Musa Yaqub: “Seyran Səxavət, arxamca gəl...”

Musa Yaqub: “Seyran Səxavət, arxamca gəl...”
28 mart 2016
# 23:12

- Xoş gördük, Musa müəllim! Adam var, günorta çağı əlində çıraq bir əhli-dil arayır, həmdərd axtarır ürəyindəkiləri bölüşə. Nə xoşbəxtəm ki, Ay işığında gəlib tapmışam Sizi - Musa Yaqub işığına gəlmişəm, aydınlanmağa - müqəddəs bir mövzudan danışmağa. Axı Sizin kimi adamlardan ötrü dostluq da, ülfət bağladığın dostlar da müqəddəsdir. Seyran Səxavət demiş, hamımız “Sözün belindən gələn adamlarıq”. Siz Səfiməmməd dədənin, Seyran Əsgər dədənin övladı olduğu kimi, həm də Sözün halal övladlarısınız - Halal Sözün övladlarısınız. Bu gün Seyran Səxavət 70 yaşını tamamlayır. Söz aləmində öz sözünü desə də, amma hələ də özünü Sözün yanında “dünənki uşaq” hesab edir. Musa müəllim, istərdim bir az keçmişə boylanaq. Necə tanış olmusunuz Seyran Səxavətlə? Necə xatırlayarsız o illəri?

- Vallah elə mən də fikirləşmişəm ki, Seyran Səxavətdən danışanda birinci növbədə onun dostluğundan, yoldaşlığından danışmaq lazımdı. Sonra onun yaradıcılığı gəlir. Düzdü bizi yaxınlaşdıran ədəbiyyat olub, ürəyimizdə qaynayan söz olub. Seyran yaxşı deyir ki, Sözün belindən gələn adamlar qardaşdırlar. Ona görə biz dostdan daha çox, doğma qardaşıq. Yaradıcılıqda ilk dəfə şeirlərlə dost olursan, ordan başlayır bağlılıq. Bu mənada, mən Seyranla çoxdan tanışam, özündən əvvəl şeirləri ilə dost olmuşam. Sonradan istədim onunla tanış olum, amma öyrəndim ki, artıq Universiteti bitirib xaricdə işləyir. Bir dəfə Çingiz Ələkbərzadəylə birlikdə Yazıçılar Birliyinin ezamiyyəti ilə Füzuliyə getmişdik. Füzulidə bizi çox yaxşı qarşıladılar. Mən ömrümdə bir Füzulidə, bir də Neft daşlarında o cür qarşılanma görmüşəm. Füzulini mən həm Qarabağın bir parçası kimi, həm də füzulilərin şeirə, sənətə, ümumən ədəbiyyata, sənətə məhəbbətinə görə çox sevirəm. Deməli, o görüşdən çıxanda dedilər ki, Seyran Səxavətin böyük qardaşı Xanlar burdadı, Sizi gözləyir. Biz o vaxta qədər tanış deyildik, ilk dəfə idi görüşürdük, amma o bizi elə isti qarşıladı ki. Dedi, mütləq bizim qonağımız olacaqsınız. İlk dəfə Seyranın qardaşı ilə tanış olmuşam - Xanlarla. Rəhmətlik çox ürəyiaçıq, çox yaxşı oğlan idi. Sonra tanış olanda gördüm ki, Seyran da onun kimi çox ürəyiaçıq oğlandır. Seyran həddindən artıq ürəyiaçıqdır. Bəlkə elə böyük qardaşı öz ürəyiaçıqlığını da ona qoyub gedib. Bir şeirində deyir ki:

Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı Sən ordasan, sən sıxılarsan.

Seyranın ürəyi uşağın, böyüyün, dostların - hamının üzünə açıqdır. O ürəyini elə şeirində dediyi kimi, içindəki adamlara görə qoruyur.

Sonra bir gün Seyran İsmayıllıya gəlib. Mən də yoldaşlarla bizdə “Şirin su” deyilən yerdə oturmuşuq. Gördüm aşağıdan bir səs gəldi: “Dağlar nə qəribə olur gecələr...” Tez soruşdum ki, bunu deyən kimdi? Sən demə, Seyrangil aşağıda oturubmuş. Təsadüfən. Amma gözəl təsadüf idi. Görüşdük. Bu çox şirin bir qarşılaşma oldu, şirin söhbətlər oldu. Çox məhəbbətlə bir-birimizi bağrımıza basdıq. Mən də kəndçiyəm, Seyran da kəndçidi. Şəhərlilər bir az götür-qoy edir, fikirləşir ki, bundan mənə dost olar, yoxsa olmaz. Amma kəndlilərdə belə şey olmur. Kəndli tez səmimiləşir, doğmalaşır. Bu səmimiyyət tək bir tərəfdə olsaydı, indi hər şey bu cür olmazdı. Seyranla mənim dostluğum təkcə iki insanın dostluğu deyil, həm də yaradıcılıq baxımından ilahi bir bağlılıqdı.

- Sizlərdən ötrü kənd dünyanın ən çirklənməmiş, gözəl, tərtəmiz modelidir.

- Bu, insanın xislətindən gəlir. Mənim ədəbi qəhrəmanlarımın əksəriyyəti İsmayıllıda - Buynuz kəndindədi: ağaclarım, çaylarım, dağlarım ordadı. Ona görə mən o poetik qəhrəmanlarımın yanına gedəndə sevinirəm, bütövləşirəm. Burda mən özümü yarımçıq hiss edirəm, amma onlarla birləşəndə daha böyük oluram, tam oluram.

Sizə bir xatirə danışım. Mənim rəhmətlik anam uşağı olmayan qadının yanında bizi qucağına almazdı, oxşayıb, əzizləməzdi. Bu elə müqəddəs bir hissdi ki, bunu izah eləmək olmur. O vaxtı mən bu hisslə rəhmətlik Məmməd Aslana müraciət elədim ki, vallah ay Məmməd, hər dəfə kəndimdən, bulağımdan, torpağımdan yazanda içim göynəyir ki, mən öz yurdumu qoxulaya bilirəm, sən o torpağın ətrinə həsrət qalmısan. Vallah əlim gəlmir yazım ki, Buynuzdayam, çünki sənin də ürəyin atdanar, axı sənin Kəlbəcərin düşmən əlindədi.

İçimdəki bu hiss həm də Seyranla bağlıydı. Eyni şeyləri ona da deməyə heç vaxt dilim gəlməyib. Allah o günü bizə nəsib eləsin ki, Qarabağ alınsın, biz hamımız o torpaqları gedib ziyarət edək, mən Buynuza qovuşanda tam olduğum kimi Seyran Səxavət də öz Yağlıvəndinə qovuşub bütövləşsin.

- Yadımdadır ki, Seyran Səxavətin “Nekroloq” əsəri ilin ən yaxşı romanı kimi Yusif Səmədoğlu adına mükafata layiq görüləndə Siz bunu elə sevinclə qarşılamışdınız, mən öz gündəliyimə onda belə yazmışdım: “Bu gün Seyran Səxavətin aldığı mükafatdan daha böyüyünü ona Tanrı verdi: Dost sevinci... Tanrının verdiyi mükafatı isə heç kim geri ala bilmir...”

- Nə gözəl yazmısan, qızım. Nə gözəl deyirsən. Həqiqətən, o əsərə mən öz uğurum kimi sevinmişdim, dostluq da elə budu. Mən eşidəndə ki, Seyranın “Nekroloq”u mükafat alıb, sevincimdən yerə-göyə sığmadım və o romanı birnəfəsə oxudum. Gördüm ki, Seyran Səxavət dünyanın ən yaxşı yazıçıları ilə rəqabətə girə bilər. Mən Seyranın qələminin gücünü əvvəldən bilirəm, amma adama, ələlxüsus da sənətə, sənət adamına qiymət verəndə daha yaxşı olur.

- Musa müəllim, bir müsahibədə Seyran Səxavətdən soruşurlar ki, Sizcə Azərbaycanda həqiqətə səcdə edən ziyalılar kimdi? - Dərhal cavab verir: Azərbaycanda həqiqəti öz səcdəgahı edən birinci ziyalı Musa Yaqubdur...

- Zaman bizi elə yerə gətirib çıxarıb ki, Haqqın yolunda olmağa belə fövqəladə bir şey kimi baxırlar. İnsan həqiqətə səcdə eləməlidir da, bu, insanın borcudur. Və mənim həqiqətə nə dərəcədə səcdə etməyimə birinci növbədə mənim yaradıcılığım cavab verməlidir. Bilirsiz, adamın özü ilə sözü, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlamalıdır. Bu bütövlük səndə varsa, deməli, sən üzü Haqqa doğru yol alıb gedirsən.

Bu mənada, Seyran özü də Həqiqətə səcdə edən ziyalıdı. Yolundan, əqidəsindən dönməmək şərəfdir, üzağlığıdır. Seyran təkcə həyatda yox, yaradıcılıqda da Həqiqətə xidmət edir. Bilirsiz, dövrün içində yaşaya-yaşaya o prosesləri ümumiləşdirib bədiiləşdirmək olduqca çətin məsələdi. Zaman keçəndən sonra prosesləri təhlil etmək, hardasa, asanlaşır. Seyran hər şeyi zamanında qələmə alan, amma zamanla, vaxtla, dövranla əlbəyaxa olan sənətkardır. “İt intervüsü” əsəri bəlkə də, “Nekroloq”un içindən ayrılan bir parçadır. Düzdü, zaman etibarilə hekayə daha əvvəl yazılıb. Amma əsərin ideyasına söykənib onu deyə bilərəm ki, bəlkə də, “İt intervüsü” gələcəkdə “Nekroloq” romanının yazılması üçün bir zəmin olmuşdu. Və deyim ki, Seyran “Nekroloq”u bir qələmlə yazmayıb. Bu əsər həm istedadlı yazıçı - şair qələmi ilə, həm də cəsarətli jurnalist qələmi ilə yazılıb. Həm də burda Seyran dövrü, zamanı təhlil edən bir filosof qələmi ilə məsələlərə münasibət bildirir. Bu əsər möhtəşəm intervyülər üzərində qurulub. Bəlkə də, o intervyülər olmasaydı, əsərdə nəsə çatışmazlıq olardı. Amma Seyran ümumiyyətlə, əsəri, əsər boyu mətnlərarası əlaqəni elə mükəmməl qurub ki, məhz bayaqdan sadaladığım yüksək bədii, publisistik və fəlsəfi keyfiyyətlərinə görə “Nekroloq” müvəffəqiyyət qazandı. Mən həmişə deyirəm ki, bu əsər o dövrün, yaddaqalan hadisələrinin üstündə yazılan daşlaşmış nekroloq idi. Vaxtın nekroloqu idi. Zamanın nekroloqu idi. “Nekroloq” təkcə xalqa müraciətlə yazılmamışdı, o həm də bəşəriyyətə yazılmış nekroloq idi. Bilirsiz, məni də, Seyranı da yandıran, göynədən odu ki, bu xalq böyük xalqdı axı, bu xalq özünü bu vəziyyətə düşürməməlidi. 900 ildi Xaqanini, Nizamini kim qoruyub bu günə gətirib? Əlbəttə ki, xalq. Deməli, Xaqanini qoruya bilən bir xalq özünü də qorumağı bacarmalıdır. Bu onun borcudur. Bu xalq nə müharibələr, nə savaşlar, nə şahlar, nələr görüb, amma illər, qərinələr boyu ər kimi dayanıb, əyilməyib. Belə xalqa, əlbəttə ki, nekroloq yaraşmır. Burda həm də Seyranın açdığı pəncərədən biz dünyanı görür, bəşəriyyətin bu gününə təəssüflənirik. Seyranın dili bizi gah kövrəldir, gah da düşündürür...

- Gözəl bir mövzunun üstünə gəldik. Həqiqətən də, Seyran Səxavətin dili öz təsiri ilə oxucunun ruhuna hakim kəsilir. Mən oxucu kimi öz adımdan deyim , hərdən kitabla aramızda elə bir bağlılıq, doğmalıq yaranır ki, mənə elə gəlir, bu sətirləri mən yazmışam və ya sanki mənim yaşadıqlarımı, hiss etdiklərimi yazıb Seyran Səxavət.

- Qızım, bax, Seyranın xoşbəxtliyi də elə budu. Danışıq dilini bütün şirinliyi, saflığı ilə əsərə gətirəndə bu oxucunu yazıçıya, yazıçını da oxucuya doğmalaşdırır. Seyranın dili özünəməxsusdur. Bu da ədəbiyyatın birinci şərtidir. Əsərin nəfəsi, səsi, üslubu yazıçının özünün olsun. Bu mənada, Seyran yaradıcılığı qiymətlidi. Eyni zamanda onun dilinə bu təmizliyi gətirən elə ürəyinin saflığıdır. O ürəyin istiliyi dilinə, əsərlərinə keçib. Adı kimi ürəyi də səxavətlidi. Yəqin Səxavət adını da ona görə götürüb.

- Gözəl şairimiz, rəhmətlik Qasım Qasımzadə o vaxtlar şeirlərini oxuyub Seyrana “Uğurlu yol” arzulayanda Səxavət təxəllüsünü verib. Sizin sözünüzün qüvvəti, görüb ki, səxavətli oğlandı...

- Nə gözəl! Demək ki, bu adı əziz dostuma Qasım Qasımzadə veribmiş. Şair duyumu belədir də, qızım, rəhmətlik o saat hiss edib ki, Seyran necə insandır. Dostlarımızın da içində ən səxavətlisidi Seyran.

- Bir müsahibəsində də deyir ki, mən dostlarımdan Allahdan yarıdığım qədər yarımışam. İndi Sizinlə söhbət edirik, düşünürəm ki, Sizin ruhda olan insanların qarşılaşması özü də bir ilahi qismətdir...

- Haqlısan, qızım. Eyni zamanda belə dostun olmağı insana hər şeydən əvvəl təsəllidi. Yaxşı dost adamın yaxşı günündə yanında olduğu kimi, hərdən elə hirsini yatırmaq, göynərtisinə məlhəm olmaq üçün lazımdı. Adam hərdən cəmiyyətdən elə haqsızlıqlar görür ki, diksinir, ruhu inciyir. Düzdü, bəlkə, belə sıxıntılar da lazımdı həyatımızda. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi, gərək şairi sıxasan ki, ondan bir şey çıxa. Firavan yaşayan, kef sürən adam təsirli şeir yaza bilməz. Düzdü, bu da bir fəlsəfədi. Bilirsən bizim yazdıqlarımız niyə yanğılıdı, bu qədər ağrılıdı? Çünki biz bu xalqın taleyini öz içərimizdə yaşayıb yazırıq. Adama ağır gəlir ki, axı bu xalq niyə belə yaşamalıdır? Dünyada təbiəti, sərvəti bizim qədər zəngin olan yer yoxdu bəlkə. Amma bu sərvətlərin sahibi olan xalq niyə bu günə düşməlidir? Bax bu, adamı ağrıdır. İndi dünyanın hər yerinə səpələnib azərbaycanlılar, yenə heç olmasa diaspor şəklində birləşə biliblər. Baxanda bir az da olsa, təsəlli olur ki, filan yerdə Azərbaycan diasporu var. Bilirsən, qızım, adamlar üçün bu, bəlkə də, adi hadisədir. Amma yazıçı üçün hər şey tamam başqa məzmunda olur. Bax bu hisslərin başında səmimiyyət dayanır. Seyranın inancının mayası səmimiyyətdir. Səmimiyyəti olmasaydı, heç birimizi ürəyinə buraxmazdı. Poeziyada da, nəsrdə də, həyatda da səmimiyyət olanda, yalan olmayanda yaşamaq istəyir adam. Səmimiyyət olmayan yerdə sənət yoxdu.

- Bu səmimiyyət özü də tək tərəfli olsaydı, bu qədər möhtəşəm alınmazdı. O enerjini, istiliyi əminəm ki, Seyran Səxavət də Sizdən alır. Bu həm də Sizdən qaynaqlanan bir duyğudu...

- (Gülümsünür) Nə deyim, vallah. Onu deyə bilərəm ki, Seyran bizim məclislərimizin dadıdı. O yanımızda olanda darıxmırıq. O, tez-tez səsinə, sözünə, söhbətinə ehtiyac duyduğum bir dostumdu. Amma hərdən itir Seyran. Bilirik ki, dünyadan ayrılıb çəkilib öz hücrəsinə, qələmi ilə baş-başa verib yazır. Belə vaxtlarda ona qıymırıq. Onu yazıdan ayırmırıq ki, ürəyini boşaltsın. Şair üçün yazmaq asandı, ona yer lazım deyil. Amma nasir üçün möhkəm bədən lazımdır ki, saatlarla otura biləsən yazı masasında. Allaha şükür, bu səbir də Seyranda var. Seyran həm səbirlidi, həm də qədirlidi...

- Musa müəllim, Seyran Səxavət şeirdən nəsrə gəlib. Onun şeirdən nəsrə gəlişində poeziyamız nə dərəcədə itirdi, nəsrimiz nə dərəcədə qazandı?

- Şairlik elə kitabının adındakı kimi Seyranın seçilməmiş yolu idi. Şairlik onun öz qazancıdı. Əsas olan budur ki, son nəticədə ədəbiyyatımız qazandı.Məclislərdə, görüşlərdə romanından parça oxumur, bir-iki bənd şeir deyir, canını qurtarır (Gülür). Bu mənada, şairliyi bir növ onu xilas edir. Amma məsələyə geniş yanaşanda Seyran şeirlərində cızdığı yol ilə, açdığı cığır ilə gəlib böyük nəsr yoluna çıxdı.

- Məncə, Seyran Səxavət sanki şeirlərində poetik eskizlər cızıb və bu eskizləri nəsrdə artıq tabloya çevirib. Məsələn:

Quşlar tüklənirsə, pərvazlanacaq,
Yollar tüklənirsə, ölür deməli.

“Yollar tüklənir” - bu, əsl poetik tapıntıdır. Mən “Nekroloq”u oxuyanda bu iki misranı sanki romanın içində gördüm: “Kənddə ayağı yer tutan bir başıpapaqlı qalmışdı - bədən tərbiyə müəllimi - o da çolaq idi. Bu çolaq müəllim hər gün dərsdən sonra şagirdləri kəndin yollarında o baş-bu başa yeridirdi. Yeridirdi ki, kəndin ot basmış yollarında cığır açılsın, yeridirdi ki, kəndə gələn yollar ot-ələf əlindən itməsin, cığırlar açılsın yollarda. Yeridirdi ki, bu kənd yer üzünün xəritəsindən silinməsin...”

- Sən bu bağlılığı çox həssaslıqla duymusan, qızım. Bir də sən dil baxımından bax bu iki əsərə. Nəsrin özündə belə bir poeziya, şeiriyyət, axıcılıq görəcəksən. Bax budur Seyranın fərqi. Bir də yaxşı nəsrin qabağına şeir çıxartmaq çətindi. Amma Seyranın yazdığı istənilən şeiri ən güclü nəsr əsəri ilə müqayisə eləmək olar. Onu da deyim ki, şeirlə başlayan yazıçının dili daha gözəl olur.

- Bu dövrün dəyirmanı fırlandıqca çox adamları tanıyıb, çoxlarını dəyişən gördünüz. Seyran Səxavət demiş, bu qalmaqallı Yer kürəsində yaşamaq, özü də kişi kimi yaşamaq böyük hünərdir. Sizə baxıram, 80 ili arxada qoymusuz, Seyran müəllim də 70 ili. Bu illəri alın açıqlığı ilə yaşamaq, bu çətin vaxtlarda özünü, sözünü, ləyaqətini qorumaq nə qədər çətin olsa da, sağ olun ki, bunu şərəflə bacarmısınız.

- Qızım, onu Allah-taala adama qismət eləyir. Zorla özünü qorumaq olmur. Özünü, şəxsiyyətini qorumağı bacarmaq da, istedad kimi, Allahın bir vergisidir. Amma qızım, mən bu keyfiyyətimlə fəxr eləmirəm. Axı burda fövqəladə heç nə yoxdu. İnsan elə bu cür olmalıdı da. İnsan özünü, şərəfini, şəxsiyyətini dövrün tərsinə fırlanan dəyirmanından qorumağı bacarmalıdır. Bax palıd, çinar kökündən ayrılan kimi çürüyür gedir. Amma söyüd ağacına bax, onun yarpağında da, torpağında da, onun budaqlarında da kökü var. Allahın söyüdü kökünə bağlıdır.

- Musa müəllim, bir dəfə Seyran Səxavət demişdi ki, Qarabağ haqqında heç kim əsər yazmasın. Qarabağ haqda ən gözəl əsəri yazsa, Müdafiə Nazirliyi yazacaq. Amma etiraf edək ki, bu haqda ən ağrılı əsəri elə Seyran Səxavət özü yazdı - “Nekroloq” romanı ilə.

- Bəli, şair, yazıçı bu dərdin bəla tərəfini yazır. Şairin, yazıçının gücü ideoloji cəhətdən xalqın içində, düşüncəsində, ruhunda inam yaratmağa yetir.Amma bizə Qarabağın Azadlığından yazılacaq əsər lazımdır ki, bu mənada, Seyran haqlıdı. Bu haqda müdafiə naziri yazmalıdı.

- Musa müəllim, bir dəfə Seyran müəllimdən soruşurlar ki, sizin üçün Musa Yaqub kimdi? Seyran Səxavət olduqca maraqlı bir cavab verir: “Musa Yaqub ilkin körpə paklığını öz içində qoruyub saxlayan bir sənətkardır. O, illərdi, daxilindəki pak, məsum körpənin qulluğunda dayana-dayana şeir yazır. Özünün dediyi kimi, bir az da sadəlövh uşaq kimidir. O, içindəki körpə uşaqla əl-ələ verib o uşağın gözündən dünyaya boylana-boylana qalıb. Bu yaşında da Musa müəllim öz uşaqlığını dilə gətirir . Bu, əsl möcüzədir - Musa Yaqub yaşında bir uşağın möcüzəsi...” Sanki bu sözlərlə Sizin portretinizi yaradır o. Söhbətimizin sonuna yaxın istərdim ki, Musa Yaqub da Seyran Səxavətin portretini sözlə çəksin.

- Elə o sözü Seyranın özü haqqında da demək olar. 70 yaşında Seyran “bir az da sadəlövh uşaq kimi”dir. Olduqca ürəyiaçıq insandır. Onun ürəyi hamımızın üzünə açıqdır. Seyranı Allah-taala sanki dostlarının ürəyindən dərd almaq, dərd əritmək üçün yaradıb. Seyran həm də olduqca qədirbilən adamdır. Mən Buynuzda evimdə, həyətimdəki dağdağan ağacının altında Bakıdan gələn yüzlərlə adamı qonaq etmişəm. Amma sözümü qəribçiliyə salmasınlar, mən Bakıya gələndə yeganə adam Seyran oldu ki, qaçaqaçla gəlib məni tapdı, dedi, mənim qonağım olmalısan. Bakıda bu münasibəti mən ilk dəfə Seyranda görmüşəm. Bu, borc qaytarmaq-filan deyildi. Onun içindəki daxili-mənəvi ehtiyacdan doğan bir hiss idi. Bu hiss də ancaq Seyrana məxsusdur. Ona görə Seyran heç kimə bənzəmir. İndi sizinlə danışdıqca fikirləşirəm ki, Seyranın 60 illiyidi, yoxsa 70 illiyi. Sonra gördüm ki, mən bu zamanın fərqinə varmıram. Onun ürəyi o qədər geniş, ruhu o qədər cavandı ki, on ildən, iyirmi ildən sonra da indikindən cavan görünəcək. Seyranın sinəsindəki o ürək heç vaxt qocalan deyil. Mən ondan yaşca böyük olduğum üçün ərk edib deyə bilirəm ki, Seyran Səxavət, arxamca gəl... Allah-təala qismət eləsin, uzun ömür versin, bir-birimizin yanında, bir-birimizə arxa-dayaq olaq. O biri möhtəşəm əsərləri bir yana dursun, elə təkcə “Nekroloq” romanı ilə Seyran Səxavət ədəbiyyatda ölməzlik qazanıb. Amma cismani ölüm də haqdı, yenə, Allaha şükür, daşımız var, üstümüzə yazılmış “Nekroloq”umuz var...

Xəyalə Zərrabqızı

525.az

# 1155 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #