«Nə xoşbəxt imişik bir zaman, Allah…»
Professor Rafael Hüseynovun çoxdan oxuduğum bir kədərli essesi var: «Onlar da uşaq olublar…»
Yazı müəllifi hamımızın tanıdığımız bir sıra görkəmli insanların heç birimizin görmədiyi uşaqlıq, yeniyetməlik şəkillərini tapıb dərc etmiş, hər biri haqqında təəssüratlarını yazmışdı. Ən axırıncı foto da özünə aid idi: nimdaş geyimli bir kənd uşağının illərin o tayından boylanan əski bir fotosu.
…Bu günlərdə arxivimi araşdırarkən köhnə bir şəkil rastıma çıxdı – təxminən 40 il əvvəl çəkilmiş öz şəklim. Şəkil məni bir andaca o illərə apardı: onda mən orta məktəbin deyəsən son siniflərində oxuyurdum və yaxşı yadımdadır ki, rayonumuzda çıxan «Yeni həyat» qəzetinin redaksiyasında «Əli Kərim adına poeziya klubu» fəaliyyət göstərirdi. Yazdığım şeirləri ara-sıra həmin klubun ünvanına yollayırdım və redaksiya da hərdən onları dərc edirdi: əvvəl «Göyçay şəhər 1 nömrəli orta məktəbin X «b» sinif şagirdi» kimi, az sonra «N» saylı hərbi hissənin əsgəri» imzasıyla...
O illərin qələm təcrübələrindən bir neçəsini oxucuların diqqətinə təqdim edirəm.
Mahir N. Qarayev
DƏNİZ
Anam dəniz,
məni bir gecəlik ovudarsanmı –
ağrımı-acımı yuyub tərtəmiz
sel kimi, su kimi axıdarsanmı?
Sonam dəniz,
sökəcək içimi bu pıçıltılar –
öpdüyüm saçların kövrək eşqinə
bircə yol ömrümə qayıdarsanmı?
Tanrım dəniz,
üz qoyub öpərəm bu qayaları –
bircə misralığa
Müşfiqi, Nazimi oyadarsanmı?
Sonum dəniz,
Bir qarış uzaqda ölən deyiləm;
Aparırsan apar səssiz-səmirsiz –
Getsəm, daha bir də gələn deyiləm...
YARPAQDAN, İŞIQDAN,
SULARDAN ÖNCƏ
Kiminsə ömrünü yaşayır kimi –
günahkar-günahkar yaşasam sənsiz!
Ağaca, günəşə, dənizə baxıb
səni görəcək olsam;
Yarpaqdan, işıqdan, sulardan öncə
səni sevəcək olsam!
Yoluna çıxsam,
həsrətlə bir anlıq üzünə baxıb
yalana çıxsam!
Gizlicə-gizlicə udsam kinimi,
unutsam qar kimi ömrümə yağan
sonuncu günümün qəribliyini...
Və sonra yenə də səssiz-səmirsiz,
kiminsə ömrünü yaşayır kimi –
yaşasam sənsiz!
BİR PAYIZ GECƏSİ
Axşamdan gözləri yumulu dağlar
Sanki yoxa çıxar səhərə qədər;
Soyuqdan titrəyən yuxulu çaylar,
Ulduzlu yorğana bürünüb gedər.
Soyuq yuvalarda qərib quş kimi
Sübhəcən bir ovuc qaranlıq yatar;
Ağac-buludlardan son yağış kimi
Yağar ən sonuncu yarpaq-damlalar...
AYRILIQ
Yenə nə ağrısı dərya kədərin?
ürək didim-didim, dil ocaq-ocaq;
Azacıq düşünsəm,
xatirələrin
həsrətdən gözləri buludlanacaq.
...O zaman dünyanı atıb bir yana
gör bizim könlümüz hara düşərdi!
Qarışıb Müşfiqin misralarına
payız gecələri həzinləşərdi.
Sonra da ayrılıq...
sonra izlərin
özgə cığırları isindirməsi;
Qəmli günlərimi xoşbəxt həsrətin
yetim körpə kimi gəzindirməsi.
Sonra yaddaşımın uzaqlığında
ilk eşqin qaralan tənha koması;
Kədərli günlərin yalqızlığında
könlümün inləyən Xirosiması...
YANVAR GECƏSİ
...bu yanvar gecəsi hər tərəf qara,
ağappaq qar yağır qaranlıqlara...
Qar.
Qarlı gecənin sonsuzluğu qar.
Qar.
Qarlı küçənin sənsizliyi qar.
Uzağa çəkilmiş göy üzü yerdən,
Qaranlığın içi dərddi, qubardı;
Qartımış gecənin üfüqlərindən
Sonuncu qatar da ötdü, qurtardı...
Və qaldı dünyada bircə pəncərə –
Onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə –
Dərdi qaş-gözlə də söyləmək olmur.
Qar. Qarlı gecənin sonsuzluğu qar,
Qaranlıq küçənin sənsizliyi qar...
Allah, bu həsrətin insafı harda –
Bu daxmanın içi qəbirdən də dar?!
Qar.
Qaranlıq gecə.
Qarlı küçə.
Qar.
Sənsiz ölmədiyim bir də bu yanvar...
Tənhalıq
Gecə yaman ağır sayır,
Kədər kimi fağır sayır?
Bu ürəyim nə sızlayır
Bir cocuq yetimçə kimi...
Həsrətin diddi bağrımı,
Görən məni kim qarğıdı?
Kim sapladı bu ağrını
Ürəyimə xəncər kimi...
Çöldə külək inildəyir,
Ürəyimi süngüləyir,
Bu it harda zingildəyir
Döyülmüş dilənçi kimi...
Dar qəfəsdə sandı məni,
Dar nəfəsdə dandı məni,
Dara çəkdi Tanrı məni
Dar otaqda zənci kimi...
Ömür sanki bir anlıqdı,
Bu hansı gün, hansı çağdı?
Bütün dünya qaranlıqdı
Daxmamızın küncü kimi...
Bu yatağın dad içindən,
Hünərin var yat içində!
Ölümmü fəryad içində
Bir kimsəsiz kəndçi kimi...
LƏTİFƏ
Yağışlı bir yaz günündə
Bir məzarın bətnindən
Eyvaz baba
göz açdı bu dünyaya.
Qalxdı, aldı əsasını əlinə,
basdı qıllı papağını başına,
təsbehini hey çevirə-çevirə,
qəlyanını tüstülədə-tüstülədə
gəlib çatdı beş yaşına.
Eyvaz baba bir gün evə dönəndə
çaşdı qaldı, neyləsin?
Gördü ki, eyvandadı
qarısı Zalxa nənə –
əlində sapı, iynəsi...
Eləcə Zalxa nənə
çalxayıb nehrəsini,
fırlayıb cəhrəsini,
ötən günlərdə qoyub
qırış-qırış çöhrəsini;
Eləcə Eyvaz baba
köhlənini səyirdib,
saçlarının qarını,
belinin donqarını
asta-asta əridib –
…aşırdılar 40 ili...
Və günlərin bir günü
özlərindən xəbərsiz
dodaqları duydular ilk öpüşün dadını;
Sonra da ayrıldılar,
unutdular ömürlük bir-birinin adını...
Eyvaz məktəbə girdi –
onuncudan başlayıb birincini bitirdi.
Və nəhayət,
bir gecə gün bitəndə
yetmiş yaşlı bir körpəni dəfn etdilər
gənc bir ana bətnində...