Şərif Ağayar: “Gördüm ki, Anar bizi ələ salır”

Şərif Ağayar: “Gördüm ki, Anar bizi ələ salır”
5 iyun 2013
# 10:45

Kulis.Az Azərbaycan Yazıçılar Birliyi sıralarından xaric olunan yazıçı Şərif Ağayarın müsahibəsini təqdim edir.

- İlk dəfə AYB-dən nəyə görə istefa vermişdiniz?

- Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı ərəfəsində bir neçə gənc yazar təşkilat qarşısında bəzi mütərəqqi islahatların aparılması ilə bağlı məsələ qaldırdı. Yadımdadır, məsələlərin biri AYB-də internet mərkəzinin yaradılması, başqa biri birliyin kitabxanasının normal fəaliyyət göstərməsi idi. Başqa ciddi tələblər də vardı. İlk baxışdan bütün dediklərimizlə razılaşdılar, ancaq qurultay yaxınlaşdıqca gördük ki, Anar müəllim bizi ələ salır. Nəinki mütərəqqi bir addım atıldı, əksinə bəzi istedadlı dostlarımızla bağlı NKVD sayaq şantaj vərəqələri yaymağa başladılar. Belə bir vəziyyətdə etiraz əlaməti olaraq AYB sıralarını tərk etdim. Bir neçə dostum da mənim kimi addım atdı.

- AYB-də sizi o dövrdə qane etməyən nə idi?

- AYB-də məni qane edən heç nə yox idi. İstəyirdik ki, olsun, ancaq buna imkan vermədilər. Mən çox sonralar anladım ki, əslində AYB rəhbərliyinə ədəbi proses lazım deyilmiş.


30-cu illərdən qalma bu təşkilat öz içərisində heç bir ciddi islahat aparmayıb. Yaxşı, əcəb eləyib! Heç olmasa başqa ədəbi təşkilatların qeydiyyatdan keçməsinə, gənc yazarların müxtəlif layihələrlə çıxış etməsinə mane olmasınlar.


Yaradıcı təşkilatda 30 il katib işləmək olar? Adam bir gün çürüyüb kresloya yapışmazmı? Bunu niyə anlamırlar? Niyə qoca və çürümüş gövdələrini üstümüzə aşırdırlar? Bilmirlərmi ki, kənardan çox eybəcər görünürlər? Ona görə məcbur olursan ələ salmağa, məzələnməyə… Məntiqsiz, məzmunsuz tövrləri ilə yaltaqlandıqları vəzifəli adamların da zəhləsini töküblər artıq. İnsan bu dünyaya qarnı ilə nə qədər bağlana bilər? Yazıçı dediyin doymazmı, qardaşım?! Əcəb işə düşmüşük…


- Bəs yenidən niyə qayıtdınız AYB-yə?


- Aradan uzun zaman keçdi. Azad Yazarlar Ocağı yarandı. Ayrıca jurnalımız çıxdı. Ancaq AYO tam təşkilatlana bilmədi. Daha doğrusu buna imkan vermədilər. İstedadlı uşaqlar dolanışıq xətrinə siyasi qəzetlərdə köşələr yazmağa başladılar. Mənim bu qabiliyyətim yoxdur. Siyasəti sevmirəm. Üstəlik siyasi yazılar yaza bilmirəm.


O zaman Mədəniyyət Nazirliyi məni “Kino+” qəzetini buraxmağa dəvət etdi. Getdim və bir müddət yaxın dostlarla bu qəzeti buraxdıq. 2007-ci ildə “Kino+” qəzetini bağladılar və mənə də bildirdilər ki, Nazirliyin mərkəzi aparatında işə dəvət olunursan. Tərəddüd etdim. Çünki dövlət qulluğu yaradıcı adam üçün heç də sərfəli bir iş deyil. Ancaq gedəcəyim şöbə nəşriyyat və informasiya ilə bağlı idi deyə, tam etiraz da etmədim. Dostlarla məsləhətləşdim, hamı işləməyimi məsləhət gördü. Mən razılığımı verəndən sonra isə məlum oldu ki, testdən keçməliyəm.

Nazirliyə getməyim iş arzusundan çox mənim üçün bir prinsip məsələsinə çevrildi. Oturub hazırlaşdım. Uzun zəhmətlər bahasına yüksək balla test imtahanından keçdim. Siz təsəvvür edin, işim yox, həm də hazırlaşmalıyam. Ailəni dolandırmaq da lazımdır axı. Çox zəhmət çəkdim. Testdən keçib işə düzələndə isə getdiyim yerdə AYB rəhbərliyinin, şəxsən Anar müəllimin böyük təsir imkanlarını gördüm. Mən, AYB bir yana, işlədiyim nazirlikdə bütün iş yoldaşlarıma, məndən vəzifəcə böyük olan məmurlara qarşı təkbaşına dayanmalı idim. Bununsa yeganə yolu işə başlamadan ərizəmi yazıb getmək idi. Ancaq məni sevməyən AYB rəhbərliyinə görə ağır zəhmətimin batmasına istəmədim. Qalıb işlədim. Ümumi razılığa əsasən məni birliyə bərpa etdilər və hadisəni mətbuatda xüsusilə oynatdılar. Sakit dayanacağımı bilirdilər.


Ancaq onlar istəyən alınmadı. Bir müddət sonra məqamı gəldikcə AYB haqda düşündüklərimi mətbuatda, internet saytlarında deməyə və yazmağa başladım. Doğrudur bu mənə ucuz başa gəlmirdi, amma edirdim. Oxucular yaxşı bilirlər.


Mən indi Mədəniyyət və Turizm Nazirliyində işləmirəm. Öz ərizəmlə oradan çıxmışam. Amma hamınız bilin ki, oradan uzaqlaşmağımın çoxsaylı ciddi səbəblərindən biri də AYB və şəxsən Anar olub. Tanıyanlar bilir ki, o, adi bir tənqidə görə də heç kimi bağışlamır. Ya yaltaqlanmalısan, ya da ilim-ilim itməlisən.


- AYB qurultayından nə gözləyirsiniz?


- Yalan, riya, yaltaqlıq və oyunbazlıq! Başqa nə ola bilər ki?

- Fikrət Qoca ilə probleminiz nədən ibarətdir?


- Fikrət Qoca mənim üçün maraqsız insan və maraqsız şairdir. Doğrudur, hamı kimi onu da oxumuşam, ancaq mən istəyən və mən bilən ciddi ədəbiyyatın həndəvərində bu adda adam yoxdur. Yaşlı adamdır, gedib evində otursa onunla nə işim olacaq? Fikrət Qoca işığa doğru addımlayan sağlam gəncliyin qarşısına kötük yomalamaqla məşğul olan qorxunc bir adamdır. Məqsədləri də gün kimi aydındır: bizdən sonra heç kim yoxdur və dövlətin ədəbiyyata ayırdığı pulları yalnız biz yeməliyik. Mən pul-para davası etmirəm. Ancaq istəyirəm ki, heç olmasa bütün millətin cibindən gələn bu vəsaitlə normal bir sayt işlədib, normal bir qəzet buraxsınlar.


Mənim Fikrət Qoca ilə nə şəxsi ədavətim ola bilər? Fikrət Qoca sadəcə bəhanə idi. Anar zaman-zaman içinə yığdığı qəzəbi və kin-küdurəti nəhayət ki, püskürdü mənə tərəf.


Amma, inanın, səmimi deyirəm, AYB-dən çıxarılmağıma sevinirəm. Hətta buna görə məni təbrik edənlər də var. Yadımdadır mən də vaxtı ilə mərhum Rafiq Tağını buna görə təbrik etmişdim.


Həm də mənim AYB-dən çıxarılmağımla haqq-ədalət öz yerini tapdı. Əgər cəzadırsa belə, bunu haqq etmişəm. Vaxtı ilə nəyin xətrinəsə bir müddət susduğum üçün.


Mükafatdırsa, yenə də buna layiqəm: çünki qəlbim heç vaxt anarların və fikrət qocaların yanında olmayıb. Onlara yaltaqlanmamışam, onlardan çəkinməmişəm. Bildiyim ədəbi həqiqətlər üçün ömrümün sonunacan onlarla vuruşmağa hazıram. Çünki vicdanı olan hər kəs bunu yapar zatən.
Nəsə, uzun işdir.


AYB və onun funksionerlərini anlatmaq çox çətindir. Mənəvi dəyər kəsb etdiyi üçün din və mentalitet kimi ədəbiyyatın da arxasında gizlənən qorxunc adamların maskasını yırtmaq çətin olur.


Amma ümidvaram ki, cəmiyyətimiz gec-tez onları olduğu kimi tanıyacaq.

# 3069 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #