Kulis.az gənc yazar Nahidin “Uğultu” hekayəsini təqdim edir.
- Bala bu uşaq yenə “Uğultu. Dərin bir uğultu!”dan başqa heç nə demir.
- Bibi, sabah gəlin baxım – Telefonun dəstəyi asıldı. Qadın əllərini göyə açıb pıçıldadı.
Salam, sağ ol, öpdüm və ya söyüş mənası verən əl işarələri ilə yanaşı başqa əl hərəkətləridə var ki, dünyanın istənilən ölkəsində kimə göstərsən nə demək istədiyini başa düşər.
Dünən, gözü yaşlı qadının “Uğultu. Dərin bir uğultu!” şikayətinə “Sabah gəlin baxım” deyən qardaşı oğlu həkim xalatını geyinib xəstənin başına fırlanırdı.
İnsanın yaşını bildirən rəqəm otuz, qırx və ya əlli olduğu əsas deyil. Davranışın necədirsə insanlar sənə uyğun olan adı tapmağa hazırdı. “Uşağa bax, ağsaqqaldı elə bil”, “Ağsaqqala bax, uşaqdı elə bil” deyimləri nümunədir. Həkimin başına döndüyü adamın da qırx beş yaşı olmasına baxmayaraq dəhlizdə, güllü yaylığını başına çalma etmiş qoca qadına rəqəmlər heç nəyi ifadə etmirdi. Ağlı yerində olmayan oğlunu hər kəsə “Uşaqdı. Mənim uşağım” deyərək tanıdırdı. Çox olur, anaların “Sən nə qədər böyüsən də, mənim uşağımsan” dediyi. Qızına elçi gələn insanların önündə çıxış edən tanımadığımız kişi anasına etdiyi hörmətin dərəcəsini anlatmaq üçün – Anam hər dəfə “Sən hələ də mənim uşağımsan” deyəndə, qucağına sığınıb, baş barmağımı sormaq istəyirdim – deməsi təbəssüm yaradacaq bənzətmə olsa da qonaqların çoxu körvəlmişdi. “Allah analara dəyməsin”lər, “Amin”lər göylərə ucalmışdı.
- Qolunu önə doğru uzat. Bax belə - Həkim verdiyi göstərişləri düzgün yerinə yetirməsi üçün uşağa yön verməyə çalışırdı – İndi, qolunu qatlayıb barmağınla burnunun ucuna toxun. Bax belə. Eybi yox, eybi yox. Yenidən.
Proses bir neçə dəfə təkrarlandıqdan sonar xəstənin çölə çıxmasını, əvəzində qadının içəri daxil olmasını istəyən həkim dərindən nəfəs alıb bibisini qarşıladı.
- Bibi, sən oğlunu götür kəndə apar. Şəhərin hay-küyü bir tərəfdən buna təsir edir. Qoy bir az orda vaxt keçirsin, səssizlikdə olsun. Bəlkə ağrıları dinər – Bibisinin ağlamağa hazır olan gözlərinə bələd olduğu üçün dediyi sözləri ehtiyatla seçdi.
- Aparım e bala, başa dönüm. Guya aparmıram ki!? Nə fayda. Sən bir de görüm, bu uşağın dəvranı haçan düzələcək? Gör neçə ildi. Adam eyni sözü nə qədər deyər axı! Bu necə uğultudu belə kəsmək bilmir? – Qadın ümidli bir cavab eşitmək üçün cümləsini tamamlayıb qardaşı oğluna baxdı.
- Bibi, vallah deməli bir şey yoxdu. Dərmanlar kömək etmir daha. Mərmi beynini məh... – İki boğaz öskürdü - Mərmi beynini gücdən salıb – Bir anlıq özünü unudub “Məhv edib” sözünü işlədəcəkdi - Yenə müayinə etdim. Əvvəlki müayinələrin nəticəsinə təzədən baxdım. Ağrısını dindirmək… Nə bilim.
- Bala, lənətə gəlsin bu müharibəni. Bunu yarımcan qaytardı, kişini də bunun dərdi apardı… Bala, dərd içimi yeyib artıq. “Bu torpağı andıra qalsın” da deyib ağı deyə bilmirəm ki, vətəndi – Qadın gileylənsə də, qardaşı oğlunun “Ağrısını dindirmək…” deyərkən nəyə işarə etdiyini fikirləşdi.
- Bibi, nə qədər çalışdım, göstərdim xeyri olmadı. Barmağı ilə burnuna toxuna bilmədi. Heç olmasa toxuna bilsə… Burnuna toxun deyirəm qulağını göstərir.
- Qulağı ağrıyır da bala. Qulağı. Uğultu qulağındadı.
Əslində həkim bibisini incitməmək, “Ümid yoxdu” diaqnozunu deməmək üçün çox danışdı. Lakin ananın “Qulağı ağrıyır da bala” sözündən sonra danışılanların hamısı eşitmək bizə lazım deyil. Bu adi, heç bir günahı olmayan cümlədə bir həqiqət yatır – Ana. İçimizdəki əminlik uşaqlığımızdan bəri bizi inandırıb ki, dünyanın bütün həkimi yığışıb gəlsə belə, bir insanın harasının ağrıdığını həmin insanın anasından daha yaxşı heç kim bilməz.
Analar haqqında uzun-uzadı danışılan elçilikdə tanımadığımız kişi inadla bildirirdi ki, belinin ağrıdığını dediyində anası onun başını sığallayar, bununla da bütün ağrıları keçib gedərdi. Bəyin danışığını bilməyən atası isə ortalığı nəşələndirmək üçün “Güman ki, belinizə vuran başınızın ağrısıymış” deməsi ilə arvadının böyrünü dümsükləməsi bir olmuşdu.
Yuxarda dediyimiz əl işarələrinə “dümsük”ləməyi də əlavə edə bilərik. İşlətdiyi cümlənin, etdiyi hərəkətin yanlış olduğuna görə toylarda, restoranlarda, qonaqlıqda qadınların ərlərinin üzərində tətbiq etdiyi bu hərəkəti artıq hər kəs tanıyır.
Maşının kənd istiqamətində hərəkətdədi. Sürücü on manat qarşılığında yoldan götürdüyü sərnişinlərin kimliyini anlamaq üçün başının üstündəki arxalıq güzgüsündən onları süzdü. Arxa oturacağın sol tərəfində ananın uşağı oturmuşdu. Sağ tərəfdə əyləşmiş sərnişinin kök olması qadının iki nəfərin arasında əzilməsinə səbəb olurdu. Başındakı uğultunun dinməsindən rahatlıq tapan oğlu, göz önündən sürətlə ötən ağaclara tamaşa edirdi. Qadın oğlunun rahatlığını pozmamaq üçün əzilməyə dözüb tərpənmirdi. Sürücü maşının arxa oturacağına pərçimlənmiş adamlardan ümidini kəsib öndə oturmuş tələbəyə “Salamatçılıqdı” deyərək söhbətə başlamaq istədi. Tələbə gözünü telefonun ekranından çəkmədən, indi, hər kəsin “like” kimi tanıdığı baş barmağını ona doğru uzatdı. Maşın kəndə çatana qədər başqa heç bir maraqlı hadisə baş vermədi.
- Bu da kənt! – Qadın evlərinə aparan tozlu cığırın izinə düşüb irəliləyərkən qardaşı oğlunun reseptdə “kəndə aparın” dərmanından əlavə daha nəyin yazdığını xatırlamağa çalışdı. Evin dəmir darvazasının önünə çatana qədər də xatırlaya bilmədi.
Məlum olsun ki, ortalıqda həkimin yazmış olduğu reseptin kağızı belə yox idi. Qardaşı oğlunun dediyi ümidli sözlərdən başqa heç nəyin olmadığını bilsə də, uzun illər əlində tutduğu reseptlərlə apteklərin önündəki növbələr onda “resept” alışqanlığı yaratmışdı.
Həyətin dəmir darvazası səs-küylü açılsa da, evin taxta qapısını açılmırdı. Qadın gücdən düşən qollarının keyidiyi üçün kilidin yuvasında sağa-sola burduğu açarı “Bala, bir sən də yoxla gör” deyib kənara çəkildi.
Bəzən, uzun müddət yalnızlığa, sükuta tərk edilən evlər qapılarını pərçimləyib sahiblərinə içəri buraxmaq istəmir. Qapının açılması üçün əlləşən bu iki insan bilmirdi ki, uzun sürən ayrılıqdan gövdəsi buz bağlamış kilid ona ölmədiyini xatırladan açarla daha çox vaxt keçirmək istəyirdi.
Oğlu açarı sola doğru burub sağ çiyni ilə qapıya möhkəmcə toxundu. Zərbənin təsirindən taxta qapı taybatay açıldı.
Çiyinlə qapını açmağı da dünyan insanlarının anladığı işarələr siyahısına daxil etmək ola. Düşünürəm ki, dünyanın elə bir yerində elə bir qapı yoxdur ki, çiyinin nə üçün mövcud olduğunu anlamasın.
Bir müddətdən sonra evin bütün əşyaları zamansız gələn sahiblərini tanıdı. Qışın quru yelini içində saxlayan odun peçi isindi, çaynik su ilə doldu, çarpayılar iki fəsillik fasilədən sonra cığıldadı. Hər şey yeniləndi. Hər şey. Gecələr, çöldəki qaranlıq, göydəki ay. Təkcə oğlunun – Uğultu. Dərin bir uğultu! – hayqırışları başqa sözlərə çevrilmədi, əksinə daha da kobudlaşdı, daha da sərtləşdi. İllərdir gecə yuxusunun şirinliyə həsrət qalmış ananın, “Bala, anan ölsün. Anan ölsün” nəvazişi də gücünü itirdi.
Qızının nişanında qonaqların söz deməyinə imkan verməyən tanımadığımız kişi “Bala anan ölsün” cümləsindəki fədakarlıqdan nələrsə demişdi. Bu hissəni xatırlamasaq da olar.
Saymadığımız gecələrin ən işıqlısı idi. Nağıllarda deyildiyi “Ay da tamaşaya çıxmışdı” bənzətməsini doğrulayan gecə. Qadın işığını söndürdüyü mətbəxdə oturub oğlunun naləsinə qulaq asırdı. Nəsə yeni bir söz, yeni bir cümlə “Uğultu. Dərin bir uğultu!”dan başqa “Ay nənə” və ya “Ay dədə” harayına oxşar yeni bir nalə eşitmək istəyirdi.
Otağın qapısı açıldığında sükutun at oynatdığı qonaq otağında nazik “cığ” səsi boşluğa doğru uzandı. Qadın qapının açıldığını “cığ” dan anlayıb oturduğu stuldan dik qalxdı. Oğlu yavaş addımlarla otaqdan çıxıb evin çölə açılan qapısı tərəfə irəlilədi. Qadın mətbəxin zülmətində itdiyini bildiyi üçün durduğu yerdən tərpənmədən onun nə etdiyinə tamaşa etdi. Çöl qapı açıldı və bağlandı. Açılanda bir əli ilə stulu, digəri ilə başını sıxan oğlunu, qapı bağlananda görmədi. Bir anlıq qadına elə gəldi ki, gecənin zülməti oğlunu udub yoxa çıxartdı. Qapıya doğru quşa qanadlarında gedən cismin ürəyində yaşadığı təlatümlərin necə bir hikmət olduğunu yalnız anlara bilir.
Qadın qapıdan çölə çıxıb yoxa çıxan oğlunu hara getdiyini pıçıltı kimi eşitdiyi “Uğultu. Dərin bir uğultu!”dan tapdı. Evin arxa tərəfində boy atmış, iri budaqlı ərik ağacına söykənmiş qaraltını görüb gizləndi. Başını ehtiyatla divarın tinindən qaraltını görəcəyi qədər yana çıxardıb gözlərini dörd açdı. İri ərik budağından aşan ipin halqa olan hissəsini ayın işığında ani olaraq parlayıb sönən gördü. Uzun zamandır təkcə küləyin oynadığı yelləncəyin tiftiklənmiş sarı ipini tanıdı. Divara söykənib şehin düşməsinə hazırlıq görən torpağa çöməldi. Əlləri ilə ağzını tutub, illərdir əzab çəkən övladının rahatlığı üçün hıçqırtı səsini boğmağa çalışdı.