Kulis.Az Lyudmila Rublevskayanın “İlham pərilərinin susqunluğu” məqaləsini Svetlana Turanın tərcüməsində təqdim edir. Məqalə ixtisarla çap edilir.
Vladimir Vısotskinin dəlixana haqqında bir mahnısı var. Mahnı bu sözlərlə başlayır: “Dedim öz-özümə: “At yazmağın daşını”. Amma əllər özü yalvarır”.
“Əllərin özünün yalvarması” heç də mübaliğə deyil. Əgər insan ədəbi yaradıcılığa başladısa, bu elə narkotikə qurşanmaq kimi bir şeydir. Baxmayaraq ki, “qrafomaniya” sözü əvvəllər mənfi məna işlənmir və “yazıçılığa olan həvəs”i bildirirdi. Bu maniya istənilən yazıçıda bu və ya digər səviyyədə mövcuddur. Yoxsa qalın-qalın əsərlərin yaranmasını başqa necə izah edək?
Lakin, sən demə, öz maniyası ilə mübarizə aparan da yazıçılar varmış. Özü də çox uğurlu şəkildə. Bir müddət əvvəl rus şairəsi Marina Kudimova “doxsanlar”dan olan bir çox həmkarları ilə birlikdə “yaradıcılıq tərki-dünyalığı”na çəkildiklərini demişdi. Kudimova öz sükutunu həmin nəslin “dövrlərarası çat”a düşməsi, kifayət qədər çap olunmamağı, oxuculardan diqqət görməməyi ilə izah edirdi. Bəziləri deyirdi ki, buna səbəb dövrün yeni ritmləri, ciddi poeziya ilə məşğul olmaqdan ötrü tənhalığa qapılmağın mümkünsüzlüyü, şairlərin oxucusuz qalması və sonda depressiyaya yuvarlanmalarıdır. Digərləri SSRİ-nin dağılması ilə yazıçılığın bir peşə olaraq aradan qalxmasını səbəb olaraq görürlər. Yazıçılar da ailə saxlamaq məcburiyyətindədirlər, odur ki onlar öz peşələrini dəyişməyə məcbur oldular.
Belorus tənqidçisi Pavel Abramoviçin təzəlikcə çıxan məqaləsində o, son onilliklərin bir sıra belarus yazıçılarının bir kitabla, bircə əsərlə parlayıb daha sonra heç bir şey yazmadıqlarından danışır. Onlardan bəziləri öz qərarını geniş ictimaiyyətə bildirir, bəziləri bunu sakitcə edirlər. Bu anlayışın sirrini tapmaq üçün tənqidçi ispan yazıçısı Enrike Vila-Matasın məşhur “Bartlbi və şirkəti” əsərinə müraciət edir. Bartlbi – Herman Melvillin povestindən olan yazıçı heç bir şey oxumayıb, yazmayıb və hamının iş təkliflərinə “Mən imtina etməyi üstün tutardım” deyə cavab verən bir obrazdır. Vila-Matasa görə Bartlbi sindromu yazmamağa olan meyldir.
Yaxşı bəs nəyə görə yazıçılar yazmağı dayandırır, ya da qələmi birdəfəlik kənara atırlar? İnqilaba olan inamını itirdiyindən intihar etmiş fransız Şamfor bu suala belə cavab verirdi: “Çünki kütlənin zövqü, mənim fikrimcə, bərbaddır və o, insanı qaralamağa meyllidir. Yazmıram, çünki mən eşşəyə bənzəyən və eşşəklər kimi bir-birini boş yem qabının önündə itələyən o yazarlara oxşamaq istəmirəm...”
Qoca bir rəssam haqqında çox gözəl əhvalat vardır. O özünün ideal əsəri üzərində durmadan çalışır, lakin tələbələri kətan üzərində yalnız fərqli rənglərin xaosunu görürlər. Amma rəssam şəkildə canlıya bənzər gözəl bir qadın rəsminin olduğunu təkidlə deyirdi. Birdən tələbələrdən biri rəsmin bir küncündə ideal şəkildə təsvir olunmuş ayağın bir hissəsini görə bildi... Bu zaman hamı rəssamın, doğrudan da, ideal əsər yaratdığını anladı. Lakin rəssam öz bacarığını inanılmaz səviyyəyə qaldırdıqdan sonra vaxtında dayana bilmədi və onun şedevri durmadan olunan düzəlişlər nəticəsində məhv oldu...
İdeala çata bilməmə, yaradıcılıq uğursuzluqları bir çoxlarını yaradıcılıqdan uzaq salmışdır. Vila-Matas “Bartlbi və şirkəti” əsərində Fransaya gəlib roman yazmağa başlayan gənc Cənubi Amerikalı xanım yazardan bəhs edir. Bir zamanlar “şozizm” ideyası dəbdə idi. Bu ideyaya əsasən, romanları süjetsiz yazmaq lazımdı, daha çox detalların, tutaq ki, mineral su şüşəsinin üstündəki yarlıkın, ya da karandaşyonan kimi xırda detalların geniş təsvirinə yer ayırmaq gərəkirdi... Gənc xanım yazar da elə düşünür ki, o, şozizmsiz keçinə bilməz. O bu haqda xeyli kitab oxuyaraq “əyalət yazıçısı” kimi görünməməyə çalışdı. Lakin o bu mövzunun dərinliklərinə daha çox vardıqca, yazmağı daha az bacarırdı... Beləliklə, o “Bartlbi sindromu”na tutuldu.
Ancaq bəzi yazıçılarda yazmaq həvəsini məhz özlərinin ideal olmaları düşüncəsi öldürür. Bir halda ki, zirvəyə çatmısan, o zaman dünyaya daha nə verə bilərsən ki? Lakin nə yaxşı ki, belə bir hal dahilərlə baş versə də, uzun çəkmir... 1827-ci ildə Kalvin Tomasa məxsus olan nəşriyyatda “Tamerlan və digər şeirlər” adlı cəmi 40 nüsxəli broşür çap olunmuşdu. Müəllifin təxəllüsü çox sadə idi – Bostonlu. Cənab Tomas öldüyü günə qədər də həmin kitabçanın gələcəkdə məşhurluq qazanacaq Edqar Alan Poya məxsus olduğunu bilmədi. Əgər Edqar Po “Tamerlan”ı öz yaradıcılığının zirvəsi hesab edib daha heç bir şey yazmasaydı, onun sonrakı dəyərli əsərləri də yaranmazdı.
Rus yazıçısı Mixail Ançarov deyir ki, incəsənətin peşədən fərqi odur ki, peşə adamının önündə nümunə olur və onu təkrarlamaq mümkündür, incəsənətdə isə nümunə yoxdur, yalnız irəliləyə biləcəyin sonsuz üfüq var...
Sükut halının öz üstünlükləri də var... Özünü dahi kimi aparan biri haqqında deyilir: “O, şedevr yarada bilər, sadəcə, istəmir”. Lakin özünü istedadı ilə tanıda bildikdən sonra tənhalığa çəkilmiş Selincer kimi yazıçının sükutu onun haqqında daha çox danışmağa səbəb ola bilir...
Bəzən də sükut çox tez baş verir, Artur Rembo ilə olduğu kimi... Onun bütün potensialı sanki çox qısa zaman ərzində bitib-tükəndi.
Çox maraqlıdır ki, “Bartlbi sindromu”na tutulan, əsasən, yaxşı yazıçılar olur. Onlar birdən-birə heç nə yazmaq istəmədiklərini hiss edirlər. Lakin zəif yazıçılar arasında belə bir problem gözə dəymir. Onlar daha inadkar və özlərinə, öz “istedad”larına əmin olurlar. Bütün ömrünü “həyatının işinə” həsr edən bu yazıçılar heç vaxt zəhmətlərinin qiymətini almır və bu səbəbdən bədbəxt olsalar da, bunun səbəbini heç cür başa düşə bilmirlər.
Yazıçının susmaq üçün xeyli səbəbləri ola bilər. Düzdür, ədəbiyyat – söz, söz, yenə də sözdür... Lakin ədəbiyyat həm də sonsuz dərəcədə daha böyük olan bir məfhumdur.