Birdən Orxanın yadına Əhməd müəllim düşdü. Əhməd müəllim otuz-otuz beş yaşlı bir cavan idi. Bakıda universiteti qurtarandan sonra adamı və pulu olmadığı üçün Təhsil Nazirliyindəki müsabiqədən sonra bu kəndə müəllim göndərilmişdi. Tarix müəllimi idi. Özü də çox savadlı və açıq fikirli bir adam idi. Orxan düşündü ki, bu işin öhdəsindən yalnız Əhməd müəllimin ağlı gələ bilər. Ona görə də vaxtı itirməyib getdi müəllimin evinə. Əhməd müəllim adəti üzrə səhər tezdən həyətdə idman edirdi. Orxanı darvazada görüb yarızarafat ona səsləndi:
- Hə Orxan, gəl görüm səhərin gözü açılmamış nə məsələdi?
Orxan həyətə girib müəllimi ilə görüşdü. Əhməd müəllim tut ağacına mıxlanmış əl-üzyuyanda sifətinə və boynunun ardına bir neçə ovuc su vurub dəsmalla qurulana-qurulana Orxanı evə apardı. Çay süzüb masanın üstündə şagirdinin qarşısına qoydu və -indi danış-deyib üzbəüz oturdu. Orxan əhvalatı olduğu kimi Əhməd müəllimə danışdı. Sonra müəllim və şagird birlikdə Gəlin Çinarı xilas etməyin variantları üzərində baş sındırmağa başladılar. Müəllimin ağlına hansı variant gəlirdisə sonradan özü də həmin variantı iflas elətdirirdi.
Uzun-uzadı üzərində dayandıqları variantlardan biri vaxtı ilə cavanların kənddən müharibəyə gedərkən məhz bu çinarın altından yola salınmaları oldu. Camaat yığılıb döyüşə gedənlərlə burda hallallaşır, sonradan kəndə gələn şəhid tabutları da məhz Gəlin Çinarın altından son mənzilə götürülürdü. Əslində bu variant bir qədər ağlabatan idi. Orxan Əhməd müəllimə deyirdi ki, o dostları ilə birlikdə kəndin bütün şəhidlərinin şəkillərini yığıb çinardan asa bilər. Biznesmen bu mənzərəni görsə yəqin ki, çinarı kəsməyə cəsarət etməz. Hər halda müharibə qurtarmayıb. Belə haldan heç hökumət də xoşlanmaz. Amma sonra gerçəkliyi düşünəndə şəhidlərin hesabına çinarın kəsilməyəcəyinə tam əmin olmadılar. Əhməd müəllim dedi ki, biznesmen çinarı kəsmək üçün kənddə bir "şəhidlər bulağı" tikib müharibədə həlak olanların şəklini də o bulağın divarına yapışdırsa, camaat çinarı biznesmenə halal edəcək. Beləliklə bu variant da sıradan çıxdı. Amma bu variant iflas etməsinə baxmayaraq yeni bir ideya yaratdı...
Orxan pəncərənin qabağında dayanıb uzaqdan başı görünən çinara baxırdı. Sanki çinarı artıq kəsiblər kimi Aytənə nə deyəcəyini, özünün günahsız olduğunu necə sübut edəcəyini düşünürdü.
Əhməd müəllimsə siqareti siqaretə calayıb başqa bir çıxış yolu tapmaq barədə düşünürdü. Amma bu vəziyyət çox çəkmədi. Birdən sanki Əhməd müəllimin gözlərinə işıq gəldi. Onun büzüşüb oturduğu yerdə qəfildən dirçəldiyini Orxan da hiss etdi. Əhməd müəllim stuldan qalxıb pencəyini çiyninə atdı:
- Sən get evə.
Orxan təəccüblə -bəs çinar? - deyib Əhməd müəllimə baxanda müəllim-narahat olma, sizin gəlini kəsməyəcəklər-şagirdini gözləmədən qapıdan deyib qapıdan çıxdı.
Orxan onun arxasınca darvazaya qədər qaçıb qışqırdı:
- Birdən kəssələr?
- Kəsməyəcəklər. Sən get evə.
- Bu necə olacaq?
- Möcüzə baş verəcək.
Orxan evə qayıdıb bütün günü fikirləşdi. Həmin gün dostları ilə oynamağa da getmədi. Gecə də səksəkəli yatdı. Bir neçə dəfə yuxusunu qarışdırıb diksindi də...
Gec yatdığı üçün səhər yuxudan onu anası zorla oyatdı:
- Ay bala dur gedək görək nə olub.
Camaat çinarın altına yığışıb. Orxan çinar sözünə yerindən dik qalxdı. Tez əynini geyinib əl-üzünü yumadan anasının yanına düşərək Gəlin Çinarın yanına gəldi. Kənd əhlinin böyük bir qismi artıq burda idi. Axund Hacı Məhəmməd səbirlə dayanıb hamının yığışmasını gözləyirdi. Çinarın sahibi də onun yanında idi. Hacı Məhəmməd çox savadlı və dünyagörmüş adam idi. Özü də ixtisasca fəlsəfə müəllimi idi. Kənd camaatı həmişə onun yolunu gözləyər, bir sözünü iki eləməzdi. Camaatı səhər tezdən bura yığmaqda axund nəsə ciddi bir xəbər verməli idi. Çox keçmədi ki, kənddə məmə yeyəndən pəpə yeyənə qədər hamı çinarın altında cəm oldu. Bir az da gözlədikdən sonra axund iki addım irəli yeriyib təmkinlə danışmağa başladı:
- Camaat, gecə yuxuda babam seyid Məşədi Abbas məni bu ağacın altına çağırdı. Gəldim gördüm yerdən oturub kürəyini də çinara söykəyib. Evə niyə gəlmədiyini soruşdum. Məni qarşısında oturdub dedi ki, kənddə bu çinarın altından müqəddəs yer yoxdu. Buranı qoyub başqa yerdə oturması böyük günah olar. Xeyli söhbət etdik. Sonda mənə dedi ki, bu çinar müqəddəsdi. Ulu babalarımız ruhları qoruyur onu. Kənd camaatına de, qoy bu ağacdan muğayat olsunlar. Nə çətinlikləri. Umu-küsüləri olsa, gəlib bu ağacdan yardım diləsinlər. Bir az gec, bir az tez axır, naqis olmayan nə diləkləri varsa, hamısına çinar onları çatdıracaq. Dar günlərində də, xoş günlərində də bu ağacın altına gəlib niyyət tutsunlar, kasıb-kusuba yardım üçün nəzir qoysunlar...
Kəndin camaatının çoxu iman əhli idi. Axund Məhəmməddən də heç vaxt onlara ziyan gətirən məsləhət görməmişdilər. Ona görə də Hacı Məhəmmədin dediyini Quran ayəsi kimi qəbul etdilər. Hamı Məşədi Abbasın ruhuna salavat çevirib xoş əhvalla evinə qayıtdı. Evində ailəsində ağır dərdi olanlar sevinirdilər ki, daha nəzir-niyaz vermək, qurban kəsmək üçün bir neçə kənd keçib xeyli uzaqdakı pirə getməyəcəkdilər. Bir sözlə hər kəsin çinarla bağlı öz planı var idi...
Ertəsi gün səhər tezdən kənddə bir neçə ilin gəlini olan Gülgəz yaxınlaşdı çinara. Tezliklə uşağı olması üçün dua edib ağacın budağına qırmızı bir yaylıq başladı. Sonra oğlu müharibədə itkin düşmüş Səkinə arvad...
Bir neçə gün sonra öz ağac kəsənləri ilə kəndə gələn biznesmen gördüklərinə inanmadı. Ətrafında əməlli-başlı səliqə-sahman yaradılmış çinarın altı xeyli qələbəlik idi. Başqa kəndlərdən dua edib niyyət tutmaq üçün ağaca pənah gətirənlər var idi. Bir qədər seyr etdikdən sonra biznesmen dəstəsini də çəkib kənddən birdəfəlik getdi...
Həmin gün Əhməd müəllim Axund Hacı Məhəmmədin yanına gedib planını ona demişdi. Savadlı adam olan və kənddə xurafata, filana imkan verməyən axund təbiətin xətrinə xasiyyətinin əleyhinə gedib razılaşmışdı. Çinarın sahibini də o başa salmışdı ki, bu işə qarşı gəlsə, günaha batar. İşin qazanc tərəfinə gəlincə, axund demişdi ki, nəzir-niyazdan ona daha çox xeyir çatacaq...
Beləcə məsələ həll olunmuşdu...
Biznesmen gedən günün səhəri Orxan Aytənə məktub yazıb gələn yay onu kənddə yenə görəndə nə qədər sevinəcəyini bildirmişdi. İndi Orxan həmin məktubu əlində evlərinin damında oturaraq kəndin hər yerindən görünən çinara tamaşa edirdi.
Budaqlarına bağlanmış qırmızı, sarı, ağ və başqa rənglərdə olan yaylıqların arasında itib batmış çinar həqiqətən də indicə maşına mindirilib ər evinə köçürüləcək gəlinə bənzəyirdi...