Yaqut Sabirqızının hekayəsi
Bədxah qonşu
Müəllimə səhərlər dükana özü gedirdi. Evdə oturduqca adamın ayaqları tutulur deyərək, hava almaq, həm də səhər idmanı əvəzi çörək almaq bəhanəsiylə dükana qədər piyada gedirdi. Super-market evlərindən bir avtobus dayanacağı məsafədə təzə tikili binanın birinci mərtəbəsində yerləşirdi. Fikirləşə-fikirləşə yolu necə gedirdisə elə onda görürdü ki, çatıbdır. Dükana daxil olub, təkərli səbəti götürüb, rəflərə doğru yol alaraq, öz-özünə hardan başlayacağını, nəyi əvvəlcə götürəcəyini götür-qoy edərkən qarşısındakı qoca qadın onun diqqətini cəlb etdi. O, nəzarətçi qızdan nəyinsə yerini soruşurdu. Qoca qadının özündən çox, onun səsi və büründüyü şal müəllimənin diqqətini özünə çəkdi...
Şəhərin ucqar məhəllələrindən birində yerləşən iki bloklu “Xruşşovka” deyilən binanın qarşısında yük maşını dayandı. Blokun ağzındakı skamyada oturan qadınların bütün diqqəti bayaqdan bəri qızğın müzakirəsini apardıqları mətləbdən uzaqlaşıb maşına sarı yönəldi. Maşından ev əşyaları düşürdürdülər. Bir qadın da maşının başında dayanıb işin gedişinə nəzarət edirdi. Bu qadının suru-suyumu blokun qarşısındakı skamyada oturan qadınları heç açmadı. 50-60 arasında yaşı olan təzə qonşu olacaq qadının qırmızı dodaq boyası, saçı, ənlik-kirşanı heç də yaxşı əlamətə oxşamırdı. Bu hadisə hələ çoxmillətli SSRİ-nin çiçəklənən vaxtına təsadüf edirdi. Bu binanın da sakinləri ruslar, yəhudilər, ermənilər, azərbaycanlılardan ibarət idi...
Təzə qonşu blokun ağzında oturan qadınların nəzərini öz üzərində hiss edib, onlara heç də fağırın biri olmadığını bildirmək üçün ustalara amiranə əmrlər verir, özünü işbilən, əmr verən kimi göstərirdi. Amma qonşu qadınlar onun ruscasındakı erməni ləhcəsini açıq hiss edərək baxışdılar. Blokun ağzındakı qadınlardan ən fəalı, evdar qadın Səma hərəkətə keçərək tezliklə təzə qonşunun anketini öyrənəcəyini rəfiqələrinə söz verdi. O, evdar qadın olsa da bütün Yasamalın “I astanovka” deyilən yerində, həm dağlı məhəlləsində, yəni maşın yolunun o üzündə, həm də maşın yolunun bu üzündə, beşmərtəbəli binalar tərəfində nə baş verirdisə hamısından xəbər tuturdu. Buna da səbəb onun mənzil istismar sahəsində ictimai işdə işləməsi olmuşdu. Səma xanım qonşu qadınların etimadlarını qazanmışdı.
Axşam yenə də blokun ağzında görüşəcəkləri barədə vədələşərək, qadınlar hərə öz evinə dağılışdılar. Kişilərin işdən gələn vaxtı idi.
Bu binanın həmin blokunda, beşinci mərtəbədə yaşayan müəllimə, məktəbdən evə dönəndə bir əlində içi yoxlama dəftərləri ilə dolu çantası, o biri əlində tor setkanın içində kiçik bazarlıq blokun ağzından keçəndə qızğın söhbətin şahidi oldu. O da aramla, təzə qonşunun hansı mənzilə yerləşdiyinin marağıyla üst mərtəbələrə boylana-boylana pilləkənləri qalxdı. Dördünca mərtəbəyə çatanda bir otaqlı mənzilin qapısının açıq olduğunu və aşağıdan gətirilən əşyaların buraya yığıldığını gördü... Təzə qonşu çiyninə böyük ağ saçaqlı şal salıb, yəqin ki, özü toxumuşdu, ermənilər belə işlərin ustası idilər, yenə də göstəriş verə-verə bir gözü açıq qalmış qapıdan çölü gözətləyirdi. O, müəlliməni gözünün qırağıyla süzüb, onun bayaqkı qadınlardan fərqli olduğunu duyaraq, tez yaxınlaşıb, salamlaşdı. Müəllimə hələ yaxından tanımadığı, bələd olmadığı təzə qonşu ilə ağızucu salamlaşıb, yoluna davam etdi.
Təzə qonşu, erməni qadın, onun adı Tamara idi, evinə tam yerləşəndən sonra yan-yörəsindəki qonşulara keçməyə, blokun ağzındakı qadınlarla salamlaşmağa başladı. O, özünü təzə olduğu bu binada çox sərbəst aparırdı. Elə bil əvvəldən bu binanın sakinlərini tanıyırdı. Hamısı haqqında yetərincə məlumatlıydı. Burası çox təəccüblü idi. Qarşı tərəf isə onu yavaş-yavaş öyrənirdi. Onlar təzə qonşunun alt paltarında şüşəbənd eyvana çıxıb paltar asmağını, zil səslə telefonla danışmağını, gecə yarıdan keçmiş onun bir neçə dəfə qapısının bərkdən-açılıb örtüldüyünü müzakirə edirdilər.
Tezliklə Sima qonşu qadınlara verdiyi sözü yerinə yetirdi və Tamara haqqında bəzi şeylər öyrəndi. Sən demə, təzə qonşu özünü yaxşı aparmadığı üçün, ictimai əxlaqa uyğun olmayan davranışlarına görə, yaşadığı binanın sakinlərinin çoxsaylı şikayətləri ucbatından yuxarı məhəllədəki evindən bura köçürülüb. Blokun qarşısına yığışan qadınlar bunu eşidib daha da hiddətləndilər: - Bizim bina bəyəm “ştrafnoydu”? Yox, burada abırlı adamlar yaşayır. Əgər o burada da özünü köhnə evindəki kimi aparsa, biz də onu burdan köçürdəcəyik.
Bu münasibəti Tamara hiss edirdi. Qonşular onunla soyuq rəftar etməyə başladılar. Elə əsas hadisələr də ondan sonra baş verdi. Yerli ATS-də işləyən Tamara onların ev telefonlarına qulaq asmağa başladı. Evlərə ünvansız zənglər edildi. Qonşular indiyə qədər olmayan telefon xuliqanlarından təngə gəlmişdilər. Bir tək müəlliməgillə işi yoxdu Tamaranın. Müəllimənin həyat yoldaşı qəzetdə jurnalist işləyirdi. Bəlkə Tamara bu səbəbdən ondan çəkinirdi?
Lakin çox keçmədi ki, növbə bir gün onlara da çatdı. Sən demə Tamara ən böyük sürprizi elə müəlliməgilə saxlayıbmış. Bir axşam evdə dəftər yoxlayan müəllimə qapının döyüldüyünü eşitdi. Həyat yoldaşı axşamlar qapı döyüləndə özü açırdı. Müəllimə yoldaşının iş otağından çıxıb qapını açmasını gözlədi. Jurnalist qapını açdı. Blokda ağ xələtli həkim və şəfqət bacısı dayanıb, yuxulu və sualedici nəzərlərlə ona baxırdılar.
- Xəstə hardadır? – deyə həkim müraciət etdi.
- Hansı xəstə? Siz düz gəlməmisiniz – jurnalist cavab verdi.
- Necə yəni, Şərifzadə 36, mənzil 28 bura deyil?
- Buradır. Jurnalist şaşqınlıqla cavab verdi.
- Burdan təcili yardıma çağırış verilib. Doğuş çağırışı.
Jurnalist lap çaşdı: - Bəli, bura həmin ünvandı. Amma bizdə hamilə yoxdur, yaxın müddətə də planlaşdırılmayıb.
Həkim şirin yuxudan qəfil oyanan adam kimi çox əsəbi şəkildə: - Kimsə sizə sataşmaq istəyib, əziyyəti biz çəkirik - deyəndə, jurnalist də eyni səs tonuyla: - Xanım, sizin qeydiyyat şöbəniz gərək zəngləri yoxlasın. Sağ olun!
Həkimi yola salandan sonra müəllimə ilə jurnalist ərinin qanı çox qaraldı. Deməli, Tamara hamı ilə qurtarıb indi keçdi bizə.
Sabahısı jurnalist axşamçağı işdən evə gələndə blokda, pilləkənlərdə Tamara ilə rastlaşdı. Tamaranın salamının əvəzində jurnalist ona elə zəhmlə baxdı ki, Tamara özünü itirərək: - “Səlimçik, doroqoy, kak pojıvaete?” – deyərək elə bil əzizi ilə görüşürmüş kimi mehribançılıq göstərdi.
Səlim müəllim də Tamaraya: - Vı v ATS-e rabotaete? Skajite svoemu naçalniku, çto u vas tam iz rabotnikov kto to s telefonami baluetsya”!
Bu sözlərdən sonra Tamara bilmədi necə beşmərtəbəni aşağı düşdü.
Həmin günün axşamı Səlim müəllim evində oturub çay içirdi, uşaqlar isə hərə öz otağında dərs hazırlayırdılar. Birdən yenə qapı döyüldü. Bu dəfə müəllimə ərini narahat etməyərək, onu təzə dəm çayın ləzzətindən ayırmamaq xətrinə qapıya özü getdi. O vaxtı Yasamal şəhərin ən ucqar yerlərindən biri sayılırdı. Yolunu azan, çörək, pul dilənən tez-tez bunların qapılarını döyürdü. Bir də görürdün səhər qapını açırdın, böyüklər işə getməyə, uşaqlar məktəbə, görürdülər qapının ağzında kimsə qıvrılıb yatıb. Ona görə də uşaqlara bərk-bərk tapşırırdılar ki, soruşmamış qapı açmasınlar.
- Kimdir? – Müəllimə soruşdu.
- Eto ya, Şuroçka, otkroy.
Müəllimə Tamaranın şivəsindən tanıdı və könülsüz qapını açdı. Tamara içi konfetlə dolu böyük bir qab əlində dəvət gözləmədən düz dəhlizdən yuxarı başa keçdi:
- Səlimçik, doroqoy, ya davno xotela s vami blizko poznokomitsya. Ya vaşu semyu oçen uvajayu.
Səlim müəllimi bu qadının onun evinə ayaq açması heç məmnun etmədi və o bunu çağırılmamış qonağa əməlli-başlı hiss etdirdi.
Tamara belə eyhamlarla əl çəkən deyildi və o sözünə davam etdi:
- Eti konfetı iz Moskvı vam prislal moy sınoçek. Biz bir-birimizden gerek muqayat olaq. Bu gundan siz manim dostumsunuz. Tamara bir-iki söz də deyib, Səlimin alınmaz bir qala olduğunu və ona fikir vermədiyini görüb getdi.
Çağrılmamış qonaq gedəndən sonra Səlim müəllim həyat yoldaşına tapşırdı ki, bunu bura dadandırmasın. Bu harsın xatalı adama oxşayır. Əvvəl ələ salır, sonra qılıqlanır.
Sahə müvəkkili Səlim müəllimlə universitetdə paralel oxumuşdu. Onlar həm də qonşu rayondan idilər. Hərdən bir o, köhnə dost kimi Səlim müəllimgilə gələr, çay süfrəsi arxasında nərdtaxta, şahmat oynayardılar. Tamara bura köçən ilk gün sahə müvəkkili, Baba müəllim Səlim müəllimə demişdi ki, bu qadından ehtiyatlı olun. O, ATS-də işləyir. Bütün günü qulağında qulaqlıq telefonları dinləyir. Səlim müəllim də həmkarlarıyla telefonla danışanda hökumətin əleyhinə o ki var döşəyirdi. Ona görə də dostu Baba müəllim onu ehtiyatlı olmağa çağırmışdı: -“ Bu harsın yüz yerə işləyir, Səlim. Min sifəti var. Bunun üstündə onun başı o qədər yarılıb. Baş qoşma ona”.
Sən demə Tamara doğrudan da yüz yerə işləyirmiş. Belə işlərdə erməni əlbəttə ki, daha etibarlıydı, onlara güvənirdilər. İllər ötürdü, Tamara ona-buna sataşa-sataşa həmin binada yaşamaqda davam edirdi. Təkcə Səlim müəllimdən çəkinirdi. Tamaranın Moskvada yaşayan oğlu Qarik infarkdan öləndə həmin Səma başda olmaqla bütün qonşular pul yığıb ona verdilər ki, o Moskvaya, yeganə oğlunun dəfninə çatsın. Tamara Qarabağ müharibəsi başlayandan bir az sonra qəfil bu məhəllədə peyda olduğu kimi, bir gecənin içində də qəfildən çıxıb getdi...
Müəllimə keçmiş xatirələrdən ayrılanda artıq kassanın qarşısında idi. Tamaranın şalına bürünmüş qoca qadın hara yoxa çıxmışdı bilinmədi.