Laçının işğalından sonra gedib kəndimizə çıxmışdı.

1992-ci ilin yayında...

Düz həyətlərinə, evlərinə...

Bilsəniz nədən ötəri?

Sazdan!

Deyir, hara gedirdim o sazın səsi gəlirdi.

Özü də “Ruhani” havası çalırdı...

Dözmürdüm.

Elə bilirdim, bir əzizim, bir doğmam qalıb o kənddə.

Ya da bədənimin bir parçası.

Gecələr bir tərəfim sızım-sızım sızıldayırdı.

Atası, anası, qardaşı, bacısı, uşaqları, həyat yoldaşı, başqa yaxın qohumlar, ağsaqqallar onun dözməyəcəyini görüb köç yolu ilə Laçına, Ağbulağa getməyinə razılıq verdilər.

Yaxşı ovçudur Cabbar müəllim.

O yerlərin hər koluna, hər daşına bələddir.

Yanına da üç nəfər ovdan-silahdan başı çıxan qohumunu aldı, qorxmadan bu səfərə çıxdı.

Girov sazı azad eləməyə getdi.

Deyir, dədəm yaxşı nəsihətlər verdi bizə.

Dedi, filan keçidi keçəndə atların üstündən xurcunları düşürün, piyada keçirin o üzə.

Xurcun qayaya sürtünüb atları uçurar.

Özünüzlə un götürün, evlərdə qalan una düşmən zəhər qatar bilər.

Ocağı isti havada qalayın, çox tüstüləməsin.

Filan zağaya gedin, orda daşa yazdığım yazını oxuyun.

Əgər gedib o yazını oxusanız, inanaram ki, oralara getmisiniz.

Mənə də bir ovuc torpaq gətirin.

Öləndə gözlərimə tökməyə...

Cabbar müəllim üç yoldaşı ilə gedib çıxır Ağbulağa.

Qaş qaralanda ehtiyatla evlərinə girir.

Deyir, gördüm saz divardan asılıb.

Necə qoymuşam elədir.

Yerdə siqaret kötükləri var, üstündə erməni əlifbasında yazılar...

Atıblar taxta döşəmənin üstünə.

Xoşbəxtlikdən ev yanmayıb.

Deyir, Allah evi o saza bağışlayıb, alovlanmasına imkan verməyib.

Cabbar müəllim o sazı gətirib çıxardı.

Qarşıda bizim camaatı məşəqqətli günlər gözləyirdi.

Allah o sazı yetirmişdi ki, Cabbar müəllim möcüzəvi çalğısıyla laçınlılara təsəlli versin.

Gələcəyə inamlarını artırsın.

Cabbar müəllimin o sazı hər şeyini itirən insanların ipini allahdan üzülməyə qoymadı.

Uca göylərdən mizrab-mizrab, pərdə-pərdə müjdələr gətirdi.

Darıxmayın, hər şey yaxşı olacaq, dedi.

Əgər hər şey yaxşı olmayacaqsa bu saz niyə belə gözəl çalsın ki?!

Adamlar inandılar, “Sağ ol, Cabbar müəllim!” - dedilər.

Bizim camaatın bu 25 ildə ən çox işlətdiyi söz bu oldu...

“Sağ ol, Cabbar müəllim! Allah sənə dəyməsin!”

Aradan 25 il keçib...

Nə gizlədək, bir az Laçın da unudulub, bir az camaatın güzəranı da yaxşılaşıb.

Amma Cabbar müəllim yenə dinc durmur.

Bir vaxtlar Laçın dərdini az da olsa xəfiflədən saz təkrar o dərdi yada salır ki, unudulmasın.

Elə bil Tanrıyla müqavilə bağlayıb.

Sən dərdimizi dözüləcək qədər ver, mən unudulmağa qoymayacam deyib.

Tanrı da razılıqla gülümsünüb.

Amma adamlar o əhdi pozurlar!

İki-bir üç-bir Laçını, Ağbulağın gözəl təbiətini unutmağa başlayırlar.

Bir yandan da oraları tanıyan yaşlıların sırası seyrəlir.

Sazı da toylardan, şənliklərdən qovublar.

Bir zaman onlara təsəlli verən, göylərin bağrından müjdələr gətirən aləti daxmalar küncünə sıxışdırıblar.

Təkcə sazla Laçını, Ağbulağı yaşatmaq mümkün deyil.

Cabbar müəllim bunu hiss etdiyi üçün qələmə sarılıb və “Girov qalan sazın dastanı”nı yazmağa başlayıb.

Budur, kitab hazırdır!

O gün “Mədəniyyət” kanalına çıxıb başına gələnləri danışırdı, şagirdlərinə dastandakı şeirlərdən oxudurdu.

Axırda girovluqdan azad elədiyi sazı sinəsinə basıb bir zaman qulağına gələn “Ruhani”ni də çaldı.

Yenə dedi, tanrıdan əlinizi üzməyin...

Yenə dedi, hər şey yaxşı olacaq...

Bu 25 ildə deməkdən yorulmadığı sözləri biz də bu 25 ildə eşitməkdən yorulmadıq.

Tanrının yerinə olsam, bircə Cabbar müəllimin sazının xətrinə Laçını laçınlılara qaytarardım.

# 1990 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #